1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Təhsildə ümumbəşəri dəyərlər dünyamızı xilas edəcək”
22.04.2017 / No14

 

 

 


Tailand Kral ailəsinin üzvü, tanınmış pedaqoq, professor Art Onq Djumsai:
“Yalnız cəmiyyət həyatını dəyişə bilmək gücündə olanlar müəllim ola bilər”

Oruc MUSTAFAYEV

Məlum olduğu kimi, Bakıda Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), ADPU nəzdində Dövlət Pedaqoji Kolleci və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə ümumbəşəri dəyərlərin təhsilə inteqrasiyası mövzusunda növbəti ikigünlük pedaqoji seminar başa çatıb. Təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan seminarın budəfəki müəllifi məşhur pedaqoq, Tailand Kral ailəsinin üzvü, Tailand Texnoloji Elmi-Tədqiqat İnstitutunun direktoru, NASA-nın əməkdaşı, professor Art Onq Djumsai olub. Doktor Djumsai Böyük Britaniyanın Kembric Universitetində təbiət-texnika elmləri üzrə təhsil alıb. Bir müddət elmi tədqiqatlarla məşğul olsa da sonralar pedaqogikaya meyil edib. Kembric Universitetində mühazirələr oxuyub, seminarlar keçib. Kembric Universitetinin magistr, London Kral Kollecinin doktorluq elmi dərəcələrini alıb. 1976-cı ildə NASA-nın əməkdaşı kimi Marsa uçmuş “Vikinq” modullarının yerə enməsi sisteminin hazırlanmasında iştirak edib. Raketlərin yaradılması üzrə (yağışın süni yaradılması layihəsi) Milli Elmi-Tədqiqat Şurasının ekspertidir. 1996-cı ildə Tailandda ümumbəşəri dəyərlər əsasında fəaliyyət göstərən və dünyada analoqu olmayan məktəb yaradıb, ona rəhbərlik edir. Məktəbdə 180 uşaq təhsil alır. Onlar sevgi, qarşılıqlı anlaşma və əməkdaşlıq mühitində təhsil alırlar. Konfransın sonuncu günündə professor Djumsai “Azərbaycan müəllimi” qəzetinə müsahibə verdi. Söhbətimizə doktor Djumsainin bir vaxtlar elmi tədqiqatlardan pedaqogikaya necə keçməsi ilə körpü saldıq.

