1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Ən nüfuzlu universitetləri nümunə götürdük”
15.04.2017 / No13

 

 


Fariz Əhmədov: “Magistrantlara UNEC diplomu ilə yanaşı,
Avropanın nüfuzlu universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub”

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam edən struktur islahatları çərçivəsində əldə olunan ən mühüm nailiyyətlərdən biri Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) yaradılmasıdır. BMDM-nin direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fariz Əhmədovun mərkəzin fəaliyyəti barədə müsahibəsini təqdim edirik:
- Fariz müəllim, ilk növbədə BMDM haqqında məlumat verərdiniz...
- Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ali təhsilin magistratura və doktorantura pilləri üzrə müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaq məqsədilə UNEC rektorunun 3 dekabr 2015-ci il tarixli əmri ilə yaradılıb. Mərkəzdə magistrantların tədrisi 5 ixtisas üzrə 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilir. Biznesin təşkili və idarə olunması ixtisası üzrə tədris Azərbaycan, türk, rus, beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə Azərbaycan, türk, beynəlxalq iqtisadi münasibətlər və maliyyə menecmenti ixtisasları üzrə ingilis, turizm və otelçilik ixtisası üzrə isə Azərbaycan və türk dillərində təşkil edilir.
- Mərkəzdə mövcud tədris prosesi nə ilə fərqlənir?
- Əsasnaməsi, təhsil və tədris sistemi, tədris proqramları beynəlxalq standartlara uyğun şəkildə tərtib edilmiş Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir. BMDM-nin təhsil standartları ilə bağlı qeyd edə bilərik ki, əvvəlki standartlarla müqayisədə bir sıra əhəmiyyətli dəyişikliklər edilib. Belə ki, yeni proqram üzrə tədris olunacaq fənlər həmin ixtisaslaşmaları ümumi şəkildə əhatə etdiyindən, ayrıca ixtisaslaşmalara bölünmə əvəzinə ümumi ixtisas altında birləşdirilmə həyata keçirilib. İxtisas üzrə magistr təhsil proqramının yerinə yetirilməsi müddəti ilə bağlı edilmiş yeniliklərə gəldikdə isə yeni təhsil proqramında nəzəri təlimə ayrılan həftə sayı azaldılaraq 30-a endirilib, “Tədqiqatlar, kommunikasiya və innovasiya” və “Tədqiqat işinin aparılması”na isə 8 həftə ayrılıb. İmtahan sessiyaları 10 həftəyə endirilib, magistr dissertasiyasının hazırlanması və müdafiəsinə isə 24 həftə ayrılıb. Keçilən dərslərin kreditlərinin sayı AKTS-yə (Avropa Kredit Transfer Sistemi) uyğun şəkildə artırılır və ümumilikdə 60 həftəlik təhsil müddətini bitirdikdən və magistr dissertasiya işini müdafiə etdikdən sonra tələbə 120 kreditlik proqramını bitirmiş hesab edilir. Magistrantların yalnız nəzəri bilikləri deyil, müvafiq ixtisas üzrə iş təcrübəsi ilə bağlı məlumat əldə etməsi üçün iş dünyasından olan müəllim heyətinə də ehtiyac duyulur. Bu baxımdan, təhsil standartlarında öz əksini tapmış ən mühüm yeniliklərdən biri müvafiq sahə üzrə iş təcrübəsi olarsa, magistr dərəcəsinə malik olan şəxslərin də tədris prosesinə cəlb edilməsinin mümkünlüyüdür.
