1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
“Sanki dünyanın böyük bir probleminin həlli yolunu mən tapacam...”
15.04.2017 / No13


132-134 nömrəli təhsil kompleksində “Dünyanın ən böyük dərs”i

“Bizim yalnız bir planetimiz var. Başqa gedəcək yerimiz yoxdur. Yaradıcı enerjimizdən düzgün istifadə etsək, planetimizi və bir-birimizi, bizə lazım olanları, əlimizdə olanları qorusaq, başqa yerə getməyə ehtiyacımız qalmayacaq”. Təhsil işçisi və “Dünyada ən böyük dərs”in müəllifi Ser Ken Robinsona məxsus bu fikir artıq minlərlə insanın həyat amalına çevrilib.
Qeyd edək ki, “Dünyada ən böyük dərs” - BMT tərəfindən qəbul edilən 17 qlobal davamlı inkişaf məqsədinə həsr olunan birgə təhsil layihəsidir. Həmin 17 məqsəd - kasıb olmayan dünya, aclıq olmayan dünya, sağlam həyat tərzi, keyfiyyətli təhsil, qadın və kişilərin hüquqlarının bərabərliyi, təmiz su və su qovşaqları, özünüyeniləyən enerji mənbələri, iş yerlərinin artması və iqtisadi tarazlıq, innovasiya və infrastruktur, tarazlığı pozulmamış dünya, şəhərlərin təhlükəsizliyi, ehtiyaca uyğun tələbatlar, iqlim dəyişikliyi ilə mübarizə, dəniz resurslarının qorunması, ekosistemin qorunması, sülh və hüququn aliliyi, məqsədlərə birgə nail olma - Azərbaycan məktəblərində də “böyük dərs”lərin mövzusu olur.

“Böyük dərs”i “böyüklər” də dinlədi

Həmin layihə Bakının UNESCO məktəblər şəbəkəsinə üzv olan 132-134 nömrəli təhsil kompleksində də reallaşdırılıb və bu, sözügedən məktəbdə BMT-nin dayanıqlı inkişaf məqsədləri çərçivəsində mütəmadi olaraq təşkil edilən dərslərdən biri olub. Təhsil kompleksinin ayrı-ayrı müəllimlərinin keçdiyi dərslər zəncirinə bu dəfə Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Dadaşova bir halqa salıb.
17 qlobal məqsəddən dördüncüsü - keyfiyyətli təhsil sözügedən dərsin mövzusu olub. Problem 8-ci sinif şagirdlərindən ibarət 20 nəfərlik qrupla müzakirə olunub. Dərsi baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, BMT-nin İnkişaf Proqramının (BMT İP) rezident əlaqələndiricisi Qulam İsakzai, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, əmək və əhalinin sosial müdafiəsi və təhsil nazirlərinin müavinləri də dinləyib.

Təhsilli insan cizgiləri

Keyfiyyətli təhsil dövlətin, cəmiyyətin və təhsilalanların təhsil sisteminə sosial tələbidir. Həmin sosial tələbin yerinə yetirilməsi nəticəsində təhsilli insanlar nəsli yetişər ki, onlardan da hər kəsin öz gözləntiləri var. Bəs şagirdlərin gözləntisi nədir?
İlk tapşırıq təhsilli insanda şagirdlərin nə görmək istədiyini anlamaq məqsədi daşıyıb. Maraqlıdır, təhsilli insan cizgiləri şagird qələmindən necə çıxar?
İlk tapşırığı yerinə yetirmək üçün verilən vaxtın sonunda şagirdlər çox maraqlı keyfiyyətlərə xas bir insan obrazı yaradıb.
Bəs, dünya bu cür insanlarla dolu olarsa, heç cahil birinə rast gəlməsək, necə olar? İkinci tapşırıq olan bu sualın cavabı da uşaq dünyasının zənginliyindən, xəyal gücünün itiliyindən xəbər verib.
Yaxşı təhsil almış insanın qarşısına çıxan imkanların, onların bu dünya üçün edə biləcəklərinin şagird təxəyyülündəki siyahısı da böyük maraq doğurub.
Sonda hər şagird bir məktub yazıb. Hədəflərində böyük problemlər olan həmin məktubları onu həll etmək iqtidarında olduğunu düşündükləri siyasətçiyə ünvanlayıblar. Şagird qələmi ilə Prezident İlham Əliyevdən, Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevadan, BMT-nin baş katibindən, ayrı-ayrı dövlət qurumlarının rəhbərlərindən bəşərin müxtəlif problemlərinin həllini xahiş ediblər.

Bu dərsi hamı bəyəndi

Dərsi dinləyən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, təhsil nazirinin müavini Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev şagirdlərin bacarıqlarını, dərsin keyfiyyətini yüksək qiymətləndiriblər. Şagirdlərin problemə böyüklərə xas baxışının onları təəccübləndirdiyini qeyd ediblər.

Bəs müəllim özü?

