1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Pedaqoji təcrübə
Mütəhərrik oyunlar fiziki və zehni inkişaf vasitəsi kimi
30.04.2016/№16

 


Əli BƏŞİRLİ,
Şirvan şəhər 4 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi

Son illər təhsil sistemində aparılan islahatlar,ilk növbədə məzmun dəyişiklikləri yaddaşa əsaslanan məktəbin təfəkkür məktəbi ilə əvəzlənməsinə, yaradıcı, müstəqil məntiqi təfəkkürlü şəxsiyyətlərin formalaşdırılmasına istiqamətlənmişdir. Məhz belə şəxsiyyətlər cəmiyyətin siyasi, sosial-iqtisadi və mənəvi həyatının inkişafında daha fəal rol oynayır, yaşadığı cəmiyyət üçün, dövlət üçün məsuliyyət daşıdığını dərk edir.
Bu keyfiyyətlərə malik şəxsiyyətlər isə məktəbdə yetişir və bu işdə təlim-tədris prosesinin, müəllimlərin rolu xüsusilə böyükdür. Biz şəxsiyyətin hərtərəfli inkişafı dedikdə onun intellekti, əxlaqi-mənəvi keyfiyyətləri ilə yanaşı fiziki, psixoloji iradi xüsusiyyətlərini də nəzərə alırıq. Bu zaman, əlbəttə, aqillərin “Sağlam bədəndə sağlam ruh olar” müdrik deyimi istinad nöqtəsi kimi götürülə bilər. Məhz buna görə də bu gün şəxsiyyətin yetişdirilməsindən söhbət gedəndə onun fiziki tərbiyəsi də aktual məsələ kimi özünü göstərir. Şagirdlərin fiziki inkişafı isə ilk növbədə onlarda hələ kiçik yaşlarında bədən tərbiyəsi və idmana marağın formalaşdırılmasından asılıdır.
Sadalanan keyfiyyətləri əldə etmək, vətənpərvər insan yetişdirmək pedaqoqdan xüsusi ustalıq və fədakarlıq tələb edir.Yorulmadan çalışmaq, axtarışlarda olmaq, yetirmələrinə sevgi və sayğı ilə yanaşma müəllimi hədəfinə çatdıran amildir. Kiçik yaşlardan şagirdlərdə bədən tərbiyəsi və idmana həvəsin yaradılmasında mütəhərrik oyunların düzgün tətbiqi mühüm rol oynayır. Mütəhərrik oyunlar insanın təbii hərəkətlərinin, yerişin, qaçışın, tullanmanın, dırmanmanın və s. oyun prosesində tətbiq edilməsi üzərində qurulur. Bu oyunlar özü də müəyyən qaydalara əsaslanır. Oyunçular müəyyən bir məqsədə nail olmaq üçün qarşılarına çıxan maneələri və çətinlikləri aradan qaldırırlar, bu zaman onlar təşəbbüs göstərir, yaradıcılıqla hərəkət edirlər. Məhz bu üstün cəhətləri nəzərə alaraq mən dərslərimdə mütəhərrik oyunlardan istifadəyə geniş yer verirəm. Mütəhərrik oyunlar və idman oyunları aşağıdakı ümumi cəhətlərə malikdir. Hər iki qrupda oyun prosesində müəyyən hərəkətlər yerinə yetirilir, müəyyən qaydalara riayət olunur, hakimlik tətbiq edilir, yarışlar keçirilir. Mütəhərrik oyunlar, oyun fəaliyyətinin ən sadə forması olmaqla yanaşı, həm də daha mürəkkəb hərəkətlərdən ibarət olan idman oyunlarına hazırlıq mərhələsi hesab edilir. Mütəhərrik oyunlar ümumi fiziki hazırlıq məqsədi daşıyır. Lakin idman oyunları xüsusi fiziki hazırlığı özündə ehtiva edir.
Görünür məhz bu xüsusiyyətlərə görə, həm də müəyyən qədər əyləncəli xarakter daşıdığına görə uşaq və yeniyetmələrdə mütəhərrik oyunlara maraq daha çoxdur. Belə oyunlarda onlar hətta özlərini fəda etməyə, hay-küylü formada yoldaşlarını dəstəkləməyə qədər emosional olurlar. Oyunların bu xüsusiyyətlərindən istifadə etməklə şagirdlərdə həm fiziki inkişafa nail olmaq, həm də dostluq, yoldaşlıq, vətənpərvərlik kimi mənəvi keyfiyyətləri aşılamaq mümkündür. Bütün oyunlar kimi mütəhərrik oyunların da ilk məqsədi fiziki inkişafdır.
Oyun zamanı cəldlik, çeviklik, dəqiqlik və hərəkətin koordinasiyası kimi bir sıra fiziki keyfiyyətlər inkişaf etdirilir. Mütəhərrik oyunların başqa fiziki hərəkətlərdən üstünlüyü ondadır ki,uşaqlar oyun zamanı sərf etdikləri gücü bölüşdürə bilirlər. Onlar qarşılarına qoyduqları məqsədə nail olmaq üçün bütün qüvvələrini sərf edib yorulanda müvəqqəti olaraq oyundan çıxıb tənəffüs etmək imkanı əldə edirlər.
