1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 29.04.2017


 

 
Elm xəbərləri
15.04.2017 / No13

 
 

 

 


Yumşaq robot - skat hazırlanıb

Yusif ƏLİYEV

Skat balığına oxşayan robot hazırlanıb. Lakin balığın hərəkətlərini təqlid edən yeni robot nə mühərrikə, nə də vint turbininə malik deyil, buna baxmayaraq çox məharətlə və sürətlə üzür. Qurğunun yaradıcısı, Çinin Çjeszyans Universitetinin əməkdaşı Tefen Li hesab edir ki, bu kimi elastik konstruksiyalar qənaətli olmaqla yanaşı, tədqiqat məqsədli pilotsuz sualtı gəmilər üçün də təhlükəsizdir. Onlar gəmi qalıqları və mərcan riflərini araşdıra biləcəklər.
“Science Advances” jurnalında dərc edilmiş məqalədə Li və onun həmmüəllifləri üzən elastik aparatı distant idarəetmə ilə təsvir edirlər. Zahirən o, 90 qram çəkisi və 18,5 santimetr uzunluğu olan xırda skat balığını xatırladır.
www.news.rambler.ru  saytının məlumatına görə, litium batareyası üç saat fasiləsiz üzmək üçün onu enerji ilə təmin edir. Quyruğu hərəkətə gətirən bu batareya və iki elektromaqnit qurğunun yeganə sərt hissələridir. Yumşaq robotlar dəniz dibinin xəritəsini tərtib edə və suyun altında kəşfiyyat apara biləcəklər.
Robotun şəffaf “əzələləri” üzərinə qoyulmuş gərginlikdən asılı olaraq formasını dəyişdirən elektroaktiv polimerdən ibarət yumşaq dielektrik elastomerdən hazırlanıb. Bu, qurğuya “qanad”larla hərəkət etməyə və suda saniyədə 6 santimetr sürətlə irəliləməyə imkan verir. Müəlliflər bildirirlər ki, bu, əsl skatdan daha yavaş olsa da, əvvəlki oxşar aparatın rekord göstəricisiylə müqayisədə iki dəfə sürətlidir. Lakin robot sübut etdi ki, balaca videokamera ilə temperaturu 0,4-dən 74°C-yə qədər olan suda üzə bilər. Elastomerə gərginlik verildikdə o, sudan elektronları çəkir, öz formasını dəyişir və robotun “qanad”larını azca qaldıraraq müsbət yükü əldə edir.

İlk holoqrafik videozəng

“Verizon” və “Korean Telecom” mobil operatorları 5-ci nəsil şəbəkələrindən istifadə etməklə Cənubi Koreyanın Seul və ABŞ-ın Nyu-Cersi şəhərləri arasında dünyada ilk holoqrafik videozəngi həyata keçiriblər. Nümayiş zamanı “Korean Telecom”un əməkdaşı şirkətin qərargah binasında monitorda holoqram kimi əks olunan “Verizon” şirkətinin əməkdaşı ilə videogörüş keçirib. Hər iki şirkətin nümayəndələri bildiriblər ki, bu, 5G şəbəkələrində dünyada ilk uğurlu şəbəkələrarası məlumat mübadiləsi olub.
www.4pda.ru  saytının məlumatına görə, “Korean Telecom” 5-ci nəsil şəbəkələri əsasında aparıcı multimedia xidmətlərindən biri kimi holoqrafik onlayn zəng texnologiyasını hazırlayır. Bundan başqa, şirkət hazırda Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən araşdırılan “Sync View” (virtual reallıqda 360 dərəcə onlayn translyasiyalar) və “Omni-View” xidmətlərini istifadəyə vermək niyyətindədir.
Məlumatların ötürülməsi üçün yüksək sürət və böyük həcmli trafik tələb edən səsli holoqram xidmətinin təmin olunmasında 5G sahəsində qlobal əməkdaşlıq böyük əhəmiyyətə malikdir. 5G kommersiya şəbəkəsi istifadəyə verildikdə 3D-holoqramlı videoreklam 5G əsasında nümunəvi xidmətlərdən biri kimi əlçatan olacaq. Tam ekranda əks olunan holoqramlı videozəng sayəsində istifadəçilər hər hansı bir şəxslə real vaxt rejimində görüşə biləcəklər.
Qeyd edək ki, 5G mobil şəbəkəsinin 2020-ci ildə kommersiya istismarına verilməsi nəzərdə tutulur.

Üzün tanınması sistemi sınaqdan keçirilib

“Samsung” şirkətinin nümayəndəsi Galaxy S8 və Galaxy S8 Plus-un yeni flaqman smartfonlarının nümayişi zamanı qurğunun kənar şəxslərdən müdafiəsi üçün nəzərdə tutulmuş beş üsul haqqında məlumat verib. Parol, qrafik açar və daktiloskopik tənzimləyicidən başqa, smartfon üzün tanınması sistemi və gözün qüzehi qişasının skaneri ilə də təchiz olunub.
www.24gadget.ru  saytının məlumatına görə, bu üsulların hamısından birgə istifadə etmək mümkün deyil və qurğunun sahibi yalnız birini seçə bilər. Hər iki yeni variant maraqlıdır: qüzehi qişanın skan edilməsi kifayət qədər etibarlı müdafiə olsa da, bir qədər vaxt tələb edir. Bunun üçün gözü tənzimləyiciyə yaxınlaşdırmaq lazımdır. Üzün tanınması isə daha rahat və sürətli hesab olunur, bunun üçün smartfonu sadəcə əldə saxlamaq kifayətdir. Lakin bloqqerlərdən biri bu üsulun etibarlı olmadığını sübut edib. Belə ki, Galaxy S8-in ön kamerası ilə eksperiment zamanı digər smartfonun ekranında əks olunmuş fotodan istifadə olunub. Ekrandakı işıq zolağına baxmayaraq aparat istifadəçinin üzünü tanıyıb və telefonu blokdan çıxarıb. Məlum olub ki, “Samsung” şirkətinin tətbiq etdiyi üzün tanınması texnologiyası hələ ki, smartfonu təhlükəsizlik blokundan çıxarmaq üçün yox, əyləncə üçün yararlıdır.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