- Bəs, tələbələrin xarici dil bilikləri hansı səviyyədədir? Tədrisdə nəzərdə tutulan digər fənlərdə dəyişikliklər varmı?
- Xarici dil bilikləri ilə bağlı qeyd edim ki, magistratura pilləsinə qəbul zamanı tələbə xarici dil fənni üzrə də imtahan verdiyi üçün “Humanitar fənlər” bölümündən xarici dil fənninin tədrisi çıxarılıb. Ali məktəb pedaqogikası və psixologiya fənləri isə “Tədqiqatlar, kommunikasiya və innovasiya” fənnində birləşdirilib. Fənnin mahiyyəti ondan ibarətdir ki, magistrant müəllimlə birlikdə bakalavr pilləsi üzrə dərslərdə iştirak etməklə tələbə psixologiyasını və eyni zamanda ali məktəb pedaqogikasını öyrənəcək, tələbələrlə çalışma, onları qiymətləndirmə metodlarına daha yaxından bələd olacaqdır. Bu da magistrantın ali məktəb psixologiya və pedaqogikasını daha keyfiyyətli mənimsəməsinə, yalnız nəzəri deyil, eyni zamanda praktiki vərdişlərə də yiyələnməsinə gətirib çıxaracaq.
Tədqiqat işinin aparılması fənni üzrə isə elmi araşdırmaların aparılma qaydaları tədris olunacaq. Magistrantın dissertasiya işi ilə bağlı bir elmi məqalə yazaraq beynəlxalq və ya yerli elmi jurnal və ya konfranslarda nəşr etdirməsi həmin fənn üzrə müvəffəqiyyət göstəricisi hesab olunacaq. Burada əsas məqsəd magistrantların akademik məqalə yazmaq vərdişlərini inkişaf etdirmək və eyni zamanda onları elmi araşdırmalara daha çox cəlb etməkdən ibarətdir.
“İxtisaslaşma fənləri” bölümündə iqtisad elminin tarixi və metodologiyası fənninin əvəzinə tədqiqat metodları fənni tədris olunur. Bu fənnin tədrisi zamanı tələbə müvafiq ixtisas sahəsi üzrə tədqiqat və araşdırma metodlarını, elmi məqalələrin, tezislərin yazılmasını, akademik etika qaydalarını və s. öyrənir.
Daha bir dəyişiklik “Seçmə fənn” blokunun ləğv olunaraq ali məktəb tərəfindən müəyyən edilən məcburi fənlər blokuna daxil edilməsidir. Bu fənn blokunda ixtisasla bağlı müasir dövrün iş mühitinə uyğun vacib sayılan fənlər müəyyən edilib. Tətbiq edilən yeniliklərdən biri də magistratura pilləsində daha çox məqsədəuyğun hesab edildiyi üçün məşğələ dərsinin əvəzinə məsləhət saatları şəklində müzakirələrin keçirilməsi, müharizə-seminar dərslərinin isə birləşdirilməsinin nəzərdə tutulmasıdır.
- Yeni tədris planlarınız barədə nə deyə bilərsiniz?
- Tədrisin birinci ilində hər semestr üzrə 3-ü məcburi, 2-si seçməli olmaqla cəmi 5 fənn tədris olunur. Tədrisin ikinci ilinin ilk semestri “Tədqiqatlar, kommunikasiya və innovasiya”, dissertasiya işi, elmi-tədqiqat və elmi-pedaqoji təcrübəyə ayrılır. Sonuncu, yəni ikinci semestr isə yenə dissertasiya işi və “Tədqiqat işinin aparılması”na həsr edilib. Hər semestr üzrə kreditlərin sayı 30-dur. “Seçməli dərslər” blokunda isə magistrantlara 6 fənn payız, 7 fənn yaz semestri olmaqla ümumilikdə 12 fənn arasından seçim etmək imkanı verilir. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə yeni standartlar qəbul edildikdən sonra UNEC rektorunun göstərişi ilə 11 ixtisas üzrə 40-a yaxın ixtisaslaşmanın yeni, ən müasir tədris proqramlarını hazırladıq. Biz bu tədris proqramlarını hazırlayanda dünyanın ən nüfuzlu universitetlərini nümunə götürdük və eyni zamanda yerli və xarici mütəxəssislərin rəyini aldıq. Hazırda əminliklə deyə bilərəm ki, BMDM-nin magistrantları ən müasir tədris proqramları ilə təhsil alırlar.
- Mərkəzin müəllimlərinin iş təcrübəsi hansı səviyyədədir?
- Ümumiyyətlə, BMDM-də tədris prosesi universitetimizin müəllimləri ilə yanaşı, ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT), Stanford Universiteti, İngiltərənin London İqtisadiyyat Məktəbi, Stirlinq, Qlazqo, Uorvik və Kardif, Türkiyənin Sakarya, Qazi və Ankara universitetləri kimi nüfuzlu xarici ali təhsil ocaqlarında təhsil almış və müvafiq sahə üzrə təcrübəsi olan müəllimlər tərəfindən həyata keçirilir. Qeyd edim ki, dövlət və özəl qurumlarda işləyən, dövlət xətti ilə dünyanın nüfuzlu universitetlərində təhsil alan bir çox menecer Mərkəzdə mühazirə oxumaq üçün bizə müraciət edib.
- Mərkəzin gələcək beynəlxalq əməkdaşlıq planları nədən ibarətdir?
- BMDM-də təhsil alan magistrantlara UNEC diplomu ilə yanaşı, Avropanın nüfuzlu universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub. 2016-cı ilin sentyabr ayında magistratura pilləsi üzrə Türkiyənin Süleyman Dəmirəl Universiteti ilə ikili diplom razılaşması əldə edilib. Bundan əlavə, biznesin təşkili və idarə edilməsi, maliyyə ixtisasları üzrə Uludağ Universiteti, turizm və otelçilik ixtisası üzrə Sakarya Universiteti, biznesin təşkili və idarə edilməsi ixtisası üzrə Makedoniyanın Beynəlxalq Vizyon Universiteti və Litvanın Mikolos Romeris Universiteti ilə bu cür layihələrin həyata keçirilməsi planlaşdırılır.
Ümumiyyətlə, Mərkəzin gələcək hədəfləri arasında nəinki ikili diplomla bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eyni zamanda yeni ixtisasların açılması, ingilis dilində tədris olunan ixtisasların sayının artırılması, Mərkəzin özünün beynəlxalq elmi jurnalının yaradılması, beynəlxalq elmi konfranslarla və qurumlarla əlaqələrin qurulması və gücləndirilməsi, tədris prosesinə xarici universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi əsas yer tutur.
- BMDM-də xarici tələbələr də təhsil alır?
- Bəli, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bütövlükdə 141 magistr, o cümlədən, Türkiyə, Rusiya, Almaniya, Banqladeş, Zimbabve, Qambiya kimi ölkələri təmsil edən 10 nəfər əcnəbi magistrant təhsil alır. Ümid edirəm ki, xarici universitetlərlə əməkdaşlığımızın miqyası genişləndikcə, əcnəbi magistrantlarımızın sayı daha da artacaq.
 