- Əlbəttə ki, hər şey birdən-birə baş vermədi. Müəyyən bir keçid dövrü yaşadım. Universiteti bitirdikdən bir müddət sonra ali məktəbdə professorluq etmişəm. Universitetin mühəndislik fakültəcində çalışmışam. Elə o zaman da mən ümumbəşəri dəyərlərə əsaslanan elmi kursu tədris etməyə başlamışam. Mən belə bir qənaətə gəlmişdim ki, tələbələrim yaxşı mühəndis olmaqla yanaşı, həm də əsl, xeyirxah insan olmalıdırlar. Mən heç istəmirdim ki, onlar hansısa ixtira etsinlər və bu ixtira dünyanın məhvinə yol açsın. Arzu edirdim ki, tələbələrim elm yolunda irəliləməklə, layiqli vətəndaş olmaqla cəmiyyətin rifahı naminə xidmət göstərsinlər. Bu, nə qədər mümkündür, ona çalışırdım. İstəyirəm ki, onlar başqalarına da kömək etməklə yaxşı vətəndaş olsunlar. Buna görə də mən hələ universitetdə işləyərkən mühəndislik bilikləri verməklə yanaşı tələbələrimin şəxsiyyət kimi formalaşmasına böyük diqqət göstərirdim. Bir müddət sonra universitet auditoriyasını tərk edərək öz ideyalarımı daha geniş yaymaq məqsədilə cəmiyyət arasına çıxmağa qərar verdim. Biznesmenlərlə məşğul olmağa başladım, onlara ümumbəşəri dəyərləri öyrədirdim. Lakin biznesmenləri dəyişmək çox çətin idi (gülür). Sonradan siyasətçilərlə məşğul olmağa başladım. Çünki mən parlamentin üzvü idim. Dəfələrlə parlamentdə ümumbəşəri dəyərlər mövzusunda çıxışlar etmişdim. Lakin bu dəyişiklikləri siyasətçilərə çatdırmaq çox çətin idi. Yəqin bilirsiniz, siyasətçiləri dəyişmək daha çətin işdir. Mən 3 dəfə parlamentin üzvü seçilmişəm. Eləcə də parlamentdə müvafiq komitənin sədri olmuşam. Mən istəyirdim ki, parlamentdə təmsil olunanlar da ölkənin rifahı naminə gözəl siyasətçilər olsunlar. Lakin bu mümkün deyildi. Ona görə də pedaqogikaya keçdim.
- Siz Böyük Britaniyada orta məktəbin ən yaxşı şagirdi seçilmisiniz? Buna necə nail oldunuz?
- Həyatımın müəyyən mərhələsində başa düşdüm ki, bütün səylərim ona yönəlməlidir ki, mən yaxşı insan olmalıyam. 15 yaşım olanda həyatım tam dəyişdi, başa düşdüm ki, həyatda əsas amalım başqalarına kömək göstərməyə yönəlməlidir. Bu yaşa qədər çox nadinc idim. Başa düşdüm ki, nadinclik sonda yaxşılığa gətirib çıxarmayacaq. Mən başqalarına kömək etməliyəm ki, onlar dəyişsinlər və həyatda xoşbəxt olsunlar. Maraqlı kitablar oxuyur, dinlə maraqlanırdım. Özümü öyrənməyə, tədqiq etməyə başladım və həyatım tam dəyişdi. Daha çox gülümsəməyə başladım, pis işlərə son qoydum. Məktəbin ən yaxşı şagirdi seçildim və tezliklə Kembric Universitetinə daxil olmağa nail oldum. Bu, bilirsiniz ki, İngiltərənin ən yaxşı universitetlərindən biridir. Universitetdə oxuyarkən sakit bir yerdə oturaraq meditasiya ilə məşğul olmağa, öz fikirlərimi, düşüncələrimi, diqqətimi cəmləşdirməyə səfərbər etməyə başladım. Bir qrup tələbə yoldaşım da mənə qoşularaq məndən öyrənməyə çalışırdı. Tələbələr meditasiyanın mənasını öyrənməyə cəhd edirdilər. Onların çoxu sonradan uğurlu insanlar oldu. Çünki onlar öz ağıllarını, zəkalarını cəmləşdirməyi öyrənmişdilər. Mən Kembric Universitetində cəmi 2 il oxudum, adətən tam təhsil kursu 3 il davam edir. Mənə 2 ilə elmi dərəcə verdilər. Daha sonra elmi fəaliyyətə başlayıb namizədlik dissertasiyası üzərində işləməyə başladım. Bundan sonra bütün ölkəni gəzərək tələbələrə ümumbəşəri dəyərlər proqramını tədris etdim. Mən bir çox insana fikirlərini cəmləşdirməyin, diqqətli olmağın yollarını göstərmişəm. Həyatım dəyişdi və daha çox insana dəyərləri öyrətməyə başladım. Mənə həm də elmi işimi müdafiə etmək lazım idi. Bir dəfə universitetin həyətində sakit bir yerdə meditasiya ilə məşğul olmağa başladım. Birdən qarşımda geniş bir lövhə açıldı, mən başa düşməyə başladım ki, artıq çox şeyi başa düşür və anlayıram. Mən xüsusi aparat - mikrodalğalı gücləndirici hazırladım. O vaxt bu cür ixtiralar yox idi. Bu, hardasa tamamilə yeni bir şey idi. Bütün bunlar mənim elmi işimdə əksini tapdı. Fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra Tailanda qayıtmağa qərar verdim. Çünki başa düşürdüm ki, vətənə qayıtmalı və ölkəmə kömək etməliyəm. Buna görə də Tailanda qayıtdım və müəllimliklə məşğul olmağa başladım. Baxmayaraq ki, mühəndislik ixtisası üzrə təhsil almışam, ümumbəşəri dəyərlər proqramını tədris edirəm. İstəyirəm ki, həm professorlar, həm də tələbələr xeyirxah və nəcib insanlar olsunlar. Düşünürəm ki, təhsildə ümumbəşəri dəyərlər dünyamızı xilas edəcək.
 

