1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Xaricdə təhsil
“Öz sahəmin mütəxəssisi olaraq ölkəmizə xidmət etmək istəyirəm”
16.04.2016/№14

 


Kanadanın Alberta Universitetinin tələbəsi Şahin Atakişiyevlə söhbət

Oruc MUSTAFAYEV, “Azərbaycan müəllimi”
o.mustafayev@muallim.edu.az

Şahin Atakişiyev 1993-cü ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Orta təhsilini 1999-2010-cu illərdə Mirzəbəyli kənd orta məktəbində alıb. 2010-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə 645 bal toplayaraq Qafqaz Universitetinin kompüter mühəndisliyi (ingilis dilində) ixtisasına qəbul olub. 2015-ci ildə Qafqaz Universitetini bakalavr dərəcəsi ilə bitirib. Elə həmin ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdünü qazanıb. Hazırda Dövlət Proqramı çərçivəsində Kanadanın Alberta Universitetində magistr təhsili alır.

“Orta məktəbdə oxuyarkən xaricdə təhsil almağın xəyallarını qururdum”

Orta məktəbdə oxuyarkən bütün dərslərə maraq göstərirdim. Özəlliklə riyaziyyat, coğrafiya və tarix dərslərinə böyük marağım var idi. Son iki ildə isə diqqətimi daha çox texniki fənlərə yönəltdim, çünki seçdiyim ixtisas üzrə məhz bu fənlərdən imtahan verməli idim. Orta məktəb illərində bir neçə dəfə riyaziyyat fənni üzrə rayon və respublika olimpiadalarında iştirak etmiş və rayonumuzun təhsil şöbəsi tərəfindən fəxri fərmanla təltif edilmişəm. Qafqaz Universitetində oxuduğum zaman əsasən proqramlaşdırma ilə məşğul olurdum və universitetin keçirdiyi bir neçə proqramlaşdırma yarışında iştirak edərək sertifikatlar qazanmışam. Universiteti ortalama 93 balla başa vurdum. Kanadada ali təhsilimə gəldikdə isə, düzünü desəm, hələ orta məktəbdə oxuyarkən xaricdə təhsil almağın xəyallarını qururdum. Televiziyada xaricdə təhsilə dair proqramları maraqla izləyir və xaricdə oxuyan azərbaycanlı tələbələrin təəssüratlarını öyrənməyə çalışırdım. Qafqaz Universitetinə qəbul olduqdan sonra isə xaricdə təhsil almağımın artıq mümkün olduğuna inanmağa başladım, çünki birinci kursda ancaq ingilis dilini öyrəndim və bunun mənə çox böyük imkanlar verdiyini başa düşdüm. Universitetin sonuncu kursunda isə artıq xaricdə universitet seçimini etməyin vaxtı olduğunu anladım və Kanadada universitet seçimi etmək qərarına gəldim. Seçdiyim ixtisas üzrə universitetləri araşdırdım və Alberta Universitetinin bu ixtisas üzrə tələbələr üçün böyük imkanlar yaratdığını gördüm. 2015-ci ilin aprel ayında universitetə müraciət etdim, lazımi akademik göstəricilərimi və digər sənədləri təqdim etdikdən sonra iyul ayında rəsmi qəbul aldım. Xaricdə təhsil almağımda həm ailəm, həm də qohumlarım öz dəstəyini göstərirdi. Amma xüsusilə valideynlərimi vurğulamalıyam, həqiqətən onların xaricdə təhsil almağım üçün çox böyük dəstəyi oldu. Bu səviyyəyə gəldiyimə görə həm orta məktəb, həm də Qafqaz Universitetindəki müəllimlərimə dərindən təşəkkürümü bildirirəm.