Əcnəbi tələbələr: UNEC-də keyfiyyətli təhsil alırıq

BMDM-də təhsil alan əcnəbi tələbələrdən biri - Almaniyanın Yena Fridrix Şiller Universitetinin magistrantı olan Qanimete Şolz “Erasmus+” mübadilə proqramı çərçivəsində BMDM-də 2 semestr təhsil almaq imkanı qazanıb. Onun ölkəmiz və BMDM-də təhsillə bağlı təəssüratları zəngindir: “Bakıya gələnədək Almaniyada insanların əksəriyyəti mənim nə üçün Azərbaycanı seçdiyimi anlamırdılar. Bu, başadüşüləndir, çünki Azərbaycan kiçik ölkədir. İnsanların əksəriyyəti Azərbaycanı “Eurovision” mahnı müsabiqəsinə, az bir qismi isə caz musiqisinə görə tanıyır, odlar diyarı və neftlə zəngin ölkə kimi təsvir edirlər. Ailəm, dostlarım və elmi rəhbərim də məndən soruşurdu ki, həqiqətən bu ölkəyə getmək istəyirəmmi? Elə burada da insanlar hardan gəldiyimi soruşduqdan sonra ilk sual olaraq nə üçün Azərbaycanı seçdiyimi bilmək istəyirdilər. Yenə də mən Almaniyada izah etdiyim səbəbləri təkrarlamalı olurdum. Onu deyə bilərəm ki, Avropadan kənara çıxmaq, fərqli mədəniyyət və düşüncələrə malik insanlarla tanış olmaq istəyirdim. İlk növbədə qeyd edim ki, Bakıya və universitetinizə gəldiyimdən bəri istər tələbələr, istərsə də müəllimlər tərəfindən çox böyük qonaqpərvərliklə qarşılandım. Buradakı gözəl və yardımsevər insanların mehriban münasibətinə görə, mənim üçün Bakıda məskunlaşmaq və buranın həyatına uyğunlaşmaq baxımından gözlədiyimin əksinə, heç bir çətinliklə üzləşmədim. Azərbaycanda insanlar avropalılardan bir çox cəhətdən fərqlənirlər, məsələn, burada insanlar digərlərinə də vaxt ayıraraq hər hansı bir problemi həll etməkdə sonadək köməklik göstərirlər. Azərbaycanlıların həyata fərqli yanaşdığını gördükcə, tədricən mən dünyanı fərqli şəkildə dərk etməyə başlayıram.
BMDM-lə bağlı təəssüratlarına gəldikdə, Qanimete Şolz bildirir ki, Azərbaycanın təhsil sistemi Almaniyadan fərqli olaraq, daha çox ABŞ-ın təhsil sisteminə bənzəyir. ABŞ-da olduğu kimi burada da tələbələr semestr ərzində müəyyən cədvəl üzrə beş fərqli dərs ala bilirlər: “Fərqli cəhətlərdən biri də ondan ibarətdir ki, burada dərslərə davamiyyət məcburidir. Buna baxmayaraq, BMDM-nin müəllimlərinin əksəriyyəti təhsil aldıqları sahə üzrə həm də zəngin iş təcrübəsinə malik olduğundan mühazirələr daha maraqlı və motivasiyaedicidir. Xüsusən də, London İqtisadiyyat Məktəbi və digər nüfuzlu universitetlərin məzunu olan müəllimlər öz sahələrində yüksək ixtisaslaşıblar və ingilis dilində çox sərbəst şəkildə dərs tədris edirlər. Müəllimlər tələbələri ölkənin inkişafına töhfə verə biləcək istiqamətdə yetişdirməli və inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərə həssas yanaşmalıdır. Dərs materialı bəzən Almaniya universitetləri ilə müqayisədə az olsa da, bu, müəyyən mövzu ilə bağlı daha dərindən araşdırma aparmağa imkan verir. Müəllimlər mövzunu ətraflı şəkildə izah etdiyindən bu məni dərsi daha yaxşı qavramağa və sonadək dinləməyə təşviq edir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, burada təhsil almaq imkanı əldə etdiyim üçün çox xoşbəxtəm. Bu mənim düşüncə tərzimi dəyişdi və inkişaf etməkdə olan ölkələrin problemlərini daha yaxından müşahidə etməyimə imkan verdi. Mən burada tanış olduğum hər kəsə, xüsusən də mənim Azərbaycanı müxtəlif tərəflərdən dərk etməyimdə müsbət rol oynayan bütün insanlara öz təşəkkürümü bildirirəm və bu ölkəyə gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram”.

Təhsil aldığı Mərkəzlə bağlı təəssüratlarını bölüşən digər bir magistr Türkiyənin İğdır şəhərində yaşayan Hikmet Alcan işi ilə əlaqədar Bakıya köçüb və magistratura təhsilini də burada almağa qərar verib. Bakalavr təhsilini Eskişehir Anadolu Universitetində bitirib, tədrisin türkcə olması, müəllim heyətinin əksəriyyətinin Türkiyə və xarici universitetlərdə təhsil aldığını nəzərə alaraq BMDM-də oxumağı seçib. Onun fikrincə, mükəmməl müəllim heyətinə malik olduğu üçün UNEC Azərbaycanın aparıcı universitetlərindən biridir. Hikmet UNEC-i digər ali təhsil müəssisələrindən fərqləndirən cəhətin müasir tədris üsullarının geniş tətbiq edilməsi və bu səbəbdən tələbəni əzbərçiliyə deyil, daha çox tədqiqat aparmağa təşviq etməsində görür.

