1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Finlandiya təhsil modeli: mif, yaxud reallıq?
29.04.2017 / No15

 

 

 


Orta təhsilin əsas məqsədi uşaqları həyata hazırlamaqdır

Rüstəm QARAXANLI

Otuz il əvvəl Finlandiyanın təhsil sistemindən nəinki kimsə söz açırdı, bu mövzu heç diqqət mərkəzinə belə layiq deyildi. Bu gün isə dünyada ən effektiv təhsil sistemlərindən biri sayılır. İndi onu nəinki öyrənir və təqlid edirlər, tənqid etməyə cəhd belə göstərmirlər: göz önündə nüfuzlu reytinqlərin nəticələri var. XXI əsrin ilk onilliyində Finlandiya dünyanın təhsil sahəsində əsas monitorinq - PISA-nın sıralamasında ən öndə yerləri tutmağa müvəffəq olub.
Hətta ən sərt tənqidçilər belə qəbul edirlər ki, bu təhsil sisteminin mühüm özəlliyi “relaxed”, yəni rahat olmasıdır. Düzdür, onu da əlavə edirlər ki, bu sistem nəinki “relaxed”, hətta “too relaxed”, yəni həddindən artıq rahatdır. Ekspertlərə görə, Finlandiya özünün təhsil sistemini qurarkən ideya antipodu olan Çin mədəniyyətindən bir müdrikliyi əxz etmişdi. Söhbət Şərq döyüş üslublarında tətbiq edilən “diqqətin rahat konsentrasiyası” fəlsəfəsindən gedir. Maksimal effektivliyi əldə etmək üçün gərginliyə ehtiyac yoxdur, axı gərginlik stress deməkdir ki, bu halda orqanizmin əsas vəzifəsi inkişafa deyil, xilasa yönəlir.

Uğurun sirri

Humanizm prinsiplərinə, iştirakçıların bərabərliyi və qarşılıqlı hörmətinə əsaslanmış prosesə söykənən əlverişli mühit. Fin uğurunun istinad nöqtəsi bax budur. Sən demə, psixoloji təhlükəsizlik, azad imkanlar mühitinin yaradılması və fərdiliyə tək-tək yanaşma uşaqlarda elə bir potensial formalaşdırır ki, ümummilli səviyyədə ölçüyəgəlməz miqyaslarda ecazkar nəticələrə səbəb olur.
Ancaq onu da gizlətmək olmaz ki, Finlandiyanın özündə belə bu sistemə dair eyforiyanı bölüşməyənlər də var. Bir sıra yerli mütəxəssislər bu qənaətdədirlər ki, təhsil sisteminin ünvanına söylənilən təriflərin cəmi 75 faizi həqiqəti əks etdirir, yəni tam qüsursuzdur demək ədalətsizlik olardı. Güman ki, narazılıqların əsası da var: Finlandiya təhsil sisteminin əsas missiyası uşaqları orta səviyyəyə daşımaqdır. Yəni, bu prosesdə əsas ağırlıq ona salınır ki, geridə qalanları orta həddə çatdırmağa müvəffəq olunsun. Bəs onda orta həddən yuxarı potensialı olan uşaqlar? Onlar necə olacaq? Axı anadangəlmə əlahiddə istedada malik uşaqlar da var!
Xatırlayırsınızsa, sovet təhsil sistemində yekun qiymət olaraq “2”-nin yazılması istisna idi. Ona görə yox ki, müəllimlərin hamısı belə diqqətli və mərhəmətli idilər, sadəcə, yekun mənzərəni pozmaq istəmirdilər. Finlandiyada bu yekun mənzərə söhbətinə o qədər də önəm verən yoxdur: başlıca məqsəd uşağı orta səviyyəli savada sahib etməkdir. Uşaq geridə qalırsa, onu “qaldırmaq” üçün tələb olunan nə varsa ediləcək - əlavə hazırlıq kurslarının təşkilindən tutmuş ev işinin hazırlanmasında köməyədək.
Di gəl ki, əgər uşaq həmin o orta səviyyədən yuxarı göstəricilərə malikdirsə, verilən proqramı asanlıqla həzm edirsə, bax bu halda sistemin çatışmazlıqları kimi qələmə verilən həmin o 25 faiz ortaya çıxır. İstedadlı uşaq lazım olan və daşıya biləcək qədər “yüklənmir” və bu halda əsas missiya valideynlərin üzərinə düşür. Deyilənə görə, xüsusilə iri şəhərlərdə və paytaxtda tibb və hüquq sahəsində karyera qurmaq istəyən uşaqlar üçün əlavə repetitorlar tutulur və qiymətləri də o qədər ucuz olmur: saatı 40-60 avro!
Finlandiya cəmiyyətinin əsas üstünlüklərindən biri budur ki, problem ortaya çıxarkən onu ən geniş müzakirələr vasitəsilə həll etməyə çalışırlar. Çətinliyin peyda olması kifayətdir ki, müzakirəsi üçün qızğın diskussiyalar açılsın. Özü də müəllimlər “yuxarı”dan göstəriş gözləyən deyillər, nöqsanın neytrallaşdırılması prosesi elə məktəblərdən başlayır.
Təbii ki, mürəkkəb vəzifələrin çözülməsinə dair sistemli yanaşma olmasaydı, bu təhsil sistemi dünyada belə əks-sədaya səbəb ola bilməzdi.

