1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Pedaqoji təcrübə zamanı dərslərin təhlili
15.04.2017 / No13

 

 

 


Təcrübəçi tələbə nəzəri bilik və məlumatındakı çatışmazlığı kollektivin rəyi vasitəsilə öyrənir

Azad ABDULLAYEV,
Astara Pedaqoji Kollecinin metodisti, qabaqcıl təhsil işçisi

Orta ixtisas təhsili müəssisələrinin tədris planlarına əsasən aprelin ilk həftəsindən etibarən pedaqoji profilli kolleclərdə aktiv pedaqoji təcrübəyə start verilir. Müəllim hazırlığında mühüm vasitə sayılan pedaqoji təcrübə zamanı təcrübəçi tələbə, ilk növbədə, məktəblə tanış olur. Sonra siniflərdən birinə təhkim olunaraq şagirdləri öyrənir, onların psixoloji durumu ilə bağlı müşahidələr aparır. Digər təcrübəçi tələbələrin dərslərində, müzakirələrdə iştirak edir, fikir və mülahizələrini bildirir.
Bu məqsədyönlü və planlı fəaliyyətdə ən ciddi, gərgin və yaradıcı mərhələ tələbənin dərsə hazırlaşması, dərslərin elmi-pedaqoji və metodik baxımdan yüksək səviyyədə keçməsi, dərslərin təhlili zamanı opponentlərinin fikirlərinə münasibət bəsləməsidir. Təkcə dərsin təşkili özü böyük prosesdir: dərsin məqsədinin müəyyən edilməsi, dərsin motivasiyasının işləyib hazırlanması, tədqiqat suallarının qısaca ifadə edilməsi, tədqiqat aparma mərhələsini planlaşdırmaq, fasilitasiya üçün suallar hazırlamaq, məlumat mübadiləsi, məlumatın müzakirəsi və təşkili, nəticələrin çıxarılması, yaradıcı tətbiqetmə, şagird biliklərinin qiymətləndirilməsi, dərs üçün lazım olan ləvazimat və təchizatın müəyyən edilməsi, İKT-dən, testlərdən istifadə və s. hələ pedaqoji stajı olmayan, sinif mühitində az fəaliyyət göstərmiş təcrübəçi tələbə üçün o qədər də asan deyil. Müşahidələr göstərir ki, dərslərə hazırlıq təcrübəçi tələbənin uğurunda başlıca amildir. Dərslərin səmərəli keçməsində həm də sinfin ümumi hazırlıq səviyyəsi, pedaqoji rəhbər və metodistin təcrübəçiyə əməli kömək və məsləhətləri, tələbə yoldaşlarının psixoloji və mənəvi dəstəyi vacibdr.
Ümumilikdə, pedaqoji təcrübədə keçilmiş dərslərin təhlili mühüm əhəmiyyət kəsb edir. Bu təhlil zamanı təcrübəçi tələbə özünün nəzəri bilik və məlumatındakı çatışmazlığı kollektivin rəyi vasitəsi ilə öyrənir, gələcək fəaliyyətində dərs zamanı hansı tərəflərə daha çox diqqət yetirməli olduğunu müəyyənləşdirir, bilavasitə pedaqoji fəaliyyət illərində dərslərə hazırlaşarkən hansı tərəf və motivlərə daha çox diqqət yetirməyin zəruriliyini diqqətində saxlayır.
Bu baxımdan pedaqoji təcrübə zamanı dərslərin təhlili sxemi ilə bağlı təcrübəçi tələbələrə müəyyən məlumat verilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün pedaqoji təcrübənin elə ilk günlərində tələbələr nümunəvi sxemlə tanış edilməlidirlər. Buraya daxildir:
- Dərsin mövzusu. Mövzu üzrə dərslər sistemində bu dərsin yeri.
- Dərsin təlim-tərbiyəvi məqsədləri.
- Dərsin təşkili. Dərsə davamiyyət və şagirdlərin məşğələyə hazırlığı.
- Şagirdlərin diqqətinin məşğələyə cəlb olunması, sinfin dərsin keçirilməsinə hazırlanması.
- Şagirdlərin bilik, bacarıq və vərdişlərinin yoxlanılmasının məzmunu və metodları, dərsdə yeri və məqsədi. Yoxlamanın metodları. Praktik işlər, müstəqil işlər, məşğələlərin diferensial xarakteri. Şagird cavablarının əhatəliliyi və dolğunluğu. Sinfin fəallığı. Biliyi yoxlamanın nəticələrinin yekunlaşdırılması. Şagird cavablarının qiymətləndirilməsi.
- Yeni biliyin məzmunu və öyrədilməsi metodikası. Müəllimin verdiyi biliyin həcmi və sistemi, çatdırma metodları. Məlumatın elmiliyi, obrazlılığı, mənimsənilmə asanlığı, əvvəlki materiallarla əlaqəliliyi.
- Şagirdlərin mənimsəmə fəaliyyətinin aktivləşdirilməsi, ayrı-ayrı mərhələlərdə onların maraq və diqqətini cəlb etmənin üsul və vasitələri.
