1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






İstedad
On iki yaşlı Mədinənin rənglər dünyası
22.04.2017 / No14

 

 


“İlk dəfə sərgim keçiriləndə çox sevindim”

Sifai SƏFƏROVA

Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkili üçün hər cür şərait yaradılıb. Mərkəzin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, xüsusi istedada və bacarığa, yüksək intellektə və mədəniyyətə malik uşaqlar yetişdirməkdən, onların yaradıcılıq potensiallarını inkişaf etdirməkdən ibarətdir. Burada 28 adda dərnək fəaliyyət göstərir. “Milli rəqs”, “Bal rəqsləri”, “Rəsm”, “Şahmat”, “Gimnastika”, “Gənc aktyorlar”, “Çiçəyim uşaq teatr studiyası”, “Sazçalanlar”, “Nağaraçalanlar” və sair dərnəklərdə məşğul olan yeniyetmə və gənc istedadlar mütəmadi olaraq beynəlxalq festival və müsabiqələrə qatılır, diplom və fəxri fərmanlara layiq görülürlər. Mərkəzdə olarkən diqqətimi daha çox rəsm dərnəyinin üzvü, 12 yaşlı Mədinə Hüseynzadənin yaradıcılığı cəlb etdi. Həmsöhbət kimi seçdiyim Mədinəyə yanaşmağım lap ürəyincə olmuşdu. Sən demə onun ürəyi dolu imiş. Cəsarətli danışığı ilə söhbətə başlayan dilli-dilavərli qız uğurları haqqında o qədər həvəslə danışırdı ki!

- 4 yaşımda olarkən mərkəzdə fəaliyyət göstərən bədii gimnastika dərnəyində məşğul olmuşam. Rəsm çəkməyi çox xoşlayıram. Yaxşı yadımdadır, “Zambaq” adlı bağçaya gedirdim. Çoxlu karandaşlarım var idi. Ancaq şəkillər çəkir, rəngli kağızlardan müxtəlif fiqurlar düzəldirdim. Bağçada müəllimim deyirdi ki, valideynlərinə de, səni rəsm dərnəyinə qoysunlar. Hər gün evə gələndə müəllimimin dediyini atama çatdırırdım. Bir də xahiş edirdim ki, mənə rəngli karandaşlar alsın, evdə də rəsmlər çəkim. Ertəsi gün atam mənim dediklərimin hamısını alıb gətirdi. Təzə-təzə rəsm çəkməyə başlayanda “Fil”, “Dovşan”, “Yay təsvirləri”, “Dəniz”, “Ağac”, “Dağ” şəkillərini çəkirdim. Hər gün evə gələndə anam çəkdiyim rəsmlərə baxıb deyərdi: - Nə yaxşı çəkmisən, çox gözəldir, qızım! Bəlkə də həmin rəsmlər o qədər də yaxşı deyildi, ancaq anamın istedadıma verdiyi qiymət məni daha da ruhlandırırdı. O, çəkdiyim rəsmləri toplamaq üçün albom da ayırmışdı. Hamısını ora yığırdı və atam evə gələndə ona göstərirdi. Həmin albomda 100-ə yaxın rəsmim vardı.

“Çoxlu uğurlara imza atdım”

