1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 

 
 

 

 


12-16
“Müəllim hər zaman cəmiyyətin diqqət mərkəzində dayandığını unutmamalıdır”

“Yetirmələrimi görəndə qürur hissi keçirirəm”

Xalidə İsmayılova 1955-ci ildə Ağstafa rayon Köçəsgər kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1976-cı ildən Köçəsgər kənd 2 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
- Sizdə bu peşəyə marağı kim yaradıb?
- Mən bu sənəti sevirdim, uşaqlıqdan marağım vardı və ona görə də müəllim oldum.
Bu sual həm də məni illər öncəyə qaytardı. Mən uşaq olarkən qonşuluğumuzda kirayədə yaşayan bir müəllim vardı. Mən onun uşaqları ilə dərslərimi bir yerdə hazırlayırdım və bir yerdə də oynayırdıq. İmran müəllim hər gün çantasını əlinə alıb məktəbə gedirdi. O, şagirdlərə dərs demək üçün başqa rayondan gəlmişdi. Məndə elə həmin vaxtdan müəllimliyə maraq yarandı.
- Yaxşı müəllim olmaq üçün nə etmək lazımdır?
- Yaxşı müəllim olmaq üçün illəri vermək lazımdır, müəllim nə qədər savadlı olsa da, hər zaman mütaliə etməlidir. Müəllim “müəllim” olduğunu, hər zaman cəmiyyətin diqqət mərkəzində dayandığını unutmamalıdır. Şagirdləri bir-birindən seçməməli, onları anlamalı və onlarla anlayacağı dildə danışmalıdır. Şagirdlərdə elə maraq yaratmalıdır ki, şagird fənni sevsin.
- 41 illik iş təcrübəniz var. Bu illər ərzində nə qazandınız və nəyi itirdiniz?
- Əminliklə deyə bilərəm ki, bu illərdə heç nə itirmədim. Amma qazandığım çox şey var. Böyük bir kəndin, hətta rayonun sevgisi və yüzlərə məzun qazandım...
Bu gün müəllim olduğum üçün fəxr edirəm. Mən müəllimi bağbana bənzədirəm. Onun meyvələri müxtəlif bağlara səpələnir. Onun hər yerdə meyvəsi var. Mən hara getsəm, hansı qapını döysəm, açılacaq qapım var. Bu illərdə mühəndislər, həkimlər, hüquqşünaslar, hərbçilər, müəllimlər və b. ixtisasa sahib məzunlar yetişdirmişəm. İndi mən yetirmələrimi görəndə fəxr edirəm, qürur hissi keçirirəm.
- Xalidə xanım, bu gün müəllimlik ixtisasında oxuyan, amma gəlib kəndlərdə, qəsəbələrdə işləmək istəməyən müəllimlərə nə sözünüz var?
- Heç nədən qorxmağa ehtiyac yoxdur. Bu gün kəndlər şəhərdən heç də fərqlənmir. Su, qaz, işıq, telefon, internet, ən əsası, təmiz hava, saf ürəkli insanlar və onların yolunu gözləyən şagirdlər var.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


“Aprel döyüşləri dönüş nöqtəsi oldu”

Azərbaycan Dövlət Aqrar Universitetinin ictimai elmlər və multikulturualizm kafedrasının əməkdaşları təhsil müəssisəsinin aqrar iqtisadiyyat fakültəsində “Aprel döyüşləri dönüş nöqtəsi oldu” adlı “dəyirmi masa” keçirib.
ADAU-nun mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumata görə, tədbiri giriş sözü ilə kafedranın müdiri, professor Azad Bayramov açıb, aprel döyüşlərində şəhid olanların xatirəsi bir qəqiqəlik sükutla yad edilib.
Kafedranın müəllimlərindən Elgün Aslanov, Əbdürrəhman Kazımov və tələbələr aprel döyüşlərinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirib.
“Dəyirmi masa” iştirakçıları dövlət başçısının Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçi ilə görüşünü və burada səsləndirilən mesajları da yüksək qiymətləndirib.


Şagird və müəllimlər “Məktəb bağları” layihəsinə qoşulub

Martın 17-dən başlayaraq ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinin icrasına başlanılıb.
Masallı Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, aprelin 1-də rayon məktəbliləri və müəllimləri də “Məktəb bağları” layihəsinə qoşulublar. Layihə çərçivəsində Masallı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən aksiyada 170 ədəd alma, armud, gilas ağacları əkilib.
Aksiyanın ilk günündə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, təhsil şöbəsinin müdiri Tariyel Əkbərov və başqaları da iştirak ediblər.
Layihə çərçivəsində, həmçinin şəhər 3 nömrəli, Bədəlan, Dəlləkoba kənd tam orta və Mahmudavar kənd ümumi orta məktəblərinin həyətində 500 ədəd meyvə ağaclarının əkilməsi nəzərdə tutulur.


“Şəhidlər ölməz, Vətən bölünməz!”

