1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Təhsil Nazirliyi hesabat verdi
05.05.2017 / No16

 
 

 

 


Ruhiyyə DAŞSALAHLI

Hesabatlılıq həm dövlət, həm də özəl strukturların qarşısında dayanan əsas öhdəliklərdən biridir. Təhsil Nazirliyi bu həftə 2016-cı ildə görülən işlərə dair hesabat verməklə prosesi artıq ənənəyə çevirir. Ötən il olduğu kimi, builki hesabat tədbiri də interaktiv formada keçirilməklə, ictimaiyyətin rəyi, çağırışları, tənqidləri dinlənildi, suallar müvafiq olaraq cavablandırıldı.
Hesabatda diqqətdə olan ilk məsələ, şübhəsiz ki, təhsilin keyfiyyətidir. Belə ki, 2016-cı ildə IX və XI sinif buraxılış imtahanlarında, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanında məqbul qiymət alanların çəkisi artıb. Beləliklə, IX sinifdə son 5 ildə orta hesabla 17 faiz, XI sinifdə ötən illə müqayisədə 2 faiz artım qeydə alınıb.
Diqqət çəkən məqamlardan biri də odur ki, bütün ölkə üzrə qeydə alınan həmin artımda həm də əvvəlki ildə uğursuz nəticə göstərən rayonların da payı var. Hər bir rəqəmin araşdırılması və səbəblərin aradan qaldırılması prinsipi ilə işləyən Təhsil Nazirliyi 2015-ci il IX sinif buraxılış imtahanında aşağı nəticə göstərən rayonlarda müşahidə edilən problemlərin aradan qaldırılması istiqamətində iş aparıb. Həmin fəaliyyətin nəticəsi olaraq 2015/2016-cı tədris ilinin IX sinif buraxılış imtahanında Astarada 22, Ağcabədidə 15, Sabirabadda 14, Masallıda 11, Cəlilabad və Saatlı rayonlarında 9 faizlik artım müşahidə olunub.
Tədqiqatyönümlü fəaliyyət sadəcə buraxılış imtahanları ilə də məhdudlaşmayıb. Təhsilin keyfiyyətinə mənfi təsir edən amilləri tapmaq və onun qarşısını almağa yönəlik araşdırmalardan biri VI sinif şagirdlərini əhatə edib. Bakı şəhərində olan məktəblərdə milli qiymətləndirilmə həyata keçirilib və şagirdlərin biliyinin ölçülməsi ilə yanaşı, müqayisələr aparılıb. Həmin araşdırmada mütləq qiymətləndirmə yanaşması əvəzinə, müqayisəli qiymətləndirmə yanaşması tətbiq edilib. 31678 şagirdin iştirakı ilə həyata keçirilən milli qiymətləndirmənin nəticələri ilə bağlı şagird və valideynlər məlumatlandırılıb.
Hesabatdan belə görünür ki, ölkəmizdə təhsilin keyfiyyətinin ölçülməsi sadəcə mərkəzləşdirilmiş qaydada xarici qiymətləndirmə əsasında aparılan qiymətləndirmə ilə məhdudlaşmayacaq. Ölkə məktəblilərinə verilən təhsilin keyfiyyətini ölçmək üçün həm də beynəlxalq qiymətləndirmə mexanizmlərindən istifadə olunur. Belə ki, artıq Azərbaycan məktəblərinin də PİRLS qiymətləndirməsində iştirakı təmin edilib. 2016-cı il üzrə 170 ümumi təhsil müəssisəsində PİRLS 2016 beynəlxalq qiymətləndirməsi həyata keçirilib. Tədqiqatın nəticələrinin 2017-ci il ərzində açıqlanması gözlənilir.
Azərbaycan növbəti illərdə PISA (2018) və TİMSS (2019) tədqiqatlarında da iştirak edəcək.
Məktəblilərin bilik yarışlarına qatılmasında, həmişə olduğu kimi, bu il də xüsusi fəallıq müşahidə olunub. Hesabat ilində respublika fənn olimpiadalarında iştirakçı sayı 27128-ə, beynəlxalq fənn olimpiadalarında yüksək nailiyyət göstərən məktəblilərin medallarının sayı 26-ya çatıb.