“Dövlət Proqramı biz gənclər üçün açılan bir pəncərə oldu”

Xaricdə təhsil üzrə Dövlət Proqramının gənclərimiz üçün çox böyük bir şans olduğunu düşünürəm. Çox zaman tələbələr xaricdə təhsil almağı düşünəndə, təbii olaraq maddi məsələlər onların önündə əsas baryer olurdu. Buna görə də bəzən istedadlı gənclərimizin xaricdə təhsil almaq istəyi reallaşmırdı. Xaricdə təhsil üzrə Dövlət Proqramı isə biz gənclər üçün açılan bir pəncərə oldu. Bu proqram vasitəsilə biz təhsil haqqı və yaşayış xərcləri kimi problemlərdən azad oluruq və beləliklə bütün fikrimizi təhsilimizə və akademik fəaliyyətimizə yönəldirik. Hər il Dövlət Proqramına müraciət edən gənclərin sayında nəzərəçarpacaq artım müşahidə olunur.
Sevindirici haldır ki, ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün son illər çox böyük işlər görülüb. Dövlətimizin təhsil sisteminin inkişafına göstərdiyi dəstək və qayğının nəticəsidir ki, rayon və kənd məktəblərimiz yenidən qurulur və ən son kompüter və informasiya texnologiyaları ilə təchiz olunur. Bu isə gənclərimizdə təhsilə olan marağı daha da artırmışdır. Son illər qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin sayının çoxalması və dünya olimpiadalarında gənclərimizin yüksək nəticələr göstərərək medallarla ölkəmizə qayıtmaları bizlər üçün olduqca qürurvericidir. Bu, təhsilimizin Avropa təhsilinə inteqrasiya olduğunun bariz timsalıdır. İnanırıq ki, Təhsil Nazirliyinin apardığı islahatlar nəticəsində yaxın zamanlarda ölkəmizin dünya arenasında təhsil sahəsində öz layiqli yerini almasının şahidi olacağıq.

“Vaxtım, demək olar ki, ancaq dərs oxumaqla keçir...”

Hazırda Alberta Universitetinin yerləşdiyi Edmonton şəhərində yaşayıram.Tələbə kimi vaxtım ancaq dərs oxumaqla keçir. Etiraf etməliyəm ki, dərslər bir az çətindir, verilən tapşırıqları və layihələri vaxtında işləyərək təhvil verməyə çalışıram. Demək olar ki, boş vaxtım olmur, vaxtım əsasən universitetdə laboratoriyalarda keçir, asudə vaxt tapanda buradakı tələbə yoldaşlarım və azərbaycanlı tanışlarla görüşür və şəhəri yaxından tanımağa çalışıram. Hazırda Alberta Universitetində elektrik və kompüter mühəndisliyi fakültəsinin proqramlaşdırma mühəndisliyi və intellektual sistemlər (Software Engineering and Intelligent Systems) ixtisası üzrə təhsil alıram. Alberta Universiteti Kanadanın ən reytinqli dörd universitetindən biridir və 2015-ci ildə açıqlanan dünya universitetlərinin reytinq cədvəlində ilk 100-lükdə qərarlaşıb. Özəlliklə universitetin mühəndislik fakültəsi çox tanınır və burada elmi tədqiqat aparmaq üçün xeyli sayda ən son texnoloji avadanlıqlarla təchiz edilmiş laboratoriyalar var ki, tələbələr üçün bütün imkanları təmin edir.

“Dərslərin quruluşu da çox fərqlidir”

