1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017







 
 

 

 


Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Xaçmaz şəhərindəki akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə görkəmli alimin anım mərasimi keçirilib. Tədbirdə rayonun fəal qadınları, səhiyyə, təhsil işçiləri, eləcə də icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə görkəmli oftalmoloq-alimin məktəbin həyətində ucaldılmış abidəsinin qarşısına gül dəstələri düzülüb və xatirəsi ehtiramla anılıb.
Təhsil şöbəsindən redaksiyamıza daxil olan məlumatda bildirilib ki, çıxış edənlər akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışıblar. Qeyd edilib ki, görkəmli oftalmoloq təkcə respublikamızda deyil, həmçinin beynəlxalq aləmdə də tanınmış alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilir.
Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alıb. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayıb və bütün ömrünü oftalmologiyaya həsr edib. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Rayonun fəal qadınları akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin onlar üçün əsl nümunə olduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, görkəmli alim öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanmışdır. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.


“Atmosfer təzyiqi və onun ölçülməsi” mövzusunda “açıq dərs”

Saatlı şəhər 2 nömrəli tam orta məktəbdə fizika müəllimi Ülviyyə Məmmədovanın VII “a” sinfində fizika fənnindən “Atmosfer təzyiqi və onun ölçülməsi” mövzusunda “açıq dərs”i olub. Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak ediblər.
Öncə Ülviyyə Məmmədova atmosfer təzyiqinin varlığı və onu ölçən Toriçelli haqqında məlumat verib. Sonra şagirdlər 5 qrupa ayrılıb: “Eksperiment”, “Təzyiq”, “Nyuton”, “Atom” və “Atmosfer”. I qrup kağızın suda islanıb-islanmadığını nümayiş etdirib, II qrup iynənin və damcıladanın iş prinsipini izah edib, III və IV qruplar isə plastilinlə dar boğazlı qıfdan nə üçün su keçməməsinin təhlilini aparıb. Təqdimat zamanı 5-ci qrup quşlar üçün avtomat su qabı hazırlayıb. Layihə maraqla qarşılanıb.
Həmçinin şagirdlər öz müşahidələri əsasında təqdimat hazırlayıb və müzakirə ediblər.
Sonda “açıq dərs”in geniş təhlili keçirilib.

Xalid NƏCİYEV,
Saatlı Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


“Şeirimizin Nərimanı” adlı ədəbi-bədii kompozisiya

Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə tanınmış xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş “Şeirimizin Nərimanı” adlı ədəbi- bədii kompozisiya keçirilib.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Kərimova tərəfindən təşkil edilən bu tədbirdə Ağstafa Rayon Təhsil Şöbəsinin əməkdaşları, yazıçılar, tanınmış ziyalılar iştirak ediblər.
Tədbirdə 8-ci sinif şagirdləri Nəriman Həsənzadə yaradıcılığından bəhs edən səhnəciklər nümayiş etdirib və şeirlər söyləyiblər. Şairin şeirlərinə bəstələnən musiqi nümunələri şagirdlər tərəfindən ifa edilib.
Şairin qələm dostları Nəriman Həsənzadə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda pedaqoji kollektiv Nəriman Həsənzadə ilə xatirə şəkli çəkdirib.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


