1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Golden Byte”ın qızılını qazananlar
05.05.2017 / No16

 
 

 

 


Tələbələrin ideyaları startaplara çevrilir

Oruc MUSTAFAYEV

Məlum olduğu kimi, Ukraynanın paytaxtı Kiyev şəhərində “Golden Byte” IX Beynəlxalq İT Çempionatının ölkələrarası final mərhələsi keçirilib. Azərbaycanın və Ukraynanın Təhsil nazirliklərinin, Kiyev Şəhər Administrasiyasının dəstəyi ilə keçirilən müsabiqəyə təqdim olunmuş layihələri Ukraynanın və dünyanın ən böyük İT şirkətlərinin nümayəndələri qiymətləndiriblər. Çempionatın final mərhələsinə dünyanın 10 ölkəsindən innovativ layihələr təqdim olunub. Tədbirin təşkilatçısı kimi artıq 10 ildir ki, STEP IT Academy çıxış edib. 300-dən artıq ən güclü komandalar 20 000 ABŞ dolları həcmində hədiyyə fondu uğrunda mübarizə aparıb. Müsabiqədə ilk dəfə iştirak edən azərbaycanlı tələbələr 6 nominasiya üzrə öz layihələrini təqdim ediblər. Tələbələrimiz yarışdan iki qızıl və iki bürünc medalla qayıdıblar. Təmsilçilərimizdən Vaqif Rüstəmov “Character Design”, Elvin Cuvarov, Orxan Qədirov isə “WEB Design” nominasiyaları üzrə I yerə layiq görülüblər. “Startup Challenge” nominasiyası üzrə 3-cü yerin qalibləri Əsəd Yusubov, Nicat Cavadov (“JavaSet” komandası), “Internet of Things” nominasiyası üzrə Tural Səlimli, Məmməd Kərimli və Fəhmin Zakirli (“Savefy” komandası) olub. Qeyd edək ki, qaliblərdən Vaqif Rüstəmov ölkəmizdə 6 aydır ki, fəaliyyətdə olan İT Step Akademiyasının tələbəsidir.

“İcad et. Yarat. Dəyiş”

Qeyd edək ki, “İcad et. Yarat. Dəyiş” (“Invent. Create. Change”) devizini rəhbər tutan yarışmanın məqsədi müxtəlif ölkələrdən olan innovativ layihələrin dünyanın nəhəng İT şirkətlərinin qarşısında təqdimatlarını təmin etməkdir ki, bununla da iştirakçı layihələr özlərini tanıda, müxtəlif fondlardan və investorlardan yatırımlar cəlb edə bilərlər. “WEB Design” nominasiyası üzrə 1-ci yerin qalibi eTAP-ın əsas məqsədi internet imkanlarından istifadə edərək itirilmiş əşya haqqında asanlıqla və pulsuz elan yayımlanmasını təmin etmək, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək ödənişsiz xidmət göstərmək və cəmiyyətdə sosial fayda vərdişləri yaratmaqdır. Layihə çərçivəsində gündəlik restoranlar şəbəkəsi, idman sağlamlıq mərkəzləri, nəqliyyat şirkətləri, sosial iaşə obyektləri və digər təşkilatlarla əməkdaşlıq qurmaq planlaşdırılır. e-TAP artıq “Bakı Metropoliteni” QSC ilə rəsmi əməkdaşlıq edir, metropoliten ərazisində tapılan bütün sahibsiz əşyaların saytda yayımlanması təmin olunur və beləliklə, əşya sahibi öz itkisi barədə daha tez məlumatlandırılır. Bundan əlavə, e-TAP 2016-cı ildə Bakıda baş tutan “Formula-1 Grand Prix” yarışında tapıntı bürosu kimi servis göstərib və bu vəzifənin öhdəsindən uğurla gəlib.

“Adımızın “Bakıdan olan komanda” kimi çəkilməsi çox qürurverici idi”

