1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Yaşıl məktəb” yaşıllaşdırır
29.04.2017 / No15

 

 

 


Yusif ƏLİYEV

Yaşıllığın saymaqla qurtarmayacaq qədər faydaları var. Onlardan biri və ən əsası bəşəriyyət üçün həyat mənbəyi olmasıdır. Elə təkcə bu kifayətdir ki, yaşıllığı qorumağın və artırmağın bütün zamanlarda nə üçün qlobal və aktual bir məsələ olduğu, bu istiqamətdə fəaliyyətlərin diqqət mərkəzində saxlanıldığı dərk edilsin.
Dünyada ekoloji tarazlığın pozulduğu, bəşəriyyətin saysız-hesabsız ekoloji problemlərlə üz-üzə qaldığı müasir dövrümüzdə isə yaşıllıqların qorunması və artırılmasına qayğı xüsusilə həyati zərurətli məsələyə çevrilib. Bu məsələnin uğurlu həlli isə, hər şeydən öncə, yaşıllıqları qorumağın əhəmiyyət və vacibliyini cəmiyyətin hər bir üzvünə, xüsusən də böyüməkdə olan nəslə çatdırmaqdan, onlara təbiətə qayğıkeş münasibət, sevgi hissi tərbiyə etməkdən, eləcə də uşaq və gəncləri bu istiqamətdə zəruri bilik, bacarıq və vərdişlərlə silahlandırmaqdan asılıdır.
Daha çox məktəbin öhdəsinə düşən və onun təlim-tərbiyə sahəsindəki fəaliyyətinin vacib istiqamətlərindən birini təşkil edən bu işləri paytaxtın təhsil müəssisələrində daha da canlandırmaq və keyfiyyətli etmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ilinin II yarısından yeni - “Yaşıl məktəb” layihəsinə start verib. SOCAR-ın Ekologiya İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi məktəbyanı sahələrin yaşıllaşdırılması, təhsil müəssisələrində canlı guşə və oranjereyaların yaradılmasıdır. Canlı aləmə münasibətdə düzgün yanaşmanın şagirdlərdə vərdişə çevrilməsi də layihənin əsas hədəflərindəndir.
İlk olaraq layihəyə həyətyanı sahəsi, məktəb bağı yaratmaq üçün müvafiq şəraiti olan 40 məktəb könüllü olaraq cəlb olunub. Həmin məktəblərdə məktəb bağının salınması nəzərdə tutulub. SOCAR əməkdaşlarının iştirakı ilə bu il fevralın 14-də Binəqədi rayonunda yerləşən 246 nömrəli məktəb-liseydə layihənin təqdimatı olub və onun icrasına start verilib. O vaxtdan bəri layihəyə qoşulan məktəblərin həyətyanı sahələrində xeyli yeni ağac və gül kolları əkilib, yaşılıq zolaqları salınıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Layihə çərçivəsində keçirilən ekoloji tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı şagirdlər də fəal iştirak edir.
Məktəblilərin ekoloji təfəkkürünü inkişaf etdirmək və cəmiyyətə ekologiyanın qorunmasının vacibliyini bildirmək məqsədilə tədris ocaqlarında ekoloji mövzuda divar qəzetləri hazırlanıb. Həmçinin həm “Yaşıl məktəb”, həm də “Ekologiya və sağlamlıq” istiqamətində həyata keçirilən müxtəlif layihələr çərçivəsində şagirdlərə ekoloji mövzu və istiqamətlərdə seminar, mühazirə təqdimatlar keçirilib. Mühazirələr SOCAR-ın Ekologiya İdarəsinin mütəxəssisləri tərəfindən aparılıb.
Yeri gəlmişkən qeyd edək ki, Ekologiya İdarəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında bu il yanvarın 30-da əməkdaşlıq sazişi imzalanıb. Həmin müqaviləyə uyğun olaraq Ekologiya İdarəsi “Yaşıl məktəb” layihəsinə qoşulmuş məktəbləri ağac tingləri ilə təmin edir. İndiyədək təhsil müəssisələrinə 1500 ağac tingi verilib, idarənin əməkdaşları məktəblərdə ağacların əkilməsi prosesində iştirak edib.
Məktəblərlə müntəzəm əlaqə saxlanılır, bütün məlumat və təlimatlar idarə tərəfindən məktəblərə göndərilir. Heç bir məktəb diqqətdən kənarda qalmır. Aparılan bütün işlər şagirdlərdə ekoloji tərbiyənin formalaşdırılmasına, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətməyə, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq və onlarda ekoloji mədəniyyət formalaşdırmağa hədəflənib.
Məktəblərdə yaşıllaşdırma işləri dərs saatlarından kənarda həyata keçirilir. Lakin bu layihə bir tapşırıq kimi deyil, vərdiş olaraq şagirdlərə aşılanır. Nəticədə əkilmiş ağaclara, gül kollarına, dibçəklərə qulluq, onlara suyun verilməsi və s. kimi fəaliyyətlər onlar üçün gündəlik etmələri zəruri olan məsələlərdən biri olaraq qəbul olunur. Eyni zamanda onlara bu vərdişlərin sadəcə layihə müddətində deyil, həyatlarının hər sahəsində daim tətbiq etməli olduqları fikri aşılanır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, layihənin icrası istiqamətində paytaxtın 36 və 283 nömrəli tam orta məktəblərində, 246 nömrəli məktəb-liseydə daha çox iş görülüb, bu təhsil müəssisələrinin hər birinin həyətyanı sahəsində onlarca ağac tingi əkilib.
Layihə davam edir. Növbəti tədris illəri ərzində digər ümumi təhsil müəssisələrində də məktəb bağının salınması, bütün məktəblərin tədricən yaşıllaşdırılması nəzərdə tutulur.





 

yuxarı ⤴