1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Dövlət Proqramı məzunları növbəti dəfə bir arada
15.04.2017 / No13

 

 

 


Bu dəfə sahibkarlıq və startap fəaliyyəti müzakirə mövzusu oldu

Yusif ƏLİYEV

Qara qızılın insan kapitalına çevrilməsi ideyasının əməli təcəssümü olan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunlarından cəmiyyətin gözləntiləri çoxdur. Onlar bu gün ölkədə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlara öz töhfəsini verə bilərlər və verməlidirlər. Bu fikirlər Təhsil Nazirliyinin təşkilatçılığı ilə aprelin 11-də Bakıdakı “Bulvar otel”də Dövlət Proqramı məzunları ilə keçirilən növbəti görüşün əsas leytmotivini təşkil edirdi.
“Sahibkarlıq və startap fəaliyyəti” mövzusuna həsr olunmuş görüşdə məqsəd Dövlət Proqramı çərçivəsində təhsilini başa vuran gənclərin karyera imkanlarının genişləndirilməsi, startap və sahibkarlıq sahəsinin inkişafına dəstək göstərilməsi, bu sahələr üzrə məzunlar arasında bilik, təcrübə və fikir mübadiləsi aparılmasına, əlaqələrin artırılmasına şərait yaratmaq idi. Dövlət Proqramının qəbulunun 10-cu ildönümünə təsadüf edən görüşdə məzunlarla yanaşı bir sıra nazirliklərin rəhbər işçiləri, universitet rektorları, startap və sahibkarlıq sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, bir qrup SABAH tələbəsi iştirak edirdilər.

İndiyədək Dövlət Proqramı üzrə 1589 məzun olub

İşgüzar panel iştirakçılarını öncə təhsil nazirinin müavini Ceyhun Bayramov salamlayaraq Dövlət Proqramı məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı ilk görüşün ötən ilin dekabrında “ADA” Universitetində olduğunu, həmin görüşdə məzunlarla birgə müzakirələrin davamlı olaraq keçirilməsinin qərara alındığını bildirdi. “Biz Dövlət Proqramı məzunlarının xidmətlərindən maksimum dərəcədə faydalanmalıyıq”,-deyən nazir müavini xatırlatdı ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-dən çox gənc dünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışır. C.Bayramov son illər ali məktəb rəhbərləri ilə aparılan birgə iş nəticəsində xaricdə magistratura təhsili almış yüzlərlə məzunun Azərbaycanın aparıcı universitetlərində pedaqoji fəaliyyətə cəlb olunmasını sevindirici hal kimi dəyərləndirdi. Nazir müavini onu da diqqətə çatdırdı ki, Dövlət Proqramı təqaüdləri ilə təhsil alan gənclərin bir hissəsi hələ təhsillərini davam etdirirlər.
Azərbaycanın çox dərin bir islahat mərhələsində olduğunu deyən C.Bayramov 2016-cı ildə iqtisadiyyatın inkişafına yönəlik bir sıra sənədlərin, onun müxtəlif istiqamətlərini əhatə edən yol xəritələrinin qəbul olunduğunu, bu sənədlərdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinin qırmızı xətlə keçdiyini vurğuladı. “Xarici ölkələrdə Dövlət Proqramı çərçivəsində təhsil alan gənclər burada çox fəal ola bilərlər. Biz gənclərimizin aparıcı qüvvəsini təşkil edən xaricdə təhsil üzrə Dövlət Proqramı məzunlarına böyük ümidlərlə baxırıq. Hesab edirik ki, digər sahələrdə olduğu kimi startap və sahibkarlıq fəaliyyətində də onlar çox böyük uğur qazana bilərlər”.

Məzunlar əlverişli biznes mühitindən yararlana bilər

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında müzakirə olunan məsələnin aktuallığını qeyd edib, biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərdən, ölkə Prezidentinin müvafiq sərəncamları ilə sahibkarlara edilən güzəştlərdən söz açdı. Qeyd etdi ki, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən məzunlar biznesin inkişafı üçün yaradılan əlverişli mühitdən faydalana, öz ideyalarını reallaşdıra bilərlər. Sahibkarlığın təşkili, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yönündə İqtisadiyyat Nazirliyinin atdığı addımlara diqqət çəkən S.Məmmədov təmsil etdiyi qurumun regional inkişaf mərkəzlərinin, onların nəzdində biznes inkubatorlarının yaradıldığını, bu inkubatorlara müsabiqə əsasında seçilmiş gənclərlə iş aparıldığını, onlar üçün treninqlər keçirildiyini, gənclərə biznes planlarını qurmaqda kömək göstərildiyini, “Ən yaxşı ideyadan biznesə doğru” mövzusunda müsabiqələrin təşkil olunduğunu söylədi. Bildirdi ki, nazirliyin nəzdindəki Sahibkarlığa Kömək Milli Fondu tərəfindən öz bizneslərini qurmaq istəyən gənclərə kreditlər verilir.

