1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Təhsilin sağlamı...
22.04.2017 / No14

 

 

 


Məktəblərdəki sağlam təhsil sinifləri sağlam gələcək formalaşdırır

Jalə MÜTƏLLİMOVA

Ölkədə görmə, qamət problemli, habelə fiziki inkişafdan qalan xeyli şagird var. Fiziki inkişafdan qalanlar arasında oğlanlar xüsusilə çoxluq təşkil edir. Həmin arzuolunmaz statistika belədir:
Görmə problemləri
- İbtidai (I-IV) siniflərdə 29%
- Orta (V-IX) siniflərdə 25%
- Yuxarı (X-XI) siniflərdə 45%

Qamət problemləri
- İbtidai siniflərdə 51%
- Orta siniflərdə 52%
- Yuxarı siniflərdə 41%

Fiziki inkişafdan qalanlar (oğlanlar arasında)
- I sinifdə 19%
- V sinifdə 33%
- XI sinifdə 40%
Beləliklə, yuxarıdakı faiz göstəriciləri başqa bir statistikanı izah edir: məzunların cəmi 15 faizə qədəri yetkin həyata sağlam fərdlər kimi daxil olur.

Zərurətdən doğan layihə

Necə edək ki, övladlarımızı yüksək intellektli insanlar kimi formalaşdırmaqla yanaşı, onları fiziki-psixoloji baxımdan da təkmil insan kimi yetişdirmək mümkün olsun?
Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsi məhz bu məqsədə hesablanıb.
Azərbaycan Tibb Universitetinin uşaq və yeniyetmələr gigiyenası kafedrasının dosenti Şəhla Balayevanın sözlərinə görə, layihə çərçivəsində respublikanın 65 şəhər və rayonunun 4500 ümumtəhsil məktəbində təhsilalanlara tibbi xidmətin səviyyəsi, tibb otaqlarının mövcud vəziyyəti araşdırılıb. Həkim və ya tibb bacılarının ümumtəhsil məktəblərinə hansı sıxlıqda təhkim olunması, habelə şagirdlərin tibbi müayinədən keçməsinin son tarixi və məqsədinə dair bütün məlumatlar toplanılıb. Səhiyyə Nazirliyindən şagirdlərin sağlamlıq vəziyyətinin siniflər üzrə dinamikası, o cümlədən məktəb yaşlarında uşaqlarda tez-tez rast gəlinən patologiyalar barədə son beş ili əhatə edən məlumatlar əldə edilib.

Sağlam təhsil texnologiyalarının iki modeli

Layihə məktəblərdə sağlamlıq mərkəzlərinin açılması, imkansız ailələrin usaqlarının həmin mərkəzlərdə vaxtaşırı müayinədən keçirilməsi, sinif kurikulumları planlaşdırılarkən sağlam həyat tərzini təbliğ edən mövzulara genis yer verilməsi, siniflərin tərtibat və təchizatında dəyişiklik etməklə yanaşı, oturacaqlı masaların hündür masalarla əvəz edilməsini nəzərdə tutub. Bundan başqa, təlim yükünün minimuma endirilməsi, uşaqların psixoloji təzyiqlərdən qorunması da vacib sayılan məsələlərdəndir.
Məlumat üçün qeyd edək ki, sağlam təhsil texnologiyalarının iki modeli işlənib.
Sadələşdirilmiş birinci modeldə:
- Həm tibbi gigiyenik, psixoloji tövsiyə və təlimatlara, həm də üç mərhələli, həkkolma, əl işi, nitq quruculuğu əlaqələndirmə tipli inteqrativ təlim texnologiyasına əsaslanan təlim təşkl edilir;
İkinci əsas modeldə:
- Həm tibbi-gigiyenik, psixoloji tövsiyə, həm də birləşdirmə tipli, məsələn, bir gün, bir nağıl inteqrativ təlim texnologiyasına əsaslanan təlim təşkil edilir.
TN-nin Təhsilin inkişaf proqramları şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova deyir ki, layihə üzrə müsbət nəticələr əldə etmək üçün dörd istiqamətdə iş aparılır:
- Tibbi-gigiyenik
- Psixoloji-sosioloji
- Pedaqoji
- Gender

Sağlam təhsil sinifdən başlayır

Sağlam təhsil layihəsində siniflər də fərqlənir. Sinfə panorama effekti verilir. Tavanında göz idmanı üçün nəzərdə tutulan şəkil, göz trenajoru işlənir. Divarlarına müxtəlif şəkilli lampalar yerləşdirilir. Uşaqların fiziki hərəkəti üçün müxtəlif qurğular quraşdırılır. Biri ayaq üstə dayanmağa, digəri oturub işləməyə imkan verən iki cür masa qoyulur. Hərəkət edə bilən xüsusi masalar 18 dərəcəlik bucaq altında düzülür.
Bir sözlə, bütün düzən uşağın göstərəcəyi fəaliyyətə uyğun qurulur. Yəni, hərəkət edə bilən masalar sinifdə görülən işə uyğun olaraq dəyişdirilə bilir. Dərs zamanı şagird 15 dəqiqə ayaq üstə, 15 dəqiqə isə oturaraq işləyir. Dərs prosesində divara yerləşdirilən müxtəlif şəkilli lampalar növbə ilə yanır. Şagirdlər yanan lampaya tərəf dönüb əl çalaraq bədənlərini hərəkət etdirir.

Sağlam təhsil sinfində kimlər dərs deyəcək?