“Qarabağ” tarix klubunun komandası Qobustanda


Azərbaycan xalqının milli sərvəti olan Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alaraq “Qarabağ” tarix klubunun üzvü olan məktəblilərin bu abidəyə ekskursiyasını təşkil etdik. “Qarabağ” tarix klubu 1 noyabr 2015-ci il tarixdən məktəbimizin nəzdində fəaliyyət göstərir.
Ekskursiyaya qoruq ərazisində fəaliyyət göstərən Qobustan muzeyindən başladıq. Məktəblilər burada Qobustan Dövlət Tarix-Bədii Qoruğunun müasir innovativ texnologiyalarla təchiz olunmuş muzeyi ilə yaxından tanış olub, Azərbaycanın qədim mədəni irsi barədə geniş məlumatlar əldə etdilər. Bu qeyri-adi muzeyin həm memarlıq üslubu, həm eksponatları, həm də müasir texniki təchizatı ilə bir-birindən maraqlı 12 ekspozisiya zalı bizləri heyran etdi. Muzeydə qoruq ərazisindən tapılmış müxtəlif arxeoloji eksponatlarla tanışlıq da çox maraqlı keçdi. Sonra ekskursiya üzvləri qoruq ərazisindəki Böyükdaş zirvəsində yerləşən qədim musiqi aləti olan qavaldaş, “Anazağa”, “Öküzlər” və “Ovçular”qədim insan sığınacaqları, qayaüstü təsvirlər və su çuxurları ilə tanış oldular.
Ekskursiya boyu bizi müşayiət edən muzey və qoruq bələdçilərinin Qobustanın qayaüstü rəsmlərlə yazılmış tarixi haqqında məlumatları məktəblilər üçün çox maraqlı oldu. Qobustanda yaşamış qədim insanların həyat tərzi, təsərrüfatı, məşğuliyyətləri, dini təsəvvürləri barədə məlumatları diqqətlə dinlənildi. Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanışlıq məktəblilərin böyük marağına səbəb oldu və onların xatirəsində xoş, silinməz izlər buraxdı.
Ekskursiyada məktəblilərlə yanaşı valideynlərdən də nümayəndələr iştirak edirdilər.
“Qarabağ” tarix klubunun yaradılmasını yüksək qiymətləndirən və klubun fəaliyyətini daim yaxından izləyən Laçın rayon B.Məmmədov adına Minkənd kənd tam orta məktəbinin direktoru İlqar Şahverdiyevə ekskursiyanın təşkil edilməsində göstərdiyi maddi köməkliyə görə öz təşəkkürümüzü bildirir, bu nəcib və xeyirxah əməlinə görə ona minnətdarlıq edirik.

Aqil CABBAROV,
Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbində fəaliyyət göstərən “Qarabağ” tarix klubunun rəhbəri


“Tarix gecəsi”ndə şagirdlər arasında viktorina keçirilib

Şabran rayon Şahnəzərli kənd tam orta məktəbində tarix müəllimi Ləman Şirəliyevanın təşkilatçılığı ilə “Tarix gecəsi” keçirilib.
Gecədə məktəbin müəllim və şagird kollektivi, rayon təhsil şöbəsinin əməkdaşları, həmçinin digər rayon məktəblərindən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra əsgər geyimli şagirdlərin müşayiəti ilə səhnəyə Azərbaycan bayrağı gətirilib və “Əsgər marşı” oxunub. Eyni zamanda şagirdlər tarixi şəxsiyyətlər barədə topladıqları maraqlı məlumatları təqdim ediblər.
Tədbirdə şagirdlərin ifasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” və başqa vətənpərvər ruhlu şeirlər səsləndirilib. Sonra Qarabağ tarixi haqqında videoçarx göstərilib və IX-XI sinif şagirdləri arasında tarixə dair viktorina keçirilib.
Tədbir diskussiya şəklində başa çatıb.

Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Şagirdlərin mülki müdafiə sahəsində bilikləri artırılır

Abşeron rayon ümumtəhsil məktəblərində mülki müdafiə ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Tədbirlərdə rayon təhsil şöbəsinin əməkdaşları, Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin nümayəndələri, müəllim və şagirdlər iştirak edirlər.
Məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək təbii fəlakət, yanğın, qəza hadisələri zamanı düzgün təxliyyə tədbirlərinin görülməsinə və onların qarşısının alınmasına nail olmaqdır.
Tədbirlər zamanı mülki müdafiəyə məsul şəxslərin çıxışlarından sonra məktəblərdə süni partlayış və ya yanğın hadisələri təşkil olunur və həyəcan siqnalı verilir. Növbətçi müəllimlərin köməyi ilə şagirdlər məktəb binasından təxliyyə olunur və şərti xilasetmə əməliyyatları başlanılır.
Eyni zamanda məktəblərdə maarifləndirici “açıq dərs”lər keçirilir. Dərslərdə şagirdlər fövqəladə hallarla bağlı biliklərini, ilkin tibbi yardım bacarıqlarını nümayiş etdirirlər.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


