1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Yalnız ingilis dilində
22.04.2017 / No14

 

 

 


Danışıq klubları xarici dildə ünsiyyət komplekslərini aradan qaldıracaq

Niyazi RƏHİMOV

“Danışıq klubları şagirdlərin nitq inkişafını sürətləndirəcək”. Bu fikirləri Bakıdakı 20 nömrəli məktəb-liseydə ingilis dilində Danışıq Klubunun açılışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Səkinə Ağalarova səsləndirib. O bildirib ki, BŞTİ-nin tabeliyində olan 60 ümumi təhsil müəssisəsində ingilis dilində Danışıq Klubları fəaliyyətə başlayıb. İctimai əsaslarla məktəb daxilində fəaliyyət göstərəcək bu klubların yaradılmasında məqsəd müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir. Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazım olan dəstəyin göstərilməsi üçün paytaxtdakı pilot məktəblərin ingilis dili müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı istiqamətində həyata keçirilən “Ümumi təhsil məktəblərində ingilis dilində Danışıq Klublarının yaradılması” layihəsi çərçivəsində təlimlərə cəlb olunub.
Səkinə Ağalarovanın sözlərinə görə, hazırda fəaliyyətdə olan Danışıq Klublarına təlimləri müvəffəqiyyətlə tamamlamış dil müəllimləri koordinatorluq edir: “Nəzərə çatdırım ki, aprel ayının əvvəllərindən başlayaraq paytaxtın bir neçə ümumtəhsil müəssisəsində bu klublar açılıb. Düşünürəm ki, belə klublar gələcəkdə digər məktəblərdə də fəaliyyət göstərəcək.



Təranə ƏLİYEVA,
20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi, “Danışıq klubu”nun koordinatoru

Klubun açılışını məktəbin tarixində əlamətdar bir gün hesab edirəm. Bu layihənin çox səmərəli olacağını düşünürəm. Burada şagirdlər özlərini daha sərbəst, rahat hiss edəcəklər. Eyni zamanda bir-birləri ilə ünsiyyətdə olduqca nitq vərdişləri də artacaq. Belə olduğu təqdirdə şagirdlər ingilis dilində sərbəst ünsiyyət qura biləcəklər.
Şagirdlərin əksəriyyəti bu kluba üzv olmaq arzusundadır. Onların arzularını reallaşdırmaq məqsədilə ingilis dilini tədris edən müəllimlər könüllü şəkildə, növbəli olaraq klubda fəaliyyət göstərəcək. Sizin də gördüyünüz kimi, bu gün ilk dəfə klubda məşğələ reallaşdırdıq. Bu məşğələ zamanı bir daha əmin oldum ki, şagirdlərdə ingilis dilinə böyük maraq var. Çalışmalıyıq ki, klubda keçirilən məşğələlər daha çox əyləncə xarakterli, şagirdlərin istək və maraqlarına uyğun olsun. Bu gün uşaqların gözlərində gördüyümüz sevinc hissi biz müəllimlərə əlavə stimul verəcək. Nəzərə çatdırım ki, məktəbdə ingilis dilindən metodik birləşmənin rəhbəriyəm. İngilis dili müəllimləri ilə müzakirələr aparıb klubun fəaliyyətini daha da genişləndirməyi, məşğələlərin sayını artırmağı planlaşdırırıq.


“Əlavə məşğələlərə getməyə ehtiyac olmayacaq”

Abdulrəhim SADIQOV,
məktəb-liseyin V sinif şagirdi, klubun üzvü

Klubun açılmağına çox sevindim. Artıq ingilis dilini dərindən öyrənmək üçün əlavə məşğələlərə getməyə ehtiyac olmayacaq. Bu fürsətdən maksimum yararlanacam. Bu gün klubda keçirilən məşğələ də çox əyləncəli keçdi. Turpun nağılını ingilis dilində səhnələşdirdik. Klubda müəllimimiz bizə Azərbaycan dilində danışmamağımızı, yalnız ingilis dilində ünsiyyətdə olmağımızı tövsiyə edir.


“İngilis dilində sərbəst danışmaq mənim arzumdur”

Həsən HƏSƏNLİ,
məktəb-liseyin V sinif şagirdi, klubun üzvü

İngilis dili fənnini çox sevirəm. Ona görə də məktəbimizdə belə bir klubun açılacağından xəbər tutan kimi kluba üzv oldum. Valideynlərim də həmişə mənə ingilis dilinin çox vacib olduğunu deyir. Ümid edirəm ki, bu klubda çox şey öyrənəcəyik. İngilis dilində sərbəst danışmaq mənim arzumdur. Bu gün klubda həm ingilis dilində danışdıq, həm də özümüzə yeni dostlar tapdıq. Müəllimimizin ingilis dilində apardığı oyunlar çox xoşuma gəldi. Belə davam edərsə çox keçmədən ingilis dilini öyrənəcəyimi düşünürəm.
 


“Məşğələ zamanı həm öyrəndik, həm də əyləndik”

Tamilla İSMAYILOVA,
məktəb-liseyin V sinif şagirdi, klubun üzvü

Məktəbimizdə belə bir klubun açılmağı hamı kimi məni də çox sevindirdi. İlk məşğələmiz də çox maraqlı keçdi. Məşğələ zamanı həm öyrəndik, həm də əyləndik. Məşğələ zamanı hiss etdim ki, ingilis dilini kitabdan oxumaqla danışmaq arasında çox fərq var. Düzdür, dərslərimizdə də ingilis dilində çox danışırıq. Lakin burada ancaq ingilis dilində danışıb, ünsiyyət qururduq. Ona görə də klubdakı məşğələdə ingilis dilində danışmağı daha tez öyrənəcəyimiz fikrindəyəm. Ən böyük arzularımdan biri Londonda yaşamaqdır. Buna görə də ingilis dilində sərbəst danışmağı öyrənməliyəm. Bundan başqa, ingilis dili həm də dünyanın bütün ölkələrində işlənir. Əgər bu dili bilsəm, istənilən ölkəyə rahat gedə bilərəm.

Fotolar Rəşad RAMAZANOĞLUNUNDUR

yuxarı ⤴