1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Şagirdlərimiz Avropa Qızlar Riyaziyyat Olimpiadasından xüsusi mükafatla qayıdıblar
22.04.2017 / No14

 

 

 


Oruc MUSTAFAYEV

Aprelin 6-dan 12-dək İsveçrənin Sürix şəhərində keçirilən 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO-European Girls Mathematical Olympiad) azərbaycanlı şagirdlər də iştirak ediblər. Bilik yarışmasına ABŞ, Yaponiya, Hindistan, Braziliya, Rusiya, Ukrayna kimi 43 ölkədən 172 şagird qatılıb. Mötəbər bilik yarışında ikinci dəfədir ki, iştirak edən Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar. Bakıdakı İ.Əfəndiyev adına “Elitar” gimnaziyanın X sinif şagirdi Cəvahir Abbasova, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Nəzrin Fərziyeva olimpiadanın xüsusi mükafatı olan “Honourable Mention” sertifikatına layiq görülüblər. Hər iki şagird Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin üzvüdür. Onları oxucularımızla daha yaxından tanış edirik.


“Bilik yarışmasında çox faydalı təcrübə qazandıq”

Nəzrin Fərziyeva: 2001-ci il mayın 12-də Bakı şəhərində anadan olub. 2007-ci ildə 162 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinfində oxuyur.
- Uşaqlıqdan riyaziyyat fənninə marağım olduğu üçün VII sinifdə Fizika, riyaziyyat və informatika təmayüllü liseyə imtahan verdim. Liseyə daxil olduğum vaxtdan riyaziyyatla daha ciddi məşğul olmağa başladım. VIII sinifdə olimpiada qrupuna seçildim. IX sinifdə oxuyarkən Rumıniyada keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında ilk dəfə 4 nəfərlik qrupla iştirak etdik. Nəticəmiz uğurlu olmasa da, bilik yarışmasında çox faydalı təcrübə qazandıq. Birillik ciddi hazırlığın nəticəsində bu il İsveçrədə keçirilən EGMO-da həvəsləndirici sertifikatla təltif olundum. Olimpiada çox yüksək səviyyədə təşkil olunmuşdu. Bizə stimul verən məqamlardan biri də digər ölkələrin nümayəndələri ilə olan müzakirələrimiz oldu. Hazırlıq mərhələsində bizə dəstək olan müəllimlərimizə və ailəmə təşəkkürümü bildirirəm. Önümüzdəki digər olimpiadalarda yüksək nəticələr göstərməyə və ölkəmizi daha layiqli təmsil etməyə çalışacağam.


“Uğurlarıma görə müəllimlərimə təşəkkür edirəm”

Cəvahir Abbasova: 2001-ci il aprelin 25-də Bakı şəhərində anadan olub. 2006-cı ildə İ.Əfəndiyev adına “Elitar” gimnaziyada təhsil almağa başlayıb, X sinifdə oxuyur.
- Hələ uşaq yaşlarımdan riyaziyyata böyük həvəsim vardı. Valideynlərim də bu istedadımı inkişaf etdirmək üçün əllərindən gələni edirdilər. Riyaziyyat olimpiadalarında ilk uğurumu 8-ci sinifdə oxuyarkən qazandım. Bolqarıstanda “Sərhədsiz Riyaziyyat” Beynəlxalq Olimpiadasında iştirak etdim və gümüş medal qazandım. 9-cu sinifdə həmin olimpiadada yenidən gümüş medal aldım. Həmin il riyaziyyat olimpiadalarına hazırlıq qrupuna seçildim. 2016-cı ildə Rumıniyada keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edən ilk qız şagirdlərdən biri idim. Həmin il uğur qazana bilməsəm belə, 1 il ərzində var gücümlə çalışdım. Bu il İsveçrədə keçirilən EGMO-da iştirak etdim və həvəsləndirici sertifikatla təltif olundum. Orada olduğum müddətdə xarici ölkələrdən olan iştirakçılarla da əlaqə yaratdım və onların beynəlxalq riyaziyyat olimpiadalarına hazırlıq metodları ilə tanış oldum. EGMO-da iştirak etmək təcrübə baxımından mənim üçün çox əhəmiyyətli oldu. Qazandığım bütün uğurlarıma görə müəllimlərimə təşəkkür edirəm. Gələcək olimpiadalarda, eləcə də 2018-ci ildə keçiriləcək EGMO-da daha yaxşı nəticələr göstərmək üçün əlimdən gələni edəcək, müəllimlərimin və valideynlərimin ümidlərini doğrultmağa çalışacağam.


