1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Pedaqoq alimin ustad dərsləri
15.04.2017 / No13

 

 


Tələbələrə təhsildəki yeni yanaşmalardan söz açılıb

Həsənəli EYVAZLI,
Naxçıvan Müəllimlər İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent

Naxçıvan Müəllimlər İnstitutu pedaqoji kadr hazırlığı işində həmişə novator pedaqoqların, görkəmli alimlərin, səriştəli metodistlərin, habelə instituta dəvət olunan ali məktəb rəhbərlərinin gücündən səmərəli şəkildə istifadə etməyə çalışmışdır. İnstitutun rektoru, əməkdar elm xadimi, professor Oruc Həsənlinin təşəbbüsü ilə xarici ölkə ali məktəblərində çalışan alimlərin instituta tez-tez dəvət olunması tədrisin keyfiyyətinin yüksəlməsinə böyük təsir göstərir.
Son illər pedaqoji sahə üzrə Bakıda, İstanbulda və Quzey Kıprısda fəaliyyət göstərən universitetlərin və elmi-tədqiqat müəssisələrinin əməkdaşlarının institutumuza dəvət olunaraq ustad dərsləri keçmələri artıq ənənə halını almışdır. Bu dərslər tələbələrin gələcəkdə bir müəllim kimi yetişməsində xüsusi əhəmiyyət kəsb edir. Bu nəticələri nəzərə alan institut rəhbərliyi bu cür təcrübələrin daha geniş şəkildə həyata keçirilməsinə çalışır.
Bu günlərdə Bakı Elm-Təhsil Mərkəzinin prezidenti, pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadiqov Naxçıvan Müəllimlər İnstitutunun bakalavr və magistr tələbələri qarşısında “Təhsilin müasir problemləri və yeni yanaşmalar” mövzusunda ustad dərsləri keçib.

Pedaqoji fikir tarixinə baxış

Pedaqoji fikir tariximizin müxtəlif mərhələlərinə münasibət bildirən mühazirəçi, təhsilimizin yeni - müstəqillik mərhələsini, müasir mərhələdə pedaqoji prosesin aktuallığını, yeni yanaşma tərzini aydın və geniş şəkildə şərh etdi. O, tələbələrə izah edərək bildirdi ki, 1990-2015-ci illər pedaqoji fikir tariximizin müstəqillik dövrünü əhatə edir. Lakin biz bu dövrün özünü də üç mərhələ üzrə təhlil edirik. Çünki 1990-1992, 1993-2003 və 2004-cü ildən bu günümüzədək olan dövrün hər birinin özünəməxsus pedaqoji yanaşma modelləri olmuşdur.
On illik bir dövrü əhatə edən ikinci mərhələnin memarı olan ulu öndərimiz Heydər Əliyev hər bir cəmiyyətin, ölkənin inkişafında təhsilin əhəmiyyətini, millətin gələcəyini əks etdirən bir sfera olduğunu önə çəkmiş və yeni təhsil strategiyasının hazırlanmasını tövsiyə etmişdir.
Bu gün artıq həyata keçirilən bu strategiyada dünyanın inkişaf etmiş ölkələrində təhsil sistemində əldə olunmuş müsbət nəticələr milli-mənəvi dəyərlərimiz baxımından təhlil edilərək yeni baxışlar müstəvisindən tətbiq edilir.

Dərslik və dərs vəsaitlərinin təkmilləşdirilməsi

Professor F.Sadiqov təhsil islahatın tələbləri baxımından dərslik və dərs vəsaitlərinin təkmilləşdirilməsinin, müəllim-şagird münasibətlərinin yenidən qurulmasının vacibliyindən və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından geniş söhbət açdı. Fikirlərini ayrı-ayrı ölkələrdə və yerli məktəblərdə müşahidə etdiyi beynəlxalq pedaqoji təcrübə nümunələri və müəllimlərin pedaqoji yanaşma tərzi ilə əsaslandıran ustad müəllim günümüzün təhsil strategiyasını əhatə edən elektorn dərs sisteminin də oynadığı rola öz münasibətini geniş şəkildə şərh etdi.

Təhsil qanunvericiliyindəki yeniliklər

Təhsilin mahiyyətini, məzmununu, forma və növlərini, fasiləsiz təhsil sistemini qabaqcıl beynəlxalq təcrübədəki təhsil örnəkləri ilə müqayisəli şəkildə izah edən alim təhsil qanunvericiliyindəki yeniliklərlə də tələbələri tanış etdi. Təhsilin tərbiyələndirici, tərbiyənin təhsilləndirici, təlimin isə həm təhsilləndirici, həm də tərbiyələndirici xarakterini nəzəri və praktik cəhətdən şərh edən professor Fərahim Sadiqov bildirdi ki, ölkəmizdə son təhsil direktivlərindən biri olan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin modernləşdirilməsi istiqamətində qarşıya bir sıra strateji hədəflər qoyulmuşdur.
Məlum olduğu kimi, təhsilin bütün məzmunu, mahiyyəti, məqsədi, vəzifələri, üsul və yolları, inkişaf mərhələləri, növləri, formaları, tipləri üzrə görülən işlərin hamısı təlimin təşkili sistemində cəmləşir. Təlimin ən başlıca təşkilati forması isə dərs hesab olunur. Pedaqogikada dərsə belə bir tərif verilir: Fənlərin və məşğələlərin əks edildiyi, məktəb rəhbərliyi tərəfindən təsdiq edilmiş cədvəl üzrə, müəyyən vaxt çərçivəsində müvafiq sinifdə, yaxud məşğələ otağında tədris planına uyğun olaraq təşkil edilmiş təlim prosesinə dərs deyilir.
Göründüyü kimi, dərsə verilən bu tərif artıq qloballaşma dövrünün nə öyrədəni, nə də öyrənənini təmin edə bilməz. Çünki bugünkü dərs fənlərin, məşğələlərin cərəyan etdiyi məkanda təsdiq edilmiş cədvəl üzrə, müəyyən zaman kəsiyində, müvafiq məşğələ otağında tədris planına uyğun olaraq təşkil edilirsə, müasir dərs sinergetik dövrün interaktiv üsulları, kompüter texnologiyaları, müasir innovasiyalar əsasında keçirilir. Bu elektron dərslər elektron kitabxanaların və elmi-texniki tərəqqinin son nailiyyətləri olan müasir təlim texnologiyalarının gücü ilə keçirilməlidir. Bunun üçün dərsliklərdəki, dərs vəsaitlərindəki nəzəri məlumatlarla yanaşı, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə də istinad etmək vacibdir.