55 faizlik nəticə

Tətbiq edilən yeni təcrübələrdən sayılan məktəbəhazırlıq təhsil proqramı da özünü doğruldub. Uşaqların fərdi və akademik nailiyyətlərinin artmasında əhəmiyyəti nəzərə alınaraq bu tədris ilindən proqramın əhatə dairəsi genişləndirilib. 2795 məktəbdə 4410 qrupda 86970 uşaq məktəbəhazırlıq təhsilinə cəlb olunub və nəticədə proqram 5 yaşlı uşaqların yarıdan çoxunu əhatə edib. Bununla da məktəbəhazırlıq proqramının əhatəliliyi 24 faizdən 55 faizə çatıb.

Ali məktəblərdə müsbət tendensiyalar

Son 5 ilin ən uğurlu göstəricilərindən digəri isə ali məktəblərə qəbulda orta balın artması ilə bağlı olub. Belə ki, ərizə verənlər arasında orta bal 177-dən 207-yə qalxıb.
Ancaq orta balın qalxması ali məktəbə qəbul olanların sayına təsir etməyib. Əksinə, tələbə və magistr olaraq təhsilinə davam edənlərin sayında artım müşahidə olunub. Maraqlıdır ki, illər üzrə ümumi təhsil müəssisələrindən məzun olanların sayı da azalıb. Buna baxmayaraq, onların arasında təhsili növbəti pillədə davam etdirmək istəyənlərin sayı artaraq bakalavriat üzrə 34773, magistratura üzrə isə 4839 nəfərə çatıb.
2016-cı ildən Azərbaycanda ali təhsil müəssisələrinin sırasına biri də qatılıb. Belə ki, bu tədris ilindən UFAZ - Fransa-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində yaradılan universitet 4 ixtisas üzrə kadr hazırlığı aparır. Tədrisi ingilis dilində aparılan həmin universitetin məzunları ikili diplom alacaqlar. Hazırda universitetdə 120 nəfəri dövlət sifarişli, 23 nəfəri isə ödənişli əsaslarla olmaqla, 143 tələbə təhsil alır.
11 ali təhsil müəssisəsində SABAH qrupları təşkil olunub. 6 ixtisas istiqaməti, 32 ixtisas qrupunda təhsil alan tələbə sayı 2300-ü keçib.
Təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin gücləndirilməsi məqsədi ilə “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq davam etdirilib. Nəticədə Azərbaycan təhsil müəssisələrinin müəllim və tələbələrinin impakt faktorlu jurnallarda nəşr olunan elmi məqalələrinin sayı 40 faiz artıb.

Peşə təhsilinin artan önəmi

Hesabat ilinin ən mühüm yeniliklərindən biri Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Qurum ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə yaradılıb.
Bu il ilk dəfə olaraq “ASAN Peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu həyata keçirilib. İlk peşə-ixtisas təhsilinin ictimai statusunun yüksəldilməsi, inkişafı və təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı bir sıra beynəlxalq əlaqələr qurulub, layihələr icra olunub. Bundan başqa, 9 saylı Bakı Peşə Liseyinin bazasında İT STEP Academy yaradılıb.

Maliyyə və struktur islahatları

Təhsil sahəsində həyata keçirilən maliyyə və struktur islahatları da başa çatdırılıb. Belə ki, maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş maliyyələşməyə mərhələlərlə keçirilməsi üçün maliyyə hesablaşma mərkəzləri yaradılıb. İslahatla bağlı yeni mexanizmin tətbiqi regionlarda yerləşən 4134 təhsil müəssisəsini, o cümlədən, 3875 ümumtəhsil və 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edib.

