1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 


 
 

 

 


“Müəllim yalnız öyrədən deyil”

Aynurə Bağırova: “Anladım ki, başqa peşədə çalışa bilməzdim”

Balakən rayonunun Gürcüstanla həmsərhəd olan Qazbölük kənd tam orta məktəbində müəllim işləyən Aynurə Bağırova 1993-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə orta məktəbi, 2015-ci ildə isə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsini bitirib. Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 54 bal toplayıb. Şəhər mərkəzindən 22 km. aralıda yerləşən kənd məktəbində Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlik fəaliyyətinə başlayıb. Aynurə xanımın işlədiyi məktəbə gedərək onunla həmsöhbət olduq:
- Əslində, müəllimlik mənim uşaqlıq arzum deyildi, amma müəllim kimi fəaliyyətə başlayanda anladım ki, mən başqa peşədə çalışa bilməzdim. Seçimimdən peşman deyiləm, sənətimi, şagirdlərimi çox sevirəm. Kəndə təzə gələndə çox çətinlik çəkirdim. İlk dəfə idi ki, ailəmdən ayrılmışdım və bundan əvvəl heç bir kəndə getməmişdim. Kənd həyatı barədə təsəvvürüm belə yox idi. Sonra kənd camaatının səmimiliyi və müəllim kollektivinin doğma münasibətilə qarşıma çıxan problemlərin öhdəsindən gələ bildim.
İlk dərs günüm həyəcanlı keçdi, şagirdlər məni sakit və maraqla qarşıladılar. Zaman keçdikcə bir-birimizə öyrəşdik. Şagirdlərdən dərsə hazırlıqsız gələndə, onları çıxıb getməklə “hədələyirəm”. Keçən il bir şagirdim mənə məktub yazmışdı ki, inşallah işiniz alınmaz və Bakıya qayıtmazsınız...
Seçimim məni qane edir, öz işimə getdikcə daha çox bağlanıram. Bu 2 ildə peşman olmamışam, Bakıdan kəndə müəllim işləməyə ailəmin məsləhəti və razılığı ilə gəlmişəm. Kollektivdə münasibətlərimiz çox yaxşıdır. Fərq ailəmdən ayrı olmağımdır. Tətillərdə isə evimizə gedirəm. Başqa heç bir problemim yoxdur.
Asudə vaxtlarımda kitab oxuyuram. Müəllim həmişə mütaliə etməli və özünü inkişaf etdirməlidir. Fəaliyyətimdə xarici ölkə ədəbiyyatı və dərsliklərindən istifadə edərək yeniliklər yaratmağı çox sevirəm. Təlim prosesinin mərkəzində şagird durur. Ona görə də bu günün şagirdi, yetişməkdə olan şəxsiyyət öz mühakiməsində azad olmalıdır. O, tənqidi düşünməyi, öz mövqeyini ağıllı şəkildə müdafiə, əldə etdiyi bilik və bacarıqları həyatda tətbiq etməyi bacarmalıdır. Ona görə də dərslərimdə şagirdlərimə bunları aşılamağa çalışıram. Axı müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir.
Müəllim olmaq istəyənlərə tövsiyəm budur ki, seçdikləri peşəni sevsinlər. Çünki müəllimlik dünyanın ən müqəddəs və şərəfli peşəsidir .
Məktəbdə olarkən direktor Abakər Nəbiyev Aynurə müəllimdən həvəslə söhbət açdı. Dedi ki, bizim məktəbə gələn gündən o, öz davranışı, dəst-xətti, qabiliyyəti ilə seçilir. Bacarıqlıdır, dərslərini İKT-dən istifadə etməklə keçir. Təbii ki, müəllimin özünə, öz savadına, biliyi və bacarığına inamı varsa, o, heç bir yerdə büdrəməz. Bu gün Aynurə xanım gənc müəllim olsa da, qısa zamanda pedaqoji kollektivin, valideynlərin və şagirdlərin, ən əsası, kənd camaatının böyük hörmətini qazanıb.

