1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Qazandığım hər bir qələbə inamımı daha da artırır”
22.04.2017 / No14

 

 

 


Məşədiəlifağa Haqverdiyev, dünya çempionu: “Bütün rəqiblərimi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdım”

Rəşad ZİYADOV

Son illər ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir ki, idmançılarımız iştirak etdikləri bir sıra beynəlxalq yarışlardan vətənə medallarla qayıdırlar. Respublikamızı beynəlxalq turnirlərdə layiqincə təmsil edən idmançılarımızdan biri də Məşədiəlifağa Haqverdiyevdir. Bu yaxınlarda Gürcüstanda keçirilən dünya çempionatından qalibiyyətlə qayıdan dünya çempionu ilə görüşüb, bu və ya digər suallarımıza cavab tapmağa çalışdıq.
Haqverdiyev Məşədiəlifağa Məftun oğlu 2004-cü il martın 8-də Biləsuvar rayonunun Ağəyri kəndində anadan olub. 2010-cu ildə Bakıdakı 18 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Hazırda həmin məktəbin 7 “d” sinif şagirdidir. İdmanın kinq-boksinq və muay tay döyüş növləri üzrə iki dəfə dünya çempionatının və beynəlxalq turnirlərin qalibidir. Onun hələ 8-9 yaşlarından idmanın bir çox növlərinə böyük həvəsi olub. Lakin müntəzəm məşğul olmaq üçün məhz balaca çempionumuz kinq-boksinq və muay idman növünü seçib.

- Məşədiəlifağa, idman sənin üçün nə deməkdir?
- Hər şeydən əvvəl, əməkdir, zəhmətdir, işdir və bədənin sağlamlığıdır. Başlıca olan inamdır. İnam varsa, uğur da olar. Qazandığım hər bir qələbə mənim inamımı daha da artırır.


- Necə oldu ki, səndə idmanın bu növünə həvəs yarandı, məşqlərə neçə yaşından başladın?
- Uşaqlıq illərim Rusiya Federasiyasında keçib. Belə ki, 2005-ci ildən 2009-cu ilə qədər orada yaşamışıq. 2009-cu ilin sonlarında ailəmiz Bakıya qayıtdı. 2010-cu ildən idmanın kinq-boksinq və muay tay döyüş növləri ilə məşğul olmağa başladım. 2016-cı ilə kimi ölkədaxili yarışlarda iştirak etdim. Daha sonra məşqçi müəllimim, yığma komandanın üzvü Muxtar Allahyarovun məsləhəti ilə beynəlxalq yarışlara da qatıldım. İlk yarışım 2016-cı il avqustun 26-da Gürcüstanda oldu. Burada 10-a yaxın ölkənin iştirakı ilə keçirilən Qafqaz çempionatında iştirak etdim və bütün rəqiblərimi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Həmin il dekabrın 4-də Bakıda muay tay üzrə 11-12 yaşlı idmançılar arasında keçirilən dünya çempionatında 40 kq çəki dərəcəsində final oyununda Rusiya təmsilçisi ilə qarşılaşdım. Rinqdə rəqibimə zərbə vurmağa imkan vermədim. Onu məğlub edib I yerə çıxdım. 2016-cı ilin dekabr ayında Gürcüstanda15-ə yaxın ölkənin idmançılarının iştirak etdiyi dünya çempionatı mənim həyatımda daha yaddaqalan oldu. Çünki bu dünya çempionatının finalında mən erməni ilə qarşılaşdım.


- Erməni rəqibinlə finalda görüşəndə hansı hissləri keçirirdin? Məğlub olmaq qorxusu var idimi?
- İlk dəfə idi ki, erməni idmançı ilə döyüşürdüm. Qarşıma məqsəd qoymuşdum ki, erməni ilə döyüşəsi olsam, mütləq qalib gəlim. Rəqibim mənə o qədər də güclü təsir bağışlamadı. Amma bir məsələni də qeyd edim ki, zəif idmançı finala çıxmır. İstər erməninin özünə, istərsə də “erməni” sözünə elə bir nifrətim var ki, onu sözlə ifadə etməyə çətinlik çəkirəm. Erməni tarix boyu mənim xalqıma düşmən kəsilib. Bu düşmən misli-bərabəri olmayan faciə yaşadıb bizlərə. Ermənilər (kövrələrək) mənim əmimi də Qarabağ döyüşlərində şəhid ediblər. Mən bu mənfur düşmənin idmançısını məğlub etməyə bilməzdim. Erməni idmançıya göz açmağa belə imkan vermədim. Rəqibimi 6:0 hesabı ilə məğlub edərək dünya çempionu oldum və qara kəməri ondan aldım. Əgər, allah eləməmiş, mən erməniyə məğlub olsaydım, əmimin və şəhidlərimizin ruhu məni bağışlamazdı.


