1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
05.05.2017 / No16

 
 

 

 


Ruhiyyə DAŞSALAHLI

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri müəyyənləşib. “Gülüstan” sarayında təşkil edilən tədbirdə müsabiqəyə qatılan və uğur qazanaraq adını qaliblər cərgəsinə yazdıran şagirdlər mükafatlandırılıb.
Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi bir neçə qurumun - Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Təqdimetmə mərasimindən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin təhsil sisteminin və bütövlükdə Azərbaycanın inkişafında rolundan danışıb: “Qeyri-adi idarəetmə istedadına malik olan ümummilli lider Azərbaycana rəhbərlik etdiyi dövrlərdə sosial-iqtisadi inkişafın və ictimai-siyasi sabitliyin təminatçısı olub. Ən ağır vaxtlarda Azərbaycan xalqını böyük təhlükələrdən xilas edib. Heydər Əliyev təhsilimizin inkişafına da böyük diqqət və qayğı göstərib. Bu sahənin cəmiyyətdə rolunu, uşaqların şəxsiyyət kimi formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi şəxsiyyətin dəyərli ideyaları təhsil islahatlarının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz ulu öndərin tövsiyələri əsasında təhsil sisteminin inkişaf proqramı hazırlanıb”.
M.Cabbarov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təhsil fəlsəfəsi bu gün də öz bəhrəsini verir və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil edir.
Məhz buna görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələrdə, o cümlədən təhsildə inkişaf və müasirləşmə proseslərini uğurla həyata keçirir: “Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin əsasını qoyduğu islahatları uğurla davam etdirərək ölkənin sosial-iqtisadi yüksəlişinə təkan verib, hər bir vətəndaşın mənafeyinə xidmət edən sosialyönümlü siyasət yeridib, inkişafın Azərbaycan modelini formalaşdırıb. Nəticədə Azərbaycan cəmiyyətində Heydər Əliyev siyasi kursuna inam möhkəmlənib, həyata keçirilən davamlı inkişaf strategiyasının alternativsizliyi birmənalı qəbul edilib.

Təhsil islahatları səmərəli xarakter alıb

Dünyada iqtisadi böhranın, qonşu ölkələrdə siyasi münaqişələrin davam etdiyi bir dövrdə İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanda siyasi sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu artır. Ölkəmizin qüdrətli dövlətə çevrilməsini qarşısına məqsəd qoyan dövlət başçısı təhsilin inkişafı üçün də münbit şərait yaradıb”.
Məhz bu siyasətin nəticəsidir ki, son illərdə təhsil islahatları məzmunca daha praktik və səmərəli xarakter alıb. Təhsilin keyfiyyətinin artırılmasının başlıca hədəf olduğunu deyən nazir təhsil sahəsində qeydə alınan uğurlardan da danışıb. 5 yaşlı uşaqların məktəbəhazırlığının ölkə üzrə 55 faiz təşkil etdiyini, təhsilalanların qiymətləndirilməsinin beynəlxalq təcrübəyə uyğunlaşdırıldığını, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırıldığını, vətəndaş məmnuniyyətinin təmin edildiyini və ali təhsil müəssisələrinin yeni çağırışlara cavab verməsi yönündə görülən işləri təhsildə aparılan dəyişikliklər kimi diqqətə çatdırıb. M.Cabbarov hər yeniliyin arxasında isə məhz Heydər Əliyev dəyərlərinin durduğunu vurğulayıb. Məhz ulu öndərin tələbi olub ki, gənclərin əsl vətəndaş kimi formalaşmasında onlara vətənə məhəbbət hissi, milli ruh, milli özünüdərketmə, milli iftixar hissləri aşılanmalıdır. “Ümummilli lider milli-mənəvi dəyərlərə sadiq, müstəqillik ideyalarının qorunmasına qadir gənclərin yetişməsinə böyük ümidlər bəsləyirdi. Dövlət dilimiz olan Azərbaycan dilini millətin varlığı, xalqımızın ən uca milli-mənəvi dəyəri kimi qiymətləndirirdi. Azərbaycan dilinin bütün incəliklərinə dərindən bələd olan ulu öndər özünün parlaq çıxışları ilə natiqlik mədəniyyətinin canlı nümunəsi səviyyəsinədək yüksəlmişdi. Hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş Konstitusiyası və Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması, ötən əsrin 70-ci illərində işıq üzü görən “Müasir Azərbaycan dili” kitablarının dövlət mükafatına layiq görülməsi ulu öndərin Azərbaycan dilinin statusuna verdiyi yüksək dəyərin təzahürüdür”, - deyən təhsil naziri xüsusi vurğulayıb ki, ulu öndərin dəyərli tövsiyələri əsasında formalaşmış milli təhsil sistemi bu gün də öz dilini səlist bilən layiqli vətəndaş yetişdirməyi qarşısına məqsəd qoyub.
Daha sonra təhsil naziri müstəqil Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil arasında təbliği məqsədi ilə təşkil edilən müsabiqə barədə məlumat verib. Onun sözlərinə görə, yeni formatda artıq ikinci dəfə keçirilən bu müsabiqə 2 mərhələdə təşkil olunub. 6 nəfər birinci, 9 nəfər ikinci və 15 nəfər üçüncü dərəcəli diploma, 23 nəfər tərifnaməyə layiq görülüb. Nazir qalibləri təbrik edərək deyib: “Qaliblərin hər birinə təhsildə və həyatda uğurlar arzulayıram. İnanıram ki, Heydər Əliyevə qarşı ürəyinizdə qərar tutan məhəbbət hissi sizi heç vaxt tərk etməyəcək”.