Zaqatala rayonunun Yolayrıc kənd tam orta məktəbində aprel döyüşlərinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin iştirak etdiyi tədbirdə tarix müəllimi Ceyhun Məmmədov iştirakçılara ətraflı məlumat verərək bildirib ki, aprel döyüşləri Azərbaycanın şanlı qələbəsidir.
Zaqatala şəhidləri Sərxan Bayramov və Rəvan Nurayevin əziz xatirələri yad edilib və milli qəhrəmanlarımız haqqında şagirdlərə məlumat verilib.
Sonda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Vüsalə BƏDƏLOVA,
Zaqatala Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Dayaq-məntəqələrinin növbəti iclası

Aprelin 1-də Qax Rayon Təhsil Şöbəsində fəaliyyət göstərən 7 dayaq məntəqəsinin növbəti iclası keçirilib. İclaslarda 63 nümunəvi “açıq dərs” təşkil olunub, 100-dən çox məruzə dinlənilib və bölmələrdə müzakirəsi aparılıb. Eyni zamanda məktəb və bölmə rəhbərlərinin iştirakı ilə dərslər geniş təhlil olunub.
Həmçinin təhsil şöbəsinin nəzdində koordinator qrupu yaradılıb və üzvləri dayaq məntəqələrinə təhkim edilib. Pedaqoji işçilərin təkmilləşməsi prosesinin məzmunlu təşkili üçün dayaq məntəqələrinin düzgün seçilməsinə, tədris bazası və təhsil göstəricilərinin də yüksək olmasına diqqət yetirilib. Dayaq məntəqələri təşkil olunduğu məktəblərin əksəriyyətinin müasir binası, zəngin fənn kabinetləri, laboratoriyaları, tədris emalatxanaları, idman qurğuları, kompüter texnologiyası və zəngin kitabxanası vardır.

Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Şamaxıda daha bir məktəb binası inşa edilir

Təhsil Nazirliyinin sifarişi ilə Şamaxı rayonunun Meysəri kəndində tam orta məktəb üçün yeni bina inşa edilir.
Şamaxı Rayon Təhsil Şöbəsindən bildirilib ki, 132 şagird yerlik bina ikimərtəbəlidir. Burada tədrisin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şərait yaradılacaq. Layihəyə əsasən, təhsil müəssisəsində 20 sinif otağı, kimya və fizika laboratoriyaları, kitabxana, idman və akt zalları, əmək təlimi otağı, yeməkxana və digər kabinetlər yaradılacaq. Kənd məktəbi üçün yeni binanın qarşıdakı dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, birinci Dövlət Proqramından indiyə qədər Şamaxıda ümumtəhsil məktəbləri üçün 20 yeni bina inşa olunub. Bu binalardan dördü Heydər Əliyev Fondu tərəfindən tikilib.


Maarifləndirici seminar

Aprelin 3-də Göygöl rayon 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimləri üçün “School is fun” adlı maarifləndirici seminar keçirilib. 20-dən çox müəllimin iştirak etdiyi seminarda qrup işlərinin təşkili, motivasiya, şagird nailiyyətlərinin qiymətləndirilməsi və öyrədici mühitin yaradılması mövzuları müzakirə olunub.
Qarşılıqlı fikir mübadiləsi əsasında keçən seminarda dərs müddətində istifadə edilə biləcək oyunlar, ingilis dili fənninin daha yaxşı öyrədilməsi yolları, qeyri-formal təhsilin metodları, ehtiyaca görə öyrətmə mövzuları barədə təlimçi tərəfindən izahatlar verilib və fərqli səpgidə oyunlar təşkil olunub.
Seminarda müxtəlif təlim və tədris üsulları müzakirə olunub, müəllimləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb. Eyni zamanda mövzuya aid praktik tapşırıqların həlli aparılıb.

Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


“Ordum varsa, yurdum var”

Lerik rayonunun Siyov kənd tam orta məktəbində şanlı tariximizdə özünə əbədi səhifə açan aprel döyüşlərinə həsr olunmuş “ Ordum varsa, yurdum var” mövzusunda keçirilən tədbir maraqlı və yaddaqalan oldu. Şagird və müəllimlərlə bərabər kənd sakinləri də məktəbdə idi. Hərbi vətənpərvərlik mahnı və musiqisinin sədaları dalğa-dalğa ətrafa yayılırdı. Məktəbin direktor müavini Mahir Bayramov bildirdi ki, aprel döyüşlərində Azərbaycan əsgərinin möhtəşəm qələbəsi bir daha müstəqil dövlətimizin, ordumuzun gücünü göstərdi.
Tarix müəllimi Eldəniz Dadaşov “2016-cı ilin aprel döyüşləri şanlı tarixi qələbəmizdir” mövzusunda çıxış etdi. O, Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrini dəqiq faktlarla açıqladı, müasir, mütəşəkkil ordunun yaradılmasını ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti olduğunu dedi. Siyov kəndinin ağsaqqal ziyalısı Həsən Bayramov, şair-publisist Rövşən İmanov, məktəbin direktoru Zöhrab Mürşüdov, müəllimlərdən Qurbanəli Şiriyev, Xəyal Qəmbərov milli ordu quruculuğu haqqında danışdılar.
Məktəblilərin hazırladığı “ Bilsin Ana torpaq, eşitsin Vətən, müsəlləh əsgərəm mən də bu gündən” adlı səhnə tədbirə özgə rəng qatdı. Şagirdlərdən Ruhfanə Qafarovanın, Kamal Zeynalovun, Səfa Həsənovun hərbi vətənpərvərlik mövzusunda söylədikləri şeirlər tədbir iştirakçılarına xoş təsir bağışladı.

Zəfər ORUCOĞLU,
Lerik rayonu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Səhifəni hazırladı: Şakir CƏFƏROV
 

yuxarı ⤴