Müəllim peşəsinin nüfuzu artır

Hesabat ilində müəllimliyin nüfuzunun getdikcə artdığını göstərən maraqlı faktlar da qeydə alınıb. Belə ki, 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını ilk sıralarda seçən abituriyentlərin sayı bu il 977 nəfərə çatıb ki, bu da 2015-ci illə müqayisədə 280 nəfərin artması deməkdir. Qeyd edək ki, bu tendensiya artıq bir neçə ildir müşahidə olunur.
Oxşar nəticələr müəllimlərin işə qəbulunda da qeydə alınmaqdadır. Belə ki, ötən il 34888 nəfər işə qəbul üçün qeydiyyatdan keçib. Onlardan 3000-dən çoxu işə götürülüb.
Müəllimlik peşəsinin nüfuzunun artmasında onların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərin də rolu az deyil. Bu baxımdan, qeyd etməliyik ki, 2016-cı il ərzində 91 min müəllimin maaşı artırılıb.

Tədqiqatların nəticələri

Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sahəsinin inkişaf dinamikası ilə bağlı təqdimatında rəqəmlərin arxasında gizlənən bəzi maraqlı məqamlara toxunub. Əvvəlcə, təhsil sahəsində bir neçə ildir ki, müşahidə edilən artım dinamikasının dayanıqlılığına diqqət çəkib: “Son dövrlərdə baş verənlər nəticələrini uzun müddət sonra müşahidə edəcəyimiz dəyişiklikdir. Məktəblərdə müsbət istiqamətdə inkişafın dayanıqlı dinamikası müşahidə edilir. 2012-ci ildə ilk dəfə tətbiq edilən buraxılış imtahanlarını, yəni mərkəzləşdirilmiş qaydada xarici qiymətləndirmə əsasında aparılan qiymətləndirmə ilə olan nəticələrlə 2016-cı ilin nəticələrini müqayisə etsək, 17 faizlik hər il artan dinamikanı görürük. Bu da faizləri şəxslərə çevirəndə 10 minlərlə insandan, onların gələcəyindən danışırıq deməkdir”.
Artım dinamikası peşə təhsilində də müşahidə olunub. Şöbə müdiri bunu əhatəlilik səviyyəsinin artması, xüsusilə şagirdlərin peşəyönümlü inkişafını təmin etmək üçün görülən işlərlə əlaqələndirib.
Ali təhsildə isə bəzi rekord nəticələr qeydə alınıb: “Ali təhsil müəssisələrinə rekord sayda qəbul həyata keçirilib. Bu da insan kapitalının inkişafının əsas göstəricilərindəndir”.
