|
İrəvanda və Naxçıvanda məscid məktəbləri və
mədrəsələri alimin araşdırmasında
İsmayıl ƏLİYEV,
pedaqogika üzrə elmlər doktoru, professor
Bu günlərdə Naxçıvan Dövlət Universitetinin pedaqogika və psixologiya
kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin
“XIX əsr və XX əsrin əvvəllərində İrəvanda və Naxçıvanda məscid məktəbləri
və mədrəsələr” adlı kitabını oxudum. Araşdırılan problemin günümüzdə
vacibliyi, müəllifin məsələ ilə bağlı ilk mənbələrə müracət etməsi, bütöv
əsər üçün məntiqi tamlıq, bir az da publisistik ruhda verilmiş şərhin
gözəlliyi mənə çox maraqlı göründü. Müəllif ilk mənbələrə- arxiv sənədlərinə
və dövri nəşrlərə istinad edərək göstərir ki, məscid məktəbləri ayrı-ayrı
tarixi mərhələlərdə xalqın və ölkənin həyatında çox əhəmiyyətli mövqeyə
malik olmuş, milli-mənəvi düşüncənin formalaşmasında öz funksiyasını şərəflə
yerinə yetirmişdir.
Tədqiqat işində müəllif bu tədris müəssisələrinin müxtəlif tarixi dövrlərdə
daşıdığı funksiyanı üzə çıxarmağı bacarmış və bununla da tədqiqatın
konsepsiyasını - əsas fikir, düşüncə qatını doğru-düzgün müəyyənləşdirə
bilmişdir. Haqlı olaraq göstərilir ki, ilkin və orta əsrlərdə ölkədə savad
təlimi və şəriətin əsaslarını yetişən nəslə öyrətmək, həmçinin zaman-zaman
nəsillərin, böyük mütəfəkkirlərin ali mədrəsə təhsilinə, yaxud müstəqil
şəkildə təhsillənmə yoluna işıq salmaq məhz bu məktəblər vasitəsi ilə mümkün
olmuşdur. Digər tərəfdən, bəhs olunan əsrlərdə bu təhsil müəssisələri dövlət
idarələrində kargüzarlığın, əhali arasında yazılı ünsiyyətin formalaşmasına,
ümumən ölkədə savad təliminin yayılmasına xidmət etmişdir. Orta əsrlərdə
Azərbaycanda gənc nəslin təhsil və tərbiyəsinin əsasları məscid yanındakı
məktəblərdə qoyulmuşdur ki, həmin savad ocaqları Azərbaycanın bütün
regionlarında, o cümlədən İrəvanda və Naxçıvanda yeganə tədris müəssisələri
kimi fəaliyyət göstərmişdir.
Tədqiqat XIX əsr və XX əsrin əvvəllərində fəaliyyət göstərən məscid
məktəblərinin öyrənilməsinə həsr olunmuşdur, Müəllif ayrıca bir dövr üzrə bu
tədris müəssisələrinin tarixini öyrənərkən hansı məqsədləri, əsas qayəni
izlədiyini dəqiq ifadə edə bilmişdir. XIX əsrin əvvəllərindən etibarən
Rusiyanın müstəmləkə siyasətindən asılı olmayaraq Zaqafqaziyanın
azərbaycanlılar yaşayan bütün bölgələrində, o cümlədən İrəvanda və
Naxçıvanda məscid məktəblərinin öz fəaliyyətini davam etdirdiyi məlum
həqiqətdir. Lakin bu tədris müəssisələrinə fərqli baxışlar, çox halda düzgün
olmayan yanaşmalar olmuşdur. Müəllif bu təhsil ocaqlarına dövrün rəsmi və
ictimai fikrinin münasibətlərini müəyyənləşdirərək yazır: “ XIX əsr və XX
əsrin əvvəllərində rus Qafqazşünaslığı və pedaqoji ədəbiyyatında müsəlman
təhsil sisteminin tənqidi kifayət qədər geniş yayılmışdı. Əlbəttə, bu
fikirlərin əsasında mübahisə doğurmayan cəhətlərlə yanaşı, əsası olmayan,
kəskin və qərəzli fikir və qənaətlər də yer almışdı. Bu mənbələrdə
xarakterinə görə daha mənfi, dözülməzlik göstərməyə səbəb olan yanaşma və
münasibətlərdən biri bütün ruhani ziyalı və müəllimlərə eyni nəzərlərlə
baxılması, eyni xarakteristikaların verilməsi idi. Halbuki, bu zümrə
içərisində İslam dininin əsaslarını mükəmməl şəkildə öyrənib mənimsəmiş,
dövrün açıqgözlü, xalqın təəssübünü çəkən ruhani ziyalılar da az deyildi.
