1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
İcbari təhsil tamamlandı, bəs sonra?
15.04.2017 / No13

 

 

 


IX sinfi bitirənlərin göstərdiyi nəticələrə uyğun alternativ variantları olacaq

Tükəzban Xəyyam qızı Osmanova bu il IX sinfi bitirənlərdəndir. Buraxılış imtahanlarının birinci mərhələsini uğurla başa vurub. Texniki problem olmasaydı, daha yüksək nəticələr göstərə biləcəyi qənaətindədir. Buna baxmayaraq, ümumi göstəricilərinin qənaətbəxş olacağına, bu imtahanlarda fərqlənəcəyinə əmindir.
Yeni təhsil proqramları ilə aparılan tədris prosesini başa vurmaqda olan T.Osmanova kimi minlərlə IX sinif şagirdinin bilik və bacarıqları ölçülür. Bu prosesin sonunda nə gözlənilir? İcbari təhsil tamamlanır, bəs sonra?

Təmayülləşmə, onun məktəblərdə tətbiqi: ümumi mənzərə və problemlər

Təmayülləşmə ümumi orta məktəbin orta təhsil səviyyəsini, yəni IX sinfi bitirən şagirdlərin təsnifatı - marağına, potensialına, hər hansı fənn üzrə uğurlu nəticələrinə görə seçilməsidir. Daha aydın desək, məktəblilər icbari təhsil dövründə bütün fənlər üzrə zəruri minimum biliklərə yiyələndilər. Bundan sonrakı təhsil pilləsində onlar yalnız maraq göstərdikləri fənlər üzrə mövcud biliklərini dərinləşdirəcəklər. Ona görə də növbəti mərhələdə onların istedadı, bilik və bacarıqları əsas götürüləcək.

Təhsildə kütləviliyin təmin olunması əhəmiyyətli addımdır

Hazırda 4 təmayül nəzərdə tutulub: texniki, riyaziyyat- iqtisadiyyat, humanitar və təbiət fənləri. Hər birinin tədris planında 9-10 fənn yer alıb. Şagirdlərə yalnız öz seçdikləri fənlər tədris olunacaq. Bundan başqa, onların meyil və maraqlarına uyğun kurslar da təşkil ediləcək.
Məlumat üçün qeyd edək ki, sözügedən dəyişiklik - təmayülləşmənin tətbiqi 2009-cu ildə təsdiq edilən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb və ondan sonrakı digər sənədlərdə də təsbit olunub. 2013-cü ildə Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da vacib vəzifə kimi qarşıya qoyulub. Qanunun qəbulundan 2 il sonra pilot qaydada 5 məktəbdə tətbiqinə başlanılıb. Sonradan bu prosesə 3 məktəb də qoşulub. 2011-ci ildən bu yana proses 182 məktəbdə pilot qaydada həyata keçirilib və günün mənzərəsi göstərir ki, layihə bütün regionları əhatə edir.
“Azərbaycan müəllimi” qəzetinə açıqlamasında Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov mövcud durumu dəyərləndirərək bildirib ki, pilot qaydada həyata keçirilən prosesin sonunda bütün regionlar və şəhərlər üzrə ümumi mənzərə aydınlaşıb: “2017-2018-ci dərs ilində ümumtəhsil məktəblərində təmayülləşmənin tətbiqi ilə bağlı artıq 182 məktəbin təcrübəsi var. Ortaya çıxan problemlərin həlli məqsədilə Təhsil Nazirliyi müvafiq addımlar atır. Aparılan genişmiqyaslı təşkilati işlərin nəticəsi olaraq deyə bilərik ki, bütün regionlar və şəhərlər üzrə ümumi mənzərə aydındır. Artıq hansı məktəbdə neçə sinif açıla bilər, nə qədər uşaq cəlb oluna bilər və s. məsələlərdə qəti qənaət mövcuddur”.

3 nəfərdən biri təmayülləşməyə cəlb oluna bilər

A.Əhmədov ortaya çıxan problemlərdən də danışıb: “Bir sıra məktəblərdə buraxılış siniflərinin sayı azdır. Halbuki təmayül siniflərin təşkilində paralelliyin təmin olunması vacib şərtdir. Odur ki, bu yeniliyin hər hansı məktəbdə uğurla tətbiqi üçün orada siniflərin sayı çox olmalıdır ki, paralel siniflərdən eyni təmayüllü uşaqları seçmək mümkün olsun”.
Hesablamalara görə, məktəbdə hər 3 şagirddən biri təmayülləşməyə cəlb oluna bilər.

Təhsildən kənarda qalan olmasın

Amma yerdə qalanların da təhsil məsələsinin necə həll ediləcəyi maraq doğurur. A.Əhmədovun fikrincə, narahatlıq üçün heç bir əsas yoxdur. Peşə yönümlü təhsilə istiqamətlənənlərlə yanaşı, məktəbdə qalıb adi siniflərdə təhsil almaq istəyənlərə də şərait yaradılacaq. Hamının təhsil hüququnun qorunması məqsədi ilə təmayülləşməyən siniflərin təşkili də nəzərdə tutulub. Bir sözlə, real nəticə bundan ibarət olacaq ki, icbari təhsil pilləsini bitirənlərin hamısı bir yolla, eyni xətlə getməyəcək. Onların qarşısında göstərdiyi nəticələrə uyğun olaraq alternativ variantlar qoyulacaq. Peşə məktəblərinə, ya da kolleclərə getmək istəyənlər, təmayül siniflərdə təhsil alanlar, yaxud adi siniflərdə orta təhsilini davam etdirənlər olacaq. Bu istəklərin hər biri nəzərə alınacaq. Azərbaycanda təhsil siyasətinin əsas məqsədi də məhz budur: təhsildən kənarda qalan olmasın.

Təhsilin keyfiyyətinin artırılmasında təmayülləşmənin xüsusi rolu olacaq

Təmayülləşmə, əslində, bir yenilikdir. Ancaq böyük bir təcrübəyə əsaslanır. Belə ki, uşaqların istedadına, marağına və s. görə təsnifatı təcrübəsi illər əvvəl də olub. Məsələn, ötən əsrin 70-ci illərindən başlayaraq, ayrı-ayrı fənlər üzrə təmayüllü siniflər təşkil olunub. Uzun illər texniki və ya humanitar, hətta ayrı-ayrı xarici dillərin dərindən mənimsənilməsi təcrübəsi mövcud olub. Üstəlik, özünü doğrultduğundan böyük etimad da qazanıb. Sonrakı illərdə hətta təmayüllü məktəblər də təşkil olunub. Riyaziyyat, kimya-biologiya və başqa fənlər üzrə komplektləşən və uğur qazanaraq son illərə qədər fəaliyyətini davam etdirən liseylərin sayı az deyil. Bu proses zamanında yaxşı nəticə verib və özünü daha çox ali məktəblərə qəbulun nəticələrində göstərib. İndiki halda həmin təcrübənin daha böyük miqyasda, bütün regionlarda hər məktəbə tətbiqindən söhbət gedir ki, bu da narahatlıq üçün deyil, əksinə, təhsilin keyfiyyətinin artırılmasında təmayülləşmənin xüsusi roluna inanmaq üçün əsas verir.

Ruhiyyə DAŞSALAHLI

yuxarı ⤴