1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






İnternat məktəbinin animasiya filmi çəkənləri
15.04.2017 / No13

 

 


Şagirdlər daha çox sosial mövzulara müraciət edirlər

Niyazi RƏHİMOV

Eşidəndə ki, Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbdə animasiya studiyası açılıb və bu studiyada hazırlanan filmlər beynəlxalq festivalda nümayiş olunub, vaxt itirmədən həmin ünvana yollandım. Nəzərə çatdırım ki, bu tədris ocağına ilk dəfə təxminən 3 il öncə KİV nümayəndələri ilə birgə səfər etmişdim. Həmin səfər zamanı məktəbdə nə qədər istedadlı, yaradıcı şagirdlərin olduğunun şahidi olmuşdum. Lakin 3 il bundan öncəkindən fərqli olaraq budəfəki səfərimdə internat məktəbinin simasının xeyli dəyişdiyini gördüm. Belə ki, əsaslı təmir olunmuş məktəbdə səliqəli sinif otaqları, yeməkxana, yataq otaqları müasir standartlara uyğun idi. Məktəbin direktoru Gülnarə Abdullayeva ilə görüşüb birgə yeni fəaliyyətə başlayan animasiya sinfinə yollandıq. Studiyada dərs və yaradıcılıq prosesini izlədikdən sonra məktəb direktoru, studiyanın rəhbəri və şagirdlərlə söhbətləşdik.

“Qurama” uşaq animasiya studiyası ölkəmizdə ilk və yeganə uşaq studiyasıdır

Gülnarə Abdullayeva, 11 nömrəli inteqrasiya təlimli internat məktəbin direktoru: - Məktəbimizdə “ART” studio fəaliyyət göstərir. Bu studiyanın tərkibində dulusçuluq, xalçaçılıq, keramika, mozaika, tətbiqi incəsənət və digər dərnəklər mövcuddur. “ART” studiyasının tərkibində fəaliyyət göstərən siniflərdən biri də “Qurama” uşaq animasiya studiyasıdır. “Qurama” uşaq animasiya studiyası ölkəmizdə ilk və yeganə uşaq studiyasıdır. Studiyaya əməkdar mədəniyyət işçisi, ölkəmizdə animasiya sahəsində xüsusi yeri olan, 30-dan çox cizgi filmlərinin hazırlanmasında iştirak edən Elçin Hami Axundov rəhbərlik edir. Elçin Hami Axundov studiya açılmadan öncə dəfələrlə internat məktəbdə olmuş, uşaqlarla görüşmüş, maraqlı söhbətlər aparmışdır.
Studiyanın yaranması çoxdankı arzumuz idi. Elçin Hami Axundovla bu haqda çox düşünmüşdük. Çünki şagirdlərimizin də bu sahəyə xüsusi marağı olduğu suallarından aydın görünürdü. Onlar axşam saatlarında istirahət vaxtı Azərbaycanın cizgi filmlərinə çox maraqla baxırdılar və belə filmlərin çəkilməsi, ərsəyə gəlməsi haqqında düşünürdülər. Elçin müəllimə də animasiyanın necə çəkildiyi, hazırlandığı haqqında tez-tez suallar verir, animasiya filmlərini özlərinin çəkməsini xəyal edirdilər. Onların xüsusi marağını nəzərə alaraq Elçin müəllimlə uşaq studiyasının yaradılması qərarına gəldik. Fikirləşirdik ki, belə bir studiyanın açılması həm animasiya sahəsində şagirdlərimizin yaradıcılıq qabiliyyətinin, potensiallarının üzə çıxmasında, həm də onların asudə vaxtlarının səmərəli təşkilində çox faydalıdır. Bundan başqa, animasiya filmlərinin şagirdlərimizin milli ruhda tərbiyə olunmasında, onların sərbəst düşüncə bacarıqlarının formalaşmasında da xüsusi rolu olacaq. Bu fikirlərimizi və uşaqların arzularını həyata keçirmək məqsədilə təkliflər paketi hazırladıq. Həmin təkliflər paketini Təhsil Nazirliyinə göndərdik. Nazirlik müraciətimizə müsbət cavab verdi və studiyanın səmərəli fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqlarla bizi təmin etdilər. Bununla da biz ötən ilin sentyabr ayında animasiya studiyasını açdıq. Studiyamızın yaranmasından qısa müddət keçməsinə baxmayaraq artıq uşaqlarımız 12 qısametrajlı animasiya filmi hazırlayıb. Hətta filmlərdən 5-i bu yaxınlarda Elçin müəllimin iştirakı ilə Çexiyanın Praqa şəhərində keçirilən çex və Azərbaycan animasiyalarının birgə sərgisində də nümayiş olunub.
Ötən ay Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yenidənqurma işlərindən sonra məktəbimizlə tanış olarkən bu sinifdə də oldu. Uşaqların hazırladıqları animasiya filmlərinə baxan Mehriban xanım Əliyeva studiyanın fəaliyyətindən razı qaldı. Biz də kollektivimiz adından məktəbimizə göstərdiyi xüsusi diqqət və qayğıya görə Mehriban xanıma minnətdarlığımızı bildiririk.
Bu studiyanın fəaliyyəti ilə bağlı gələcəkdə bir sıra planlarımız var. Düşünürük ki, daha genişmetrajlı, yüksək səviyyəli animasiya filmləri hazırlayaq və bu filmləri beynəlxalq səviyyəli müsabiqələrə təqdim edək. Bunun üçün şagirdlərimizin kifayət qədər potensialı var.
Fürsətdən istifadə edib bir məsələyə toxunmaq istəyirəm. İstərdik ki, animasiya filmlərimiz Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiq edilsin. Uşaqların və Elçin müəllimin uzun zəhməti hesabına başa gələn bu animasiya filmlərimizin kimlərinsə əlinə keçməsindən ehtiyat edirik.

