1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan Dövlət Pedaqoji Kollecində “Dolu” filminə baxış keçirilib
15.04.2017 / No13

 

 

 


ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllim və tələbə kollektivinin “Azərbaycanfilm” studiyası tərəfindən yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş “Dolu” filminə baxış və yaradıcı heyət ilə görüş keçirildi.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Milli Məclisin deputatı, əməkdar jurnalist Aqil Abbas, xalq artisti Şamil Süleymanov, teatr və kino aktyoru, əməkdar artist Məmməd Səfa, Bilik Fondunun məsləhətçisi, jurnalist-publisist Ramilə Qurbanlı, aktyorlardan Rza Rzayev, Cavanşir Hadıyev, Elvin Əhmədov iştirak edirdilər.
Görüşü giriş sözü ilə kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq ADPK ilə Bilik Fondu arasında 25 yanvar 2017-ci il tarixində imzalanmış “Əməkdaşlıq haqqında” sazişi əsasında təşkil olunmuş bu tədbirin əhəmiyyətindən danışdı. Belə tədbirlərin tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, şəxsiyyət kimi formalaşmasında, Vətəninə, ailəsinə layiqli övlad kimi böyüməsində və dövlətçiliyə sadiq vətəndaş kimi yetişməsində mühüm rol oynadığını qeyd etdi. Eləcə də direktor bu görüşün aprel döyüşlərinin ildönümünə həsr olunduğunu vurğuladı.
Sonra film nümayiş etdirildi.
Daha sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ötən il aprel ayında baş vermiş hadisələri yaxın tariximizin şərəfli səhifəsi kimi dəyərləndirdi. O bildirdi ki, aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini və əzmini göstərməklə işğal altında olan torpaqlarımızı qısa zaman ərzində azad etmək iqtidarında olduğumuzu bir daha təsdiqlədi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
O.Səmədov tələbələrə fondun təşkilatçılığı ilə Pedaqoji Kollecdə yaradılmış Tələbə Dram Dərnəyi haqqında məlumat verdi. İcraçı direktor bildirdi ki, dərnək üzvlərinin əməkdar artist Məmməd Səfanın rəhbərliyi ilə səhnələşdirəcəkləri tamaşalar ali təhsil müəssisələrində, eləcə də regionlarda fəaliyyət göstərən Bilik evlərində nümayiş olunacaq.
Sonra yaradıcı heyət ilə müzakirələr keçirildi. Ssenari müəllifi Aqil Abbas çıxış edərək bildirdi ki, 2012-ci ildə rejissor Elxan Cəfərov tərəfindən Qarabağ müharibəsi mövzusuna həsr olunmuş filmdə erməni qəsbkarlarına qarşı son damla qanına qədər döyüşən Azərbaycan oğullarının Vətən uğrunda qəhrəmanlığı və mübarizəsi əks olunur.
Sonda yazıçı qeyd etdi ki, mübahisə edə biləcəyiniz məqamlar ola da bilər, əsas odur ki, Qarabağın taleyini əks etdirən daha bir uğurlu iş tamaşaçıya təqdim olundu.
Sonra Aqil Abbasın kitabları tələbələrə paylanıldı.


 

yuxarı ⤴