Mərkəzdə təhsil alan əcnəbi magistrantlardan biri də Rusiya Federasiyasının vətəndaşı Arzu Axmatovadır. O, bakalavr təhsilini Dağıstan Dövlət Universitetində maliyyə ixtisası üzrə bitirib. Həmin universitetdə türk dili kursunu başa vurduqdan sonra Türkiyənin İstanbul Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə də təhsil almış Arzu hazırda UNEC-də təhsilini davam etdirir. Mərkəz haqqında məlumatı UNEC-in Dərbənd filialı vasitəsilə əldə edib, təhsilini də türkcə davam etdirmək istədiyindən burada oxumaq qərarına gəlib. Arzu Mərkəzdə yaradılan şəraitdən, keyfiyyətli tədris prosesindən, müəllim və tələbələrin mehriban münasibətindən olduqca məmnun qaldığını qeyd etdi. O, UNEC-də əldə etdiyi dəyərli biliklər sayəsində gələcəkdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verəcəyinə ümid etdiyini də bildirdi.

“Erasmus+” mübadilə proqramının digər iştirakçılarından olan Zimbabve vətəndaşı Qarret Şokod bakalavr təhsilini Əlcəzairin Mulud Mammeri, magistr təhsilini isə Türkiyənin Anadolu Universitetində beynəlxalq biznes ixtisası üzrə alıb, hazırda isə BMDM-də magistr dissertasiya işi üzərində çalışır. Qarret UNEC-ə yeni gəldiyini, lakin bu qısa dövr ərzində özünə qarşı çox mehriban münasibətin şahidi olduğunu bildirdi.

Proqram çərçivəsində BMDM-də təhsil alan digər əcnəbi magistrant Banqladeş vətəndaşı Rəşid Cahangirdir. Bakalavr təhsilini maliyyə ixtisası üzrə Banqladeş Şimal Universitetində, magistr təhsilini isə beynəlxalq biznes ixtisası üzrə Türkiyənin Anadolu Universitetində alıb, hazırda isə dissertasiya işi üzərində çalışır. Rəşid də burada insanların mehriban və yardımsevər olduğunu, UNEC-də olmaqdan məmnunluğunu ifadə etdi.

Mübadilə proqramının iştirakçısı olan magistrantlardan biri də Qambiya vətəndaşı Ebrima Qomezdir. Bakalavr təhsilini İqtisadiyyat ixtisası üzrə Qambiya Universitetində, magistr təhsilini də eyniadlı ixtisas üzrə Türkiyənin Anadolu Universitetində almış, digər yoldaşları kimi hazırda magistr dissertasiya işi üzərində tədqiqatla məşğul olur. Ebrima da qeyd edir ki, Azərbaycanda insanlar gülərüz və mehribandır və BMDM-də çox yaxşı münasibətlə qarşılaşıb.

BMDM-in digər əcnəbi magistrantlarından olan Umut Şahin və Eda Bahar Şahin uzun illərdir Azərbaycanda yaşadıqlarını, BMDM-dəki təhsil sistemi və müəllim heyəti haqqında məlumat əldə etdikdən sonra bu sistemdən faydalanmaq üçün müsabiqəyə sənəd verdiklərini və ötən semestrin onların təhsilində çox səmərəli olduğunu bildirdilər. Onlar müəllim heyətinin hər tələbənin ayrı-ayrılıqda qayğısına qalmasının, iş həyatında faydalı olacaq məsləhət və təcrübələrini bölüşmələrinin təqdirəlayiq olduğunu qeyd etdilər.
Umut Şahin BMDM-dəki bu şəraitin ölkədəki təhsil sisteminə müsbət təsir göstərəcəyini düşünür: “Türkiyədəki dostlarımla BMDM haqqında fikirlərimi könül rahatlığı ilə bölüşür və gələcəkdə burada keyfiyyətli təhsil ala biləcəklərini bildirirəm. Çünki BMDM yüksək səviyyədə təhsil verən və tələbə biliyini ədalətli şəkildə qiymətləndirən bir təhsil qurumudur”.
yuxarı ⤴