1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Tailandlı alim ADPU-da mənəvi-əxlaqi dəyərlərin təhsilə tətbiqi mövzusunda təlim keçib
22.04.2017 / No14

 

 


Tailand Texnoloji Elmi-Tədqiqat İnstitutunun direktoru, NASA-nın əməkdaşı, tanınmış pedaqoq, professor Art Onq Djumsai aprelin 17-18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Mənəvi-əxlaqi dəyərlərin təhsilə tətbiqi” mövzusunda ikigünlük beynəlxalq təlim keçirib. ADPU-nun, Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçıliğı ilə baş tutan beynəlxalq təlimlərdə Universitetin rəhbərliyi, professor-müəllim heyəti, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, kollecin rəhbərliyi və müəllimləri, filialların direktorları və müəllimləri, ümumi təhsil məktəblərinin direktorları və mütəxəssisləri, təhsil ekspertləri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, fəlsəfə doktoru Etibar Əliyev, Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun filial direktoru Valeriy Voşinin iştirak ediblər.
Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, ADPU-da təhsilin məzmununun yenilənməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin seçiminin başlanılması, idarəetmənin optimallaşdırılması, müasir idarəetmə infrastrukturun yaradılması üçün islahatlar həyata keçirilir. Universitetin fəaliyyətinin əsas istiqamətlərindən biri də qabaqcıl beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsidir. Bu baxımdan məşhur pedaqoq, professor Art Onq Djumsainin ADPU-da keçirdiyi təlimlər mühüm əhəmiyyət kəsb edir. Bu təlimlər ölkə pedaqoqlarının mənəvi-əxlaqi zəmində inkişafına və ümumbəşəri dəyərlərin təhsilə inteqrasiyasına yeni impuls verəcək.
Rektor, professor Art Onq Djumsainin fəaliyyəti barədə məlumat verib. Çıxışının sonunda Cəfər Cəfərov cənab Art Onq Djumsaiyə və təlimin təşkilatçılarına təşəkkür edib.
Professor Art Onq Djumsai çıxış edərək real həyat hadisələri və konkret faktlar, eləcə də öz təcrübəsi əsasında ümumbəşəri dəyərlərin təhsilə inteqrasiyası, rəhbərlik etdiyi məktəbin şagirdlərinin mənəvi-əxlaqi keyfiyyətlərinin inkişafına yönəldilmiş fəaliyyəti barədə məlumat verib. Alim qeyd edib ki, müasir təhsil bilik verir, lakin biz bütün insanlara dünyada yaşamağa imkan verən təhsilə ehtiyac duyuruq. Buna görə uşağın xarakterinin formalaşması başlıca şərtdir. Alimin fikrincə, səbrli və tam səmimi olan, uşağı ürəkdən sevən, fədakar müəllim onun xarakterinin formalaşmasında böyük rol oynayır. Öz məktəbinin alternativ enerji mənbələrindən istifadə edilməsi sahəsində qazandığı nailiyyətlərdən danışan Art Onq Djumsai qeyd edib ki, məktəbin fəaliyyət prinsipləri “Gələcəyin enerjisi” şüarı ilə keçiriləcək “EKSPO-2017” sərgisinin fəlsəfəsinə uyğundur və dünya ictimaiyyəti üçün aktual olan alternativ enerji mənbəyi mövzusunu işıqlandıracaqdır. Humanist alim təlim iştirakçılarını ümumi dünyamızın sülh, əmin-amanlıq şəraitində yaşaması, inkişafı və xoşbəxtliyi naminə həmrəy olmağa, birgə fəaliyyət göstərməyə çağırıb.
Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun filial direktoru Valeriy Voşinin çıxış edərək beynəlxalq təlimin təşkilinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.
Beynəlxalq təlimlər zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.




 

yuxarı ⤴