Bəs, sağlam təhsil sistemində kimlər dərs keçəcək? Burada dərsverənlərin səviyyəsi nəzərə alınacaqmı?
TN-nin Təhsilin inkişaf proqramları şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova məsələ ilə bağlı bildirib ki, sağlam təhsil sistemində pedaqoji simanın, yəni müəllimin xüsusi seçilməsi vacib məsələdir. Yəni sağlam təhsil üçün təkcə dərs proqramının və avadanlıqların lazımi səviyyədə olması yetərli deyil. Bu işdə vacib məqamlardan biri də müəllimin hazırlıq səviyyəsidir.
Odur ki, “Sağlam təhsil” layihəsi çərçivəsində hər müəllimin mənəvi-psixoloji vəziyyəti, şagirdlərlə qarşılıqlı münasibəti, emosional stabilliyi ilə bağlı metodistlərin rəy-təhlili hazırlanıb. Eyni zamanda, onlar psixoloqlar tərəfindən testlərdən keçirilib və hər müəllimin psixoloji xarakteristikası işlənib hazırlanıb. Sonda müəllimlər müsahibəyə dəvət olunub.
Seçilən müəllimlər ilkin mərhələdə bir həftəlik seminarlara cəlb edilib və “Sağlam təhsil texnologiyaları” ilə təlimlər keçiblər. Sağlam təhsil sinfinin müəllimlərinə metodik dəstək verilib.
Qeyd edək ki, metodist məktəbdə dörd saat ərzində müəllimin dərsini müşahidə edir, onun pedaqoji fəaliyyətindəki üstünlük və boşluqları müəyyənləşdirir. Daha sonra həmin nöqsanların aradan qaldırılması üzrə fərdi iş aparılır. Uşaqlarını məktəbdən götürməyə gələn valideynlər layihə haqda məlumatlandırılır, onları maraqlandıran suallara cavab verilir. Metodistlər müəllimlə iş üçün ayrılmış dörd saat vaxtdan, bir saatını direktor müavini ilə birlikdə dərs müşahidəsinə sərf edir.

Ümumi qənaət

Mütəxəssislər hesab edir ki, məktəblərdə sağlam təhsil siniflərinin açılması mövcud vəziyyəti yaxşı mənada dəyişəcək. Nəticədə təkcə ailələr və şagirdlər deyil, bütövlükdə cəmiyyət sağlam insan, vətəndaş qazanacaq.
Aprelin 18-də keçirilən “Sağlam təhsil-sağlam millət: Görülən işlər, nailiyyətlər, perspektivlər” mövzusunda praktik konfransın iştirakçıları da bu qənaətdədir.
Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Tibb Universitetində reallaşan konfransda universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edib. O, böyüməkdə olan nəslin sağlamlığının qorunması məsələləri və bu istiqamətdə görülən maarifçilik tədbirlərinin vacibliyini vurğulayıb. Bildirib ki, dörd il davam edən layihə çərçivəsində aparılan tədqiqatlar görülən işin uğurlu olduğunu göstərir. Rektor qeyd edib ki, XXI əsrdə təhsilalanların problemlərinin öyrənilməsi xüsusilə aktualdır. ABŞ, Avropa ölkələri, MDB və Azərbaycan alimlərinin araşdırmaları göstərir ki, hipodinamiya, səmərəsiz qidalanma, stresslər və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır. Dünya statistikasına əsasən, bu gün məktəb məzunlarının cəmi 2-15 faizi yetkin həyata sağlam fərdlər kimi daxil olur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov bildirib ki, Təhsil Nazirliyi tərəfindən son illər həyata keçirilən layihələr gənc nəslin təhsillə yanaşı, tərbiyəsində də böyük rol oynayır. 2014-cü ildən başlayan bu layihə bu günədək Bakı və Sumqayıtın 35 məktəbinin 116 sinfində tətbiq olunub. Bu cür layihələrin uğuru ilk növbədə ibtidai sinif müəllimlərindən asılıdır. C.Cəfərov bu istiqamətdə kadr hazırlığı haqqında da məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi fiziki və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv vətəndaş yetişdirməkdən ibarətdir.
Təhsil nazirinin müşaviri Həsən Həsənli layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar Əliyev isə hesab edir ki, cəmiyyətin sağlamlaşdırılması hər bir dövlətin qarşısında duran əsas məsələlərdəndir. Layihə barədə danışan Bəxtiyar Əliyev qeyd edib ki, görülən işin uğuru onun müxtəlif peşə sahiblərini bir arada toplamasından irəli gəlir. “Sağlam təhsil-sağlam millət” layihəsi sağlam gələcəyin yetişdirilməsində böyük addımdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyev bildirib ki, layihənin tətbiqi sağlam gələcəyin formalaşmasında böyük rol oynayacaq.
Konfransda, həmçinin vurğulanıb ki, icbari tibbi sığorta sistemində uşaqlar sığorta haqqı ödəməkdən azad olacaqlar. Onlara tibb müəssisələrində göstərilən bütün tibbi xidmətlərin xərcləri Agentliyə dövlət tərəfindən ödəniləcək. Həyata keçirilən layihə də bu baxımdan böyük əhəmiyyət daşıyır.
Konfransa qonaq qismində Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsi və gigiyenası ETİ-nun direktoru, Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü, professor V.R.Kuçma da qatılıb. O, məktəblərdə sağlamlığın təşviq olunmasının əhəmiyyətindən bəhs edib, həmçinin sağlam həyat tərzinin şagirdlərə aşılanmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, elmi-praktik konfransda təxminən 200 nümayəndə, o cümlədən alim, müəllim və müxtəlif dövlət qurumlarının nümayəndələri, məktəb direktorları iştirak ediblər.

yuxarı ⤴