Vüsalə BƏDƏLOVA,
Balakən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

ATU-nun əməkdaşları şagirdlərlə görüşüb

Azərbaycan Texnologiya Universitetinin nümayəndələri Samux şəhər 1 nömrəli məktəb-lisey və 2 nömrəli tam orta məktəbdə olublar. Görüşdə ATU-nun qida məhsulları və istehlak mallarının texnologiyası fakültəsinin professor və müəllim heyəti, məktəbin müəllim kollektivi və XI sinif şagirdləri iştirak ediblər.
Tədbirdə məktəb direktorları şagirdlərin son illərdə ali məktəbə qəbul zamanı qazandıqları uğurları qeyd ediblər. Sonra qida məhsulları və istehlak mallarının texnologiyası fakültəsinin professoru Əhəd Nəbiyev və digər əməkdaşlar ATU-nin fəaliyyət istiqamətləri və perspektivlərindən söz açıblar.
Sonda müəllim və şagirdlərin sualları ATU-nun əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.
Görüş diskussiya şəklində başa çatıb.

Nurəddin BABAYEV,
Samux Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

Ağsuda şəhidin xatirəsi anılıb

Ağsu rayonunun Bico kəndində ötən ilin aprel döyüşləri zamanı şəhid olmuş Toğrul Fərəczadənin anım günü qeyd olunub. Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasi bildirib ki, mərasimdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə aprel döyüşlərində canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlıqlarından danışılıb.
Bico kənd məktəbinin direktoru Yaşar Qarayev Toğrulun məktəb illərində nümunəvi şagird olduğunu bildirib və onun keçdiyi qəhrəmanlıq yolundan söz aşıb.
Tədbirdə şəhidin valideynləri və başqaları çıxış edib.
Sonda Qarabağ uğrunda həlak olmuş şəhidlərimizin ruhuna dualar oxunub.

“ASAN xidmət - Azərbaycan brendi” mövzusunda seminar

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən aldığımız məlumata görə, SDU-nun YAP Gənclər Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin dəstəyi ilə keçirilən seminarı ali məktəbin Karyera Mərkəzinin müdiri Zahid Bünyadov açıb. Bildirilib ki, qarşılıqlı əməkdaşlıq universitetin tələbələrinə gələcəkdə “ASAN xidmət”də həm könüllülər təşkilatında, həm də dövlət strukturlarında işlə təmin olunma imkanları yaradır. “ASAN xidmət” Azərbaycan brendi kimi beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraqla qarşılanır. Fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında qurulan “ASAN xidmət” Prezident İlham Əliyevin təşəbbüsü ilə məhz xalqın rifahı, vətəndaşın rahatlığı üçün yaradılıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN School” könüllülük məktəbinin rəhbəri, insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Əliyev, ASAN könüllüləri təşkilatının idarə heyətinin üzvü və Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul əməkdaşı Rəşad Məmmədov mərkəz haqqında ətraflı məlumat veriblər.
Sonda tələbələr “ASAN xidmət” mərkəzlərində yaradılan könüllülük imkanlarının gənclərin gələcək karyeraları üçün tələb olunan iş təcrübəsi və çoxşaxəli praktik vərdişlərinin formalaşdırılmasına mühüm töhfələr verdiyini qeyd ediblər.

