1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Metodika
Tədrisin keyfiyyəti müəllimin metodik ustalığından birbaşa asılıdır
30.04.2016/№16

 


Ülviyyə AĞAYEVA,
Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbin kimya müəllimi

Tədrisin keyfiyyəti müəllimin metodik ustalığından birbaşa asılıdır. Təhsilin keyfiyyətini yüksəltmək müasir dövrdə məktəbin, müəllimin qarşısında duran bir nömrəli vəzifədir. Buna nail olmağın əsas yolları isə dərsə verilən müasir tələblərdə öz əksini tapıb. Əlbəttə, bu gün hər bir müəllimin bilməli və öz fəaliyyətində reallaşdırmalı olduğu bu tələblər göydəndüşmə olmayıb, nəzəriyyəçi pedaqoqların, təhsil praktiklərinin birgə axtarışları, fəaliyyətləri nəticəsində, tədris metodikasına elmi yanaşma əsasında meydana gəlib və ümumiləşdirilib. Fikrimcə, tədrisin keyfiyyətini yüksəltmək üçün hər bir müəllim ilk növbədə bu tələbləri əsas götürməli, dərslərində onlara əməl etməlidir. Həm də həyat sürətlə inkişaf etdiyindən, hər bir fəaliyyət sahələri innovasiyalarla getdikcə zənginləşdiyindən müəllim də öz işinə, xüsusən də tədrisin təşkilinə innovativ yanaşmalı, yaradıcı axtarışlara geniş yer verməlidir.
Müasir dərsə verilən əsas tələblərdən biri məktəbdə, sinifdə öyrədici mühitin yaradılması, müəllim-şagird münasibətlərinin səmərəli, səmimi əməkdaşlıq zəminində qurulmasıdır. Buna görə də mən pedaqoji fəaliyyətimin ilk çağlarından görkəmli pedaqoq V.Suxomlinskinin bu fikirlərini həyat amalıma çevirmişəm: “Təlim biliklərin müəllim tərəfindən şagirdə mexaniki olaraq ötürülməsi deyil, təlim ilk olaraq insani münasibətlərdir”. Həqiqətən də təlimdə o zaman səmərəli nəticə almaq mümkündür ki, müəllim tədris etdiyi fənlə bərabər şagird qəlbinin bir parçasına çevrilə bilsin. Müəllim-şagird münasibətlərini səmərəli qurmaq üçün müəllim ilk növbədə şagirdə obyekt kimi deyil, subyekt kimi baxmalı, onların fikirlərinə, düşüncələrinə hörmət etməli, onları dəyərləndirməli, hər bir şagirdə, onun konkret hərəkətinə münasibətdə obyektivliyə, ədalətliliyə əməl etməlidir. Mən sinifdə məhz belə bir mühit, qarşılıqlı səmimi münasibət ab-havası yaratmağa xüsusi diqqət yetirirəm. Bu məqsədlə şagirdlərin fərdi xüsusiyyətlərini, maraq və meyillərini, temperament tiplərini öyrənir və hər bir şagirdə yanaşmada nəzərə alıram. Şagird hiss edəndə ki, müəllim ona hörmət edir, onu diqqətlə dinləyir, fikirlərinə hörmətlə yanaşır, o, müəllimi, onun tədris etdiyi fənni sevir. Bu isə dərsin səmərəli qurulması üçün mühüm amildir.
Müasir dərsə verilən əsas tələblərdən biri də onun şablon deyil, yaradıcı qurulması və aparılmasıdır. Dərsdə müxtəlif əyani vasitələrdən, sxem və illüstrasiyalardan, laboratoriya təcrübələri və ya praktiki məşğələlərdən, eyni zamanda müasir dövrün tələbinə uyğun olaraq fəal təlim metodlarından, İKT vasitələrindən, istifadə sinifdə öyrədici mühitin yaranmasına səbəb olur. Hər hansı bir mövzunu keçərkən sinifdə həmin mövzuya uyğun mühit yaratmaqla şagirdlərin nəzərlərini, düşüncələrini bütünlüklə həmin mövzuya yönəltmək mümkündür. Ona görə də mən dərsdə elə bir şərait yaratmağa çalışıram ki, sanki şagird özünü mövzuda hadisələrin cərəyan etdiyi həyatın özündə hiss etsin.
