1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 14.06.2017

// 14.06.2017




 

 

 


Dərs yaradıcılıq tələb edir

Yaqut ƏZİMZADƏ,
Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi

Müasir dərs müəllimdən yaradıcılıq axtarışları tələb edir. Çünki məhz yaradıcı axtarışlar nəticəsində müəllim hər bir dərsini standartdan uzaq, maraqlı və səmərəli qura bilir. Hər bir dərsin yaradıcı olması, şagirdləri maraqlandırması üçünsə müəllim özü daim axtarışda olmalı, yenilikləri izləməli, fəal-interaktiv təlim metodlarını yaxşı bilməli, onlardan mövzunun tələblərinə və sinfin, şagirdlərin səviyyəsinə uyğun istifadə etməlidir. Bunun üçün hər bir müəllim öz üzərində müntəzəm işləməlidir.
Hazırda IV sinifdə dərs deyirəm. Şagirdləri maraqlandırmaq üçün elektron dərslərdən geniş istifadə edir, ilk növbədə fənni şagirdlərə sevdirməyə çalışıram. Aparacağım hər bur dərsin geniş icmal-planını hazırlayıram. İcmalı elə tərtib edirəm ki, dərsin hər bir mərhələsi şagirdləri maraqlandırsın.
Şagirdlərin təfəkkürünü inkişaf etdirməklə yanaşı, söz ehtiyatlarını artırmaq da gündəlik iş planıma aiddir. Onlarda qəzet və jurnallardan istifadə etmək, nağıl və hekayələrə münasibət bildirmək bacarığını formalaşdırmağa çalışıram. Bu məqsədlə açıq suallardan daha çox istifadə edirəm. Burada məqsəd şagirdlərə müstəqil fikir yürütmək, nəticə çıxarmaq bacarıqları aşılamaqdır.
Azərbaycan dili dərslərində leksik oyunlardan istifadə şagirdləri fəallaşdırmaq və onların söz ehtiyatını artırmaqda daha səmərəli nəticə verir. Rabitəli nitqin inkişafına xüsusi diqqət yetirirəm.
Hər bir mövzunu keçərkən onun təlim məqsədi ilə yanaşı tərbiyəvi əhəmiyyətini də diqqətdə saxlayıram. Çalışıram ki, keçdiyim hər bir mövzu şagirdləri milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etsin.
Şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək üçün bir çox düşündürücü çalışmaların icrasına geniş yer verirəm. Bütün bunlarla yanaşı, bir çox didaktik materiallar, testlər, krossvordlar, məntiqi çalışmalar hazırlayaraq dərsin müxtəlif mərhələlərində tətbiq edirəm.
Fikrimi lV sinifdə sınaqdan keçirdiyim kiçik bir təcrübə ilə əsaslandırmaq istəyirəm. Həyat bilgisi dərsində uşaqlara belə bir sualla müraciət edirəm:
- Uşaqlar, sizi hansı mövzular daha çox maraqlandırır?
Şagirdlər müxtəlif mövzular təklif edirlər. Onları lövhəyə yazıram.
Seçilmiş mövzulardan biri, məsələn, “Bakı” mövzusu üzərində iş aparıram.
Öncə şagirdləri üç qrupa bölərək hər qrupa aşağıdakı istiqamətdə tapşırıqlar verirəm:
I qrup:
Bakı haqqında məlumat toplayın.
II qrup:
Bakının memarlıq abidələri haqqında bildiklərinizi yazın.
III qrup:
Bakı nefti haqqında məlumat toplayın.
Eyni zamanda toplanacaq materialların şəkillərdən ibarət olmasını, onların prosesin ardıcıllığı istiqamətində qruplaşdırılaraq təqdim edilməsini tapşırıram.
Qruplar İKT-dən istifadə etməklə tapşırıqları yerinə yetirirlər.
İş prosesində hər qrupun hazırladığı cavablar əsasında paytaxtımız haqqında zəruri informasiya yükü olan mətn yaranır: Bakı Azərbaycanın paytaxtıdır. Bakı Xəzər dənizinin sahilində yerləşir. Bakı memarlıq abidələri ilə məşhurdur. Bakıda Qız Qalası, Şirvanşahlar Sarayı, qədim memarlıq abidələri, məscidlər, hamamlar var. Bakıda neft quruda və dənizdə çıxarılır. Neft bizim ən böyük sərvətimizdir. Neft emal olunur və ondan müxtəlif məhsullar alınır. Neft ölkəmizin “qara qızılı” da adlanır.
Şagirdlər tapşırıqlar əsasında işləyərkən ilk növbədə İKT-dən istifadə bacarıqları nümayiş etdirirlər.
Bütün bunlar şagirdlərin axtarıcılıq qabiliyyətini inkişaf etdirir, onların lüğət ehtiyatını artırır.