E.Əmrullayev təqdimatında nəticələri doğuran səbəblərin ölçülməsinə xüsusilə diqqət çəkib. Onun sözlərinə görə, Bakı şəhərində 6-cı sinifdə oxuyan şagirdlərin qiymətləndirməsi göstərib ki, həmin nəticələrə bir çox amilin təsiri var. 70 amil üzrə aparılan araşdırmalarda uşaqların məktəbdə uğursuz nəticə göstərməsinin səbəbləri tədqiq edilib. E.Əmrullayev bəzi amillər üzrə qənaəti açıqlayıb. Onun sözlərinə görə, şagirdlərin evdə resurslarla təmin olunması amili araşdırılıb və məlum olub ki, evdə resurslarla təmin olunanlar daha yüksək nəticə göstərib: “500 bal toplayan orta göstəricisi olan şagirddir. Nazirliyin tabeliyində olan lisey və gimnaziyalarda ən yüksək nəticə, digər ərazi vahidlərində - Qaradağ, Sabunçu, Pirallahı, Xəzər, Suraxanıda daha aşağı nəticə qeydə alınıb. Riyaziyyatdan da eyni nəticə göstərilib. Çıxan fərq bu rəqəmlərdən aydın görünür. Heç bir resursla təmin olunmayan şagirdlərin üstünlük təşkil etdiyi məktəblərdə orta bal 480 və təmin olunanların təhsil aldığı məktəblərdə isə 512-dir. Valideynlərin ali təhsilinin nəticələrə təsiri də ortaya çıxıb. Belə ki, valideynləri təhsilli olanlar Nəsimi, Yasamal kimi rayonlardakı məktəblərdə 70 faiz təşkil edibsə, Qaradağda cəmi 35 faiz şagirdin anası təhsillidir”.
Aparılan araşdırmalardan başqa nəticələr də hasil olub. E.Əmrullayev 1 il əvvələ qədər Azərbaycanda qüvvədə olan qaydanın mənfi təsirindən danışıb. Belə ki, valideynin istədiyi məktəbi seçmək hüququ mahiyyət etibarı ilə eyni xüsusiyyətli valideynlərin bir məktəbdə birləşməsi ilə nəticələnirdi. Bu, həm də eyni xüsusiyyətli uşaqların məktəblərdə şəbəkələşməsinə gətirib çıxarırdı. Ərazi nöqteyi-nəzərindən sosial-iqtisadi vəziyyətlə bağlı olsa da, bu vəziyyətin cəmiyyətə mənfi təsiri qaçılmazdır. Bunun qarşısını almaq və eyni zamanda valideynin yaşadığı ərazidəki məktəbə çıxışını asanlaşdırmaq məqsədilə artıq lisey və gimnaziyalara qəbulda dəyişiklik edilib. Belə ki, lisey və gimnaziyaların yerləşdiyi ərazidə yaşayanlar həmin təhsil müəssisələrinə imtahansız qəbul edilir.
Məktəbəhazırlığın olmamasının indiki 6-cı siniflərin təhsilində oynadığı rolu qeyd edən şöbə müdiri bu sahədəki islahatların 6 il sonra görə biləcəyimiz müsbət nəticələrinə inandığını vurğulayıb: “Nəticələrdən danışarkən səbəblərə diqqət yetirmək lazımdır. Səbəb aradan qaldırılmadan nəticə dəyişməz. Təhsil Nazirliyi də məhz səbəbləri tapmağa çalışır, tədqiqatlara əsaslanan islahatlar həyata keçirir”.