Fin tapmacası

Əlbəttə, mövzumuz olan təhsil sisteminin özəllikləri barədə çox danışmaq olar. Ancaq dünyada səs-küy yaratmış tədris proqramından danışarkən ortaya ən vacib və bəlkə də əsas sual çıxır: axı necə olur ki, gündə 3-4 saat dərs keçən (nahar vaxtı da buraya daxildir), ev işi ilə “yüklənməyən”, həftədə maksimum 20 saat dərsdə olan fin uşaqlar dünyada ən yaxşı nəticələri göstərirlər? Finlandiyalı müəllimlər sirr saxlamağı sevmirlər və təcrübələrini həvəslə bölüşürlər.
Məsələ burasındadır ki, dünyanın istənilən ölkəsində olduğu kimi, Finlandiyada da təhsil sistemini bütöv cəmiyyətdəki ab-havadan kənarda təsəvvür və tədqiq etmək mümkün deyil. Bu cəmiyyətdə münasibətlər elə mükəmməl qurulub ki, “relaxed” təhsil sisteminin nəticə verməyəcəyini gözləməyə dəyməzdi. Aşağıda Finlandiyada orta təhsilin mərhələlərinə toxunacağıq, ancaq bir cümlə ilə fikrimizi yekunlaşdıraq ki, bu ölkədə tədris proqramının məqsədi uşaqlardan dahi düzəltmək deyil, onları həyata hazırlamaqdır.
Beləliklə, Finlandiyada orta təhsil iki mərhələyə ayrılır:
1. Aşağı (alakolu) - 1-6-cı siniflər;
2. Yuxarı (ylakolu) - 7-9-cu siniflər.
Sonra gəlir 10-cu sinif. Bu sinif o uşaqlar üçündür ki, onlar öz biliklərini təkmilləşdirmək və dərinləşdirmək istəyirlər. Bunun ardınca professional kollec, yaxud lisey (lukio) gəlir. Lukio bizim anlamımızda 11-12-ci siniflərdir. Fin məktəbləri mərhələli yüklənmə xəttini seçiblər, 9 il uşaqlara ən vacib və ümumi biliklər verilir. O uşaq ki, oxumağı sevir və istəyir, “lukio”nu seçir. Fikrimizcə, fin təhsil sisteminin ən mühüm xətti, belə demək mümkündürsə, səddi məhz lukio və ya professional kolleclə 9-cu sinif arasından keçir.
finland.fi internet resursunda Finlandiya məktəblərinin 7 mühüm prinsip üzərində qurulduğu vurğulanır:
1. Məktəblərin, predmetin, valideynlərin, şagirdlərin, müəllimlərin BƏRABƏRLİYİ. Burada uşaqla böyüyün hüquqlarının bərabərliyini xüsusi vurğulamağa əlavə ehtiyac var.
2. Məktəbdə naharın, muzeylərə ekskursiya və sinifdənkənar fəaliyyətin, nəqliyyatın (məktəb 2 km-dən uzaqdırsa, uşağın arxasınca “məktəb taksisi” gəlir), dərsliklərin, bütün dərs ləvazimatlarının PULSUZ olması.
3. FƏRDİLİK. Uşaqlara personal yanaşma mövcuddur, bir dərs vaxtı fərqli uşaqlara fərqli çalışmalar verilə bilər. Getdikcə bu çalışmalar mürəkkəbləşir, əgər uşaq onun öhdəsindən gəlmirsə, müəllim ona kömək edir.
4. PRAKTİKLİK. Finlandiya müəllimləri deyirlər: “Biz ya həyata hazırlaşdırırıq, ya da imtahanlara. Biz birincini seçirik”. Fin məktəblərində imtahan yoxdur. Yalnız bir test var, o da orta məktəbi bitirəndə. Özü də nəticə o qədər də önəmli deyil. Prinsip budur: nə var, yaxşıdır!
5. ETİMAD. Uşaqlar dərsdə azaddırlar. Əgər tutaq ki, ədəbiyyat dərsində hansısa tədris filminə baxılır və bu, uşaq üçün maraqlı deyilsə, açıb kitabını oxuya bilər.
6. KÖNÜLLÜLÜK. Kim istəyir, o da oxuyur. Uşağın dərsə marağı yoxdursa, hansısa praktiki işə maraq oyadılır. Finlər deyir: “Hər kəs təyyarə düzəltməyəcək ki, avtobus sürmək istəyənlər də var”.
7. MÜSTƏQİLLİK. Finlandiyada hesab edirlər ki, məktəbin əsas vəzifəsi uşağı müstəqil həyata öyrətməkdir. Hər şey onsuz da kitabda var. Uşağı internetdən, kompüterdən istifadəyə öyrətmək, cari problemlərin həllinə hazırlamaq lazımdır. Yeri gəlmişkən, müəllimlər uşaqlar arasındakı münaqişələrə də müdaxilə etmirlər. Həlli uşaqlar özləri tapmalıdırlar.

