1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan tarının atası Sadıqcanın irsinə işıq salındı
22.04.2017 / No14

 
 

 

 


Ağahüseyn ANATOLLUOĞLU,
AMK-nın baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Azərbaycan Milli Konservatoriyasında hər il musiqi mədəniyyəti xadimlərinin yubileylərini qeyd etmək artıq ənənəyə çevrilmişdir. Bununla bağlı elmi-praktik konfransların keçirilməsi həm sənət korifeylərimizi bir daha xatırladaraq onların yaradıcılıqlarına işıq salmaq, həm də böyüməkdə olan nəslə bu sənətkarlarımızı tanıtmaq, gənc musiqiçilərə öz yaradıcılıq yollarını müəyyənləşdirməkdə yardımçı olmaq baxımından çox əhəmiyyətlidir. Yaxın günlərdə keçirilmiş növbəti belə konfranslardan biri XIX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində böyük iz buraxmış, novator tarzən Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcan) anadan olmasının 170 illiyinə həsr olunmuşdur.
Mirzə Sadıq Əsəd oğlu (1846-1902) XIX əsr Azərbaycan musiqi mədəniyyətinin ən parlaq simalarından biridir. Onun milli musiqi alətlərimizin tacı olan tarla bağlı mükəmməl islahatları yaradıcılıq fəaliyyətinin əsas istiqamətini təşkil edib. Məhz bu səbəbdəndir ki, onun adı çox vaxt tarla yanaşı çəkilmiş, dilimizdə “Sadıqcanın tarı”, “Sadıqcan - Azərbaycan tarının atası”, “Sadıqcan - tarımızın böyük islahatçısı” kimi ifadələrin yaranmasına səbəb olmuşdur.
Konfransdan bir neçə gün əvvəl AMK-nın “Bakı” zalında Sadıqcana həsr olunmuş eyniadlı kitabın təqdimatı keçirilmiş və təşkilat komitəsi tərəfindən bütün kitabxanalara, toplantı iştirakçılarına və musiqi müəssisələrinə paylanmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “İşıq” Sosial-İqtisadi İnkişafa Kömək İctimai Birliyi tərəfindən nəşr olunan kitabda Sadıqcana həsr edilən və müxtəlif vaxtlarda mətbuatda dərc olunmuş elmi-publisistik məqalələr, tarixi faktlar və mütəxəssis fikirləri toplanmış, o dövrə aid fotolar daxil edilmişdir. Kitab Azərbaycan və ingilis dillərində çap olunmuşdur.
“Azərbaycan tarının yaradıcısı ustad Sadıqcanın 170 illiyi ilə əlaqədar tanıtım tədbirlərinin keçirilməsi” layihəsinin məntiqi davamı kimi AMK-da baş tutmuş elmi konfransda müəssisənin professor və tələbə heyəti, musiqisevər qonaqlar, yubilyarın qohumları iştirak edirdilər.
Konfransı giriş sözü ilə AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açıb, “Mirzə Sadıq Əsəd oğlu Azərbaycan musiqisinin novator sənətkarıdır” mövzusunda məruzə edərək Sadıqcan haqda dinləyicilərə ensiklopedik məlumat verib.
AMK-nın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev “Azərbaycan tarının pərdə sisteminə dair” mövzusunda çıxış edib. O, tarın temperasiyalı səs düzümündən qabaqkı pərdə sisteminə, bu pərdələrdən istifadə ilə tarın səslənməsinə, Ü.Hacıbəylinin milli lad sisteminə toxunaraq bunlara münasibətini bildirib.
Digər bir maraqlı mövzuda AMK-nın baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ağahüseyn Anatolluoğlu məruzə edib. “Azərbaycan tarının ölçü meyarları” haqda danışan natiq, kamil ölçü vahidlərinin insan təfəkkürünün məhsulu olan hər hansı bir əşya - o cümlədən tar üçün vacibliyini qeyd edib, onun inkişaf və təkamülünün məhz bu istiqamətdə mümkünlüyünü açıb göstərib. Mirzə Sadıq yaradıcılığına diqqət çəkərək, onun tar üzərindəki rekonstruktiv dəyişikliklərinin məhz bu kimi səbəblərdən qaynaqlandığını bildirən tədqiqatçı, tar üçün dəqiq ölçü vahidləri sistemi və onun tətbiqinin zəruriliyini qeyd edib.
Qeyd edək ki, Mirzə Sadığın milli musiqi mədəniyyətimizə gətirdiyi yeniliklər çoxşaxəlidir. Bu yeniliklər musiqinin ifaçılıq, alətşünaslıq, bəstəkarlıq və musiqişünaslıq kimi həm müxtəlif, həm də bilavasitə bir-birilə əlaqəli olan sahələrini əhatə edir. Bunlardan başqa, aydın və səlis nitqi, gözəl təşkilatçılıq bacarığı və digər sahələrdəki istedadı da onun şəxsiyyətini səciyyələndirən əsas cəhətlərdəndir.




 

yuxarı ⤴