“Məktəblilərimizin nəticələrini uğurlu hesab etmək olar”

Azərbaycan Respublikası Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, riyaziyyat fənni üzrə komandamızın rəhbəri Fuad Qarayev: - Riyaziyyat fənni üzrə keçirilən bir sıra nüfuzlu beynəlxalq müsabiqələr arasına artıq 6-cı dəfə Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) da əlavə olunub. EGMO ilk dəfə 2012-ci ildə İngiltərədə keçirilib. İlk dəfə 19 ölkənin iştirak etdiyi bu olimpiadaya maraq ildən-ilə artmış və artıq 2017-ci ildə iştirakçı ölkələrin sayı 43-ə çatıb. Avropa Qızlar Riyaziyyat Olimpiadasının keçirilməsinə Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) olimpiada komandaları üzrə ölkə rəhbərlərinin iştirak etdiyi iclaslarda qərar verilib. Beynəlxalq riyaziyyat olimpiadalarında yüksək nailiyyətlər əldə edən şagirdlər arasında qızların da olmasına baxmayaraq, qız şagirdlərinin öz bilik və bacarıqlarını daha rahat nümayiş etdirmələrini təmin etmək məqsədilə qızlar arasında ayrıca olaraq belə bir olimpiadanın keçirilməsi qərara alınıb. Avropa Qızlar Riyaziyyat Olimpiadasında tapşırıqlar iki gün ərzində təqdim edilir. Hər gün 3 sualın həlli üçün şagirdlərə 4 saat 30 dəqiqə vaxt verilir. Şagirdlərin yazı işlərinin surəti münsiflər heyətinə, əsli isə komanda rəhbərlərinə təqdim edilir. Komanda rəhbəri şagirdlərin yazı işləri və suallar üzrə qiymətləndirmə meyarları ilə tanış olur və yazı işlərinə baxış zamanı münsiflər heyəti ilə bərabər şagirdlərə verilən balları müzakirə edir. Hər sual 7 bal ilə qiymətləndirilir. Şagirdlərin fərdi nəticələri ilə bərabər komanda hesabında ölkələrin də reytinq cədvəli açıqlanır.
Azərbaycan məktəbliləri bu olimpiadada ikinci dəfədir ki, iştirak ediblər. İki gün davam edən olimpiadada şagirdlər ümumilikdə 6 tapşırığı cavablandırmaq üçün öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanı riyaziyyat fənni üzrə beynəlxalq oimpiadalarda ilk təmsil edən qızlarımızın bu mötəbər bilik yarışında nailiyyət əldə etməsi təqdirəlayiqdir. Belə ki, Cəvahir Abbasova və Nəzrin Fərziyeva Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridir. Məktəblilərimizin nəticələrini uğurlu hesab etmək olar. Əvvəla olimpiadada tapşırıqların həll yollarını tapmaq o qədər asan olmayıb, bunun üçün xüsusi hazırlığın keçilməsi zəruridir.

“Nəticələrimizin daha da yaxşı olacağına şübhə etmirik”

Qeyd edim ki, şagirdlərimiz beynəlxalq riyaziyyat olimpiadalarında 5 qızıl, 27 gümüş və 63 bürünc olmaqla 95 medal əldə ediblər. Lakin bu da bir həqiqətdir ki, bu nəticələr sadəcə oğlanların payına düşüb. Son iki ildir ki, Azərbaycanda qız məktəblilər beynəlxalq riyaziyyat olimpiadalarına qatılır və artıq müəyyən nəticələr əldə etməyə başlayıblar. Azərbaycan təhsilini beynəlxalq aləmdə təmsil etməyin ən vacib, əhəmiyyətli məqamlarından biri beynəlxalq fənn olimpiadalarıdır. Son illər bu sahədə aparılan məqsədyönlü işlərin sistematik olaraq davam etdirildiyi təqdirdə nəticələrimizin daha da yaxşı olacağına şübhə etmirik. Beynəlxalq fənn olimpiadalarına hazırlıq işi zaman, səbr, fədakarlıq, əzm, çalışqanlıq və istedad tələb edən sahədir. Bu səbəbdən yaxın illərdə Azərbaycan məktəblilərinin nailiyyətlərinin bugünkündən daha yaxşı olacağına heç şübhə yoxdur. İstedadlı, fənlərə marağı olan, çalışqan şagirdlərin aşkar edilməsi və onlarla nəticəyönümlü işlərin görülməsində aşağı sinif şagirdləri arasında həyata keçirilən fənn müsabiqələrinin böyük əhəmiyyət kəsb etdiyini düşünürük.
Sonda qeyd edək ki, qızlar arasında növbəti olimpiadanın 2018-ci ilin 9-15 aprel tarixlərində Florensiyada keçirilməsi qərara alınıb. Şagirdlərimizə qarşıdakı dünya bilik yarışmalarında daha yüksək zirvələri fəth etməyi arzu edirik.





 

yuxarı ⤴