Ayrı-ayrı mövzuların tədrisindən bir bölməyə doğru

Ülkər DADAŞOVA,
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin Azərbaycan dili və ədəbiyyat müəllimi, AMEA-nın doktorantı

Məlum olduğu kimi, feillər mənşə baxımından Azərbaycan dilinin milli sözlərinin sütununu təşkil edir. Feilin işləklik dərəcəsinin genişliyinə səbəb, bəlkə də, hərəkət anlayışı bildirməsi ilə yanaşı, həm də mənşəyi durur. Dilimizdə geniş işlənmə dairəsinə məxsus olan feilin Azərbaycan dilinin qrammatika kitablarında da əhatəli verilməsi bu geniş məzmun əksinin qanunauyğun olaraq qəbul edilən bir gedişidir. Məktəblilər üçün qrammatika kitablarında feilin quruluşca növləri, təsirli və təsirsiz, təsdiq və inkar, təsriflənən (sadə və mürəkkəb) və təsriflənməyən olması, leksik və qrammatik məna bildirməsi kimi yanaşmalarla verilməsi də mövzunun nə dərəcədə işlək olduğundan xəbər verir. Aydın məsələdir ki, mövzuya belə əhatəli yanaşma müəllimi müəyyən vaxt sərf etməyə, əlavə saatlar ayırmağa sövq edir. Bəs bu bölməni necə tədris etmək olar ki, daha az vaxt sərf olunsun. Məncə, bunu mövzunun qısaldılmış şəkildə, lakin dərk etməklə tədris vasitəsi ilə çatdırmaq olar. Ümumiyyətlə, pedaqoji təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bir bölməni mövzu - mövzu şagirdlərə çatdırmaqdansa, əvvəlcə bölmə şəklində ümumiləşdirilmiş variantda çatdırmaq daha effektivdir. Çünki bir bölməyə aid olan mövzuları birləşdirən ortaq xüsusiyyətlər var ki, bunları da hər mövzunu ayrı- ayrı keçdikdə təkrarlamaq vaxt itkisinə gətirib çıxarır.
Məlum olduğu kimi, məktəblilər üçün qrammatika kitablarında felin məlum növünün tərifi iş görənin qrammatik cəhətdən məlum olması kimi qeyd olunur. Qayıdış növ haqqında isə qeyd edilir ki, bu növ feillərdə subyekt işi öz üzərində icra edir. Şagirdlər bəzən “günəş çıxdı” cümləsindəki feilə növ baxımından yanaşarkən səhvən qayıdış növdə hesab edirlər. Bunu əsas gətirirlər ki, işi özü (yəni günəş) icra edir. Bəzən əks vəziyyətlə də qarşılaşmalı oluruq. Məsələn, tutaq ki, “qarı deyindi” cümləsindəki feili şagirdlərin bəzisi qayıdış deyil, işi görənin məlum olduğunu əsas gətirərək səhvən məlum növ kimi qəbul edirlər.
Digər səhv yanaşma isə qarşılıq-birgəlik növlə məlum növ arasında olur. Bilirik ki, qarşılıq-birgəlik növ üçün ən azı iki subyekt iştirak etməlidir, iş ya qarşılıqlı şəkildə, ya da birgə icra olunmalıdır. Bu xüsusiyyətləri nəzərə alan şagirdlər bəzən güləşmək, məsləhətləşmək və s. feillərinin növlərini müəyyənləşdirərkən məlum növ deyil, səhvən qarşılıq-birgəlik növ sayırlar.
Düzgün olmayan digər yanaşma az da olsa, məlum növlə icbar növ arasında özünü göstərir. Buna səbəb isə -dır4 şəkilçisinin hər iki növdə iştirak etməsidir.
Şagirdlər üçün çaşdırıcı görünən digər əlamət məchul, qayıdış və şəxssiz növləri fərqləndirərkən meydana çıxır ki, buna da səbəb bu növlərin eyni şəkilçi ilə ( -il4, -in4) işlənərək görünüşcə oxşar forma yaratmasıdır.
Ümumiyyətlə, qeyd etdiyim xüsusiyyətləri nəzərə alaraq feilin qrammatik məna növlərini bölmə şəklində şagirdlərə çatdırmaq vaxt baxımından daha sərfəlidir. Belə olduqda vaxt qazanmış oluruq ki, onu da möhkəmləndirməyə sərf etmək olar.
Məncə, sözügedən mövzunun əsas mahiyyətini şagirdlərə daha qısa şəkildə belə çatdırmaq olar:
Məlum növü izah edərkən şagirdlərə bildirmək lazımdır ki, bu növlərdə olan feillərdə -il4, -in4, -ış4 , -dır4 şəkilçiləri olmur, yəni bu şəkilçilər yoxdursa, demək, feil məlum növdədir. Lakin -dır4 şəkilçisi olarkən diqqətli olmalıyıq, belə ki, əgər təsirsiz feillərə -dır4 şəkilçisi qoşulmuşdursa, bu zaman feillər məlum növdə olur. Məsələn, günəş çıxdı. Bu cümlədəki feildə yuxarıda qeyd olunan şəkilçilər (-il4, -in4, -ış4, -dır4) olmadığı üçün, demək, məlum növdədir.
Bu qayda ilə gedərək şagirdlər məzmununda qarşılıq-birgəlik (yarışmaq, barışmaq, məsləhətləşmək, sözləşmək və s.), qayıdış (şadlanmaq, dillənmək və s.) feillərin asanlıqla məlum növdə olduğunu müəyyənləşdirə bilərlər.
Qeyd edək ki, qarşılıq-birgəlik növdə olan feili müəyyənləşdirərkən şagird birinci növbədə -ış4 şəkilçisini axtarmalıdır. Bu şəkilçi varsa, demək, feil qarşılıq-birgəlik növdədir.
İcbar növü izah edərkən isə yenə də əsas diqqəti şəkilçiyə çəkmək lazımdır və bu növün tapılmasında ilk olaraq işimizin -dır4 şəkilçisinin tapılması olduğu qeyd edilməlidir. Daha sonrakı addımımız -dır4 şəkilçisinin təsirli və yaxud təsirsiz feillərə qoşulub - qoşulmamasını müəyyənləşdirmək olur. Bu şəkilçi təsirli feilə qoşulursa, demək, feil icbar növdədir. Məsələn, yazdırmaq feilinin kökü, yəni yaz feili təsirlidir, təsirlidirsə və onun sonuna -dır4 şəkilçisi artırılıbsa, bu, icbar növ sayılır.
Ümumiyyətlə, -dır4 şəkilçisi olan feillər iki növdən biri kimi qəbul edilə bilər: məlum növ və icbar növ.
Məchul növlü feili axtaranda yenə də əsas diqqəti ilk növbədə şəkilçiyə yönəldirik, yəni birinci -il4, -ın4 şəkilçilərinin olub-olmadığını müəyyənləşdiririk. Məsələn, yaz-ıl-maq, döy-ül-mək. İkinci işimiz “nə? və ya kim?” sualına cavab verən sözü tapmaq olacaqdır. Məsələn, nə yazıldı? - Məktub yazıldı. Kim döyüldü? - Əsir döyüldü. Sonrakı işimiz kim tərəfindən sözünü tapıb yerinə qoymaqdır. Məsələn, məktub kim tərəfindən yazıldı, əsir kim tərəfindən döyüldü və s.
Qayıdış növü axtaran zaman da, demək olar ki, həmin qayda üzrə gedirik, sadəcə burada üçüncü gediş fərqli olur, yəni birinci -il4, -ın4 şəkilçisinin olub-olmadığını müəyyənləşdiririk. Məsələn, dey-in -di, çək-il-di. İkinci işimiz bu şəkilçi tapıldıqdan sonra “kim və ya nə” sualına cavab verən sözü cümlədə yerinə qoyuruq. Məsələn, kim deyindi? - Qarı deyindi. Nə çəkildi? -Duman çəkildi. Daha sonra özü sözünü qoymaq. Məsələn, Qarı özü deyindi. Duman özü çəkildi.
Şəxssiz növ feilləri müəyyənləşdirərkən yenə də əvvəlcə şəkilçiləri (-il4, -ın4) axtarmalıyıq. Məsələn, bax- ıl- dı. İkinci işimiz isə bu növdə işlənən feillə qarşı tərəfə “kim və ya nə” sualını verə bilməməkdir. Məsələn, yazıldı - nə və ya açıldı - nə suallarını verə bildiyimiz halda, baxıldı feilinə nə sualını vermək olmur.
Feilin növünü bu qayda ilə təyin edən şagird həmin feilin üzərində işləməklə digər kateqoriyaların nə dərəcədə yararlı olub-olmamasını qeyd edə bilər. Əgər bu növlərdən hansılarının təsirli və ya təsirsiz feildən yarandığını müəyyənlədirmək soruşularsa, bu zaman həmin növdə olan sözü özü tədqiq edərək cavablandıra bilər. Məsələn, məchul növdə olan yazılmaq, qayıdış növdə olan açılmaq feillərində şəkilçilər təsirli feillərə qoşulub, demək, məchul və qayıdış növlər təsirli feildən yaranır. Bu şəkilçilərin təsirsiz feillər yaratmaq gücünə də malik olduğunu bilən şagird ümumiləşdirərək qayıdış və ya məchul növün təsirlidən yaranaraq təsirsiz olduğunu özləri nəticə çıxarmaqla müəyyənləşdirə bilər.


