1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Metodika
Müasir dərsi qurarkən nələrə diqqət edilməli?
23.04.2016/№15

 


Leyla BAYRAMOVA,
Ağdaş şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi

Öz üzərində işləyən müəllimlər müasir dərsin qurulması qaydaları, eləcə də tətbiqi ilə yaxından tanışdırlar. Müasir dərsin özünəməxsus mərhələləri vardır ki, bu mərhələlər doğru şəkildə tətbiq edildiyi zaman mükəmməl dərs qurmaq mümkün olur. Hətta müəllim və şagirdlər dərs prosesindən zövq alırlar. Müasir dərsi tətbiq etmək üçün dərsin mərhələləri üzrə qarşıya qoyulmuş qaydalar, vaxt, meyarlar, tapşırıqlar və s. düzgün yerinə yetirilməlidir.
Müasir dərsin üstünlükləri nələrdir?
Dərsə hazırlaşarkən müəllim daha çox əmək sərf edir. Nəticədə mükəmməl şəkildə dərs qurur. Şagirdlər tərəfindən dərs maraqsız və darıxıdırıcı deyil, daha maraqlı qəbul edilir. Dərsdə şagirdlər 45 dəqiqənin necə keçdiyinin fərqində olmurlar. Çünki dərs bütün siniflə həyata keçirilir, nəticədə bütün şagirdlər dərsdə öyrənmə prosesinə cəlb edilir. Dərs şagirdlərin maraqlarına, eləcə də dövlətin qoyduğu tələblərə uyğun olaraq qurulur. Fəal dərs zamanı şagirdlər “öyrənməyi öyrənirlər”. Çünki şagirdlərə informasiyalar emal edilərək deyil, təfəkkürlərini inkişaf etdirmək üçün tapşırıqlar formasında verilir. Şagirdlər tədqiqat prosesində problemi özləri həll edir və təfəkkürləri inkişaf edir.
Fəal dərsin əsas üstünlüyü ondan ibarətdir ki, o, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir.
Fəal təlimin üsullarından istifadə nəinki şagirdin təfəkkürünün inkişafına, eyni zamanda “qarşılıqlı fəaliyyət” zamanı müxtəlif kompetensiyalara malik olmalarına gətirib çıxarır.
Müəllim dərsi qurarkən aşağıdakıları nəzərə almalıdır:
* Standartın düzgün seçilməsi
* Məqsədin standarta uyğunluğu
* Məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi
* Fəndaxili və fənlərarası inteqrasiya
* Resurslardan məqsədəuyğun istifadə
* Motivasiyanın məqsədəuyğun qoyulması
* Tədqiqat sualının təlim məqsədinə uyğunluğu
* Təlim tapşırığının problemin həllinə istiqamətlənməsi və şagirdlərin potensial imkanlarına uyğunluğu
* Məlumat mübadiləsi mərhələsinin təşkili (şagirdlərin təhliletmə və təqdimetmə bacarığı)
* Məlumatın müzakirəsinin təşkili
* Ümumiləşdirmə və nəticə
* Qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi (qiymətləndirmənin təlim boyu aparılması)
* Müəllim nitqinin aydınlığı
* Dərsdə vaxtdan səmərəli istifadə. Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması
Bəzən dərs prosesində müəllim müəyyən nöqsanlara yol verir. İlk öncə qeyd edim ki, nöqsansız, mükəmməl, nümunəvi dərs yoxdur. Dərs prosesində xırda nöqsanların baş verməsi normal haldır. Ancaq ciddi nöqsanlar varsa, deməli müəllim ya hansısa meyarları, ya da bu meyarların tətbiqi qaydasını yerinə yetirməli olduğunu düzgün bilmir.
Fənn kurikulumunun tətbiqi zamanı aşağıdakılara diqqət edilməlidir:
1. Öncə müəllim evdə dərsə hazırlaşarkən reallaşdırmalı olacağı standartları düzgün seçməli, onu hansı mövzu əsasında reallaşdıra biləcəyini əvvəlcədən dəqiqləşdirməlidir.