“WEB Design” nominasiyası üzrə I yerin qalibləri çempionat barədə fikirlərini bizimlə belə bölüşdü:
Bəhruz İbrahimov, layihənin təsisçisi: “Düşünürəm ki, layihənin vacibliyi və sosial əhəmiyyəti Kiyevdə qazandığımız birincilik ilə bir daha sübut olundu. Bununla biz kifayətlənməyərək daha da irəli getməli, xidmətlərimizi və saytımızı daha da təkmilləşdirməliyik”.
Elvin Cuvarov, layihənin həmtəsisçisi, kreativ direktoru: “Məncə, ölkəmizdə e-tap.az artıq yavaş-yavaş tanınmaqdadır və Kiyevdəki qələbəmiz bu yolda bizə daha da kömək oldu. Sosial şəbəkələrdə, müxtəlif xəbər agentliklərində qələbələrimiz barədə məlumatlar paylaşıldı. Buna görə ilk növbədə bütün dəstək olanlara xüsusi təşəkkürlərimizi bildiririk”.
Orxan Qədirov, layihə meneceri: “Qürbət yerdə adımızın qalib kimi çəkilməsi, xüsusən də “Bakıdan olan komanda” kimi hallanması çox qürurverici idi, həqiqətən də. Biz orada öz layihəmizlə tək öz qələbəmiz üçün yox, Bakımızı, ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni etdik və əziyyətimiz hədər getmədi”.
Ukrayna paytaxtında “Character Design” nominasiyası üzrə çox maraqlı layihə təqdim edən Vaqif Rüstəmov uşaq vaxtlarından rəssamlığa, yaradıcılığa böyük maraq göstərib. O, Qərb Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. Hərçənd ki, iqtisadiyyat çox perspektivli sahədir, Vaqif qrafik dizaynı ilə maraqlanıb və qrafik proqramların öyrənilməsi sahəsində vərdişlərini yaxşılaşdırmaq məqsədilə “IT StepAcademy”da təhsilə başlayıb. Məhz burada “Qızıl Baytı 2017” beynəlxalq müsabiqəsi haqqında məlumat alıb. “Əvvəlcə mən bu layihəyə şübhə ilə yanaşdım, lakin layihə ilə tanış olduqdan, müsabiqənin nominasiyaları barədə məlumat aldıqdan sonra layihədə iştirak etməyə qərar verdim. Mən müsabiqəyə “Character design” - “Personajların hazırlanması və dizaynı” nominasiyası üzrə qatıldım. Bu müsabiqəyə iki personaj hazırladım. Mənim əsas personajım insanlar üzərində genetik eksperimentlərin qurbanı idi. Bütün layihənin reallaşmasına 3 ay vaxt sərf etdim. Layihənin bütün vizual hissəsi “AdobePhotoshop” proqramının köməyi ilə edilmişdi. Personajların hazırlanması zamanı onların geyimlərinin dizaynına, həm də texnoloji və fizioloji xüsusiyyətlərinə böyük diqqət ayrılıb. Həmçinin elmi amilə istinad olunub ki, personajlar daha real görünsünlər, elmi əsasa malik olsun. Gələcəkdə öz personajlarımı inkişaf etdirməyə, onların videooyunlar sənayesində tətbiqini genişləndirməyə, yeni süjet xətlərini yaratmağa, komikslər çəkməyə, ölkəmizdə bu sahənin inkişafına öz töhfəmi verməyə çalışacağam.
“Qızıl Baytı 2017” mənim üçün çox maraqlı və informasiyalarla zəngin bir müsabiqə oldu. Müsabiqədə iştirak etməyimin səbəbi iştirakçıların qiymətli bilikləri və təcrübə mübadiləsi aparmaq, eləcə də bu sahədə peşəkarlardan, münsiflər heyətinin üzvlərindən qiymətli məsləhətlər almaq idi. Bu müsabiqə məndə yalnız müsbət emosiyalar doğurdu. Müxtəlif sahələrdə, eləcə də İT texnologiyaları və dizayn sahələrində gənclərin necə inkişaf etdiyini, bütün dünyada insanların həyatını yaxşılaşdıran yeni innovativ layihələri görmək çox xoş idi”.
STEP IT Academy-nın baş direktoru Dmitri Korçevskinin sözlərinə görə, “biz Golden Byte-ı istedadlı gəncləri xeyirxah məqsəd - dünyanı biliklərin və texnologiyaların köməyi ilə dəyişmək, innovasiyaları tətbiq etməklə insanlara xidmət göstərmək amalı ətrafında birləşdirmək məqsədilə yaratmışıq. Əminliklə deyə bilərik ki, biz buna nail ola bildik! Artıq tələbələr layihələr hazırlayır, onların ideyaları startaplara çevrilər və həyatda öz tətbiqini tapır. Bu çox gözəldir”.
Qeyd edək ki, mükafata layiq görülmüş layihələr arasında məhdud imkanlı insanların həyatını dəyişə bilən, müasir texnologiyaların bütün imkanlarından yararlana bilmələrinə kömək edəcək bir çox sosial layihələr də var. Belə startaplardan görmə qüsurlu uşaqların oxumasına kömək, gözdən əlil insanlara şəhərdə hərəkət etməyə, asanlıqla, mobil telefonun köməyi ilə istənilən müəssisəni tapmağa imkan verən layihələr də var.

yuxarı ⤴