“Studiyada uşaqlara tam sərbəstlik verilib”

Elçin Hami Axundov, əməkdar mədəniyyət işçisi, quruluşçu rəssam, quruluşçu animator: - Uşaqlar studiyada çox həvəslə çalışırlar. Burada15 nəfərdən ibarət qrupumuz var. Studiya yeni yarananda uşaqlar arasında seçim apardım. Onların arasından ən istedadlı, yaradıcı uşaqları bura cəlb etdik. Hazırda qrupda olan uşaqlar arasında yaxşı rəsm çəkən, ssenari yazan şagirdlər var. Studiyada assis-tentim Kəbirə Həşimova ilə birgə uşaqlara kadrların hərəkət qaydaları, ssenari yazmaq, onu kadrlaşdırmaq, montaj işi, səsləndirmə və animasiyanın digər sirlərini öyrədirik.
Uşaqlarla işləmək mənə xüsusi zövq verir. Belə bir studiyanın yaradılması məni çox sevindirdi. Müxtəlif ölkələrdə festivallarda olarkən digər xalqların uşaq studiyalarının animasiyaları nümayiş olunurdu. Həmin zaman düşünürdüm ki, bizdə niyə belə bir studiya olmasın. Şükürlər olsun ki, bu yaxınlarda bizim animasiyalar Praqa şəhərində keçirilən sərgidə nümayiş olundu. Gələcəkdə uşaqların işlərinin beynəlxalq səviyyədə tanıdılması və müsabiqələrdə iştirakını nəzərdə tuturuq. Bu işləri görmək üçün studiyamızda kifayət qədər şəraitimiz var. Hər bir uşağa ana qayğısı ilə yanaşan məktəbin direktoru Gülnarə Abdullayeva da studiyanın fəaliyyətinə xüsusi diqqət yetirir, problemlərimizin həllində bizə yardımçı olur.
Nəzərə çatdırım ki, studiyada uşaqlara tam sərbəstlik verilib. Onlar mövzuları özləri seçir və bu mövzuya uyğun ssenari yazırlar. Əsasən sosial mövzulara müraciət edirlər. Uşaqların hazırladığı animasiyalar qısametrajlıdır. Əksəriyyəti 65-75 saniyədir. Lakin qısa olmasına baxmayaraq çox mənalı və məntiqlidir. Onlar bu qısa animasiyalarda həm bitkin fikir ifadə edə bilir, həm də bu vasitə ilə cəmiyyətə bir mesaj göndərirlər. Bu, çox sevindirici haldır.
Nəzərə çatdırım ki, animasiya işi çox çətin bir prosesdir. Belə ki, öncə şəkillər çəkilir. Sonra həmin şəkillər hərəkətə gətirilir. Bunun üçün çoxlu vaxt və diqqət tələb olunur. Lakin şagirdlərimiz bütün bu çətinliklərin öhdəsindən layiqincə gəlirlər.