“Təhsil prosesinin özəlliyi ondadır ki, müəllimlərin hər biri idarəedici rolunu oynayır”

Təhsil naziri Mikayıl Cabbarov çıxışını hesabatda toxunulmayan, amma təhsil sahəsində keçirilən islahatların nəticəsi və qarşıda duran məqsədlər üzərində qurub: “2013-cü ilin oktyabrında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” həyata keçirdiyimiz islahatların çərçivəsini və məqsədini aydın şəkildə müəyyənləşdirib. Burada mühüm məqamlardan biri idarəetmədir. Bu istiqamətdə fəaliyyət çərçivəsində bütün təhsil pillələrində idarəetmənin təkmilləşdirilməsi davam etdirilib. Təhsil müəssisələrində “idarəetmə” deyiləndə, məktəbdə direktor, ali məktəbdə rektor düşünürük. Halbuki təhsil prosesinin özəlliyi ondadır ki, müəllimlərin hər biri idarəedici rolunu oynayır. Paytaxtda və rayonlarda məktəb direktorlarının təyinatı müsabiqəsinə olan maraq, bu işin sistemli olaraq həyata keçirilməsi bu sahədə nailiyyətlərin göstəricilərindəndir. Lakin idarəetmədə təkmilləşmə yalnız kadr islahatları ilə məhdudlaşmır və məhdudlaşmamalıdır”.
Nazir bildirib ki, son illərdə təhsil sistemində idarəedicilərin qarşısında duran vəzifələr artıb. Həllediləsi məsələlərin vacibliyi və əhatə dairəsi genişlənib: “Bu, ilk növbədə, universitetlərin maliyyə-təsərrüfat işlərinin qurulması islahatından irəli gəlir. Artıq bir neçə ildir ki, universitetlər akademik vəzifələrin deyil, tələbə hazırlığı, təhsilin məzmunu, qiymətləndirmə prosesinin keyfiyyəti, həmçinin maliyyə-iqtisadi çətinliklərin həlli ilə də məşğuldurlar. Bu da ölkəmizdə həyata keçirilən ali təhsil müəssisələrində adambaşına maliyyələşmə islahatından irəli gələn bir prosesdir. Qısa müddət ərzində belə böyükhəcmli islahatın həyata keçirilməsi təhsilin, xüsusən ali təhsil sistemini idarəedənlərinin üzərinə yeni vəzifələr qoyur. Ümumilikdə sistemə baxdıqda, idarəedicilər bu vəzifələrin öhdəsindən gəlir. Lakin tələblər durmadan artır. Artıq məsələ sadəcə ölkədaxili rəqabət deyil. Ali təhsil sistemində baş verən beynəlxalq meyillərə baxdıqda, mənzərəni aydın görmək olur. Ölkəmizin təhsil sisteminə regional və qlobal uiversitetlərin daxil olduğunu görürük. Xaricdə təhsilin daha əlçatan olması, distant təhsilin tətbiqi onu göstərir ki, orta və uzun müddətə ali təhsil müəssisələrinin rəqabət qabiliyyəti qorunub saxlanacaqsa, öz universitetlərimizi həmin rəqabətə hazırlamaq üçün lazım olan dəstəyi verməliyik”.

“İctimai şuraları zəruri orqan kimi görmək istəyirik”

Təhsil naziri qeyd edib ki, istənilən layihəni zəruri edən amillərdən başlıcası mühitdir: “İnanırıq ki, müvafiq mühit olmayan yerdə hər hansı təhsil layihəsinin uğur qazanması sıfra bərabərdir. Mühit özlüyündə zəruri, lakin kifayət etməyən bir şərtdir. Təhsil sahəsində sağlam mühitin formalaşmasında müsbət inkişaf müşahidə edirik. Bu məqsədlə ictimai nəzarət mexanizmlərindən də vaxtında və düzgün istifadə etməliyik. Əksər universitetlərdə ictimai nəzarət şuraları yaradılıb. Bu siyasəti növbəti illərdə məcburi alət kimi görəcəyik. Yəni universitetlərin təşəbbüsündən qaynaqlansa da, ictimai şuraların zəruri və məcburi orqana çevrilməsinə nail olacağıq”.

İstifadə olunmayan imkan

Nazir təhsilin inkişafını təmin edən əsas istiqamətlərdən biri olan resurs amilinin əhəmiyyətindən də danışıb: “Resursların daha böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə islahatlar həyata keçiririk. Bir tərəfdən həyata keçirilən yeniliklər yeni resurslar tələb edir. Digər tərəfdən isə makroiqtisadi kontekstdə həmin resursların əldə edilməsi asan deyil. Təhsil sisteminin maliyyələşməsində azalmalar baş verib. Yeganə çıxış yolumuz mövcud resurslardan daha səmərəli şəkildə istifadə edərək daha optimal qərarlar vermək və islahatların sürət və keyfiyyətinin azaldılmaması üçün zəruri olan resursları səfərbər etməkdir”.
Nazir xüsusi vurğulayıb ki, bu məsələdə yük dövlətin və dövlət büdcəsinin çiyinlərində olmamalıdır. O, özəl sektorun bir sıra təhsil pillələri ilə əməkdaşlığını “cəmiyyətin təhsil sahəsinə cəlb edə biləcəyi resursların genişlənməsində istifadə olunmayan imkan” adlandırıb və bu imkandan yararlanmağı təhsilin inkişafında əsas şərtlərdən biri kimi dəyərləndirib.