Azərbaycan Ordusunun zabiti məktəblilərin qonağı olub

Qax rayon Ləkit kənd tam orta məktəbində Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ruslan Süleymanov ilə görüş keçirilib.
Tədbirdə məktəbin hərbi rəhbəri, təşkilatçı müavin, məktəb kitabxanaçısı, Uşaq Birliyi təşkilatının rəhbəri, psixoloq və VII-XI sinif şagirdləri iştirak ediblər. Görüşün təşkil olunmasında məqsəd şagirdlərdə hərbi vətənpərvərlik tərbiyəsini gücləndirmək, qorxmazlıq, dözümlülük kimi əxlaqi keyfiyyətlərin tərbiyə olunmasıdır. Vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir.
Hərbi rəhbər Balay Şəfiyev məktəblərdə vətənpərvərlik tərbiyəsinin, vətənə məhəbbət hissinin aşılanması, vətəni sevməyin ən ali hiss olduğu, vətənimizin ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş qəhrəman oğullarımızın igidliyi, eləcə də aprel döyüşlərində əsgərlərimizin göstərdiyi şücaət haqqında məlumat verib.
Sonda zabit Ruslan Süleymanov şagirdləri maraqlandıran sualları cavablandırıb və onlarla xatirə şəkli çəkdirib.

Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

İntellektual yarışmaya start verilib

Saatlı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Uşaqların IV Ümumrespublika Forumunda iştirak edəcək şagirdlərin seçilməsi məqsədilə regional görüş keçirilib. Görüşdə komitənin nümayəndələri, Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın multimedia şöbəsinin müxbiri Lamiyə Mustafayeva və Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Beyləqan rayonlarının seçilmiş komandaları iştirak ediblər. Hər komanda 5 şagirddən ibarət olub.
Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev çıxış edərək komitə haqqında geniş məlumat verib. Həmçinin şagirdlər üçün AZƏRTAC-ın uşaq portalı haqqında qısa maarifləndirici film nümayiş olunub.
Sonra Uşaq problemləri şöbəsinin aparıcı məsləhətçisi Fərid Əbilovun rəhbərliyi ilə “Qələbəyə doğru” intellektual yarışmaya start verilib. Final qarşılaşmasında Sabirabad təmsilçiləri Hacıqabul komandasına üstün gələrək yarışmanın qalibi olub.
Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda regionu Sabirabad rayonunun komandası təmsil edəcək. Forumun final mərhələsi Bakı şəhərində keçiriləcək.
Xalid NƏCİYEV,
Saatlı Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

Qubada modul tipli məktəb binaları quraşdırılır

Quba rayonunda şagird sayı 100-dək olan 6 modul tipli məktəb binaları quraşdırılacaq. Belə binalar Çayqışlaq, Ördüc, Çarxaçu, Qarxun, Cağacıq və Zıxır kəndlərində quraşdırılacaq.
Quba Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, artıq 51 şagirdi olan Cağacıq kənd orta məktəbi üçün modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb. Səkkiz otaqdan ibarət olacaq binanın quraşdırılması bir aya yekunlaşacaq. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Modul tipli binaların quraşdırılması nəzərdə tutulan məktəblərin ikisi ibtidai, dördü isə ümumi orta təhsil ocaqlarıdır. Həmin məktəblərin əksəriyyəti dağlıq ərazidə yerləşir.

Məktəb Şagird Parlamenti fəaliyyətini davam etdirir

E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə ənənəvi olaraq cari tədris ilində Məktəb Şagird Parlamenti seçilib və fəaliyyət göstərir. Hazırda məktəbin ən qabaqcıl və bacarıqlı şagirdləri parlamentin işində iştirak etməklə, idarəçilik bacarıqlarına yiyələnirlər.
MŞP-nin 20 üzvündən İlknur Murad sədr, Cəfər Nağızadə müavin seçilməklə, digər üzvlər ayrı-ayrı komissiyalarda təmsil olunurlar. Parlamentin tərkibində təlim, mədəni-kütləvi işlər, intizam və sağlamlıq, hərbi vətənpərvərlik və idman işləri üzrə komissiyalar yaradılıb.
Məktəb Şagird Parlamentinin yığıncağında komissiyalar ay ərzində gördükləri işlər haqqında hesabat veriblər. Təkliflər dinlənilib və qarşıda MŞP-nin, o cümlədən komissiyaların məktəbdə görəcəyi işlər barədə qərar qəbul olunub.

Sevda QASIMOVA,
E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin direktor müavini
 
Şakir CƏFƏROV
yuxarı ⤴