1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Təhsilin diaqno(stikası)zu...
15.04.2017 / No13

 

 

 


Jalə MÜTƏLLİMOVA

Keyfiyyətli təhsilin təşkili həm də ölkənin, dövlətin yaxşı perspektivinin zəmanətidir. Yəni strateji əhəmiyyətlidir. O üzdən son illər Azərbaycan təhsilinin uğuru və qüsurları haqda ölkə mətbuatında, həmçinin ictimai rəydə səslənən ən primitiv fikir, xəbər belə diqqətdən kənarda qalmır.
Təhsil sistemindəki nəzərəçarpacaq son dəyişikliklərdən və səs-küylü hadisələrdən biri də müəllimlərin diaqnostik qiymətləndirilməsi oldu. Əvvəla yada salaq ki, diaqnostik qiymətləndirməni zəruri edən səbəb hansı idi?
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması hədəfi qoyulub. Göstərilən hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi, müəllim peşəsinin, nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulub.
Bu istiqamətdə 2014-cü ildə Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 30 mindən çox müəllimin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsi keçirilib. 2015-ci ilin noyabr-dekabr aylarında isə Gəncə, Sumqayıt, Şirvan şəhərləri, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi baş tutub.
Ötən ilin noyabr-dekabr aylarında qiymətləndirmə ölkənin 26 rayon və şəhərində davam etdirildi. Sualların 80%-dən çoxuna düzgün cavab verən müəllimlər daha çox alman, fransız dili, kimya, tarix, coğrafiya, rus dili və ədəbiyyatı fənlərini tədris edənlər olub. Fənlər üzrə müəllimlərin topladığı orta bala əsasən, ən aşağı nəticələri rus bölməsində Azərbaycan dili, ləzgi dili, ərəb dili, fiziki tərbiyə və ibtidai sinif müəllimləri göstəriblər. Qiymətləndirilmənin nəticələrinə əsasən aşağı bal toplayan müəllimlərin ehtiyacları müəyyənləşdirilib. Onlara xüsusi təlim proqramları hazırlanıb və ixtisaslarının artırılması üzrə təlimlər təşkil edilib.
Bunlar prosesin müsbət və artıq nəticələrə görə tədbir görülən tərəfidir. Bir də məsələnin hələlik sual altında qalan tərəfi var. Məsələn, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkar edilib. Onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb. Eyni zamanda, 2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində nazirlik tərəfindən işlər aparılıb.
Amma bütün bu məsələlər təhsilin gələcəyinin diaqnozunu qoymağa hələlik imkan vermir. Və daha dərin araşdırmaların nəticəsində indilik təqdim olunan rəqəmlərin artan istiqamətdə dəyişməyəcəyinə də zəmanət yoxdur.
Yəni yaranan ümumi mənzərə budur ki, ölkədə həyatının uzun müddətini (bunu yaxşı və ya pis etməsi hələlik müzakirə mövzusu deyil - red.) təhsilə, dərs deməyə, məktəbə, şagirdlərə həsr edən və ya həsr etdiyini düşünən böyük bir ordu rəsmi dövlət qurumu ilə üzbəüz durub. Bu uzunsürən məhkəmə prosesləri, əsəbləri dözməyənlərin hansısa aqressiv hərəkəti, baş verən qarışıqlıqda şəxsi maraqlardan istifadə edən adamların səs-küy yaratması deməkdir. İstənilən halda, yəni rəsmi sənədlərə əsaslansaq, haqsız olacaq tərəf müəllimlər, daha dəqiqi, indiyə qədər müəllim olduqlarını düşünənlər və qiymətləndirilməyə buraxılmayanlar olacaq. Amma məsələyə bir də mənəvi borclar pəncərəsindən baxılsa, diaqnostik qiymətləndirməyə buraxılmayanlara da bir qədər haqq vermək olar. Yuxarıda da qeyd edildiyi kimi, ən azından ona görə ki, onlar bu işə demək olar bütün həyatlarını həsr ediblər və bu sahə həm də insanların əməkhaqqı alıb ailələrini dolandırdığı yer olub.