İbtidai sinfə gedənlərin 65 faizi...

M.Cabbarov təhlillərə əsaslanan bir reallığa da diqqət çəkib: “Dünya iqtisadi forumunun təhlilinə əsasən, hazırda ibtidai sinfə gedənlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, həmin iş yerləri bu gün mövcud deyil. Bu, təhsil işçiləri qarşısında intellektual nöqteyi-nəzərdən maraqlı, praktiki işlər nöqteyi-nəzərindən isə mürəkkəb məsələ formalaşdırır. Elə isə, təhsil sistemi məzunu hansı şərtlərə uyğun hazırlamalıdır? Onlar hansı bilik və bacarıqları mənimsəməlidir? Məzun təhsil prosesi dövründə nəyə hazırlanmalıdır?”.
Təhsil naziri iqtisadiyyat naziri Şahin Mustafayevlə bu istiqamətdə müzakirələr aparıb və çıxış yolu olaraq əməkdaşlığa qərar verilib. Bu məqsədlə hazırlanan birgə memorandumun may ayında imzalanacağı gözlənilir. “Hesab edirik ki, bir tərəfdən, ölkəmizin təhsil sisteminin əmək bazarı üçün buraxdığı məzunların bazarda əhəmiyyətini, digər tərəfdən iqtisadiyyatımızın bilik iqtisadiyyatı dövründə rəqabətliliyini artırmaq, iqtisadi perspektivlərimizi daha asan reallaşdırmaq üçün qurumlar arasında kadrların hazırlığı, dövlət sifarişinin istiqamətləri, peşə təhsili sahəsində məzunların hazırlığı, uzunmüddətli proqnozların hazırlanması və başqa bir sıra istiqamətlərdə daha sıx əməkdaşlığımıza ehtiyac var”, - deyə nazir vurğulayıb.

Riyaziyyat, informatika və xarici dillər

Nazir hesab edir ki, uğurlu məzun informasiya texnologiyaları sahəsində bacarıqlara yiyələnməlidir: “Buna ayrı ixtisas kimi deyil, istənilən peşə və ixtisasın zəruri kompetensiyası kimi baxırıq. Artıq 10-15 il sonra elə bir uğurlu mütəxəssis olmayacaq ki, ixtisası üzrə İT biliklərinə malik olmasın. İT, çeviklik, öz dilimizlə yanaşı, regional və ya qlobal əhəmiyyətli azı bir xarici dil imkanına malik məzunun əmək bazarında hər zaman bir iş yeri olacaq. Ölkənin sosial-iqtisadi inkişaf perspektivlərindən də görünür ki, həmin səviyyədə insan kapitalı yetişdirilməlidir. Bununla bağlı təhsilimizin məzmununa riyaziyyat, informatika, xarici dillərin gücləndirilmiş tədrisi daxil edilib, bir sıra layihələrə start verilib. Onların bəzilərini növbəti akademik ildən başlayaraq, pilot şəkildə görə biləcəyik”.
Nazir onu da bildirib ki, xarici dillərin tədrisində dil daşıyıcısı olan ölkə, şirkət və institutlarda hazırlanan, universal şəkildə dünyanın bir çox ölkəsində istifadə olunan dərsliklərin istifadə imkanları araşdırılır. Bu istiqamətdə islahatlar gələcəkdə də davam edəcək.

Və yekun

Beləliklə, Təhsil Nazirliyi daha bir hesabatını təqdim edərək, həyata keçirilən islahatların məzmununu geniş ictimaiyyətə çatdırdı. Əgər hesabatlılıq dövlət strukturu üçün bir öhdəlikdirsə, çağırışlara cavab vermək də ictimaiyyətin üzərində olan missiyadır. Prosesin tamamlanması üçün ikinci qeyd etdiyimiz də hesabatlılıq qədər vacibdir.

yuxarı ⤴