Universitetdə tələbələr və professor-müəllim heyəti arasında çox yaxşı münasibətlər var. Professorlar tələbələrin akademik cəhətdən uğurlu olması üçün çox böyük köməklik göstərir. Demək olar hər həftə professorlar və tələbələr arasında dərsdən əlavə görüşlər olur ki, tələbələr öz qayğılarını, onları maraqlandıran məsələləri dilə gətirir və professorlar da öz növbəsində bu problemlərin həll edilməsində böyük köməklik göstərir. Şəxsən mən demək olar hər həftə öz akademik rəhbərimlə görüşür və məni qayğılandıran məsələləri, gələcəkdəki planları müzakirə edirik. Dərslərin quruluşu da fərqlidir. Bəzi dərslər ancaq mühazirələrdən, bəziləri isə həm mühazirə, həm də laboratoriya hissələrindən ibarət olur. Bəzi dərslərdə ancaq layihə işləməli və vaxtında təqdim etməli, bəzilərində isə həm imtahan, həm də layihələr olur ki, buna uyğun olaraq da yekun akademik qiymətləndirmə aparılır. Dərsliklərə gəlincə, ilk semestr üçün ixtisasımla bağlı üç dərs və bir də bütün mühəndislərin keçməli olduğu “Mühəndislikdə professionallıq” dərsini götürmüşəm. Professorlar bizi istifadə edəcəyimiz ədəbiyyatların adları və bəzi resurslarla təmin edir, bəzi resursları isə özümüz universitetin kitabxanasından əldə edirik. Mən şəxsən çox zaman elektron vəsaitlərdən istifadə edirəm. Dərslərdə istifadə etdiyimiz kitabların hamısı yüksək səviyyəli və rəsmi ədəbiyyat kimi təsdiq edilmiş materiallardır. Bu kitablardakı biliyi mənimsəmək üçün sistematik çalışmaq tələb olunur. İndiyə qədər burada tədris edilən materiallar bilik səviyyəmin dərinləşməsində çox böyük rol oynayıb. Seçdiyim ixtisas bu gün ölkəmizdə ən çox tələb olunan sahələrdən biridir. İndiki dövrümüzdə informasiya texnologiyaları bütün sahələrdə çox mühüm rol oynayır. Və təbii olaraq ölkəmizdə bu sahənin inkişafına təkan verəcək kadrlar tələb olunur. Təsadüfi deyil ki, Dövlət Proqramında informasiya texnologiyaları birinci dərəcəli prioritet sahə kimi göstərilib. Bu gün ixtisas seçimimin həqiqətən də doğru olduğunu görürəm. Bu ixtisas üzrə bilik və bacarıqlarımı genişləndirmək və buradakı təhsilimi başa vurduqdan sonra ölkəmizə qayıdaraq öz bilik və təcrübələrimi bizdən sonra gələn kadrlara öyrətmək və aparıcı mütəxəssislərlə əməkdaşlıq edərək respublikamızda yüksək texnologiyaların inkişafına öz töhfəmi vermək istəyirəm.
Xaricdə təhsil alan hər bir azərbaycanlı tələbə həm də ölkəmizin təbliğində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etməlidir. Müsahibimiz Kanadada diaspora fəaliyyətlərində də iştirak edir.
- Burada olan soydaşlarımızla sıx əlaqə qurmuşam. Alberta Universitetində hazırda 10 azərbaycanlı tələbə təhsil alır. Həmin tələbələr və Edmontonda yaşayan digər soydaşlarımızla bərabər əlamətdar günlərdə toplaşır və birgə qeyd edirik. Hətta burada Azərbaycan Edmonton Mədəniyyət Cəmiyyəti (Azerbaijan Cultural Society of Edmonton) var. Biz ötən il azərbaycanlılar olaraq cəmiyyətdə toplaşdıq və Həmrəylik günümüzü, mart ayında isə Novruz bayramını qeyd etdik. Tədbirimizdə Kanadadan və burada yaşayan digər millətlərdən olan qonaqlar da iştirak etdi. Bütün bunlar həqiqətən ölkəmizin mədəniyyətinin tanıdılmasında vacib rol oynayır. Buradakı digər millətlərdən olan insanların bu cür tədbirlərdə iştirak etməsi və ölkəmiz, mədəniyyətimiz haqqında suallar verməsi və maraqlanması onların bizlərə verdiyi dəyər deməkdir. Biz də öz növbəmizdə bu cür ənənələrimizi, tariximizi paylaşmaqla ölkəmizin tanınması üçün ciddi səy göstəririk.
Sonda gələcək planlarım barədə onu demək istəyirəm ki, inşallah buradakı təhsilimi başa vurduqdan sonra ölkəmizə qayıtmaq, bir müddət öyrəndiklərimi praktikada tətbiq etmək və sonra da doktorantura təhsili almaq istəyirəm. Ona görə də bacardığım qədər elmin dərinliklərinə getmək və öncə layiqli vətəndaş, sonra da öz sahəmin mütəxəssisi olaraq ölkəmizə xidmət etmək istəyirəm.

 

yuxarı ⤴