1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Yeni məzmunun yeni qiymətləndirməsi
29.04.2017 / No15

 

 

 


IX sinif şagirdlərinin buraxılış imtahanlarının yeni qaydası tətbiqi bilik və bacarıqları ölçür

Ruhiyyə DAŞSALAHLI

Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 2008-ci ildən yeni təhsil proqramlarının tətbiqinə başlanılıb. Hazırda bu proses məntiqi yekununa çatıb. Yeni tədris proqramları ilə dərs keçən və hazırda IX sinifdə oxuyan şagirdlərin məktəbdə özündən əvvəlkilərdən fərqli nə öyrəndiyi müəyyənləşdirilir.
Aydındır ki, həmin proqramlarla aparılan tədris prosesi təhsilalanlar üçün yeni keyfiyyət əmsalı formalaşdırıb. Ona görə də həmin keyfiyyət mərhələsindən keçən hazırkı IX sinif şagirdlərinin imkanlarının dəyərləndirilməsi günümüzün ən aktual məsələlərindəndir.
Təhsil üzrə ekspert Kamran Əsədovun fikrincə, yeni qaydalarla keçirilən buraxılış imtahanları əslində zərurət idi: “2008-ci ildən tətbiq edilən yeni təhsil proqramları yeni məzmun standartlarına uyğun olaraq 2017-ci il buraxılış imtahanlarında yeni yanaşma tələb edirdi. Məzmun dəyişikliyi məhz həmin standartın tələbidir: artıq yaddaş məktəbindən təfəkkür məktəbinə keçməliyik. Yeni proqramın tətbiqi kifayət qədər mütərəqqi addım idi. Müəllim və şagirdlər tərəfindən nə qədər çətinliklə qəbul edilsə də, əslində bu, dünyanın tələbidir. Yaddaş məktəbi deyil, bilik və bacarıqları təcrübədə tətbiq edə bilənlər nəsli yetişdirilməlidir”.

Buraxılış imtahanları - rəylər birmənalı deyil

Hər yenilik kimi, yeni qaydalarla həyata keçirilən buraxılış imtahanları ilə bağlı fikirlər də birmənalı deyil. Məsələn, imtahanların birinci mərhələsini artıq arxada qoyan şagirdlər vaxt azlığından şikayətçidir. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin şagirdi Nuriyyə Cəfərova: “Açıq suallar çox, vaxt da az verilmişdi. Riyaziyyatdan qoyulan sualların cavabını verib, ona izah istəyirlər. Esse üçün verilən yarım saat kifayət deyil. Üstəlik, birbaşa yaza bilmərik. Əvvəlcə qaralama yazıb, sonra köçürməliyik. Ancaq öz qaralamamızı üzündən köçürməyə də icazə verilmir. Lakin ən narahatedici məsələ imtahan nəticələrinin gec açıqlanmasıdır”.
Müəllimlərin də narazılıq üçün səbəbləri var. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilova narahatlıqları belə ifadə edib: “Buraxılış imtahanlarında yeni qaydaların tətbiq ediləcəyindən dərs ili başlayandan bir ay sonra - oktyabrda xəbər tutduq. Qəbul qaydaları isə dekabrda məlum oldu. Ümumiyyətlə, mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların obyektivliyi şübhə doğurmur. Lakin bu imtahanlarda açıq tipli sualların salınması insan amilinin ortaya çıxması deməkdir ki, bu da narahatlığa səbəb olur. Tutaq ki, IX sinif şagirdinin üslubu, xətti onun yazısını yoxlayanlar üçün nə qədər aydın olacaq? Həmin yazıları kim və hansı meyarlarla oxuyacaq? Xətti oxuya bilməyə, ya da şagirdin fikri ilə markerin mövqeyi üst-üstə düşməyə bilər. Həmin yaşda uşaqlar qoyulan məsələyə böyüklər kimi yanaşmır. Üstəlik, onlara istiqamət, motivasiya vermək lazımdır. Bütün bunlar olmadan yazılan cavabları iki, lazım gələrsə, 3 marker oxuyacaq. Elə bunun özü də narahatlıq yaradır. Bir şagirdin yazısı üzərində iki fikir üst-üstə düşməyəcəksə, üçüncü rəyə də zərurət yaranacaq. Bu mənə məntiqsiz görünür”.
R.Xəlilovanın fikrincə, imtahan nəticələrinin elan edilməsinin gecikdirilməsi də narahatlıq doğuran məsələlərdəndir: “Valideynlər müəllimlərin verdiyi biliyin nəticələrini görmək istəyir. Lakin nəticələr hələ bəlli deyil. Düşünürük ki, birinci mərhələnin nəticələrini ikinci mərhələ keçirilənədək müzakirə etməyə vaxtımız olmalıdır. Bu, növbəti mərhələdə uşaqlarımıza kömək ola bilərdi. İmtahanların nəinki şagirdlər, elə hamımız üçün yeni olduğunu nəzərə alsaq, birinci mərhələnin nəticələrinin maraq doğurması başadüşüləndir”.
Nəticələrin gec açıqlanması ilə bağlı iradlarla ekspert K.Əsədov da razılaşır: “İmtahanlardan azı iki ay sonra nəticələr açıqlanacaq. Bu, çox uzun müddətdir. Dünyada ən uzunmüddətli imtahan nəticələri 13 günə açıqlanır. 2 aya imtahan nəticələrinin açıqlanması şagirdlərdə psixoloji gərginlik yaradır. Bu səbəbdən nəticələri maksimum 7 gün ərzində açıqlanan imtahanlar daha uğurlu hesab edilir”.