Biz artıq ənənəvi tədrisdən fəal təlimə keçid almışıq. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi zamanın tələbidir. Müasir dövrdə klassik taxta lövhələri və təbaşiri elektron lövhə və elektron qələm əvəz edir. Dərsdə interaktiv lövhədən istifadə şagirdin diqqətini cəlb etmək və onun yayınmasının qarşısını almaq üçün qiymətli bir vasitədir. Bu xüsusilə diqqəti yayınıq uşaqlarla iş zamanı daha da əhəmiyyətlidir. İnteraktiv lövhə dərsin tempini artırmağa və bütün sinfin diqqətini dərsə cəlb etməyə imkan verir. Adi lövhələrdən fərqli olaraq elektron lövhədə işləyərkən müəllimin daha geniş iş sahəsi və əvvəlki yazdıqlarına bir idarəedici düymənin köməyi ilə qayıtmaq imkanı olur. Bu isə vaxta qənaət etməyə və dərsi daha səmərəli qurmağa imkan yaradır.
Ümumiyyətlə, mənə görə, müasir dərs rəngarəng, effektiv, yaradıcı olmalıdır, yalnız bu zaman tədris prosesində keçilən mövzular şagirdlər tərəfindən daha dərindən dərk edilərək mənimsənilir və bu da təhsilin keyfiyyətinin yüksəlməsinə zəmin yaradır.
Bunu nəzərə alaraq mən kimyanın tədrisində Promethean lövhələrindən geniş istifadə edirəm. Biz dərsdə çox vaxt müxtəlif kimyəvi proseslərin mexanizm və sxemini əks etdirən plakatlardan, maddənin quruluşunu ifadə edən əyani vasitələrdən istifadə edirik. Belə vasitələri bir sinif otağından digərinə daşımalı oluruq. Bu isə çətinlik törədir. Ağıllı lövhə bu çətinliyi aradan qaldırmaqda bizə çox kömək edir. Məsələn, hər hansı bir təcrübəni aparmağa vəsaitimiz yoxdursa və ya məktəb laboratoriyasında aparılması mümkün olmayan maraqlı bir təcrübəni şagirdə göstərmək istəyiriksə bu zaman Promethean lövhə köməyimizə çatır.
Fəal təlim zamanı işçi vərəqləri, test vərəqləri, interaktiv tapşırıqlar hazırlamaq üçün çoxlu miqdarda kağız vərəqlərdən istifadə olunur. Bunu da Promethean lövhə vasitəsilə aradan qaldırmaq olar. Belə ki, elektron işçi vərəqləri, testlər, məsələlər hazırlamaq olur ki, bu da vaxta qənaət baxımından çox faydalıdır. Bundan başqa, dərsin müxtəlif mərhələlərində Promethean lövhənin köməyi ilə kimyəvi anlayışları özündə əks etdirən maraqlı interaktiv tapşırıqlar hazırlamaq mümkündür.
Müasir təhsil mühiti daim dəyişməkdə və yeniləşməkdədir. Şagirdlərimiz multimediya dünyasında yaşayırlar. Belə bir şəraitdə müasir texnologiyaların köməyi ilə şagirdləri tədris prosesində daim məşğul saxlamaq və öyrənmə prosesini cəlbedici formada həyata keçirmək xüsusilə vacibdir.
Müasir dərsə verilən tələblərdən biri də dərsdə interaktiv metodlardan istifadədir. Son illər belə metodlar müəllimlərin tədris arsenalına daxil olub. Bəzən bu metodlardan yeri gəldi-gəlmədi istifadə kimi yanlış təcrübə ilə rastlaşırıq. Bir çox müəllimlər belə hesab edirlər ki, dərsdə nə qədər yeni, interaktiv metodlardan çox istifadə olunsa yaxşı alınar. Təcrübə göstərir ki, belə yanaşma düzgün deyil. Tədris metod və üsulları seçilərkən əslində bir çox cəhətlər, o cümlədən fənn, mövzu, sinfin səviyyəsi və s. nəzərə alınmalı və konkret mövzuda səmərəli nəticə verə bilən metodlar seçilməlidir.
