1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Birinci Fransa-Azərbaycan İş və Karyera Sərgisi keçirilib
22.04.2017 / No14

 
 

 

 


Aprelin 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetində (UFAZ) Birinci Fransa-Azərbaycan İş və Karyera sərgisi keçirilib.
Fransanın ölkəmizdəki səfirliyinin, Azərbaycandakı Fransız İnstitutunun, “Campus Fransa Azərbaycan”ın təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə keçirilən sərgidə Fransa və Azərbaycandan 16 şirkət iştirak edib.
Sərgidən öncə keçirilən mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez çıxış edərək tədbirin iki ölkə arasında əlaqələrə böyük töhfə verəcəyini bildirib. ADNSU-nun nəzdində yaradılan Fransa-Azərbaycan Universiteti (UFAZ) haqqında danışan xanım səfir burada 141 tələbənin təhsil aldığını və gələcəkdə bu rəqəmin 300-ə çatdırılacağını deyib.
Fransada təhsil alan azərbaycanlı tələbələrin hazırda yüksək vəzifələrdə çalışdığını qeyd edən Orelia Buşez sərginin Fransa şirkətləri ilə azərbaycanlı məzunlar arasında bir ünsiyyət vasitəsinə çevriləcəyini vurğulayıb.
UFAZ-ı iki ölkə arasındakı münasibətlərin nəticəsi kimi qiymətləndirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib. Fransa universitetlərinin məzunu olan azərbaycanlı tələbələrin 94%-nin işlə təmin olunmasını Fransadakı yüksək təhsil sistemi ilə əlaqələndirən rektor M.Babanlı UFAZ tələbələrinin də gələcəkdə işlə təmin olunmasında heç bir problemin olmayacağına inandığını bildirib. Fransa universitetlərinin məzunlarının UFAZ tələbələri ilə mütəmadi görüşlərinin keçirilməsini təklif edən rektor, professor Mustafa Babanlı bunun gənclərə böyük stimul verəcəyini söyləyib.
Rektor M.Babanlı artıq bir çox xarici ali məktəbin UFAZ-la yaxından maraqlandığını və bu təcrübəni öz universitetlərində tətbiq etmək istədiklərini dilə gətirib.
“Total” şirkətinin prezidenti Döni Lömarşal UFAZ layihəsinin daha böyük uğurlar qazanacağına inandığını bildirib. Təmsil etdiyi şirkətin dünyanın 130 ölkəsində fəaliyyət göstərdiyini qeyd edən Döni Lömarşal “Total”ın təhsilə böyük önəm verdiyini və tələbələrə təqaüd proqramları təklif etdiyini deyib. “Total” şirkətinin indiyədək 44 azərbaycanlı tələbəni Fransaya təhsil almağa göndərdiyini deyən Döni Lömarşal Fransa universitetləri məzunlarının əksəriyyətinin hazırda müxtəlif böyük şirkətlərdə çalışdıqlarını bildirib.
Birinci Fransa-Azərbaycan İş və Karyera sərgisinin önəmini qeyd edən Fransa-Azərbaycan Ticarət və Sənaye Palatasının direktoru Nərminə Səfərova, “Cointeg” şirkətinin direktoru Ramin Məmmədov rəhbərlik etdikləri qurumlar haqqında məlumat verib, bu cür tədbirlərin Fransa-Azərbaycan əlaqələrinə böyük töhfə verəcəyini diqqətə çatdırıblar.




 

yuxarı ⤴