Mərhələlər üzrə həyata keçirilən müasir dərs

Hazırda Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində, təhsil kurikulumlarının tətbiqi fonunda yeni təhsil innovasiyalarının gücündən istifadə etməklə çoxvariantlı dərs tiplərindən istifadə edilir. Mərhələlər üzrə həyata keçirilən müasir dərslərdən bir nümunəyə diqqət edək:
Birinci mərhələdə sinfin fəallaşdırılması nəzərdə tutulur.
İkinci mərhələdə şagirdlərdə dərsə marağın yaradılması və bu marağın gücləndirilməsi keçirilir.
Üçüncü mərhələ problemli situasiyanın qoyuluşunu əhatə edir.
Dördüncü mərhələdə qruplarla iş aparılır. Hər bir qrupun uşaqlarına verilən tapşırıqların uzlaşdırılması və tapşırıqlar əsasında ümumiləşdirmə aparılaraq nəticələrin hasil olunması vacibdir.
Beşinci mərhələdə refleksiya prosesi həyata keçirilir. Məntiqi sorğu ilə şagirdlərin düşüncə tərzinin formalaşdırılması baş verir.
Altıncı mərhələdə alınan nəticələrin müzakirəsi olur.
Yeddinci mərhələdə isə müsahibə yolu ilə şagirdlərin yenidən fəallaşdırılması və qiymətləndirilməsi baş verir. Müasir dərsin quruluşu həm də motivləşdirmə və layihələşdirmə əsasında müəyyənləşdirilməlidir.
Deməli, yeni mərhələli dərs tiplərinə istinad etməyin artıq vaxtıdır. Bu dərs tipi şagirdlərə daha geniş, əhatəli və ən zəruri bilikləri verir. Çünki müəllim mövzunu bu sahənin əsas tədqiqatçısı olan mütəxəssislə birgə kecir. Bu gün əsasən standart dərslər daha çox tətbiq olunur. Bu dərs tiplərilə yanaşı, aktivləçdirici dərslərə də geniş yer vermək lazım gəlir. Bu gün ABŞ-da, Almaniyada, İtaliyada, Fransada, Belçikada sujetli-modelləşdirilmiş dərslərə geniş yer verilir.

Dərsə verilən müasir tələblər

Pedaqoji ədəbiyyatda həm dərsə verilən müasir tələblər, həm də müasir dərsə verilən tələblər kimi müxtəlif tərzdə təsnifatlara təsadüf edilir. Əslində müasirlik həm dərsə, həm tələblərə aid olduğu üçün dərsə verilən tələblərlə bağlı diqqətə çəkilən başlıq və yarımbaşlıqlarda müasir sözünün harda işlədilməsinin heç bir əhəmiyyəti yoxdur. Dərsə verilən tələblər də ənənəvi pedaqogikalarda müxtəlif tərzdə təsnif edilmişdir. Lakin elə tələblər var ki, onları bütün müəlliflər əsas tələblər kimi təsnifata daxil etmişlər. Bütün bunları nəzərə alaraq dərsə verilən müasir tələbləri aşağıdakı kimi sistemləşdirmək olar:
- Dərsin elmi-pedaqoji, fəlsəfi-didaktik məqsədinə uyğun olaraq mərhələlər üzrə təşkilinə nail olmaq.
- Dərsin məntiqi ardıcıllığının həm didaktik, həm də psixoloji cəhətdən tamlığının təmin olunması.
- Dərsin əsas didaktik vəzifələrinin müasir dövrün tələblərinə uyğun olaraq düzgün müəyyənləşdirilməsi.
- Dərsin quruluşunun düzgün müəyyənləşdirilməsi (sinfin fəallaşdırılması, dərsə marağın gücləndirilməsi, problemli situasiyanın yaradılması, motivləşdirmə və layihələşdirmə işinin düzgün qurulması, refleksiya və s.).
- Dərs zamanı təlimin təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici vəzifələrinə uyğun işin həyata keçirilməsi.
- Dərsdə yeni təlim prinsipləri, üsullar, ən aparıcı, ən müasir imkan və yollarından istifadə edilməsi.

Dünyanın təhsil sistemlərindəki özəlliklərlə müqayisə

Sonra professor F.Sadiqov problemlə bağlı trafaretləri nümayiş etdirdi və slaydları sərgilədi. O, slaydlarda Azərbaycan təhsilinin məzmununu ABŞ-ın, Almaniyanın, İngiltərənin, Fransanın, Çexiyanın, Norveçin, İsveçin, Hollandiyanın, Hindistanın, Çinin, İtaliyanın təhsil sistemindəki özəllikləri ilə müqayisə etdi.
İnternet və kompüter sistemlərindən, innovativ texnologiyalardan istifadə edilməklə qurulan ustad dərslərində magistrlər, dissertantlar, doktorantlar, gənc müəllimlər və pedaqoji kollektivin üzvləri də iştirak etmişlər.

yuxarı ⤴