Assosiativ yaddaşın köməyi ilə fizika fənninin tədrisi

Ləman HÜSEYNLİ,
Bakı şəhər 175 nömrəli tam orta məktəbin müəllim-metodisti, fizika üzrə fəlsəfə doktoru

Dərsin hərəkətverici qüvvəsi olan motivasiya fənnin şagirdə sevdirilməsində mühüm rol oynayır.
Pedaqoji proses təlimin, tərbiyənin, məşq kateqoriyalarının, təlimin məqsədinin, vəzifələrinin, metodlarının və formalarının özündə əks etdirilməsidir. Belə ki, bəzi fənlərdə (ədəbiyyat, ana dili, coğrafiya, xarici dil və. s) dərsin təşkili xüsusi çətinlik yaratmasa da, fizika fənninin tədrisində bu, asan başa gəlmir. Fizika fənni düsturlar və onların çıxarılışları ilə zəngindir. Məhz bu baxımdan bəzi çətinliklər düsturların yadda qalmamasında özünü göstərir. Bu durumun bir qədər yüngülləşməsində, təbii ki, yaddaşın rolu mühümdür.
Yaddaş insanın ən tələb olunan psixi proseslərindən biridir. Bunlar görmə (gözlə), eşitmə (qulaqla) və tədris metodologiyasında geniş istifadə edilməli olan assosiativ (əlaqələndirici) yaddaş növləridir.
Assosiasiya - müxtəlif faktorlar və hadisələr arasında bağlantının qurulmasıdır. Buna uyğunluq, kontrast, uyğunlaşdırılma, əlavə edilmə və bu kimi elementlərin mövcudluğu ilə nail olmaq mümkündür.
Assosiativ idrak və təfəkkür, bir elementin müəyyən şəraitdə yaranması, digərində ona bənzər cəhətlərin ortaya çıxaraq yaddaş vasitəsiylə bağlantı qurulmasına səbəb olur.
Məsələn, assosiativ yaddaş növündə uşaqlar bu və ya digər informasiyanı müəyyən yaddaş identifikatoruna məlumat göndərərək cavablarını ala bilirlər. Müəllimlər müxtəlif fənlərin tədrisində digər yaddaş növləriylə birgə assosiativ yaddaşı da fəallaşdırmalıdırlar. Assosiativ yaddaş formasında uşaq müxtəlif məsələləri hansı assosiasiyayla yadda saxlayıbsa onunla da yaddaşdan axtarış edib asan tapa bilər.
Fizika fənni şagirdlər üçün həm maraqlı, həm də bəzən çətin olur. Buna görə də dərsdə müxtəlif oyunlar, krossvordlar fikirləşərək onu daha rəngarəng etməklə şagirdlərdə motivasiya yaratmağa çalışıram. Məsələn, “Dövrə üçün Om qanunu”, fizikanın digər mövzularında olduğu kimi düsturlarla zəngindir, İ=U/R əsas düsturdur ki, bundan sonrakı bəhslərin bütün düsturları məhz bu düsturun üzərində qurulur. Lakin bu riyazi tərəfidir. Mövzunun fizikasını, yəni gərginlik, müqavimət və buradakı digər kəmiyyətlərin bu düsturun formalaşmasındakı rolunu bəzən şagirdlər çətinliklə mənimsəyirlər. Bu çətinliyi aradan qaldırmaq üçün məhz assosiativ yaddaşın köməyindən istifadə etmək lazım gəlir.
Buna bir misal gətirək.