- Ümumbəşəri dəyərlərin təhsilə inteqrasiyası nəyi ehtiva edir?
- Bizim proqrama əsasən, ümumbəşəri dəyərlərin təhsilə inteqrasiyası 5 prinsipə - düzgün davranış, sülh, həqiqət, sevgi, qeyri-zorakılığa əsaslanır. Bütün bu dəyərlər bir-biri ilə bağlıdır. Onları bir-birindən ayırmaq olmaz. Dəyərlərin qarşılıqlı əlaqəsi var. Şagirdlərə informasiya dəyərlər şəklində verilməlidir. Tədrisə pozitivlik qatılmalıdır. Biz müəllimlər üçün ümumbəşəri dəyərlərə əsaslanan metodik vəsait hazırlamışıq. Məsələn, riyaziyyat dərsliyində bu məzmunda məsələ qoyulur: “Meşədə 10 inək var idi. Onlardan 7-ni oğurladılar. Neçəsi qaldı?”. Biz hesab edirik ki, məsələnin bu cür qoyuluşu kökündən səhvdir. Bizim proqramda bu məsələ belə qoyulur: “Babanın 10 inəyi vardı. Onlardan 7-ni nəvəsinə hədiyyə etdi. Neçəsi qaldı?”. Biz “oğurlandı” sözünü “hədiyyə etdi” sözü ilə əvəz etməklə fənnə dəyər vermiş olduq. Buna görə də müəllim hansı fənni tədris etməyindən asılı olmayaraq keçdiyi dərsə dəyər qatmalıdır. İstənilən fəndə, hətta futbolda belə, dəyər olmalıdır. Futbolu tədris edərkən biz uşaqlara təkcə qapıya top vurmağı deyil, həm də komanda halında oynamaq zərurəti kimi dəyər vermiş oluruq. Komanda halında oynamaq, paylaşmaq dəyərdir. Həyatda yaxşı nə varsa, paylaşmaq lazımdır. Siz hər şeydə yaxşını görməlisiniz. Sizi təhqir etsələr belə, bunu havanın vibrasiyası kimi qəbul edin. Bizim proqramda ali dəyər sevgidir. Uşaqlar məhz ümumbəşəri dəyərlərin vasitəsi ilə müxtəlif maneələri aşaraq sevgiyə gedən yolu tapmalıdır.
 

- Ümumbəşəri dəyərlər bizə, müəllimlərə, cəmiyyətə nə verir?
- İlk növbədə lazımdır ki, cəmiyyətin hər bir üzvü mehriban, xoşbəxt olsun. Hər zaman xoşməramlı, gülümsər olsun və cəmiyyətə rifah gətirsin. Buna görə də müəllimlər ölkə qarşısında öz məsuliyyətlərini başa düşərək ümumbəşəri dəyərləri cəmiyyət üzvlərinə necə çatdırmalı olduqları barədə düşünməlidirlər. Biz dəyərləri təhsil məkanına gətirərək onu nəzərdə tuturuq ki, təhsilverənlər səmimi, mehriban, xeyirxah olsunlar. Buna görə də mən bu proqramın həyata keçirilməsinə çox vaxt ayırıram ki, müəllimlər onu hər yerdə yaysınlar. Lakin bir müddət sonra hiss etdim ki, bu vəzifənin öhdəsindən gəlmək o qədər də asan iş deyil. Çünki insanlara nümunə lazımdır. Yalnız nümunəyə baxarkən insanlar dəyişirlər. Buna görə də mən Tailandda bu məktəbi yaratmağa başladım. Məqsədimiz şagirdlərin ölkənin layiqli, gözəl vətəndaşları olmaları üçün onları ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək idi. Buna görə də bizim şagirdlərin daxili aləmi ümumbəşəri dəyərlərlə tam doludur. Biz bu məqsədə nail olandan sonra məktəbə çox sayda insanlar axışmağa başladı. Onlara maraqlı idi bizim məktəbdə baş verənlər. Onlar soruşurdular ki, siz bütün bunlara necə nail ola bilmisiniz? Hər həftə 2 minə yaxın insan məktəbimizin fəlsəfəsini öyrənmək üçün təhsil ocağına baş çəkir. Dünyanın müxtəlif ölkələrindən müəllimlər gəlir. Biz hətta hökumətlə də qarşılıqlı əlaqədəyik, onlar bizim işlərə çox maraq göstərirlər. Buna görə də biz tədris proqramlarında ümumbəşəri dəyərləri nəzərə alan dəyişikliklər etməyi nəzərdə tuturuq.
Qeyd edim ki, ümumbəşəri dəyərləri dərslərinə inteqrasiya edən müəllimlər həyatlarının dəyişdiyini bildirirlər. Nədir bu dəyişiklik? Onlar deyirlər ki, daxili rahatlıq və tarazlıq əldə ediblər. Hər iki amil müəllimlik fəaliyyətində mühümdür.
 