- Atam da mənim yaşımda olanda rəsm həvəskarı olub. Çoxlu rəsmləri var. Hərdənbir atamın rəsmləri ilə öz rəsmlərimi müqayisə edirəm və onun rəsmlərinə üstünlük verirəm. Çünki mənim Nərmin Abdullayeva kimi rəsm müəllimim olsa da, onun müəllimi olmamışdı, sadəcə fitri istedada malik idi, necə deyərlər, özü çəkib özü də qiymət verərdi.
Uşaq bağçasında bizim çox sərt təbiətli müəllimimiz var idi. Mənə elə gəlirdi ki, bütün müəllimlər onun kimi sərt olacaq. Amma bir gün fikrim dəyişdi. Birinci dəfə mərkəzə rəsm dərnəyinə gəldiyim günü nəzərdə tuturam. Eşidəndə ki, müəllimim Nərmin xanımdır, onunla məşğul olacağam, üzünə baxanda çox sevindim, onun üzündən nur süzülürdü. Bir andaca qorxu-hürkü canımı tərk etdi. Sonra isə onun sayəsində çoxlu uğurlara imza atdım. Fürsətdən istifadə edib Nərmin müəllimimə də qazandığım bütün nailiyyətlərə görə minnətdarlığımı ifadə edirəm. İlk gündən onunla dostlaşdıq.
Ən çox firuzəyi, bənövşəyi rəngləri xoşlayıram. Yaratdığım rəsmlərin əksəriyyətində bu rənglərdən istifadə edirəm. Bəzən çəkdiyim rəsmlərə tamaşaçı kimi baxıram, anam, atam, dostlarım bəyənirlər, əgər rəsmimdən xoşum gəlmirsə, onu təzədən çəkmirəm, sadəcə çatışmayan nöqsanlarını bərpa edirəm.

“Ən çox fantaziya janrına üstünlük verirəm”

İlk dəfə “Abşeron” rəsm qalereyasında sərgim keçiriləndə çox sevindim. “Rənglərlə arzularıma doğru” adlı rəsm sərgimdə 70-ə yaxın rəsmim nümayiş olundu. Müasir və milli üslubda işlənmiş əl işləri, kompozisiyalar, təbiət mənzərələrim sərgi iştirakçılarının xoşuna gəldi. Sevinirdim ki, sərgi başa çatdıqdan sonra kim hansı rəsmimi bəyənirdisə onu da alırdı. Həmin gün 40-a yaxın rəsm əsərim satıldı. Qazandığım pulu anama verdim. Sərgim keçiriləndə məndən çox anam həm sevinir, həm də həyəcanlanırdı. Onun üzərimdə olan əziyyətini sadalamaqla qurtaran deyil. Rəsm sərgisində anam, atam, sinif yoldaşlarım, gimnast dostlarım da iştirak edirdilər. Yeri gəlmişkən deyim ki, evdə otağım lap emalatxanaya bənzəyir. Böyük bir rəsm stolum var. 40-a yaxın bankada rənglər, 3-4 dənə politra, fırçalar, flomasterlər və s. var. Ancaq nədənsə qrafika üslubunda çəkəndə ürəyim sıxılır. Ən çox fantaziya janrına üstünlük verirəm. Bu, mənim ürəyimcədir, çünki bütün düşüncələrim bu janrda canlanır, əsrarəngiz rəsmlərə çevrilir.

“Al-əlvan rənglərlə işləməyi daha çox xoşlayıram”

Akrel ilə daha çox işləyirəm. Gündə 4-5 saat rəsm çəkməyə vaxt ayırıram. Kətan üzərində atamın, anamın portretlərini yaratmışam və ad günlərində onlara hədiyyə etmişəm. Bilirsiniz, onlar necə sevindilər! Sanki dünyanı onlara bağışlamışdım. Dəfələrlə televiziya kanallarında dostluq, vətənpərvərlik mövzusunda çəkdiyim rəsmlərim nümayiş olunub. Azərbaycan rəssamlarından Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Arif Hüseynovun, öz müəllimim Nərmin Abdullayevanın əsərlərinə tamaşa etməkdən doymuram. Bu günədək 9 ölkədə olmuşam. Bolqarıstanda, Macarıstanda, Almaniyada, Misirdə, Serbiyada, Türkiyədə, Gürcüstanda və sair. Mən eyni zamanda rəqslə də məşğul oluram.