Yenə də istənilən halda üz-üzə qalan tərəflərin - Təhsil Nazirliyinin və qiymətləndirilməyə buraxılmayan müəllimlərin özlərinin də ədalətli davranacağına ümidlər böyükdür. Amma bu məsələ üstündən sadəcə ötülüb keçiləsi hadisə deyil. Çünki ortada çoxsaylı suallar var. Məsələn, bu işdə ədalət hardadır? Yəni nazirlik və narazı vətəndaşlar hansı mövqeyi tutmalıdırlar? Prosesi müşahidə edən tərəfə, ictimai rəyə hər şey detallı izah edildikdən sonra kimə bəraət qazandırılacaq? Kim günahkar olacaq? Ya da məsələn, 4-6 il əziyyət çəkib ali təhsil alan müəllimlə saxta diplomlu müəllim bir məktəbdə dərs verəsi olsa, bu, birinciyə, oxuyub gələnə, psixoloji təzyiq olmayacaqmı? Kim təminat verəcək ki, növbəti etiraz dalğası onlardan gəlməyəcək? Bəs bu məsələyə göz yummuş dövlət qurumu həm suç ortağı, həm də haqlı olanı müdafiə edə bilməmək kimi ikili mövqeyində sonacan necə davam gətirəcək? Bundan başqa, saxta diplomlu müəllim şagirdə bəlli mərhələdən, diaqnostik qiymətləndirmədən sonra nə və necə öyrədəcək? Bu, müəllim-şagird münasibətlərinin gərginləşməsinə gətirməyəcəkmi?!..
Ən vacibi, həm də təhlükəli daha bir məqam: keyfiyyətli təhsili savadlı və bacarıqlı kadr verə bilər. Saxta diplomlu kadrlara şans vermək dövlət qurumlarını bu məqsəddən yayındırmış olmayacaqmı?
Suallar ən azı faktlar qədər çoxdur. Onların cavablandırılması da, faktların araşdırılması qədər vacibdir. Yəni SSRİ-nin dağılması dövründə müxtəlif ali və orta ixtisas məktəblərindən saxta diplom alan, ali və ya orta ixtisası olmayan, amma orta məktəbdə dərs saatı alan “müəllim”in sistemə necə daxil ola bilməsi məsələsi araşdırılmaya bilməz. Çünki bu, üzərinə zamanında gedilməsə, gələcəyin sosial problemidir. O üzdən diaqnostik qiymətləndirmədən sonra hələlik kənarda qalan, ya da kənarda qalacağını düşünərək aqressivləşən, bəlkə də depressiv duruma düşən insanlar, müəllimlərlə bağlı verilən qərarlar min ölçülüb, bir biçilməlidir. Çünki bu, “onlarla insan bundan sonrakı həyatına necə və kim olaraq davam edəcək, maddi problemlərini hansı yolla çözəcək?” sualının cavabıdır həm də. Amma əsas sual saxta sənədlərlə pedaqoji fəaliyyətlə məşğul olanların övladlarımıza hansı keyfiyyətli təhsili verə biləcəyidir.
Deyilənlərə onu da əlavə etmək olar ki, bu mərhələdən sonra ölkədə saxta diplomların verilməsi, təsdiqlənməmiş diplomlu mütəxəssisə iş verilməsi və sair kimi cinayət tərkibli hərəkətlərlə bağlı da ciddi ölçülər götürülməlidir. Yəni bu məsuliyyət təkcə bir dövlət qurumunun üstünə atılacaq məsələ deyil. Bütövlükdə müvafiq dövlət qurumlarının, aidiyyəti təşkilatlarının xüsusi diqqətdə saxlamalı olduqları məsələdir.
Fərd olaraq hər birimizin üzərinə düşən isə saxta yolla peşə sahibinə çevrilməklə gələcəyimizi baltalamamaqdır. Bütün hallarda çoxları bu yolu şüurlu şəkildə seçib.
Sonda bir sual da var, bəlkə saxta sənədlilər indi ziyanın yarısından özləri geri qayıtsınlar, dərs otaqlarını əsl peşə sahiblərinə özləri təhvil versinlər?!



 

yuxarı ⤴