Aynur Dadaşova özü də dərsindən razı qalıb. Hesab edir ki, qarşısına qoyduğu məqsədə çatıb: “Uşaqlar dərs prosesinin əvvəlindən sonunadək fəal iştirak etdilər. Həm düşündülər, qrup şəklində müzakirə etdilər, həm də düşüncələrini paylaşdılar, bacarıqlarını nümayiş etdirdilər. Yəni, şagirdlər bir problemi həll etməyə çalışdılar. Sonda yazdıqları məktubla isə onları düşündürən məsələylə bağlı dəstək istədilər. Kimin dəstək verə biləcəyini, həmin şəxsin problemi hansı istiqamətdə həll edəcəyini düzgün müəyyənləşdirdilər. Fikrimcə, onların dostları, paralel sinifdə oxuyan şagird yoldaşları ilə bölüşə biləcəkləri, hətta ömür boyu xatırlayacaqları bir dərs oldu. Şagirdlərimizin bu təcrübəsini dinləmək başqaları üçün də maraqlı olacaq”.
Müəllimin sözlərinə görə, 17 məqsəd ətrafında keçirilən dərslərdə diqqət etdikləri məqam da var: “İstənilən mövzunun müzakirəsində dünyanın digər qlobal problemlərinə toxunur, mütləq mövzuların qarşılıqlı əlaqələrini qururuq. Onların diqqətinə çatdırırıq ki, bu problemlər miqyasının böyük olmasına baxmayaraq, 2030-cu ilədək öz həllini tapmalıdır. Uşaqları bu istiqamətdə düşünməyə təhrik edirik: bunun üçün hansı imkanlardan istifadə etməliyik, hansı çıxış yollarını axtarıb tapmalıyıq ki, bu qlobal problemlər həllini tapsın”.
A.Dadaşova onu da qeyd edib ki, bir ildir davam edən bu prosesə məktəbin ayrı-ayrı fənn müəllimləri də qatılıb: “Məktəbimiz UNESCO məktəblər şəbəkəsinə qoşulduğundan bu proses 2016-cı ildən başlayaraq həyata keçirilir və BMT-nin inkişaf məqsədlərini əhatə edən 17 mövzu ətrafında rəsm, tarix, coğrafiya və başqa fənlərin müəllimləri də öz dərslərində müzakirə açır, dərsin əsas mövzusu ilə qlobal məqsədlər arasında əlaqələr qurmağa çalışırlar”.

Hamı qlobal məqsədlərə öz töhfəsini verməlidir

A.Dadaşovanın fikrincə, UNESCO məktəb şəbəkəsinə qoşulub-qoşulmamasından asılı olmayaraq, bütün məktəblər bu prosesin fəal iştirakçısı olmalıdır: “BMT-nin həlli vacib məsələ kimi irəli sürdüyü qlobal problemlərin hər biri həyatımızı və bütövlükdə gələcəyimizi təhdid edir. Düşünürəm ki, bu mövzuların müzakirəsinə həsr olunan dərslər təşkil etmək, şagirdləri həmin problemlərin həllinə cəlb etmək çox önəmlidir. Üstəlik, bu, hər hansı layihə çərçivəsində edilməməli, hər bir dərsin mövzusu, hər müəllimin əsas məqsədi olmalıdır. Bizim şagirdlər bu dərslər keçirilmədən də müharibə, yoxsulluq, yaxşı təhsil, içməli su, çirkli ətraf mühit və s. nə olduğunu bilirdilər. Məktəblərdə mütəmadi olaraq sinif saatları keçirilir. Məsələn, biz həmin saatlarda təhsilli insanın qarşısında hansı imkanların açıldığını şagirdlərimizlə müzakirə edirik. Ayrı-ayrı mövzular ətrafında şagirdlər çox həvəslə fikir mübadiləsi aparırlar.

“Özümü böyük insan kimi hiss etdim”

Bəs, bu dərsin iştirakçıları nə düşünür? Onlar özləri də cizgilərini yaratdığı insan kimi olmaq istəyirlərmi?
Dərsin iştirakçısı Aydan Hacıyeva “Azərbaycan müəllimi”nə təəssüratlarını bölüşüb: “Belə bir dərsdə ilk dəfə iştirak edirdim. Qonaqlarımızın çox olması dərsin əvvəlində bir az həyəcan yaratsa da, sonradan müzakirə etdiyimiz məsələ düşüncələrimi o qədər məşğul etdi ki, ətrafımda olanları unutdum. Özümü böyük insan kimi hiss edirdim. Sanki dünyanın böyük bir probleminin həlli yolunu mən tapacam. Bəşəri düşündürən bir problemin həllində mənim də rolum ola biləcəyinə inandım. Məktubumu isə BMT-nin baş katibinə yollayacam. Qoy o, Qarabağda ermənilərin ətraf mühiti çirkləndirməsinin qarşısını almaqda insanlığa kömək etsin”.
Dərs başa çatdı, təəssüratlar isə davam edir... Yəqin bu dərsdən hələ çox danışılacaq.

Ruhiyyə DAŞSALAHLI

yuxarı ⤴