Bəzən müəllim seçdiyi standartları dərsdə reallaşdıra bilmir. Bu müxtəlif səbəblərdən baş verir. Standartların daha çox seçilməsindən, standartlardan çıxarılmış məqsədlərin dərs boyu yerinə yetirilib vaxtında çatdırılmaması, tapşırıqların standart və məqsədlərə xidmət etməməsi və s. kimi səbəblərdən baş verir.
2. Müəllim dərsin məqsədlərini hazırlayarkən standartları nəzərə almır, məqsədlər standartlardan çıxarılmır, sadəcə kortəbii olaraq mövzuya xidmət edən məqsədlər olur. Müəllim dərsi qurarkən dərsin əsas hissəsi olan standart və məqsədləri bir-birinə uyğun olaraq hazırlamalıdır ki, dərs boyu planlaşdırma ardıcıl şəkildə davam etsin.
3. Diqqət edilməli olacaq digər məsələ öncədən müəyyənləşdirilmiş məqsədlərin 45 dəqiqə ərzində yerinə yetirilib çatdırılması, həmçinin məqsədlərin reallaşması, müəllimin tədqiqat zamanı şagirdlərə vermiş olduğu tapşırıqlarda da öz əksini tapır. Əgər müəllimin tədqiqat zamanı hazırladığı tapşırıqlar, eləcə də tədqiqat sualı məqsədlərə xidmət etmirsə, deməli məqsədlər kortəbii olaraq yazılmış və əslində tətbiq edilməmişdir.
4. Bildiyimiz kimi, dərsin ilk mərhələsi motivasiyadır. Bu mərhələ fəal dərsin əsas hissəsini təşkil etdiyindən çox əhəmiyyət kəsb edir. Dərsin motivasiya mərhələsinin düzgün və ya yanlış qurulması dərsin sonluğuna təsir edir. Müəllimin motivasiya üçün ayırdığı vaxta düzgün riayət etməsi doğru atılmış addımdır. Motivasiya sinfin, şagirdlərin yaş səviyyəsinə uyğun olarsa məqsədə çatmaq asanlaşar. Müəllim şagirdləri birbaşa motivasiyadan tədqiqata yönəltməyi xüsusi nəzərə alması önəmli məsələlərdəndir.
5. Tədqiqat sualı qoyulan zaman, sualın məqsədlərə xidmət etməsinə diqqət edilməlidir.
Bəzən müəllim bu mərhələdə ciddi nöqsanlara yol verir. Məsələn,
1. Şagirdin səsləndirməli olduğu fikri onun yerinə özü səsləndirir.
2. Şagirdlərin hər birindən fikirlərini dinləmədən, hər hansı şagird düz cavabı səsləndirərsə dərhal motivasiya nəticəsini elan edir və digər şagirdlərlə əqli iş aparılmır.
3. Motivasiya zamanı şagirdləri tədqiqata yönləndirmək əvəzinə, şagirdlərdən keçəcəyi mövzunun adını almağa çalışır.
4. Motivasiya qurarkən şagirdin yaş səviyyəsini nəzərə almır.
5. Əgər müəllim izah verəcəksə bunu motivasiyadan sonra etsə daha yaxşı olar. Bəzən müəllimlər motivasiya bitdikdən sonra tədqiqat sualını elan edib, iş vərəqlərini şagirdlərə paylayır. Sonra isə izah verməyə başlayır. Bu doğru addım deyil. Bu zaman şagirdlərin fikri iş vərəqlərindəki tapşırıqlarda qalır və müəllimin izahına diqqət edilmir. Müəllim izah verməlidirsə, əvvəlcə izahını verməli, daha sonra şagirdləri iş vərəqindəki tapşırıqlarla tanış etməlidir. Ondan sonra isə iş vərəqlərini şagirdlərə paylaması daha məqsədəuyğundur. Müəllimin kiçik izahlarına ehtiyac olarsa, digər mərhələlərdə də ola bilər.
6. Müəllim, şagirdlərə iş vərəqlərini paylamazdan qabaq onları dərs prosesində əvvəlcədən hansı meyarlarla qiymətləndirməli olduğunu elan etməsi daha yaxşı olardı. Ancaq tədqiqatdan öncə olması şərt deyil, müəllim istənilən bir mərhələdə meyarları şagirdlərin nəzərinə çatdıra bilər. Bəzən dərs prosesində müəllimin icmalına müəyyən dəyişikliklər etməsinə ehtiyac yaranır. Bu isə müəllimdən bacarıq tələb edir. Müəllim qiymətləndirməni dərsin bütün mərhələlərində tətbiq edə bilir. Şagirdlərin əvvəlcədən hansı meyara görə qiymət aldıqlarını bilmələri daha məqsədəuyğundur. Həmçinin müəllim iş vərəqini şagirdlərə paylayarkən, tədqiqat zamanı onlara nə qədər vaxt ayırdığını elan etsə daha yaxşı olar.
