1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017






 
 

 

 


Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş konfrans

Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Konfransda rayon təhsil şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, 4 nömrəli Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Məktəbin direktoru Sevinc Əliyeva çıxış edərək bildirib ki, Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı elmi məktəbin yaradılması Həsən Əliyevin adı ilə bağlıdır. Görkəmli alimin Azərbaycan təbiətinin, torpağının və suyunun mühafizəsi sahəsində xidmətləri əvəzsizdir.
4 nömrəli Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin nümayəndələri çıxışlarında Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələrinin Həsən Əliyevin rəhbərliyi ilə formalaşdığını və inkişaf etdiyini qeyd ediblər. Akademikin ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində apardığı elmi tədqiqatlarından söz açılıb.
Tədbirdə Həsən Əliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Şagirdlər alim haqqında məruzələrlə çıxış edərək, onun təkcə Azərbaycan təbiətini deyil, Böyük Qafqaz təbiətini də tədqiq etdiyini vurğulayıblar.
Sonda Həsən Əliyevin elm sahəsində gördüyü işlərlə bağlı müzakirə təşkil olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


“Bir məqsədim var idi, müəllim olmaq”

Səltənət QURBANOVA: “Çətinlik olubsa da, artıq arxada qalıb”

Səltənət Qurbanova 2012-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Magistr təhsilini həmin universitetdə alan S.Qurbanova 2015-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərərək, Göygöl rayonunun Çaylı kənd tam orta məktəbində gənc müəllim kimi işə başlayıb.

- Bakalavr və magistr təhsilindən sonra şəhərdən kifayət qədər uzaq bir kənddə müəllim kimi çalışmaq qərarına necə gəldiniz?
- İstər ixtisas seçimi zamanı, istərsə də universitetdə təhsil aldığım müddətdə sadəcə bir məqsədim var idi, müəllim olmaq. Xatırlayıram, ixtisas seçimində də çoxları mənə fərqli ixtisas seçməyi məsləhət görürdü. Amma mən öz amalımın, məqsədimin arxasınca getdim.
- Kənddə işə başladığınız vaxt gözləntilərinizlə qarşılaşdığınız mənzərə və insanlar sizdə necə fikir formalaşdırdı?
- Əlbəttə ki, gözləntilər hər zaman yüksək olur. İlk olaraq çətinlik çəkirdim, sonra hər şey öz yerini tapdı.
- Müəllimlik fəaliyyətiniz sizi qane edirmi?
- Çətinlik olubsa da, artıq arxada qalıb. Bu gün tam şəraitli məktəb binası, sevimli şagirdlərim mənə stimul verir. İşimdən razıyam.
- Özünüzü təkmilləşdirmək və inkişaf etdirmək üçün kənd həyatı problem yaradırmı?
- Xeyr, heç bir problem yoxdur. Hər zaman özümü təkmilləşdirməyə çalışıram. Eyni zamanda, xarici dil biliklərimi də inkişaf etdirirəm.
- Əsl müəllim olmaq sizin üçün nə deməkdir?
- Hər bir şagird məktəbə bir fərd kimi gəlir. Onun cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasını təmin etmək biz müəllimlərin borcudur. Müəllim, sözün əsl mənasında, şagirdə müəllim olmaqla yanaşı, həm də dayaq olmalıdır. Lazım gələrsə, onların maddi və mənəvi sıxıntıları ilə maraqlanmalıdır. Gənc müəllim olsam da, hər gün şagirdlərimin problemləri ilə maraqlanıram. Onları cəmiyyətə hazırlıqlı bir şəxsiyyət kimi formalaşdırmağa çalışıram.

Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Müəllim və şagirdlər maarifləndirici tədbirlərə cəlb olunurlar

Zaqatala rayon ümumtəhsil məktəblərində mülki müdafiə ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilir. Tədbirlərdə rayon təhsil şöbəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və mülki müdafiə şöbəsinin nümayəndələri, müəllim və şagirdlər iştirak edirlər.
Maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə tədbirlərinin görülməsinə və onların qarşısının alınmasına nail olmaqdır.
Tədbirlər zamanı mülki müdafiəyə məsul şəxslərin çıxışlarından sonra məktəblərdə süni partlayış və ya yanğın hadisələri təşkil olunur və həyəcan siqnalı verilir. Növbətçi müəllimlərin köməyi ilə şagirdlər məktəb binasından təxliyyə olunur və şərti xilasetmə əməliyyatları başlanılır.
Tədbir çərçivəsində, həmçinin siniflərdə maarifləndirici “açıq dərs”lər də keçirilir. Dərslərdə şagirdlər fövqəladə hallarla bağlı biliklərini və ilkin tibbi yardım bacarıqlarını nümayiş etdirirlər.

