1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






İnternat məktəblərinin 30 məzunu aşpazlıq peşəsinə yiyələnir
22.04.2017 / No14

 
 

 

 


Aşpaz olmaq istəyən internat məktəbləri məzunları üçün kurslara aprelin 15-də start verilib. Üç ay davam edəcək kursların əsas məqsədi gənclərin bu peşəyə dərindən yiyələnməsi və gələcəkdə iş tapmasına, karyera quraraq, müstəqil həyatda özlərinə layiqli yer tutmasına dəstək olmaqdır. Aşpazlıq kursları Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi (SUK İB) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihə çərçivəsində reallaşdırılır.
Layihə çərçivəsində Bakının Qızıldaş qəsəbəsində yerləşən 8 nömrəli peşə liseyində təşkil olunmuş kurslara 30 nəfər gənc qız və oğlan cəlb edilib. Kursu uğurla bitirənlərə sertifikat veriləcək. Kurslarla yanaşı, gənclərə 3 ay ərzində pulsuz hüquqi və psixoloji yardım da ediləcək. Layihənin sonunda isə onların işlə təmin olunmasına kömək göstəriləcək.
Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasovanın bildirdiyinə görə, internat məktəbin məzunları cəmiyyətin ən həssas qruplarına daxil olan insanlardandır. Təcrübə göstərir ki, bu kateqoriyadan olan insanlar arasında uğurlu həyat qura bilən çox olsa da, cinayətkarlığın, insan alverinin qurbanına çevrilənlər də az deyil. Odur ki, internat məktəblərini bitirdikdən sonra həyatda müstəqil olaraq uğurla fəaliyyət göstərməsi üçün yeniyetmə və gənclərin, ilk növbədə, bir peşəyə yiyələnməyə, karyera qurmağa ehtiyacları var. Məlahət Abbasova deyir: “Biz təşkilat nümayəndələri ilə bir neçə ay əvvəl internat məktəbində həmin gənclərlə görüşüb, söhbət etdik, arzu və istəklərini öyrəndik. Onların ən böyük qayğısı işsizlik idi. Onlara öz təklif və tövsiyələrimizi bildirərkən, bizə hər hansısa bir kursda iştirak etmək istədiklərini söylədilər. Odur ki, əmək birjasını da gözdən keçirib, Qızıldaş qəsəbəsindəki 8 nömrəli peşə liseyində internat məktəblərinin məzunları üçün aşpazlıq kurslarını təşkil etməyi qərara aldıq. Ümid edirəm ki, bu kurslarda öyrəndikləri onların həyatında müsbət mənada dönüş yaradacaq, gələcəkdə karyera qurmalarında, işlə təminatlarında da öz töhfəsini verəcək”.
Qeyd edək ki, aprelin 15-dən başlayan layihə iyulun 15-dək davam edəcək.



 

yuxarı ⤴