Bacarmırsan, öyrədərik. İstəmirsən, sənin problemindir

Finlandiyada müəllimin uşağa nəyi öyrədəcəyinə dair səhih planı var, ancaq bunu necə edəcək, artıq öz seçimidir. Tutaq ki, predmetlərin kombinasiyalı tədrisi yolunu götürək. Məsələn, tarix dərsinə aid mövzu: Çaldıran döyüşü. Bu mövzu sırf tarix dərsinin müzakirə obyekti olmur. Döyüş və onun nəticəsindən doğan tarixi, iqtisadi, mədəni və s. məqamlar diskussiya obyektinə çevrilir. Uşaq isə öz istədiyini “götürür”. Bir dərsdə təbiətşünaslıq ədəbiyyat və ana dili ilə, riyaziyyat isə incəsənətlə araşdırma mövzusu ola bilər.
Sovetlərdə “Bacarmırsan, öyrədərik. İstəmirsən, məcbur edərik”, yaxud Amerikada “Bacarmırsan, sənin problemindir. İstəmirsən, o da sənin problemindir” şüarları Finlandiyada aşağıdakı kimidir: “Bacarmırsan, öyrədərik. İstəmirsən, öz problemindir”.
Fin məktəblərindən söz düşərkən, ayrıca olaraq xarici dil tədrisinə fikir vermək lazımdır. Finlandiya məktəbliləri əsl poliqlotdurlar. Təsadüfi deyil ki, Finlandiya dünyada ən yaxşı ingilis dilində danışan 7 ölkədən biridir. Beləliklə, xarici dili 3-cü sinifdən öyrətməyə başlayırlar. Hər bir uşaq istədiyi dili özü seçə bilər (ingilis, fransız, alman), ancaq bunun üçün 12 nəfərdən ibarət qrup formalaşmalıdır. Əgər seçilən dil qeyri-ingilis dilidirsə, 4-cü sinifdə bu dil artıq məcburi olaraq keçilir. Bir çox direktor hesab edir ki, ingilis dili ikinci ana dilidir. Hətta üçüncü. Çünki Finlandiya əhalisinin 6 faizi isveçli olduğundan, İsveç dili də ana dili statusuna malikdir. 8-ci sinifdə uşaq daha bir dil seçməlidir. Bu, adətən, ispan, rus və ya çincə olur. Bununla da uşaq orta məktəbi poliqlot kimi bitirir: iki ana və 3 xarici dil. Ekspertlərin fikrincə, fin məktəblilərinin xarici dil qavramalarında televiziyanın da mühüm rolu var. Belə ki, proqram və filmlər heç bir dublyaja məruz qalmırlar: hansı dildə çəkiliblər, o dildə də nümayiş etdirilirlər.

Finlərə çoxlu Eynşteyn lazım deyil

İstənilən təhsil sistemi mövcud və parçası olduğu cəmiyyətin məqsədlərinə xidmət etməlidir. Finlandiyada isə sistem olduqca praqmatikdir: ehtiyacı olmayan nəyəsə pul xərcləməyi sevmir. Təhsil haqqında media-layihə "Newtonew" qeyd edir ki, Finlandiyada hamını Eynşteyn etməyə ehtiyac yoxdur, məqsəd uşağı professional həyata hazırlamaqdır. Yüksək səviyyəli mütəxəssislər - həkimlər, hüquqşünaslar, alimlər məhdud və tələb olunan sayda olmalıdırlar. Xəzinədarlara, satıcılara, təmizlik işçilərinə, tibb bacıları və santexniklərə isə postindustrial cəmiyyətlərdə daha çox ehtiyac var. Bu peşələrsiz sivil cəmiyyətin özü də tezliklə insani simasını itirmiş olar.
Sosiumun yaşaması üçün rəngarənglik lazımdır. Onu təmin etmək üçünsə, hamının ali təhsilə malik olması vacib deyil. Möhkəm intellektual, orta səviyyə və savadlı humanist dəyərlər daha önəmlidir. Daha çoxunu əldə etmək üçün daha böyük potensial və istək olmalıdır. Finlandiya təhsil sistemi də məhz bunu təmin edir.
Sonda daha bir vacib məqama toxunaq. Bəzi mənbələrin verdiyi məlumata görə, qonşu Türkmənistan təhsil sistemini qurarkən Finlandiya modelinə önəm verir. Ancaq bu, özünü doğruldacaq, ya yox, zaman göstərməlidir. Axı bir mentalitet amili də var. Hər halda istənilən sistem və ya proqram gec-tez öz məhsulunu verməlidir: Yaponiyada uşaqları o qədər “yükləyirlər”, demək olar ki, tətil üçün vaxt qalmır. Ancaq Yaponiya texnologiya nou-hauları sahəsində dünyanın ən qabaqcıl ölkələrindən biridir...

yuxarı ⤴