7. İş vərəqləri tələblərə uyğun qurulmalıdır. Bəzən müəllim, iş vərəqində yazdığı tapşırıqlar məqsədlərə xidmət etmir. İş vərəqində tapşırıq adı altında bir neçə sual verilir. Tapşırıq və sual arasında fərq var. Tapşırıq verilirsə, bu tam şəkildə ifadə edilsə daha yaxşı olar. Şagird tapşırığı necə və hansı formada yazacağını müəllim iş vərəqində qeyd etməlidir.
İş vərəqində verilmiş tapşırıqlar, digər qruplarda verilmiş tapşırıqlarla eyni səviyyədə olmalıdır. Bir qrupa verilmiş tapşırıq çox sadə, digərinə verilmiş tapşırıq çətin olarsa bu, şagirdlər arasında narazılıq yaradar və müəllim ədalətsizliyə yol vermiş olar. İş vərəqlərində verilmiş tapşırıqların təfəkkürün inkişafına xidmət etməsi daha məqsədəuyğundur. Çünki faktlara əsaslanan tapşırıqları şagirdlər kitabdan seçib köçürtmə imkanına malikdirlər. Faktlara əsaslanan tapşırıqlara çox köklənmək şagirdləri təfəkkürün inkişafından uzaqlaşdırır və faktı əzbərləməyə yönəldir.
Tapşırıqları verərkən müəllim şagirdlərin qarşısında ziddiyyətli, həlli olmayan və ya çox çətinliklə həlli olan problemi qoymamalı, problemi qoyarkən müəllim tapşırığın bir neçə həll variantı olmasını nəzərə almalıdır.
8. Bəzən müəllim dərs icmalında iş üsullarını qeyd xatirinə yazır. Dərsdə isə yazdığı üsulları deyil, yazılmayanları tətbiq edir. Müəllim dərsə hazırlaşarkən əvvəlcədən standartları nəzərdən keçirməli və fəaliyyət xətlərinə uyğun olan iş üsulunu və formasını-strategiyanı düzgün seçməsi vacibdir.
9. Fəndaxili və fənlərarası inteqrasiyanın dərs boyu, dərsin istənilən mərhələsində tətbiqinə müəllimin diqqət etməsi də vacib məsələlərdəndir.
10. Müəllimin sinifdə istifadə etdiyi əlavə resurs mövzuya, məqsədlərə, şagirdlərin yaş səviyyəsinə xidmət etməklə yanaşı doğru və şagirdləri yanlış istiqamətə yönləndirməyən resurs olması daha məqsədəuyğundur. Bəzən müəllimin dərsdə istifadə etdiyi mənbələr doğru seçilmədiyindən, mənbə ilə işləmə prosesi çox vaxt getməsinə səbəb və məqsədə çatmağa mane olur.
11. Dərsin məlumat mübadiləsi və müzakirə mərhələsi zamanı da müəllim bir sıra nöqsanlara yol verə bilir. Təqdimat zamanı müəllim tapşırıqları dinləmə prosesində bir qrupa az, digər qrupa çox zaman ayırmaqla, eləcə də, bir qrupa daha çox sual, digərinə daha az sual ünvanlamaqla, tapşırıqlara və məqsədə xidmət etməyən suallar verməklə məqsəddən uzaqlaşa bilər.
Müəllimin dərs prosesində sərbəst ədəbi dildə danışması daha məqsədəuyğundur. Bəzən müəllimlərin dərsdə əlavə dillərdən (rus, türk dillərində olan ifadələrdən), ləhcədən istifadə etməsi şagirdin onu özü üçün nümunəyə çevirməsinə gətirib çıxara bilər. Xüsusi ilə ibtidai sinif müəllimlərinin yazıları və danışıq tərzləri şagird üçün nümunə olur.
Müəllim dərs prosesində fasilitator kimi malik olduğu bacarıqlardan tam doğruluqla istifadə etməlidir ki, şagirdlərin etibarını və inamını qazansın.

 

yuxarı ⤴