Mən yeni metodların tətbiqinə məhz bu baxımdan yanaşıram. Məncə, təlim metodları seçilərkən şagirdlərin yaşı da nəzərə alınmalıdır. Məsələn, aşağı siniflərdə şagirdləri maraqlandıran, cəlb edən əyləncə xarakterli, sual-cavab əsaslı metodlar daha səmərəli nəticə verirsə, yuxarı siniflərdə ciddi, şagirdləri yaradıcı axtarışlara, təhlil-tərkib aparmağa sövq edən, polemikaya çəkən, müstəqil fəaliyyətə qoşan metodlar daha yaxşı nəticə verir. Yaş artdıqca şagirdlərin idrak qabiliyyətləri də inkişaf edir. Bu qabiliyyətləri inkişaf etdirən metodlar seçilərkən də bu nəzərə alınmalıdır. Məsələn, mən yuxarı siniflərdə, debat, layihə metodlarından daha çox istifadə edirəm. Təcrübəmə əsasən deyə bilərəm ki, bu metodlar aşağı siniflərdə elə də effekt vermir.
Müasir dərsin digər bir tələbi şagirdləri müstəqil işləməyə, öyrənməyə alışdırmaqdır. Bunun üçün internet resurslarından istifadə ən yaxşı yoldur. Müəllim internet resurslarından özü tam şəkildə istifadə etməyi bacarmalıdır ki, daha sonra öz şagirdlərinə düzgün istiqamətli tapşırıqlar versin. Mən internet resurslarından dərsin müxtəlif mərhələlərində geniş istifadə edirəm. “Onlinequizcreator.com” saytında hazırladığım onlayın testlər şagirdlərin daha çox marağına səbəb olur. “Learning apps.com” saytında hazırladığım “Kim kimyaçı olmaq istəyir?”, “Dövri qanun haqqında nə bilirik?”, “Çempion metal”, “Seçim sənindir, uğurlar!”, “Kimyəvi elementlərin dövri sistemi cədvəlini suallara cavab verməklə tapın”, “Suallara düzgün cavab verməklə krossvordu tamamlayın!” və s. kimi oyun tipli internet resursları ilə başlayıram. Çünki bu zaman ən zəif şagird belə lövhəyə çıxıb bu oyunu oynamaq istəyir və qalib olmaq üçün daha çox çalışıb, öyrənir.
Hər zaman dərsimi Blum Taksonomiyaları əsasında, eşitdiyim informasiyanı olduğu kimi çatdırmaq (bilik), müəyyən bir fikri öz sözlərimlə və ya hər hansısa başqa bir yolla yenidən söyləmək (anlama), yeni öyrətdiyim üsuldan istifadə etməklə yeni bir tapşırığı həll etmək (tətbiq), mürəkkəb bir ideyanın səbəblərini, nəticələrini tapmaq bacarıqlarını aşılamaq (analiz), bir neçə ideyanın bir yeni ideya halında birləşdirilməsi, köhnə ideyaların yeni variantlarının yaradılmasını bacarmaq (sintez), konkret ideyanı qiymətləndirmək (qiymətləndirmə) və bunun əsasında hazırlanmış suallar verməklə qururam.
Məsələn: Kalsium mövzusunu götürək: 1.Hafizəni yoxlayan sual: Tərkibində kalsium olan hansı qida maddələrini tanıyırsınız? 2.Sintezedici sual: Kalsiumun fiziki və kimyəvi xassələrini necə izah edə bilərsiniz? 3.Analizedici sual: Kalsiumun bir kimyəvi element kimi öyrənilməsi nəyə görə lazımdır? 4.Müqayisəedici sual: Kalsiumun canlıların həyatında rolunu müqayisə edin. 5.Sizə bugünkü mövzumuzda nə tanış idi? 6.Bəs siz hansı yeni məlumatları aldınız?
Dərsin belə hazırlanması nəticədə şagirdlərin biliklərini yeni məlumatlarla tamamlayır. Sadalanan metodlardan istifadə etməklə dərs keçdikdə şagirdlərdə sərbəst düşünmə qabiliyyəti artır və nəticədə İKT-dən istifadə bacarığı, müstəqil tədqiqat işinin aparılması vərdişləri, analiz etmək, araşdırmaq, dərketmək, müxtəlif layihələri təqdimat şəklində hazırlamaq bacarığı, əməkdaşlıq, dinləmə, sərbəst çıxış etmək qabiliyyəti formalaşır. Deməli, qeyd olunanlar tədrisin, nəticə etibarı ilə isə təhsilin keyfiyyətinin artmasına səbəb olur.

yuxarı ⤴