1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Metodika
Mənim yolum
23.04.2016/№15

 


Gülbəniz SEYİDOVA,
Qax şəhər 2 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim

Hər şey bir arzudan başlayar. Mənim yolum da hələ uşaq ikən müəllim olmaq istəyindən başlayıb. Bu gün müəllimliyə təsadüfi gələn gəncləri gördükdə ürəyim ağrayır, çünki müəllimlik qəlbin istəyi ilə olmalıdır. 35 ildən çoxdur ki, bu yolla addımlayıram. Partaların arası ilə üzünü günəbaxan çiçəkləri kimi mənə doğru çevirmiş uşaqların əhatəsində, kim bilir, neçə min kilometr yol qət etmişəm, lakin həyatımda bir an belə müəllim olmaqdan peşmanlıq hissi duymamışam. Bu uzun yolçuluq boyu bir çox həqiqətləri kəşf etdim və bu həqiqətlər mənim iş prinsiplərimdir. 1-ci prinsip. Müəllim daim öyrənməyə çalışmalıdır. Əgər bilirsənsə, yarıxoşbəxtsən, öyrənməyə can atırsansa, sənə iki xoşbəxtlik birdən üz vermişdir. Gələcəyə qucaq aç, şüurumuzda, düşüncələrimizdə kök salmış stereotipləri dağıtmaqdan qorxma, ancaq heç vaxt sinif otağını və şagirdlərini mənasız təcrübələrinə alət etmə. Düşün, ölçüb-biç, sonra tətbiq et. Unutma ki, müəllimin səhvlərinin aradan qaldırılması uzun zaman tələb edər. VIII sinif üçün Azərbaycan dilindən hazırladığım dərs üçün mövzu olaraq A.P.Çexovun “Üzüboş” hekayəsini seçdim. Onu da deyim ki, bu mövzu dərslikdə nəzərdə tutulmamışdır, lakin bilirəm ki, müəllim mövzu seçməkdə sərbəstdir, bir şərtlə ki, dərsdən gözlənilən nəticələr proqramın tələbinə uyğun olsun. Bu hekayədə insanın öz haqqını tələb etməsi kimi vacib keyfiyyətdən söhbət açılır. Dərsimin əvvəlində şagirdlərimi dərsə cəlb etmək üçün test üsulundan istifadə etdim.


TEST: Təsəvvür edin ki, qonşunuzun böyük alma bağı vardır və yay tətili müddətində sənə təklif edir ki, ona alma yığmaqda kömək edəsən. Yığdığın hər vedrə almaya görə sənə 20 qəpik vəd edir. Lakin yığım qurtardıqda 20 qəpik əvəzinə 10 qəpik verəcəyini söyləyir. Bu vəziyyətdə necə hərəkət edərdin?
A) Məndən yaşca böyük olduğu üçün onun dediyi ilə razılaşardım.
B) Bu barədə valideynlərimlə məsləhətləşdikdən sonra cavab verərdim.
C) Öz mövqeyimi müdafiə edərək haqqımı tələb edərdim.
D) Onunla hər vedrə üçün 15 qəpik haqqında danışıqlara başlamağı qərara alardım.
Şagirdlərin hansı cavab variantını seçdiklərinə aid fikirlərini dinləyirəm. Sonra isə hər cavabın hansı insan xarakterinə aid olmasına aid yazını onların diqqətinə çatdırıram.
A) Siz ədalətsizliyə uğradıqda müqavimət mövqeyini itirirsiniz.
B) Bu, başqasının fikrindən asılı olmağın əlamətidir.
C) Siz demokratik cəmiyyətdə yaşamağa layiq fəal vətəndaş olacaqsınız.
D) Siz şəxsi mənafeyinizi düşünürsünüz, unutmayın ki, bu, başqalarına qarşı laqeydlik yaradır.
Bu hekayə şagirdlərimi fəal müzakirəyə cəlb edir. Onlar həm öz fikirlərini bildirirlər, həm də yoldaşlarının fikirlərinə münasibətlərini də dilə gətirirlər. Hekayə fəal vətəndaş haqqındadır və müstəqil Azərbaycan üçün də məhz bu cür vətəndaşlar tərbiyə etmək lazımdır. Bu gün dilimizə, adət ənənələrimizə, milli-mənəvi dəyərlərimizə uzanan yad əllərin qarşısını kəsmək üçün biz belə mübariz, öz haqqını bilən və tələb edən gənc nəsil formalaşdırmalıyıq.
Bu hekayənin sonunda müəllif maraqlı ifadə işlədir. Mən isə bu ifadəni şagirdlərimə verdiyim hekayənin axırında yazmamışam. “Aforizm yarat” üsulundan istifadə edərək onları bu ifadənin necə ola biləcəyi ilə bağlı işə cəlb edirəm. Müxtəlif fikirlər səslənir, sonra ekranda aşağıdakı sözlər görünür:
Güclü olsan yaşamağa nə var ki?
II prinsip. Şagirdlərinlə öz həmkarlarınmış kimi rəftar et, onlarla məsləhətləşməkdən, onlarla hər yeni “kəşfin” sevincini bölüşməkdən zövq al.
Məlumdur ki, ədəbiyyat dərslərində tədris olunan əsərlərin ideyasının müəyyən olunması bir qədər çətindir. Şagirdlərin hansı qənaətə gəlmələri onların bu əsəri necə anladıqlarını və ondan çıxardıqları nəticəni əks etdirir. Bunun üçün də onların necə oxucu olduqları çox mühüm məsələdir. Bizim belə bir üsulumuz var. Biz əsərin oxusu zamanı “mən necə oxuyuram?” cədvəli ilə işləyirik.