Tələb vardı, dəyişiklik oldu

IX sinfi bitirən şagirdin yeni qaydalarla götürülən imtahanda hansı bilik və bacarıqlarının ölçüldüyünə baxaq:
- Tənqidi düşünmə
- Oxuyub-anlama
- Yazı (esse)
- Əməkdaşlıq şəraitində öyrənmə
- Öyrənməyi öyrənmə
Buradan da göründüyü kimi, yaddaşa əsaslanan biliyin ölçülməsi ilə əməli biliyin, tətbiqi bacarığın və tənqidi təfəkkürün ölçülməsi alətləri arasında fərq var. 9 il ərzində verilən biliyin məzmunu buraxılış imtahanlarının strukturunda dəyişiklik tələb edib. Həmin tələbi nəzərə alaraq, Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nı təsdiq edib. Sözügedən qaydalara əsasən, yeni proqramlarla təhsil alan şagirdlərin riyazi bilikləri yoxlanılır. Burada yalnız şagirdin təhsil aldığı dilə görə bəzi fərqlər ortaya çıxır. Məsələn, Azərbaycan dilli bölmədə təhsil alan şagirdlər riyaziyyatla yanaşı, həm də Azərbaycan dilindən, tədris rus dilində aparılan siniflərin şagirdləri isə rus dilindən imtahan verir. Tədris dili Azərbaycan və rus dilindən başqa digər dillərdə olan şagirdlərsə, yalnız riyaziyyatdan imtahan edilir. İmtahanın hər iki mərhələsində iştirak etmək vacib sayılır. Əks halda, şagird imtahanda iştirak etməmiş hesab edilir və o, ümumi orta təhsil haqqında attestat ala bilmir.