21 tələbə layihəsi qrant müsabiqəsinin qalibi olub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizin yeni inkişaf modelinə uyğun olaraq son illərdə sahibkarlığın, startap hərəkatının genişləndiyini, gənclərin bu hərəkatda yaxından iştirak etdiyini bildirdi. Təmsil etdiyi nazirliyin tabeliyində yaradılmış Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ölkədə innovativliyin, startap fəaliyyətinin genişlənməsində böyük rolu olduğunu deyən E.Vəlizadə bu qurumların fəaliyyət göstərdiyi son 3 ildə texnopark tərəfindən təxminən 300 layihəyə dəstək verildiyini, fond tərəfindən isə 600-ə yaxın layihənin iştirak etdiyi 4 qrant müsabiqəsinin keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, qrant müsabiqəsində təqdim olunan layihələrdən 91-i qalib gəlib. Onlardan 21-nin müəllifi tələbələrdir.

Fond sosial layihələrə üstünlük verir

Əsas vəzifələrinin gənclərin potensialını aşkara çıxarıb inkişaf etdirmək, sosial aktivliyini artırmaq olduğunu deyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu baxımdan sosial layihələrə üstünlük verdiklərini diqqətə çatdırdı. Qeyd etdi ki, bizim digər qurumlardan fərqimiz qrant kimi verilən vəsaitin qarşılığında gənclərdən yalnız hesabat tələb etməyimizdir. O, gənclərin startap fəaliyyəti sahəsində daha geniş maarifləndirilməsi üçün sessiyalar keçirilməsini, startapların təkcə informasiya texnologiyaları sahəsində deyil, digər sahələrdə, xüsusən də kənd təsərrüfatı istiqamətində təşkilinə dəstək göstərilməsini məqsədəuyğun saydı.

Biznesini qurmaq istəyən gənclər üçün yaxşı nümunə

Görüşdə Dövlət Proqramı məzunları, “Golden Pay” şirkətinin rəhbəri Fərid İsmayılzadə, “Yolget.az” layihəsinin rəhbəri Abbas Əlilli sahibkarlıq və startap fəaliyyəti ilə bağlı təcrübələrini iştirakçılarla paylaşdılar, gənclərə öz məsləhət və tövsiyələrini verdilər.
Panel müzakirələrində habelə Təhsil Nazirliyi SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə SABAH İnnovasiya Forumunun nəticələri haqqında təqdimat etdi, bu qruplarda təhsil alan gənclərin startap fəaliyyəti barədə məlumat verdi. Məlumatdan aydın oldu ki, SABAH tələbələri indiyədək 7 startap layihəsi işləyiblər.
Çıxışlarda ölkəmizin bir sıra təhsil müəssisələrində texnopark və startapların yaradılması təqdir olundu, onların fəaliyyətinin daha da genişləndirilməsi təklif edildi.
Açıq müzakirə şəklində keçən görüşdə məzunlar gənc sahibkarlıq və startap fəaliyyətinin inkişafı, gələcək perspektivləri ilə bağlı fikir mübadiləsinə qoşulub, rəy və təkliflərini söylədilər.
Sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri və sahibkarlar arasında işgüzar görüşlər təşkil olundu.

Məzunlar nə düşünür?

Asif Əşrəfov, Malayziya Texnologiya Universitetinin məzunu: - Bugünkü tədbir məndə çox böyük təəssürat yaratdı. Məzunları bir araya toplaması, öz iş ideyalarını reallaşdırmaq üçün onlara hansı dəstəyin verilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirməsi baxımından onu çox dəyərli hesab edirəm. Mənim hələlik heç bir layihəm yoxdur. Amma onlarla tanış oluram və gələcəkdə özümü sınamaq fikrindəyəm.
İlkin Məmmədzadə, Türkiyənin Egey Universitetinin məzunu: - Türkiyənin Egey Universitetində informasiya texnologiyaları üzrə magistr təhsili almışam. Hazırda Dövlət Proqramının digər məzunları ilə bərabər bir layihəmiz var. Layihənin adı LUNCHİFY-dır. Biz bu yaxınlarda layihəni reallaşdırmağa başlayacağıq. Belə tədbirlərin keçirilməsi bizim üçün çox yaxşıdır. Bu bizə bir təcrübə olur. Bu sahədə uğur qazanmış insanlardan məlumatlar, məsləhətlər alırıq ki, bu da gələcək fəaliyyətimiz üçün çox vacibdir.
Səbinə Vəliyeva, ADİU-nun II kurs tələbəsi: - Mən tədbirə SABAH mərkəzindən dəvət almışam. Təəssüratlarım çox zəngindir. Fikrimcə, bu görüş gənclər üçün çox faydalıdır. Belə təlimlərə gəlib özünü inkişaf etdirmək, məncə, çox yaxşıdır. Belə bir fürsəti bizə verdiyi üçün SABAH mərkəzinə minnətdaram. Hazırda layihəm yoxdur, amma gələcəkdə startap fəaliyyətinə başlamağı nəzərdə tutmuşam.
 

yuxarı ⤴