“Beynəlxalq Uşaq Festivalında 40-a yaxın rəsm əsərim nümayiş olundu”

2015-ci ildə Türkiyənin Bodrum şəhərində keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalına qatılmışdım. Orada sərgi salonlarının birində mənim 40-a yaxın rəsm əsərim nümayiş olundu. “Xəyallarımın mənzərəsi”, “Arzularımın qız qalası”, “Qədim Bakı” və s. On gün Bodrumda qaldıq. Rəqslə məşğul olan rəfiqələrim Fatimə, Madər də bizimlə idi. Bizi türk ailələrinə bölmüşdülər. Çox mehriban bir ailədə qalırdım. İndi də həmin ailə ilə əlaqə saxlayırıq. Onlar da Bakıya gəlmək arzusundadırlar.Vaxt tapan kimi paytaxtımıza gələcəklərini söyləyirlər. Bakı haqqında onlara o qədər danışmışam ki! Ev sahibinin həyat yoldaşının da adı Mədinə idi. Mən onlarda olanda o, İstanbulda idi. Evə dönərkən gəlişimizi eşidib çox sevindi. Uşaqları da yaşıdlarım idilər. Simay adlı qızı V sinifdə oxuyurdu. Oğlunun adı isə Tolqa idi. Uşaqların atası Mətin əmi arxitektor vəzifəsində çalışırdı. O, bizi şəhərlə tanış etdi, məni iş yerinə apardı. Gəmi ilə gəzintiyə çıxdıq. Evləri dağın döşündə idi, oradan bütün şəhər görünürdü. Mətin əmi deyirdi ki, yaşadıqları evi özü tikib. Sonra Simayla voleybol yarışmasına getdik. Voleybol oynamağı bacardığım üçün mənə təklif etdilər ki, o komandaya qoşulum, mən də dedim ki, Vətənə qayıdacağam. Azərbaycan haqqında yaratdığım ən yaxşı əsərimi - “Qız Qalası”nı onlara hədiyyə etdim. Sərgimdə onlar da həvəslə iştirak edirdilər.

“Paytaxtımız haqqında qısaca da olsa, onları məlumatlandırdım”

2016-cı ilin noyabrında Bolqarıstanda rəqs festivalı keçirilirdi. Bütün ölkələrdən uşaqlar qatılmışdılar. Mən də Azərbaycanı təmsil edirdim. Ukraynadan Yana, Belarusdan Saşa ilə dostlaşdıq. Çoxlu söhbətlər etdik. Bakımız haqqında qısaca da olsa onları məlumatlandırdım. Özümlə götürdüyüm rəsmlərimdən bir neçəsini onlara hədiyyə etdim. Qiyabi də olsa paytaxtımıza səyahət etməkdən məmnun qaldılar. Onlar da mənə şəhərləri, təhsil aldıqları məktəb haqqında danışdılar. Bolqarıstanda olarkən Varna şəhərini gəzdik.

“Diplomla mükafatlandırıldım və medal qazandım”

Almaniyada gimnast uşaqların yarışı keçirilirdi. Orada halqa və top ilə çıxış edəcəkdim. Amma oteldən çıxanda halqanı və topu unutmuşdum. Tez taksiyə minib otelə qayıtdım və onları götürüb özümü yarışa çatdırdım. Yarış zamanı çox həyəcanlı idim. Amma nümayiş etdirdiyim çevik hərəkətlər münsiflər heyətinin xoşuna gəldi. Sadəcə orada çox ölkədən iştirakçı olduğuna görə V yerə çıxaraq diplomla mükafatlandırıldım və medal qazandım. Serbiyada isə gimnastların yarışında əvvəlcə xəbər vermişdilər ki, çıxışım səhər olacaq, sonra isə dedilər ki, yox, axşam olacaq. Bütün günümü orada keçirməli oldum. Həmin vaxt ərzində oteldə rahatca dincələ bilərdim.

