1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






İnteraktiv metodlar dərsi fəallaşdırır
22.04.2017 / No14

 
 

 

 


Nuridə KƏRİMOVA,
İsmayıllı rayon Hacıhətəmli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Təlim prosesində şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmələri üçün passiv, aktiv (fəal) və interaktiv metodlardan istifadə olunur. İnteraktiv təlimlə aktiv təlimin bəzi ümumi cəhətləri olmasına baxmayaraq onlar bir-birindən fərqlənir. Belə ki, interaktiv təlimdə yalnız müəllimlə şagirdlər deyil, həm də şagirdlər öz aralarında söhbət və dialoq rejimində fəaliyyət göstərirlər. İnteraktiv metodlar biliklərin şagirdlərə hazır şəkildə verilməsini deyil, bu biliklərin daha çox onların özlərinin birlikdə axtarıb tapmalarını nəzərdə tutur. Bu prosesdə şagirdlərin fəallığı maksimum dərəcədə artır, onlarda müstəqil düşünmək, sərbəst rəy söyləmək, başqasının fikrinə münasibət bildirmək kimi xüsusiyyətlər formalaşır. Beləliklə, şagirdlərdə tənqidi təfəkkür inkişaf edir.
Cəmiyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək qarşımızda duran əsas vəzifədir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün mən öz üzərimdə daim çalışır, hazırlığımı artırır, inkişafdan geri qalmamağa səy göstərirəm. Dərslərimi günün tələblərinə uyğun qurmağa çalışıram. Dərslərimdə şagirdlərə ilk növbədə sərbəst olmağa, sual verməyə, düşündüyünü deməyə şərait yaradıram. İstəyirəm ki, şagirdlərim dərsdə susmasınlar, mümkün qədər çox danışsınlar.
Azərbaycan dili (oxu) dərslərində əsərin ideyasını müəyyənləşdirmək üçün müzakirədən istifadə edirəm. Bu metod dinləmək, təqdim etmək, məntiqi sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin şifahi nitqini inkişaf etdirir. Mövzuya uyğun olaraq sinfə açıq sualla müraciət edirəm. Bu zaman şagirdlərin çoxu fəallıq göstərir, suallara cavab verməyə çalışır, fikirlərini çatdırmaq istəyirlər. Şagirdlər eyni cavabı verməmək üçün bir-birinə diqqətlə qulaq asırlar. Hətta bu zaman zəif hesab etdiyimiz şagirdlərin verdiyi cavab adamı heyran edir. Dərsboyu çalışıram ki, bütün şagirdlər fikirlərini sərbəst söyləməkdən çəkinməsinlər. Bunun üçün köməkçi suallardan istifadə edir, şagirdlərin fikrini əsas məsələyə yönəldirəm. Sinfin əla oxuyan şagirdlərinin nisbətən zəif oxuyan və öz fikirlərini sərbəst söyləyə bilməyən uşaqlara kömək etmələrini təşkil edirəm və bu yaxşı nəticə verir. Fəallığa alışan şagirdlər öz güclərinə inanır, müstəqil düşünür, axtarışlar aparır, hərtərəfli insan kimi formalaşırlar.
Azərbaycan dili (oxu) dərslərində eyni zamanda əqli hücum, debat, rollu oyun, Venn diaqramı”, “BİBÖ”, şaxələndirmə, söz assosiasiyası və s. metodlardan da geniş istfadə edirəm. Bu metodların hərəsinin öz üstün cəhətləri vardır. Çalışıram ki, onların bu xüsusiyyətini nəzərə alım və mövzuya uyğun olaraq bu metodlardan düzgün seçim edim. Öz təcrübəmdən bilirəm ki, bu metodlardan qarşılıqlı istifadə etmək yaxşı nəticə verir. Belə ki, dərsin müxtəlif mərhələlərində verilən “niyə?, nə üçün?, nə səbəbə?” kimi suallar şagirdləri daha dərindən düşünməyə sövq edir. Onlar hər hansı hadisəyə səthi deyil, dərindən nəzər salır, məntiqlə düşünür, cavablarını əsaslandırırlar, beləliklə, daha düzgün nəticə çıxarırlar. Bununla da şagirdlərdə düşünmə, nəticə çıxarmaq və məntiqi təfəkkür formalaşır.
Mübahisəli məqamlarda debatdan istifadə edirəm. Debat zamanı şagirdlər çox fəal olurlar, onlar öz fikirlərini sübut etmək üçün maraqlı dəlillər gətirir, axtarışlar aparırlar. Bu zaman mən sinfə ancaq nəzarət edir, heç bir rəy bildirmirəm. Beləliklə, şagirdlərdə başqasını dinləmək, onun fikrinə hörmətlə yanaşmaq və həmin fikrə münasibət bildirmək mədəniyyəti formalaşır. Onlar tədqiqatçı və yaradıcı kimi fəaliyyət göstərirlər. Bu zaman şagirdlər arasında qarşılıqlı əlaqə yaranır ki, bu da interaktiv təlimin əsas prinsiplərindən biridir.
Dərsdə şagirdlərin fəallığını artırmaq üçün rollu oyunların da böyük imkanları yaradır. Rollu oyun zamanı şagirdlərin gizli qalan istedadları üzə çıxır, nitqləri, ünsiyyət qurmaq bacarıqları daha da inkişaf edir. Şagirdlər əzbərçilikdən uzaq olur, fikirlərini sərbəst söyləyir, düşündüklərini həyata keçirməyi bacarırlar. Azərbaycan dili (oxu) dərsində maraq yaratmaq üçün fəndaxili və fənlərarası inteqrasiyadan da istifadə edir, mövzuları həyatla əlaqələndirməyə çalışıram. Şagirdlərə “Sən həmin obrazın yerində olsaydın nə edərdin” kimi suallarla müraciət edirəm. Bu vaxt şagirdlərdən səmimi cavab vermələrini xahiş edirəm. Sinifdə qızğın mübahisə gedir. “Səmimi” olmayan fikirləri şagirdlər özləri müəyyənləşdirib, etiraz edirlər. Belə münasibətdən sonra bəzən əsərə və ya obraza olan münasibət tamam dəyişir. Bununla da şagirdlər başa düşürlər ki, həyatda “pis adam” adlandırdığımız insanlarda da yaxşı xüsusiyyətlər olur. Obrazların belə dərindən təhlili şagirdlərin bir-birinə olan münasibətini də dəyişir. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, sinifdə uşaqlarla yola getməyən, onları incidən şagirdlərin müsbət xüsusiyyətlərini görən yoldaşlarının həmin şagirdə münasibətləri tamam dəyişir. Bu münasibətdən təsirlənən həmin şagirdin də yoldaşlarına və dərsə münasibəti dəyişmiş olur. Bir müəllim kimi həmişə çalışıram ki, şagirdlərimdə xoş hisslər formalaşdırım. Onlara həmişə deyirəm ki, gülümsəyin. Çünki şagirdlərin əhvali-ruhiyyəsi yaxşı olanda onların dərsə marağı da yüksək olur. Öyrənmək istəyən şagird isə təkcə dərsliklə kifayətlənmir, əlavə kitablar oxuyur, internetdən istifadə edir, daim öz üzərində çalışır. Bu sahədə bizə ən yaxşı kömək edən isə məktəbimizin kitabxanasıdır. Sinifimin bütün uşaqları kitabxanaya üzv yazılıb. Onlar oxuduqları kitabları öz aralarında müzakirə edirlər. Beləliklə, şagirdlərdə kitaba maraq oyanır, onlarda oxu mədəniyyəti formalaşır.




 

yuxarı ⤴