- Ancaq hər bir tədris müəssisəsinin əməl etdiyi tədris proqramları var. Ümumbəşəri dəyərlər vahid standartlarla necə ayaqlaşmalıdır?
- Məlum olduğu kimi, dünyanın bir çox ölkələrində təhsil proqramlarını dəyişmirlər. Biz nə etməliyik? Bizim məqsədimiz ümumbəşəri dəyərlərin məktəblərdə tədris olunan bütün fənlərə inteqrasiya olunmasına nail olmaqdır. Bununla belə, tədris proqramlarını dəyişmək lazım deyil. Lakin hər bir müəllim bilməlidir ki, ümumbəşəri dəyərləri tədris etdiyi fənlərə necə inteqrasiya etməlidir. Mən bütün dünyanı gəzirəm, heç yerdə tədris proqramlarını dəyişməyə çağırmıram. Mən yalnız onlara öyrədirəm ki, əsl müəllim, alicənab müəllim olsunlar. Dəyərlərə sahib yeni nəsil kimi yetişsinlər. Biz mehribanlıq, sevgi və qarşılıqlı anlaşma şəraitində yaşamalıyıq. Onlar hər zaman yaxşı insanlar olmalı və həmişə həqiqəti deməlidirlər. Gələcək hədəflərə yol həqiqət, sevgi və xeyirxahlıqdan keçir. Mənim yaratdığım proqram bütün bunları nəzərdə tutur və öz işimdə bu dəyərləri nəzərdə tuturam. Qeyd edim ki, bizim məktəbdə tədris olunan bütün fənlər bəhs etdiyimiz ümumbəşəri dəyərlərə əsaslanır. Əlbəttə ki, biz ölkənin Təhsil Nazirliyinin hazırladığı, məktəblərə göndərdiyi standartları da nəzərə alırıq. Biz tədris etdiyimiz istənilən fənni redaktə edə bilərik.
 

- Sizcə, internet dövründə ümumbəşəri dəyərlərin yeri hardadır?
- İlk növbədə qeyd edim ki, ümumbəşəri dəyərlər istənilən tədris prosesinin əsaslarını təşkil etməlidir. Məsələn, bizim ölkədə uşaqlar kompüterdən çox fəal şəkildə istifadə edirlər. Lakin biz müəllimlər çalışırıq ki, kompüterdən istifadə zamanı ümumbəşəri dəyərlərin əsas prinsipləri qorunsun və cəmiyyətə xidmət etsin. Bütün texnologiyalarda çalışmaq lazımdır ki, ümumbəşəri dəyərlər öz əksini tapsın. Qabaqcıl texnologiyalardan kimlərinsə öz maraqları naminə istifadə olunmasına yol vermək olmaz. Bu və ya digər texnologiyalar cəmiyyətin inkişafına xidmət etməlidir. Buna görə də qloballaşma və internet dövründə əsas vəzifə ümumbəşəri dəyərlərin qorunub saxlanması və ona əməl olunmasıdır.
 

