1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Ali təhsildə maliyyə və sahibkarlıq fəaliyyəti müzakirə olunub
05.05.2017 / No16

 
 
 

 

 


“ADA” Universitetinin Azərbaycan Texnologiya Universiteti və ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyi (AAA) ilə birgə təşkil etdiyi “Ali təhsildə maliyyə və sahibkarlıq fəaliyyətləri: problemlər və perspektivlər" mövzusunda konfrans Bakıdakı plenar iclasdan sonra növbəti gün işini Gəncədə davam etdirib.
ATU-da təşkil olunan panellərin açılışında universitetin rektoru, professor Akif Süleymanov bildirib ki, konfransın mövzusu hazırda ali təhsil sisteminin ən aktual problemlərindən birinə həsr olunub. Alternativ maliyyə mənbələrinin təmin edilməsi və büdcə asılılığının azaldılması istənilən ali təhsil müəssisəsinin inkişafında sürətli dönüşün başlanğıcı ola bilər.
ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyinin sədri Nəzrin Bağırova qeyd edib ki, konfransın keçirilməsində məqsəd dörd müxtəlif sahənin nümayəndələrini - təhsil siyasətçiləri, tədqiqatçılar, QHT təmsilçiləri və sahibkarları bir araya gətirməkdir. Yekun hədəf isə ali təhsilin əlçatanlığını və öyrənmə keyfiyyətini artırmaq, araşdırma və innovasiyaları təkmilləşdirməkdir. Bunun üçün də büdcə səmərəliliyi və maliyyə diversifikasiyasının rolunu müzakirə etmək, həll yollarını araşdırmaq və irəli sürmək əsas vasitələrdən biri hesab oluna bilər.
Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda ali təhsil müəssisələrində alternativ maliyyələşmə yollarına aid çıxışlar dinlənilib. Panellərdə müzakirələr xüsusi istiqamətlər üzrə aparılıb. Kolumbiya Universitetinin dosenti Noah Drezner “Məzunların xeyriyyəçilik mədəniyyətinin başa düşülməsi”, Honkonqun Henqsenq Universitetinin professoru Şirley Yanq “Sahibkarlıq düşüncəsinin inkişafı və davamlı inkişaf məqsədlərinə əsaslanan təfəkkür”, Bolqarıstanın Ruse Universitetinin professoru Daniel Pavlov isə “Birbaşa biznes-universitet müqavilələrinin yaradılmasında risk idarəetməsi” mövzularında məruzələr ediblər. Mövzular ətrafında müzakirələr təşkil olunub.
Konfransda həmçinin ATU ilə Honkonqun Henqsenq Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum ATU-nun Davamlı İnkişaf Mərkəzi ilə Henqsenq Universitetinin Korporativ Davamlılıq Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını nəzərdə tutur.
Konfransın təşkilinə Azərbaycan Respublikası Təhsil Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycan Dillər Universiteti nəzdində Bakı Amerikan Mərkəzi, SOCAR, ENAM və Gravity İnc. dəstək verib.
 

yuxarı ⤴