1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Müəllimlər özlərini sınaq imtahanlarında yoxlaya bilərlər
15.04.2017 / No13

 

 

 


İlk sınaq imtahanında 200 nəfər iştirak edib

Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün ilk dəfə olaraq elektron sınaq imtahanları keçirir. İmtahanlar 17 ixtisas üzrə həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. Sınaq imtahanlarında, işə qəbul imtahanlarında olduğu kimi, iştirakçılara 60 sual (test) təqdim olunur. İşə qəbul imtahanlarının sualları çərçivəsində hazırlanmış test tapşırıqlarından 40-ı ixtisas biliklərinə, 10-u kurikuluma, 10-u isə məntiqə aiddir. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən anda öz nəticələrini, səhv və düz yazdıqları sualları görə bilirlər. Sınaq imtahanları ödənişlidir. Ödəniş haqqı 6 manatdır. Sınaq imtahanlarından yüksək bal toplayıb hazırlaşmaq üçün Təhsil Texnologiyaları Mərkəzinin müəllim işə qəbul kurslarında iştirak etmək istəyənlərə güzəşt nəzərdə tutulur. Güzəşt 3 nəfərə-I, II, III yerləri tutanlara şamil olunur. Belə ki, hər yeni sınaq imtahanında I yeri tutan ödənişli əsasda keçirilən kurslarda pulsuz iştirak edir. II yeri tutana ödəniş haqqının 50 faizi, III yeri tutana isə 30 faizi qədər güzəşt edilir.
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzindən aldığımız məlumata görə, ilk elektron sınaq imtahanı aprelin 2-də paytaxtdakı 220 nömrəli məktəb-liseydəki elek-tron imtahan mərkəzində baş tutub. Sınaq imtahanı real imtahanda olduğu kimi kompüter vasitəsilə həyata keçirilib. İmtahanda Bakı və Sumqayıt şəhərləri daxil olmaqla respublikanın 13 bölgəsindən 200-ə yaxın iddiaçı iştirak edib.
Mərkəz elektron sınaq imtahanlarına marağı nəzərə alaraq onları ayda 2 dəfə keçirməyi planlaşdırır. Növbəti elektron sınaq imtahanları aprelin 16-sı və 23-də keçiriləcək. Gələcəkdə müraciətlər nəzərə alınaraq sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub.
Qeyd edək ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi xeyli müddətdir müəllimliyə işə qəbul olmaq istəyənlər üçün kurslar da təşkil edir. Ödənişli əsaslarla təşkil olunan bu kurslarda məqsəd müəllimlərə işə qəbul üzrə müsabiqə imtahanlarına hazırlaşmaqda kömək göstərməkdir. Kurslar ilboyu davam edir. Hər kursun davametmə müddəti isə 3 aydır. Kurslara yazılan müdavimlər burada bütün ixtisaslar üzrə işə qəbul imtahanına düşən testlərin məzmununa uyğun hazırlıq keçirlər.

Yusif ƏLİYEV


 

yuxarı ⤴