- Siz əsl müəllimi necə görürsünüz?
- İlk növbədə, əsl müəllim yetirmələri- istər şagird, istərsə də tələbələri üçün bir nümunə, örnək olmalıdır. Elə bir müəllim ki, yetirmələri həyatda ona oxşamağa çalışsınlar, ondan nümunə götürə bilsinlər. Yalnız bu halda təhsilalanlar müəllimlərinin arxasınca gedəcəklər. O zaman onlar dəyişəcək, hər şey müəllimdən asılıdır. Deməli, məktəb həyatında, tədris prosesində ümumbəşəri dəyərlərin şagirdlərə çatdırılmasında əsas rol müəllimə məxsusdur. Bu, birmənalı olaraq belədir. Əsl müəllim fədakarlıq, mərhəmət nümayiş etdirməlidir.


- Necə bilirsiniz, ümumbəşəri dəyərlərə əsaslanan proqram məktəbin, cəmiyyətin problemlərini həll edə bilərmi?
- Qarşımıza qoyduğumuz məqsəd elə budur. Əlbəttə ki, bu, müəyyən vaxt aparan prosesdir. Bunun üçün isə, ilk növbədə, bu gün siyasətçilər ölkə həyatının bütün sahələrində keyfiyyət dəyişikliklərinin aparılması barədə düşünməlidirlər. Əgər biz müəllimlər bunu ümumbəşəri dəyərlərə əsaslanaraq məktəb səviyyəsində ediriksə, şagirdlərimiz böyüyüb layiqli vətəndaşa çevrilirsə, biz burada qazanırıq. Onlardan kimsə böyüyəndə siyasətçi olacaq. Əlbəttə ki, bütün bunlar dəyişikliklərə gətirib çıxaracaq. Lakin bunlar müəyyən vaxt aparacaq. Mənim yaratdığım məktəb Tailandda 26 ildir ki, fəaliyyət göstərir. Məktəbin keçmiş şagirdləri artıq tələbələrdir. Qeyd edim ki, məzunlarımızın 100 faizi ali məktəbə daxil olurlar. Onların əksəriyyəti elmi dərəcə alıb. Müxtəlif yerlərdə elmlə məşğuldurlar. Tailandın indiki təhsil naziri də bizim məzundur. İndi məzunlarımız öz həyatlarında yaşadıqları dəyişiklikləri cəmiyyətin inkişafına həsr edirlər. Lakin bunu təkcə bizim məktəbdə deyil, bütün məktəblərdə etmək lazımdır. Əks halda, insanların heç də hamısı ideyaqabiliyyətli olmayacaqlar. Buna görə də bizim məktəb bütün ölkə üçün şagird hazırlayır. Hazırda ölkədə nəzərəçarpan dəyişikliklər hiss olunmaqdadır. Bu isə ümumbəşəri dəyərlərin qələbəsidir. Bir faktı da deyim. Məktəb ölkənin yeganə təhsil ocağıdır ki, burada xəstə uşaq yoxdur, xəstəliklərə tutulma riski də yoxdur. Tailandın Səhiyyə Nazirliyi artıq bu fenomeni öyrənməyə qərar verib. Səbəb isə aydındır: məktəbimizdə uşaqlar təbiətlə təmasda, tam sevgi və qarşılıqlı anlaşma şəraitində təhsil alır. Şagirdlərə verilən meyvə-tərəvəz məktəbin həyətində yetişdirilir.
- Sizcə, istənilən şəxs müəllim ola bilərmi?
- Diqqət yetirək, biz şagirdləri həyata hazırlayırıq. Onlar getdikcə böyüyür və gözəl müəllimlər olurlar. Çünki əgər dəyərlər uşaqlara kiçik yaşlarından aşılanırsa, bunlar onların şüuraltı yaddaşlarında əksini tapır. Sonra isə onlar başqaları üçün nümunə olurlar. Getdikcə bu insanlar cəmiyyət həyatının istənilən sahəsində fəaliyyət göstərir, hətta hökumətdə də təmsil olunurlar. Lakin bu cür insanları yetişdirmək üçün müəyyən vaxt lazımdır. Biz elə etməliyik ki, dünyada hamı dəyişsin. Uşaqları dəyişmək üçün yaxşı müəllimlər lazımdır. Deməli, yalnız insan həyatını, cəmiyyət həyatını dəyişə bilmək gücündə olanlar müəllim ola bilər. Buna görə də müəllim cəmiyyətdə dəyişiklik yarada bilən yeganə faktordur. Yalnız təhsil vasitəsi ilə dünyanı xilas etmək olar.