“Böyüyəndə dünya şöhrətli animator olmaq arzusundayam”

Rəna Səfərova, “Qurama” uşaq animasiya studiyasının üzvü, məktəbin VII sinif şagirdi: - Uşaqlıqdan rəsm çəkməyi sevirdim. Burada vaxtımız çox səmərəli keçir. Elçin müəllim animasiya sənətinin sirlərini bizə öyrədir. Boş vaxtlarımızı daha çox burada keçiririk. Elçin müəllim həftənin iki gününü bizimlə olur. Onun gəlişini səbirsizliklə gözləyirik. “Lalənin arzusu” animasiya filmini mən hazırlamışam. Bu mənim ilk işimdir. Ona görə də “Lalənin arzusu” animasiya filmini heç vaxt unutmayacağam. Elçin müəllimin rəhbərliyi altında çəkilən filmin ssenarisini uşaqlarla - Elay və Günellə birgə yazmışıq. Düşünürəm ki, bundan sonrakı işlərim daha da mükəmməl olacaq. Bu sahədə keçirilən müsabiqələrdə iştirak etmək və qalib olmağı çox istərdim. Bunun üçün var gücümlə çalışacağam. Böyüyəndə dünya şöhrətli animator olmaq arzusundayam.

Bu filmlər mənim üçün o qədər doğmadır ki...

Yusif Ağayev, “Qurama” uşaq animasiya studiyasının üzvü, məktəbin VI sinif şagirdi: - “Əli müəllimin həyatı”, “Ana və üç oğul” animasiya filmləri mənim işlərimdir. Bu filmlər mənim üçün o qədər doğmadır ki, bunu sözlə ifadə etmək mümkün deyil. Bundan başqa, hazırlanan digər animasiyaların da çoxunu mən səsləndirirəm. Hər bir filmimiz hazır olanda elə bilirik ki, böyük bir qəhrəmanlıq etmişik. Düşünürəm ki, animasiya sənətinin artıq müəyyən sirlərini öyrənmişik.
Çox səmimi, mehriban kollektivimiz var. Burada vaxtımızın necə keçdiyini hiss etmirik. Gələcəkdə böyük həcmdə daha yaxşı animasiya filmlərini hazırlamağı qarşıma məqsəd qoymuşam.

“Cizgi filmlərinin belə hazırlanmasını heç təsəvvür etmirdim”

Cəsarət Əliyev, “Qurama” uşaq animasiya studiyasının üzvü, məktəbin VIII sinif şagirdi: - Lap balaca vaxtlarımdan cizgi filmlərinə xüsusi marağım olub. Cizgi filmlərinin belə hazırlanmasını heç təsəvvür etmirdim. Ağlıma belə gəlmirdi ki, şəkilləri bu şəkildə canlandırmaq olar. Yaxşı rəsmlər çəkdiyim üçün Elçin müəllim studiya açılanda məni də bura dəvət etdi. Sonra biz müəllimimizdən bu sənətin sirlərini yavaş-yavaş öyrənməyə başladıq. Çox sevinirəm ki, belə filmlər hazırlıyırıq. Sinif yoldaşlarım mənə müxtəlif mövzularda animasiya çəkməyi xahiş edirlər. Çalışacağam ki, onların istəklərini yerinə yetirim.

yuxarı ⤴