1 Əsərin adı mənə nə deyir?
2 Bu barədə nə bilirəm?
3 Tanış olmayan sözləri qeyd etməyi və mətnə əsasən mənalarını izah etməyi unutma. Lüğət.
4 Oxu sürətinə diqqət et. Həm sürətli oxu, həm də dərk et. Anlamadığın hissələrə aid suallar.
5 Mətnin bitkin hissələrindən sonra gəldiyin qənaətləri qeyd et.

Bizim hamımız eyni cədvəllə işləyirik. Mənim cədvəlim əvvəlcədən hazır olur. Bu, onların qeydləri üçün meyar rolunu oynayır. Hər dəfə onların fikirləri ilə mənim fikirlərim üst-üstə düşdükdə birlikdə sevinirik. Bəs başqa fikri olanlar? Onları heç vaxt unutmaq olmaz. Ümumiyyətlə, mənim aləmimdə şagirdin səhvi anlayışı yoxdur. Həmin səhvə elə don geydirmək lazımdır ki, şagird bunu səhv yox, həqiqətə doğru yolda bir addım hesab etsin:
- Sənin gəldiyin qənaətdə bu cəhət mənim diqqətimi cəlb edir. Bu çox maraqlıdır.
- Bu ifadəni çox doğru seçmisən. Əgər bu istiqamətdə fikirlərini genişləndirsəydin, yaxşı alınardı.
- Sənin lakonik tərzdə fikir söyləməyini bəyənirəm. İdeyanı müəyyənləşdirməkdə bu çox mühümdür və s.
Bu cür sözlər sinif otağından çıxan hər şagirddə öz fəaliyyəti ilə bağlı müsbət emosiyalar yaradacaqdır.
III prinsip. Özünü inkişaf etdir. Qoy şagirdlərin sənin informasiyalarla, məlumatlarla dolu olduğunu hiss etsinlər. Ədəbiyyat müəllimi üçün ən vacib olan mütaliəni unutma, özün oxu, təəssüratlarını şagirdlərinlə bölüş.Yalnız bu yolla onları da mütaliəyə həvəsləndirə bilərsən. Zəngin və mükəmməl nitqinlə nümunə ol, buna necə nail olmağın yollarını onlara da öyrət. Həm öz nitqinə, həm də şagirdlərinin nitqinə tənqidi yanaş.
Bu gün Azərbaycan dili fənn kurikulumu müəllimdən geniş dünyagörüşü tələb edir. Dərsliklərimizdə olan elmi-kütləvi mətnlərin şagirdlərə yüklü görünə bilməməsi üçün daha səmərəli yollar seçmək müəllimdən həmin mövzuya bələd olmağı tələb edir. Bu isə yalnız mütaliə vasitəsilə mümkündür. Yay tətilinə buraxılmamışdan qabaq şagirdlərimə oxunacaq kitabların siyahısını təqdim edirəm. Tətildən qayıtdıqda onlar özləri ilə qeydlərini də gətirirlər. Təəssüflə qeyd etməliyəm ki, mütaliənin kütləvi xarakter almasına nail ola bilməmişəm. Tətildən qayıtdıqda mütaliə dəftərlərinin şagirdlərimin sayından az olması məni məyus etdi. Yollar düşündüm və biz layihə keçirməyi qərara aldıq. Layihə “hamılıqla mütaliə” devizi altında keçirilməli idi. Bilirdim ki, şagirdlərimi mütaliəyə zorla yox, həvəsləndirmə yolu ilə cəlb edə bilərəm. Necə etməliyəm ki, həm özləri oxusunlar, həm də başqalarını bu işə cəlb edə bilsinlər?! Bu məqsədlə altıncı siniflə birlikdə işə başladıq. “Hamılıqla mütaliə” adlı layihənin mətnini hazırladım. Burada məqsədi, layihənin mərhələlərini, gözlənilən nəticələri oxunan kitablar haqqında şagirdlərdən məlumatların toplanması, oxucu vərəqlərinin hazırlanmasını, fənn müəllimlərinin görəcəyi işləri, mükafatlandırmanı, yekun tədbirin keçirilməsini qeyd etdim.