- Təhsildə mənəviyyat faktoruna necə baxırsınız?
- Əvvəla mənəviyyat dedikdə, bu söz altında nələri başa düşdüyümüzü bilməliyik. Deməli, biz uşaqları öyrədirik ki, onlar yaxşı insanlar olsunlar. Böyük dəyərlərə sahib olsunlar. Eyni zamanda akademik biliklər də qazansınlar. Məhz akademik biliklərin və ümumbəşəri dəyərlərin məcmusu cəmiyyətdə dəyişikliklərə yol aça bilər. Biz onların hər birinə şagirdlərinə ümumbəşəri dəyərləri aşılamağa çalışırıq. Bu nöqtədə mənəviyyat sözündən istifadə etməyə zərurət yoxdur, çünki ümumbəşəri dəyərlər var. Biz mənəviyyat sözü əvəzinə ümumbəşəri dəyərlər sözündən istifadə edə bilərik. Bizdə müxtəlif dinlərə məxsus uşaqlar təhsil alır. Mən 3 dəfə Səudiyyə Ərəbistanının təhsil nazirinin dəvəti ilə bu ölkədə səfərdə olmuşam. Qeyri-din daşıyıcısı olduğum üçün əvvəlcə mənə çıxış etməyə imkan vermirdilər. Lakin proqramımızla tanış olduqdan sonra mənə çıxış etmək üçün 15 dəqiqə vaxt verdilər. Lakin vaxt bitdikdən sonra çıxışımı davam etdirməyi xahiş etdilər. Beləcə, mən 15 dəqiqə əvəzinə 3 saatlıq çıxış etdim. Onlar məndən artıq ölkənin müəllimləri, professorları üçün mühazirələr oxumağımı xahiş edirlər. Yəni, onlar ümumbəşəri dəyərlərin hamı üçün hər zaman universal əhəmiyyət daşıdığını başa düşdülər.


- Ölkəmizdə pedaqoji seminarların təşkilini necə qiymətləndirirsiniz?
- Mən ilk dəfədir ki, Azərbaycandayam. Əlbəttə ki, bu cür seminar və təlimlər müəllimlər üçün mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər əhəmiyyətli təcrübə meydanıdır. Mən təlim və seminarlarımda müəllimlər üçün çox vacib olan dəyərləri təqdim edirəm. Ölkənizdə ilk dəfə olduğum üçün deyə bilərəm ki, növbəti gəlişim mənim üçün daha maraqlı olacaq. Növbəti səfərimdə azərbaycanlı müəllimlərin ümumbəşəri dəyərlərdən necə yararlandığının şahidi olacağam. Bütün bunlar, bir daha deyirəm, çox faydalıdır. Mən Avropa, Afrika, Asiya ölkələrində, ABŞ-da, Fransada, Rusiyada müəllim hazırlığı kursları keçirmişəm. 2000-ci ildən başlayaraq 5 dəfə Qazaxıstanda ölkənin birinci xanımının təşəbbüsü ilə seminarlar keçirirəm. Artıq 2017-ci ildə 100-ə yaxın qazaxıstanlı müəllimin bizim məktəbdə təcrübə keçməsi qərara alınıb. Məktəbimizdə digər ölkələrdən olan müəllimlər üçün 2,5 aylıq, 2 həftəlik pulsuz kurslar təşkil edirik. Artıq ümumbəşəri dəyərlərə dair təkliflərimi Qazaxıstanın Təhsil Nazirliyinə də təqdim etmişəm. Sonda azərbaycanlı müəllimlərə öz fəaliyyətlərində uğurlar arzulamaq istəyirəm.

yuxarı ⤴