Ali məktəbə qəbul olunsalar, təqaüd...

Sonra baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov çıxış edib. O, “Ən yaxşı təqdimat” müsabiqəsinin şagirdlərdə azərbaycançılıq məfkurəsinin formalaşmasına və onların əsl vətəndaş kimi yetişməsinə müsbət təsirindən danışıb: “Hər il on minlərlə şagird Heydər Əliyevin zəngin irsini öyrənir, müxtəlif müsabiqələrdə iştirak edir. Bununla həm Heydər Əliyev şəxsiyyətinə, ümummilli liderin xatirəsinə hörmət və ehtiramlarını ifadə edirlər, həm də onlarda dövlətçilik ənənələrinə dərin məhəbbət formalaşır. Bütün bunların hamısı Azərbaycan gənclərinin layiqli vətəndaş kimi formalaşmasına xidmət edən əhəmiyyətli amillərdir”.
Əli Əhmədov Yeni Azərbaycan Partiyasının müsabiqə qaliblərinə verəcəyi əlavə üstünlükləri də qeyd edib: “Bu günə kimi müsabiqə qalibi olmuş 50 tələbəyə Yeni Azərbaycan Partiyası tərəfindən təqaüd verilib. Müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olunsalar, onlar 4 illik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar. Yaradıcısı ulu öndərimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının məqsədi, məramı daha gözəl və daha firavan Azərbaycan qurmaqdır və bu məqsədlə də Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir vətəndaşımız fədakarcasına çalışır”.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman təhsilin inkişafına xüsusi diqqət yetirib. Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkəmizdə gənclərin inkişafı, intellektual səviyyələri, kadrların yetişdirilməsi, istedadlı uşaq və gənclərin aşkarlanması, onların potensialının inkişaf etdirilməsi hər zaman diqqət mərkəzində olub. İstedadlı uşaqların aşkar olunmasında müsabiqənin əhəmiyyətini vurğulayan S.Mehbalıyev diqqətə çatdırıb ki, bu cür tədbirlərin təşkili Heydər Əliyev irsinin şagirdlər arasında təbliği baxımından böyük önəm daşıyır.

Heydər Əliyev Fondundan müsabiqəyə davamlı dəstək...

Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov qeyd edib ki, Fond bu müsabiqənin davamlı olaraq keçirilməsinə dəstək verəcək. Çünki Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev irsinin gənc nəsil tərəfindən öyrənilməsinə, milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmasına və ölkəmizdə uğurla həyata keçirilən təhsil siyasətinin inkişafına daim böyük dəstək göstərir. Azərbaycanda cəmiyyət quruculuğu və sosial-iqtisadi inkişafa öz töhfəsini verən Heydər Əliyev Fondu təhsilin, mədəniyyətin inkişafına xidmət edən çoxsaylı layihələr həyata keçirir. Fond Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edərək məktəblilər arasında sağlam həyat tərzi, Azərbaycanın zəngin mədəni, tarixi irsinin öyrənilməsi istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinə daim dəstək göstərir. Məktəblilərin ulu öndərin irsinin öyrənilməsi və bu mövzuda təqdimat hazırlamaq bacarığı gənc nəslin ölkəmizin müstəqilliyi, dövlət quruculuğunun gücləndirilməsi, ölkənin daim çiçəklənməsi istiqamətində düzgün inkişafının parlaq nümunəsidir. Bu layihədə iştirak edən hər bir məktəbli özünü qalib hiss etməlidir. Layihə ölkəmizin müstəqilliyinin qorunmasına və gücləndirilməsinə xidmət edən gənc nəslin yetişdirilməsinə böyük töhfə verəcək.
Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin və Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının xorunun ifasında əsərlər səsləndirilib.
Müsabiqə qaliblərinə mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qaliblərə Azərbaycan rayonlarına bir həftəlik səyahət imkanı yaradıb.

yuxarı ⤴