Layihə müddətində şagirdlərin fəallığının artması diqqətimi cəlb etdi. Axı onlar bu işdə özləri yeni ideyalarla çıxış edə bilərdilər və digər siniflərlə müqayisədə birinci olmaq üçün layihə artıq yarış xarakteri almağa başladı. Xüsusilə də onlar hamilik etdikləri ibtidai sinif şagirdlərini də bu işə cəlb edir, onlarla birlikdə kitabxanaya gedərək kitab seçir və vaxtaşırı olaraq bu kitabları necə oxuduqları barədə onlarla söhbət aparırdılar. Layihə arasında kitabxana əməkdaşları ilə birlikdə müxtəlif tədbirlərdə iştirak elədik. Nobel mükafatı laureatı, ərəb dünyasının məşhur siması N.Məhfuzun “Fivin mübarizəsi” romanının müzakirəsi maraqlı keçdi. Güman edirəm ki, torpaqlarının bir hissəsi işğal altında olan bir ölkənin vətəndaşları üçün bu cür əsərlərin oxunması çox faydalıdır.
IV prinsip.Tərbiyə işi ilə təhsili bərabər tut, ancaq heç zaman sözünlə əməlin arasındakı vəhdəti unutma. Bilik və bacarığını başqaları ilə bölüş, həmkarlarından öyrən, qoy həyatda nümunə götürmək üçün həmişə bir öncülün olsun, lakin başqalarını təkrar etmə, çalış öz yolun olsun.
Mən öz dilimi sevirəm, ona əsl vətəndaş qayğısı göstərməyə çalışıram. Sevdiyim, candan bağlı olduğum bu mənəvi sərvəti şagirdlərimə də sevdirməyə çalışıram. Axı onların bütün fənlərə olan yolu məhz Azərbaycan dili dərsliyindən keçir.
İstedadlı şagirdlər bizim sərvətimizdir, ölkəmiz onlarla irəliləyəcəkdir. Məktəbimizdə kiçik elmi akademiya fəaliyyət göstərir. Şagirdlərimin içindən elmi işə həvəsi olanları diqqətlə seçərək onlarla kiçik tədqiqatlar aparırıq. Son işimiz “Dərketmədə təsəvvürün rolu” adlanır. Çalışdıq ki, vizual görüntüsü çətin olan anlayışların dərk edilməsini asanlaşdıran bir neçə üsul təklif edək. Bu işdə şagirdimin əsas rol oynaması önəmlidir, ona öz məsləhətlərimlə kömək edərək əsl elmi fəaliyyətin gərgin əmək və səbr tələb etdiyini anlamasına çalışıram.
V prinsip. Təhsildə peşəkar heyətin fəal vətəndaş mövqeyi çox vacibdir. Dövlətinin siyasəti, təhsil sahəsindəki islahatlarına münasibətdə əsl vətəndaş mövqeyi göstər, doğru qərarları hər zaman dəstəklə. İşinlə, fəaliyyətinlə ölkənin güclənməsinə xidmət et, şagirdlərini də bu cür tərbiyə et.
Mən gələcək haqqında optimist olaraq düşünürəm. İnanıram ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. İslahat inqilab deyildir, biz köhnənin üzərində yenini asan qura bilmərik. Hətta bu günün özündə də yeniliyi qəbul etmək istəməyənlər, təhsil sahəsində baş verənlərə seyrçi mövqeyində qalanlar vardır. Onlar başa düşməlidirlər ki, Azərbaycan yeni inkişaf yolundadır. Bu yol həyatımızın bütün sahələrində köklü dəyişikliklər tələb edir, eləcə də təhsilimizdə. Biz istəsək də, istəməsək də həyat bizi dəyişdirəcəkdir.
Hər yolçuluq kiçik bir addımdan başlayar. Mənim yolum ölkəmin gənc vətəndaşlarının kövrək addımları ilə birgə başlamışdır. Biz birlikdə Azərbaycanın gələcəyinə doğru irəliləyirik.

yuxarı ⤴