Vüsalə BƏDƏLOVA,
Zaqatala Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Məktəbdə elmi-praktik konfrans

Qax Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 nömrəli tam orta məktəbdə “Qafqaz Albaniyası Azərbaycan tarixinin tərkib hissəsi kimi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Qax və Balakən rayon təhsil şöbələrinin əməkdaşları, Qax, Zaqatala, Balakən rayonlarının ümumtəhsil müəssisələrinin tarix müəllimləri iştirak ediblər. Məqsəd Azərbaycan tarixinin tərkib hissəsi olan Qafqaz Albaniyası irsinin öyrənilməsi və təbliğ edilməsi olub.
Öncə qonaqlar məktəbin VIII və IX siniflərində tarix müəllimləri Nurlanə Əzimova və Xalidə Nəzirovanın mövzu ilə bağlı təşkil olunmuş “açıq dərs”lərində iştirak ediblər.
Sonra “dəyirmi masa” ətrafında dinlənilən dərslərin təhlili aparılıb, Qax şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Şükufə Muradovanın “Qafqaz Albaniyası Azərbaycan tarixinin tərkib hissəsi kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzə ətrafında çıxışlardan sonra bölgənin tarixçiləri arasında fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.
Sonda Qax RTŞ-nin metodkabinet müdiri Günay Mahmudova tədris ili ərzində təhsil şöbəsi tərəfindən bu mövzuda silsilə tədbirlərin keçirildiyini vurğulayıb. O, tarix dərslərində bölgənin tarixi-coğrafi mövqeyinin, spesifik tarixi faktlarının, ərazidə yerləşən Qafqaz Albaniyası dövrünə aid tarixi məkanların tanıtımına dair şagirdlərin həmin tarixi abidələrə ekskursiyalarının təşkil olunduğunu qeyd edib. Qrafikə əsasən rayonda yerləşən tarix-diyarşünaslıq muzeyində “Qafqaz Albaniyası və albanlar” mövzusunda yuxarı sinif şagirdlərinə mühazirələrin oxunması iyun ayına qədər davam edəcək.

Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


“Tarix gecəsi”

Şabran rayon Şahnəzərli kənd tam orta məktəbində tarix müəllimi Ləman Şirəliyevanın təşkilatçılığı ilə “Tarix gecəsi” keçirilib.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, rayon təhsil şöbəsinin əməkdaşları və digər rayon məktəblərindən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Öncə Dövlət himni səsləndirilib. Əsgər geyimli şagirdlərin müşayiəti ilə səhnəyə Azərbaycan bayrağı gətirilib. Sonra “Əsgər marşı” oxunub.
Şagirdlər tarixi şəxsiyyətlər barədə topladıqları maraqlı məlumatları təqdim edib və tarixi dövrlərdən proseslər səhnələşdirilib. Həmçinin Səməd Vurğunun “Vaqif” pyesi əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra şagirdlərin ifasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mahnısı və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib,
Sonda Qarabağın tarixi haqqında videoçarx izlənilib.

Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Şagirdlərdə bədii qiraət bacarıqları formalaşdırılır

Göygöl rayonunun Balçılı kənd 2 nömrəli tam orta məktəbində Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar “dəyirmi masa” keçirilib. Məqsəd ədəbiyyat fənninə marağın artırılması və şagirdlərdə bədii qiraət bacarıqlarının təkmilləşdirilməsinə nail olmaq olub. Dövlət himninin səslənməsi ilə başlanan “dəyirmi masa”da rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Məktəbin direktoru Bəhram Musayev bildirib ki, şagirdlərdə ədəbi-bədii düşüncələrin inkişaf etdirilməsi, onlarda sağlam düşüncə tərzinin formalaşması üçün belə tədbirlərin keçirilməsi çox vacibdir.
Tədbirdə Y.V.Çəmənzəminlinin əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Fənn müəllimləri yazıçının həyat və yaradıcılığı, əsərlərində poetik düşüncə tərzi barədə danışıb, öz fikirlərini bölüşüblər. Eyni zamanda yazıçının “Studentlər”, “Qızlar bulağı”, “İki od arasında” və digər əsərlərinin qəhrəmanları barədə müzakirələr aparılıb.

Raminə MƏMMƏDOVA,
Göygöl Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin Heydər Əliyev Mərkəzinə və “Azərbaycan” parkına ekskursiyaları təşkil olunub.
Ekskursiyaların təşkil olunmasında məqsəd məktəblilərin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılmasına kömək etməkdir.
Ekskursiya zamanı məktəblilər əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Mərkəzin əməkdaşları şagirdlərə ümummilli liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədləri, eləcə də müxtəlif eksponatları təqdim ediblər. Məktəblilər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən qədim Azərbaycan xalçalarından ibarət guşə ilə də tanış olublar.
Sonra şagirdlər Azərbaycan xəritəsi formasında inşa edilən “Azərbaycan” parkına ekskursiya ediblər. Burada şagirdlər Azərbaycan haqqında çox maraqlı məlumatlar əldə ediblər.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Sabirabad Rayon Təhsil Şöbəsi buraxılış imtahanlarına hazırlıq məqsədi ilə rayon ümumi təhsil məktəblərinin IX sinif şagirdləri üçün sınaq imtahanı keçirib.
İmtahan ucqar kəndlərin şəhər mərkəzindən 70 km və daha uzaq məsafədə olması nəzərə alınaraq 7 mərkəzdə-şəhər 2, 5, 6 nömrəli tam orta, Qarağac, Moranlı, Çiçəkli və Şıxsalahlı kənd tam orta məktəblərində keçirilib. Ümumilikdə sınaq imtahanında 1399 şagird iştirak edib.
Sınaq imtahanının əvvəlində təhsil şöbəsinin əməkdaşları nəzarətçi və şagirdlərə imtahanın qaydaları haqqında ümumi məlumat veriblər. Şagirdlərin qaydalarla bağlı sualları cavablandırılıb.

Xalid NƏCİYEV,
Sabirabad Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi


Şakir CƏFƏROV

yuxarı ⤴