Fərqlənmək istəyirsənsə, inşa da yaz

İmtahanın birinci mərhələsində təqdim edilən mövzulardan birini seçməklə könüllülük əsasında inşa-esse yazılır. Yalnız ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq istəyənlər üçün inşa və ya esse yazmaq məcburidir.
Təyin edilmiş qaydalara görə, imtahanlar 2 mərhələdə həyata keçirilir. Suallar açıq və qapalı tipli test şəklində tərtib edilir.
Qeyd edək ki, açıq tipli test sualları cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması, qapalı tipli test tapşırığı isə verilən cavab variantlarından doğru olanın müəyyənləşdirilib qeyd edilməsidir.
Ekspert K.Əsədovun imtahan qaydaları ilə bağlı başlıca iradı açıq tipli test sualları ilə bağlıdır: “Müqayisə aparanda, açıq test sualları ağırlıq səviyyəsinə görə dünyada ən çətin test modelləri hesab olunur. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında belə, bu suallara cavab verənlər ümumi iştirakçıların 20 faizini təşkil edir. Ona görə də bu tipli sualları buraxılış imtahanlarına salmaq doğru deyil. Üstəlik, şagirdlər bu tipli suallarla mütəmadi işləmir. Çünki məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələrdə də adətən qapalı test modellərindən istifadə edilir”.
K.Əsədov imtahanlara salınan fənlərlə bağlı da fərqli düşünür: “Hesab edirlər ki, riyaziyyat və Azərbaycan dilindən imtahanlar şagirddə yazı vərdişləri formalaşdırır. Azərbaycan dili bütün imtahanlarda olmalıdır. Bu, dəyişməz fəndir. Lakin imtahanların sadələşdirilməsi baxımından riyaziyyatın başqa fənlə əvəz edilməsi daha məqsədəuyğun olar. Başqa bir tərəfdən, məncə, ali təhsil müəssisələrinə qəbul imtahanlarına daxil edilən fənlər buraxılış imtahanlarına salınmamalıdır. Həmin imtahanlar həm də şagirdlərin başqa fənlərə olan marağını inkişaf etdirməyə hesablanmalıdır. Tutaq ki, şagirdlərdə öz tarixinə, coğrafiyasına maraq oyatmaqdan ötrü riyaziyyatın əvəzinə Azərbaycan tarixi olmalıdır. Şagirdin yazı vərdişlərinin inkişafını yoxlamaq baxımından da bu variant daha uğurludur. Riyaziyyat daha çox faktoloji təfəkkürü formalaşdırdığından insanda yazı vərdişini inkişaf etdirə bilməz. Çünki riyaziyyat yaddaş məktəbini eynilə formalaşdırır”.

Daha “5” olmayacaq

Builki buraxılış imtahanlarının daha bir üstünlüyü qiymətləndirmədədir. Artıq qiymətləndirmə 5 ballıq deyil, 100 ballıq şkala ilə aparılacaq.
K.Əsədov yeni qaydanın qiymətləndirmədə daha böyük imkanlar yaradacağı qənaətindədir: “5 ballıq qiymətləndirmə ilə 100 ballıq qiymətləndirməni uyğunlaşdırmaq olmaz. 5 ballıq şkala müəllimin imkanlarını məhdudlaşdırır. Bir şagirdə bəzən “4”, ya da “5” vermək baxımından tərəddüd yaranır. 100 ballıq şkala ilə qiymətləndirmə bu cür tərəddüdləri aradan qaldırır. Proqramı tam mənimsəyənə 95, minimum mənimsəyənə isə daha aşağı qiymət vermək mümkün olacaq. Şagirdin bilik və bacarıqlarını daha düzgün qiymətləndirməkdə müəllimə daha geniş imkan yaradan yeni qiymətləndirmə həm də kurikulumun standartlarının reallaşmasına, şagirdin mənimsəməsinin müəyyən olunmasına imkan verir”.

Bəs uyğunlaşdırmağa cəhd etsək, necə olar?

Ekspertin fikrincə, nəticə uğursuz, ədalətsiz olar: “Tutaq ki, 50 baldan aşağı “2” deməkdir. Yəni 50 faizdən aşağı nəticə göstərməkdir. Dünya təcrübəsində Almaniya, Fransa, İngiltərədə 90-dan yuxarı “5”, 70-80 arası “4”, 50-70 arası “3” hesab olunur. Mən hesab edirəm ki, müsbət qiymətləndirmə üçün 20 bala qədəri “2”, 50-yə qədəri “3”, 51-80 balı “4” və 80-100 balı “5”-lə uyğunlaşdırmaq olar. Lakin bu, şagirdlərin hüquqlarının pozulması ilə nəticələnəcək. Biri 81 balla, başqası 95 balla “5” alacaq”.
Bütün üstünlük və çatışmazlıqlarına baxmayaraq, yeni tədris proqramları ilə təhsilalanların buraxılış imtahanlarında ilk mərhələ yekunlaşıb. Bu imtahanlar yalnız şagirdlər, müəllimlər üçün deyil, elə təşkil edənlər üçün də bir təcrübədir. Hər bir təcrübənin təkmilləşəcəyi isə labüddür.

yuxarı ⤴