Onlar yetişən nəslin öz dini-milli dəyərləri əsasında formalaşmasına,
zamanın tələblərini dərk edən, ona uyğunlaşan insanlar kimi yetişməsinə
bütün qüvvə və bacarığını, zəka və istedadını əsirgəməmişlər”. Müəllifin
araşdırdığı məsələyə məhz belə bir münasibət əsərin uğurlarının təmin
olunmasına zəmin yaratmışdır.
Müəllif qaldırdığı problemə, həll etmək istədiyi məsələyə bu günün
prizmasından baxmağı bacarmış, konkret tarixi dövr kimi, həm də çox mürəkkəb
şərait olaraq XIX əsrdə ənənəvi məktəblərin vəziyyətinə düzgün münasibət,
həqiqi elmi yanaşma nümayiş etdirə bilmişdir. Tədqiqatçı elmi obyektivlik
naminə məscid məktəblərinin dövrə, zamana görə zəif və nöqsanlı cəhətlərini
də üzə çıxarır. Lakin bununla belə, xatırladaq ki, məscidlər uzun zaman
əhali arasında əsasən dini səciyyəli olsa da çox mühüm maarifləndirmə silahı
olmuşdur. Müəllifin müəyyən tarixi mərhələdə İrəvan və Naxçıvan bölgəsi üzrə
məscidlərin və məktəblərin arealını müəyyənləşdirməyə göstərdiyi səylər
sosial mənası ilə də diqqəti cəlb edir. Tədqiqatdan yaranan qənaət belədir
ki, bölgədəki məktəb və məscidlərin öyrənilməsi bu əraziyə siyasi təsirlərin
öyrənilməsinə, həmçinin “erməni xülyalarının” əsassızlığı, bölgənin
milli-etnik xüsusiyyətlər baxımından kimə mənsub olması məsələlərinə
aydınlıq gətirən vasitələrdən biridir. Həqiqətən də Rusiyanın müstəmləkə
işğalı nəticəsində bölgənin siyasi quruluşunun dəyişməsi, əlavə olaraq
imperiya siyasəti fonunda “erməni kartı” kimi bədnam vasitədən istifadə
edilməsi şəraitində məscidlərin və məktəblərin bölgədəki mövcudluğunun necə
bir əhəmiyyətə və mahiyyətə malik olduğunu sübut etməyə ehtiyac qalmır.
Bölgənin dini təsisatları və onların nəzdindəki təhsil ocaqlarının ilk
mənbələr əsasında dəqiq və elmi təsvirinin verilməsi əsərin mühüm
məziyyətidir. Arxiv sənədlərində, hökumətin Qafqaz təhsili üzrə
hesabatlarında, çoxcildlik tarixi-etnoqrafik nəşrlərdə, hərbi və ümumi
statistik mənbələrdə, ensiklopedik-təqvim xarakterli məcmuələrdə, yol
qeydləri və səyahətnamələrdə məscidlər və onların yanındakı məktəblər
haqqında materiallar diqqətlə, elmi həqiqəti üzə çıxarmaq naminə
öyrənilmişdir.
|