1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

41 rayonu əhatə etməklə 100-ə yaxın modul tipli məktəb tikiləcək
15.04.2017 / No13

 

 

 


Təhsil müəssisələrinin infrastrukturu yeniləşdirilir

Yusif ƏLİYEV

“Bu il və gələn il Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmamalıdır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin aprelin 10-da keçirilən və 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi bu fikir təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir. Dövlət başçısı iclasdakı yekun nitqində sosial infrastruktur layihələrin icrasından danışarkən diqqəti daha çox qəzalı məktəblərə yönəldib və bildirib ki, bu məktəblərin yerində artıq modul tipli 3 məktəb tikilib və bu tipli əlavə 12 məktəbin də tikintisi başa çatdırılır. Bakı şəhərində məktəblərin böyük əksəriyyətinin artıq təmirli olduğunu, yeni məktəblər tikildiyini deyən Prezident İlham Əliyev təmirə ehtiyacı olan məktəblərdə də bu məsələlərin öz həllini tapdığını diqqətə çatdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin təhsilə, xüsusən də təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsinə göstərdiyi böyük diqqət sayəsində son illər məktəb tikintisi ölkəmizdə prioritet sahə hesab edilib, bu istiqamətdə xüsusi Dövlət Proqramları qəbul edilərək həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramlarında da məktəblər üçün yeni binaların tikilməsi, mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması və əlavə korpusların tikilməsi əsas yerlərdən birini tutub.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun da böyük xidmətləri olub. Fondun təşəbbüsü ilə paytaxtda və regionlarda yüzlərlə yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəb binası tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa edilib, ən müasir avadanlıqlarla təchiz olunub.
Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsindən aldığımız məlumata görə, son 13 ildə respublika üzrə 3000-ə yaxın məktəb tikilib, yenidən qurulub və əsaslı təmir edilib. Məktəb tikintisi və təmiri işləri hazırda da sürətlə davam etdirilməkdədir. Belə ki, təkcə ötən il ölkə üzrə 29 məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb tikilib istifadəyə verilib, 101 məktəbdə əsaslı, 384 məktəbdə isə cari təmir işləri aparılıb. 2017-ci ildə dövlət büdcəsinin investisiya xərcləri hesabına Təhsil Nazirliyinin sifarişi ilə Bakı şəhərində 1, regionlarda isə 2 məktəbin tikintisinin başa çatdırılması nəzərdə tutulub.
Qəzalı məktəblər üçün yeni binaların tikilməsi xüsusilə diqqət mərkəzindədir. 2017-ci ilin I rübü ərzində qəzalı məktəblərin yerində 3 modul tipli məktəb tikilib, ilin sonunda isə 41 rayonu əhatə etməklə 100-ə yaxın modul tipli məktəbin tikilməsi nəzərdə tutulub. Bu tip məktəblərin digər məktəblərdən üstünlükləri qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, daşınma, quraşdırma və sökülməsinin asanlığı, istilik itkisinin az olması, rütubətliliyin olmaması, eləcə də şagird sayına uyğun olaraq sinif otaqlarının asanlıqla azaldılıb-artırılmasından ibarətdir.
Araşdırmalar göstərir ki, hazırda ölkə üzrə 250-yə yaxın qəzalı məktəb var və yaxın illərdə dövlət büdcəsindən bu məqsədlərlə vəsait ayrıldıqca onlar da yeniləri ilə əvəz olunacaq.



 

yuxarı ⤴