- Şəhid əmin haqqında oxucularımıza nə deyə bilərsən?
- Əmim Cavid Haqverdiyev 1975-ci ildə Biləsuvar rayonunun Ağəyri kəndində anadan olub. Məndən böyüklər onun haqqında danışaraq deyirdilər ki, əmim çox vətənpərvər olub. O, Qarabağ müharibələri başlayandan vətənin müdafiəsinə can atıb. 1992-ci ilin iyununda evdən qaçaraq könüllü döyüşlərə qatılıb və həmin il sentyabr ayının 22-də Laçın rayonunun Su dərəsi yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
- Maraqlıdır, gününü necə qurursan. Məşqlərə günün hansı saatları vaxt ayırırsan?
- Hər gün tezdən, saat 6:30-da dururam. İdmanı edib, məktəbə gəlirəm. Dərslərim saat 14:00-da qurtarır. 3-ün yarısı evə çatıb dərslərimi oxuyuram. Axşama doğru saat 18:00-da məşqimə gedirəm. Məşqdən qayıdandan sonra axşamlar saat 20:30-dan 21:30-dək həyətdəki meydançada qaçıram.


- İdmanda özünə örnək hesab etdiyin var?
- Bəli, mən idman aləmində Zabit Səmədovu və Badr Harini çox bəyənirəm. Onların döyüş videolarına baxıram. Adlarını çəkdiyim döyüşçülərin idman aləmində böyük uğurları var. Çox güclü idmançılardır. Onlardan mən çox idman hərəkətləri öyrənirəm.


- Məktəbə, dərslərinə xüsusi önəm verdiyini dedin. Maraqlıdır, gələcək karyeranı hansı sahədə qurmaq istəyirsən?
- Mənim aləmimdə təhsilin yeri başqadır. Müəllimlərimi çox sevirəm. Sinif yoldaşlarımı da həmçinin. Biz əvvəl Nizami metro stansiyasının yaxınlığında yaşayırdıq. Ona görə də birinci sinfə 18 nömrəli tam orta məktəbdə getmişəm. Müəyyən vaxtdan sonra ailəmiz Sabunçu rayonuna köçdü. İndi mən məktəbə oradan gəlirəm. Məsafənin uzaq olmasına baxmayaraq, məktəbimizdən və sinif yoldaşlarımdan ayrılmamaq üçün gedib-gəlirəm. O ki qaldı gələcəkdə hansı sahədə karyerama, Polis Akademiyasına qəbul olmaq istəyirəm. Müstəntiq işləmək arzusundayam.
Müsahibə zamanı Məşədiəlifağanın məşqçi-müəllimi Muxtar Allahyarov və 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanova da bizimlə idi. Fürsətdən istifadə edib onların da çempionumuz haqqında fikirlərini öyrəndik.
Bakıdakı 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanova: “Məşədiəlifağa məktəbimizin 7 “d” sinif şagirdidir. Bu sinif xüsusi sinif sayılır. Çünki bu sinif alman dili təmayüllü sinifdir. Bunu deməkdə məqsədim odur ki, o, alman dilini də yaxşı bilir. Dərslərinə qarşı çox diqqətlidir. İntizamlı, səliqəli, barmaqla göstərilən nümunəvi şagirddir. Onun dünya çempionu olduğunu eşidəndə, həqiqətən də biz çox sevindik. Bu ilin fevral ayında Gürcüstandan qələbə ilə dönməsi və erməni idmançısını məğlub etməsini biləndə isə bütün məktəb onu ayaq üstə qarşıladı. Ölkəmizin adını belə yüksəklərə qaldıran idmançılarımızla fəxr edirik və onlara yeni-yeni tarixə düşən qələbələr arzu edirik.
Məşqçi-müəllim Muxtar Allahyarov: “25 ildir ki, idmandayam. On ildən artıqdır ki, məşqçi-müəllim işləyirəm. Haqqında danışdığımız bu balaca çempionumuz çalışqan, əziyyətdən qorxmayan, bacarıqlı və fiziki cəhətdən çox güclü bir idmançıdır. Onun zala ilk gəlişini indiki kimi xatırlayıram. Məşədiəlifağanın 8 yaşı var idi. Olduqca çəlimsiz və sıxıntılı halda zala gəldi. Valideynləri mənə sual verdilər ki, bu uşaqdan idmançı olar? Dedim ki, sizin sualınıza bir aydan sonra cavab verəcəm. Bir ay ərzində artıq mən müəyyənləşdirmişdim ki, bu uşaq gələcəyin ən güclü idmançılarından biri olacaq. Məşədiəlifağa elə bir idmançıdır ki, onun haqqında yarışa getməzdən əvvəl proqnoz vermək olar ki, qalib olacaq, ya yox. Mən belə yetirmələrimlə fəxr edirəm.
Fürsətdən istifadə edib bir şeyi xüsusilə qeyd etmək istərdim. Azərbaycanın istənilən sahədə olan inkişafına görə və ən önəmlisi, Azərbaycan idmanının bu qədər öndə olması, seçilməyimiz, birincilər sırasında olmağımız üçün biz hamımız Prezidentimizə borcluyuq. Onun qayğısı, diqqəti bizim üçün önəmli məqamdır. Bu gün birmənalı qaydada demək olar ki, cənab Prezident bütün idmançıların ən böyük dostu və himayədarıdır.

yuxarı ⤴