- Şagirdlərin yaradıcı fəallığa cəlbi. Cədvəl, xəritə, sxem, şəkil və s. nümayişi, eksperimentlərin təşkili, İKT-dən istifadə, dərslik, əlavə ədəbiyyat və s.
- Keçilmiş materialların məzmununun möhkəmləndirilməsi və yaradıcı tətbiqetmənin metodikası. Diferensiallaşdırılmış müstəqil iş və tapşırıqların verilməsi.
- Ev tapşırıqlarının həcmi, forması və məzmunu. Ev tapşırıqlarını yerinə yetirmənin yollarının öyrədilməsi. Ayrı-ayrı şagirdlərə əlavə (fərdi) tapşırıqların verilməsi.
Bu məsələlər nəzərə alınmaqla təklif olunan nümunəvi sxem təcrübəçilərə öz işlərini səmərəli qurmaqda kömək edir.
Pedaqoji təcrübə prosesində gələcək müəllimlərə çatdırılmalıdır ki, təlim prosesində şagirdlərin diqqətini cəlb etmək mühüm faktordur. Dərsdə diqqəti cəlb etmənin prinsipləri vardır. Bunlara müəllimin zahiri görkəmi, mimika və s. Pedaqoq səliqəli, təmiz və peşəsinə uyğun şəkildə geyinməlidir. Nitqi səlis, rəvan, rabitəli, obrazlı, danışıq tərzi aydın olmalıdır. Şagirdlərin diqqətini cəlb edən tərəflərdən biri əyani vəsaitlərin təzəliyi və səliqəliliyi, cazibədarlığıdır. Dərs mühiti əyaniləşdirilərkən şəkil, sxem, tablo, cədvəl, əsərlərin nüsxələri və s. ardıcıllıq və sistemlilik üzrə yerləşdirilməlidir.
Təcrübə zamanı dərslərdə təcrübəçi tələbə şagirdlərin yeni materialı dərk etmələri üçün mütləq problem situasiyalar yaratmalıdır. Müəllim nəzəri bilikləri öyrədərkən İKT-dən istifadə etməli, suallarla biliyin mənimsənilmə vəziyyətini, dərketməni aşkara çıxarmalı, şagirdləri ilkin ümumiləşdirmə aparmağa yönəltməli, yeni anlayışların mənimsədilməsində qazanılmış biliklərə istinad olunmalıdır.
Bu prosesdə müəllim şəxsiyyəti ilə bağlı məsələlərə diqqət yetirilməli, onun uşaqlara hansı mənəvi-əxlaqi keyfiyyətləri aşıladığı aydınlaşdırılıb müəyyənləşdirilməlidir.
Dərsin təhlili zamanı təcrübəçi tələbələr müəllimə xarakteristika verməlidirlər: materialla bağlı nəzəri biliyi dəyərləndirilməli, metodik ustalığı haqqında obyektiv fikirlər söylənilməli, fənnə marağı və bələdliyi aşkarlanmalı, pedaqoji taktı haqqında mülahizələrlə yanaşı, nitqi (diksiyası, tempi, nitq mədəniyyəti, nitqinin obrazlılıq və emosionallığı) barədə kollektiv rəy formalaşmalıdır.
Dərsin təhlili zamanı təcrübəçilər öyrənməlidirlər:
- Yaxşı dərsin əsas əlamətlərindən biri qarşıda qoyulmuş məqsədə çatmağın dəqiq və məqsəd aydınlığıdır; şagirdlərin yaş və bilik səviyyələrinə müvafiq imkanlardan səmərəli istifadədir;
- Dərs həm əvvəlki, həm də sonra keçiləcək məşğələlərlə əlaqələndirilməlidir. Bunun üçün təcrübəçi əvvəl keçilmiş mövzuları öyrənməli, yeri gələndə bununla bağlı suallar verməli, şagirdlərin fəallığını təmin etməlidir;
- Təcrübəçi tələbənin dərsinin üstün cəhətlərindən biri məşğələdə təlimlə tərbiyənin vəhdətinin təmin olunmasıdır. Proqram materialı planlaşdırılarkən vətənpərvərlik, bəşərilik, qəhrəmanlıq və s. hisslərin aşılanması məqamları aşkara çıxarılmalı və dərsdə öz yerində istifadə olunmalıdır;
- Sınaq və yoxlama dərslərində müəllim 45 dəqiqə ərzində informator olmaqla kifayətlənməməli, həm də şagirdləri fəallaşdırmalıdır;
- Təcrübəçi dərs vaxtından maksimum səmərəli istifadə etməlidir;
- Təhlil zamanı dərsin təchizi məsələsi də qiymətləndirilməlidir;
- Dərsin yekun mərhələsi təhlildə xüsusi diqqət mərkəzində olmalıdır.
Pedaqoji təcrübə zamanı dərslərin təhlili nümunəsinin tələbələrə öyrədilməsi və təhlillər zamanı qeyd olunan prinsip və tələblərə əməl edilməsi pedaqoji təcrübənin səmərəli keçməsi ilə nəticələnir, şagirdlərin pedaqogika və psixologiya, xüsusi metodikalar, müasir təlim texnologiyaları üzrə bilik və məlumatlarını genişləndirir, belə dərslər ümumməktəb işinə fayda verir, dərslər silsiləsində boşluq yaranmır. Eləcə də təcrübə zamanı tələbənin öyrənməsi fasiləsiz xarakter daşıyır.

yuxarı ⤴