Eyni zamanda zehni inkişafın formalaşmasında da oyunlar uşaqların həyatında əvəzolunmazdır. Oyun vasitəsilə uşaq ilk dəfə olaraq onu əhatə edən əşyaları tanıyır, təbiət haqqında anlayışa malik olur, başqalarına qarşı münasibətlərini müəyyənləşdirir. Oyun həqiqətən uşaqların yaşadıqları və onu dəyişməli olduqları dünyanı dərk etmək üçün yoldur. Oyun uşaqları yeni təsəvvürlərlə zənginləşdirir, müşahidə qabiliyyətini artırır, öz hərəkətlərini idarə etmək bacarığı tərbiyə edir. Hər oyun müəyyən qaydalara malikdir, oyunçular bu qaydaları şüurlu və könüllü icra edirlər. Oyun qaydalarına şüurlu münasibət uşaqlara intizamlı olmaq, öz hərəkəti üçün məsuliyyət hiss etmək kimi yüksək əxlaqi keyfiyyətlər aşılayır.
Bundan başqa, uşaqlarda sərbəst hərəkət etmək, təşəbbüs və fəallıq göstərmək, inadlı, cürətli və iradəli olmaq kimi bu gün xüsusilə vacib olan keyfiyyətlər tərbiyələndirir. Oyunda iştirak edənlərin hər biri öz yaxşı keyfiyyətlərini - çevik, qüvvətli, bacarıqlı olduğunu nümayiş etdirməyə çalışır, beləliklə bu keyfiyyətlər daha da təkmilləşir. Oyunlar uşaqları kollektivdə birləşdirir, uşaqlarda yoldaşlıq, dostluq hissini, qarşılıqlı kömək və yoldaşın köməyinə yetişmək vərdişlərini inkişaf etdirir. Mütəhərrik oyunlar dərslərdə, tənəffüslərdə, gəzinti zamanı, dərsdənkənar tədbirlərdə, xüsusilə də açıq havada keçirilə biləsi çox maraqlı oyunlardır. Oyunlar düzgün seçilməli, uşaqların fiziki qüvvəsinə, marağına və ümumi inkişafına müvafiq olmalıdır.
Mütəhərrik oyunlardan istifadə zamanı müəllim bir sıra qaydalara da əməl etməlidir ki, bu oyunlar şagirdləri yormasın, daim onların sevdikləri bir məşğuliyyət olaraq qalsın. Belə ki, 7-9 yaşlı uşaqlar üçün mütəhərrik oyunlar vaxt hesabı ilə qısa olmalı və ara-sıra istirahət verilməklə aparılmalıdır. Tərkibində qaçış hərəkətləri, hoppanma və dayanmalar olan hərəkətlər də çox əhəmiyyətlidir. Məsələn, “Cəld uşaqlar”, “İki qış”, “Qaz və qu quşları” oyunlarından sonra istirahət verilməlidir.
“Evsiz dovşan”, “Boş yer” və s. oyunlar zamanı isə uşaqlar oyunun gedişində növbə ilə istirahət edirlər. Mütəhərrik oyunların qaydaları sadə olmalı, zehni yormamalıdır. Kiçikyaşlı uşaqlarda iradi keyfiyyətlər hələ zəif inkişaf etdiyindən, qarşıya qoyulan məqsədə nail olmağa hövsələləri çatmır. Odur ki, bu yaşlı uşaqlarda əhvali-ruhiyyə tez-tez dəyişir. Onlar üçün mürəkkəb olmayan və daha az vaxt tələb edən oyunlar daha səciyyəvidir.
9-10 yaşlı uşaqlar “Gecə-gündüz”, “İki düşərgə” və bu tipli oyunları çox sevirlər. 10-12 yaşlı uşaqlar isə daha çox güc tətbiq etməklə olan oyunlara daha maraqlıdırlar. Məsələn, “Dartıb dairəyə çəkmək”, “Bir-birini dartmaq”, “Topu aparıcıya ver”, “İstehkamın müdafiəsi” və s.
Öyrətmə prosesində biz müəllimlərin qarşısında bir sıra vəzifələr durur ki, onlara hər bir müəllim xüsusi diqqət yetirməlidir:
1. Məşğul olanların sağlamlığının möhkəmlənməsinə, onların orqanizminin formalaşmasına, ümumi iş bacarıqlarının artırılmasına kömək etmək.
2. Hərtərəfli fiziki inkişafa nail olmaq.
3. Həyatda lazım olan hərəkət vərdişləri inkişaf etdirmək.
4. Yüksək mənəvi-iradi keyfiyyətləri tərbiyə etmək.
Oyunlar zamanı obyektiv olmaq, ədalətli hakim rolunu düzgün yerinə yetirmək də vacibdir. Çünki uşaqlar təbiətən ədalətlidirlər və onu pozan hər xırda nöqsana etiraz edirlər. Bir də oyunları seçib tətbiq edərkən müəllim oyunçuların yaş xüsusiyyətləri, hazırlıq səviyyəsi, sağlamlıq vəziyyətləri, oyunun keçiriləcəyi yer, havanın temperaturu və s. cəhətləri də nəzərə almalıdır. Oyunlar başa çatdıqdan sonra müvəffəqiyyət və nöqsanların komanda və oyunçuların nəzərinə çatdırılması, yaxşı komanda və oyunçuların təriflənməsi, fəal oynamış komanda və oyunçuların həvəsləndirilməsi, nöqsanların aradan qaldırılması yolları göstərilməlidir.
 

yuxarı ⤴