“Müəllim yaradıcı olmalıdır”

Lalə Məmmədova: “İlk dərs günündə şagirdlərim məni sevinc hissi ilə qarşıladılar”

“Rayonumuzun gənc müəllimləri” rubrikasının qonağı Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbinin musiqi müəllimi Lalə Məmmədovadır. O, 1993-cü ildə Gəncə şəhərində anadan olub. 2016-cı ildə Gəncə Dövlət Universitetinin musiqi müəllimliyi fakültəsini bitirib. Elə həmin il də Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu imtahanında iştirak edib. Nəticədə 40 bal toplayaraq Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbinə musiqi müəllimi təyin edilib. Biz gənc müəllim Lalə Məmmədovanın fikir və təəssüratlarını öyrənmək üçün çalışdığı məktəbdə olduq:

- Lalə xanım, necə oldu ki, müəllim olmağa qərar verdiniz?
- Kiçik yaşlarımdan bu peşəni sevirəm. Cəmiyyətdə gələcək nəslin daha bilikli və dünyagörüşlü olmasına bacardığım qədər yardımçı olmaq istəyirəm.
- Bu məktəb ilk iş yerinizdir. Şagirdlərlə ilk dərs gününüz necə keçib?
- Bəli, məktəb ilk iş yerimdir. Buna baxmayaraq, ilk dərs günündə şagirdlərim məni sevinc hissi ilə və xoş əhvalla qarşıladılar.
- Pedaqoji kollektivin sizə münasibəti necədir?
- Zaman keçdikcə kollektivin mənə qarşı xoş, isti və mehriban münasibətini daha yaxından hiss edirəm. Çox sevincliyəm ki, belə mehriban, istiqanlı və yardımsevər kollektivdə çalışıram.
- Siz tədris etdiyiniz fənnə qarşı şagirdlərdə necə maraq yaradırsınız?
- Əlbəttə, müəllim yaradıcı olmalıdır. İlk gündən şagirdlərim arasında müxtəlif yarışlar təşkil edirəm. Tədris proqramına uyğun olaraq bəzi məşhur musiqiçilərin ifasında əsərlərə kompüter vasitəsi ilə qulaq asdırıram. Çalışıram ki, dərsdə bütün şagirdlər fəal iştirak etsinlər.
- Sonda özünüz kimi gənc müəllimlərə nə tövsiyə edərdiniz?
- Həmkarlarım unutmamalıdırlar ki, müəllimlik çox müqəddəs, dəyərli, dəyərli olduğu qədər də məsuliyyətli bir peşədir. Seçdikləri peşəni həmişə uca tutsunlar.

Nurəddin BABAYEV,
Samux Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


“Vətənin müdafiəsinə hazıram” devizi altında rayon birinciliyi

“Vətənin müdafiəsinə hazıram” devizi altında poliation çoxnövçülüyü üzrə Daşkəsən rayon ümumtəhsil məktəblilərinin şagirdləri arasında rayon birinciliyi keçirilib. Yarışda ümumtəhsil məktəblərinin VIII-XI siniflərində oxuyan, həkim müayinəsindən keçmiş şagirdlər iştirak ediblər. Gərgin mübarizə şəraitində keçən yarışda iştirakçılar çoxnövçülüyə daxil olan qumbara atma, turnikdə dartınma və 100 metr məsafəyə qaçış idman növləri üzrə qüvvələrini sınayıblar.
Yarışda 8 komanda iştirak edib. Yarışın keçirilməsində məqsəd məktəblilər Vətənin müdafiəsinə hazırlığını inkişaf etdirmək, gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsinə nail olmaqdır.
Sonda I, II və III yeri tutan komandalar rayon gənclər və idman idarəsinin təsis etdiyi diplomla təltif olunacaqlar.

Mikayıl MİKAYILLI,
Daşkəsən Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Şakir CƏFƏROV

yuxarı ⤴