“Alman, ingilis və fransız dillərində məşğələlərə gedirəm”

Hazırda rəsm və milli rəqs dərnəklərinin üzvüyəm. Alman, ingilis və fransız dillərində məşğələlərə gedirəm. Bilirəm ki, bunlar gələcəkdə mənə lazım olacaq. Bəzən eyvandan həyətimizi seyr edirəm, görürəm ki, yaşıdlarım topla oynayırlar, mənsə həmin vaxt alman dili öyrənirəm. Kaş onlar da mənim kimi dərs hazırlayardılar, vaxtlarını səmərəli keçirəydilər. İstəyirəm ki, bütün uşaqlar istedad sahibi olsunlar. Açığını deyim ki, məktəblilərin yay tətilini sevmirəm. Çünki yay tətilində məşğul olduğum dərnəklər fəaliyyət göstərmir, mənsə məşğuliyyətsiz qala bilmirəm. Özümdən asılı olmayaraq hər şeylə maraqlanıram. Bu, mənim hobbimdir.

“Bayram tədbirlərində iştirak edirəm”

Heydər Əliyev Fondunun “Buta” sarayında təşkil olunan Yeni il şənliklərində və Heydər Əliyev Sarayında keçirilən uşaqların bayram tədbirlərində iştirak edirəm. Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş “ Hüquqlarım” mövzusunda keçirilən müsabiqədə fəallıq nümayiş etdirərək şəhadətnamələr qazanmışam. 2016-cı ildə Yunanıstanda keçirilən beynəlxalq rəsm müsabiqəsində “Musiqi yollarında” rəsm əsərim III yerə layiq görülüb. Həmin ilin dekabrında isə beynəlxalq “Dostluq” adlı rəsm müsabiqəsində “Göyərçin” rəsmim nümayiş olundu, III yeri qazandım və medalla mükafatlandırıldım. Çexiyaya “Səyahət”, Polşaya “Həmişə yaşıl, həmişə mavi”, Yaponiyaya “Ekologiya” mövzularında rəsm əsərlərimi göndərmişəm. Misir haqqında kompozisiya yaratmışam. Bu rəsm əsərimi də Misirə göndərmişəm. Hazırda İtaliyada keçiriləcək beynəlxalq festivala hazırlaşıram. Əl işlərim orada nümayiş olunacaq. İnanıram ki, uğur qazanacağam. Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin VI sinfində oxuyuram. Arzularım çoxdur. Onları gerçəkləşdirmək üçün çox çalışmalıyam.

“Bədii ədəbiyyat oxumaqdan zövq alıram”

Hansı mağazada maraqlı bədii ədəbiyyat görürəmsə mütləq onu alıram. A.Puşkinin, L.Tolstoyun, Y.Lermontovun əsərlərini, bir sözlə, bədii ədəbiyyat oxumaqdan zövq alıram. Bəzən oxuduğum kitabları təkrar oxuyuram. Elə bilirəm ki, oxumamışam. Oxuduqlarımın qısa məzmununu qardaşım Məhəmmədə danışıram. Onun 5 yaşı var. Amma hafizəsi güclüdür. Ona rəsm çəkməyi də öyrətmişəm. Artıq Azərbaycan və rus dillərində yazıb-oxumağı bacarır. Ona ingilis dilini də öyrədirəm. Sonra fransız dilini öyrədəcəyəm. İstəyirəm qardaşım da istedadlı olsun, nə vaxtsa bilmədiklərimi ondan soruşum.

Mərkəzin direktoru Lalə Qətinin dəyərləndirməsi

- Mədinə çox istedadlıdır. Mərkəzimizin fəxridir, çox çalışqandır, onda yaradıcılıq potensialı çox güclüdür, yorulmaq bilmir. Xüsusi bacarığı və qabiliyyəti ilə seçilən Mədinə özünü rənglərsiz təsəvvür edə bilmir. Öz balaca dünyasına rənglərin gözü ilə baxır. Rənglərin dili ilə zəngin yaradıcılıq fəlsəfəsini ifadə edə bilir. İnamla deyə bilərəm ki, onun gələcəyi parlaqdır. Yəqin siz də onunla söhbətləşərkən bunun şahidi oldunuz. Mədinəyə yaradıcılıq uğurları arzulayıram.

yuxarı ⤴