M.: - Uşaqlar, siz sərbəst elektronları necə təsəvvür edirsiniz? Məsələn, tənəffüs zamanı siz məktəbin dəhlizində sərbəst hərəkət edirsiniz. Məktəb bu zaman elektrik sahəsi rolunu oynayır. Sizin sərbəst hərəkətiniz zamanı sahə tərəfindən sizə müəyyən qüvvə təsir edir, məsələn, sizin sərbəst hərəkətiniz yalnız tənəffüs vaxtını əhatə etməlidir. Əks halda müəllim və direktor müavini tərəfindən sizə “qüvvə” təsir edəcək. Yəni, elektrik sahəsi tərəfindən zərrəciklərə qüvvə təsir edir. Bu zaman sərbəst elektronlar özlərini necə aparacaqlar?
Ş.: - Uşaqlar “biri qaçacaq, digəri dayanacaq, üçüncüsü isə müqavimət göstərəcək”, - deyirlər.
M.: - Bəli, - deyə razılaşır. - Məhz müqavimət göstərəcək. Müqavimət R hərfi ilə işarə olunur.Vahidi nədir?
Ş.: - Vahidi 1 omdur.
M.: - Uşaqlar, sizə müqavimət göstərildikdə nə baş verir?
Ş.: - Əsəbləşirik.
M.: - Sonra?
Ş.: - Narahat oluruq
M.: - Daha sonra?
Ş.: - Sıxılırıq, müqavimət göstəririk.
M.: - Bəli, tamamilə düz deyirsiniz, məhz gərginlik adlanan yeni kəmiyyət ortaya çıxır və bu kəmiyyət U hərfi ilə işarə olunur, vahidi isə I V-dur.
Ş.: - Müqavimət etdikdə gərginlik yaranır.
M.: - Deməli, cərəyan şiddəti İ=U/R, vahidi 1V/1Om. Bu düstur dövrə üçün Om qanununun düsturudur.
Bu misalı Amper qüvvəsinin yadda saxlanılması ilə də davam etdirə bilərik Amper qüvvəsinin düsturu F=BİLsin.a (alfa)-dır. Bu düsturun yadda saxlanılmasını asanlaşdırmaq üçün şagirdlərə ingilis adı olan BİL və ya onların yaxşı tanıdığı Bil Qeytsi xatırlamalarını tövsiyə edirik. Bununla da assotiativ bağlantı yaradırıq, Amper qüvvəsi dedikdə Bil adı assosiasiyasının gücüylə yadda qalır. F=BİLsin.a.
Təbii ki, bu üsulla dərsi mənimsəyən uşaq assosiativ olaraq, Om qanununu kiçik hekayə formasında yaddaşında saxlayacaq.
Digər nümunə. Beynəlxalq Vahidlər Sistemindəki əsas 7 və əlavə 2 kəmiyyət və vahidlərin yadda saxlanılması metodikası üçün belə demək olar: uşaqlar, əlimizdəki 10 barmağın köməyi ilə əsas BS vahidlərini yadda saxlayacağıq. Əlinizi açın və zehninizdə 7 ədədini canlandırın, ilk beş barmağınıza KKKMM, digər əlinizin 2 barmağınasa AS deyin, nəticədə KKKMMAS 7+ 2radian, steradian əlavə kəmiyyətlərdi.
Kelvin, kandella, kiloqram, metr, mol, amper, saniyə, əlavə radian və steradian. 3-K, 2-M, AS. Uşaqlar əl barmaqlarından istifadə edərək 5 barmağın 3-nü K, 2-sini M, digər əlinin 2 barmağını isə A, S hərflərinin ardıcıllığı ilə yaddaşlarında saxlayırlar.
Təcrübə göstərir ki, psixologiya elmindəki bir çox psixoloji metodikalardan istifadə edərək tədris proqramını daha tez mənimsənilən etmək mümkündür. Biz burada fizika fənnini misal gətirdik. Əminliklə qeyd etmək olar ki, bu əlaqələndirməni digər fənlərin tədrisində də geniş tətbiq etmək mümkündür.

yuxarı ⤴