1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





100 faizlik nəticə
22.04.2017 / No14

Diaqnostik qiymətləndirmədə 60 bal toplayanlar

Jalə MƏMMƏDLİ

Aprelin 16-dan Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb. Aprelin 21-dək davam edən qiymətləndirmədə 10 min nəfərdən çox müəllim iştirak edib.
Diaqnostik qiymətləndirmədə müəllimlərdən 100 faizlik nəticə göstərənlər də olub. Onlardan biri akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllu məktəb-liseyin ingilis dili müəllimi Xuraman Həsənovadır.
Xuraman Həsənova imtahana təlim kurslarında öyrədilənlər və təcrübədə əldə etdiklərini yenidən təkrarlamaqla hazırlaşıb. O, öz ixtisası üzərində o qədər də diqqətlə dayanmayıb. Çünki ixtisasdan 100 % nəticə əldə edəcəyinə əmin olub: “60 bal mənim hədəfim idi. Məqsədim var idi ki, 60 balı toplayacağam və bu həvəsimin arxasında isə biliyimə olan inamım dayanırdı. Bu baldan 1 bal belə aşağı toplayacağımı ağlıma belə gətirmirdim. İmtahan zalına özümdən tam əmin şəkildə daxil oldum, imtahan müddətində sualları tək-tək səbrlə oxudum və cavablandırdım. Verilən vaxtdan səmərəli istifadə etdim. İmtahanın bitməsinə 20 dəqiqə qalmış “İmtahanı bitir” komandasını seçdim və şəxsiyyət vəsiqəmin seriya nömrəsini yazdım və topladığım balı - 60 bal sözünü monitorun ekranında gördükdə yerimdən sevinclə sıçradım”.
Xuraman Həsənovanın fikrincə, diaqnostik qiymətləndirmədə müəllimlərin bilik və bacarıqlarının yoxlanılması onların peşəkar inkişafına dəstək olmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün çox əhəmiyyətlidir: “Müəllimlər fənnin məzmunu ilə bağlı biliklərini yeniləyir, müasir pedaqoji yanaşmaların tətbiqi yollarını öyrənir. Diaqnostik qiymətləndirmə yeni dərc olunmuş dərsliklərdəki yeniliklərlə tanış olmaq üçün müəllimlərdə məsuliyyət hissi oyadır”.
Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın ingilis dili müəllimi Şəhla Əsgərova da maksimuma nail olandır: “Yaşlı nəslin nümayəndəsi olmağıma baxmayaraq, gecə-gündüz işləməyi, öz üzərimdə çalışmağı çox sevirəm. Nazirlik tərəfindən fəxri fərman almışdım. Bu mənim məsuliyyətimi daha da artırırdı. Mənim arzum idi ki, maksimum bal toplayım. Bunu qarşıma bir məqsəd qoymuşdum. Mən həyatımı kitaba bağlamışam. İmtahanın sonunda görəndə ki, 60 bal toplamışam, sevincimdən ağladım”.
Şəhla Əsgərova diaqnostik qiymətləndirmənin çox mükəmməl təşkil edildiyini deyir: “Diaqnostik qiymətləndirmə hər bir müəllim üçün vacibdir, önəmlidir. Hesab edirəm ki, kurikulumu yaxşı mənimsəməyən müəllim şagirdlərə mükəmməl təhsil verə bilməz. Diaqnostik qiymətləndirmə ərəfəsində bunu daha yaxşı mənimsəmiş olduq”.
Cəbrayıl şəhər 8 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Mahmud Musayev də imtahana ciddi hazırlaşıb və 100 faizlik nəticə göstərib: “İstər kitablardan, istər internet resurslarından müxtəlif test nümunələrini oxuyurdum. Kurikulumun əsasları, müasir təlim metodları ilə maraqlanırdım. Diaqnostik qiymətləndirmə hər bir müəllim üçün bir fürsətdir. Bizim müəllimlərimizin hər biri imtahanda fəallıq göstərirdilər. Müəllim hər zaman öz üzərində işləməlidir”.




 

yuxarı ⤴