1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Kitabın günü olmurmu?
05.05.2017 / No16

 
 

 

 


Gülnarə İLHAM

Telefonumun təqvim bölməsinə 29 aprel “Oxu günü”nü qırmızı rənglə qeyd etmişdim. Üstəlik, yaddaşıma arxayın olmayıb, xatırlatma zəngi də qoşmuşdum. Tələm-tələsik evdən çıxdım, yeganə xəsisliyim kitab hədiyyə etməklə bağlı olduğu üçün bilərəkdən özümlə kitab götürmədim. Düşündüm ki, hər hansı bir dost kitab dəyişmək istəsə, unutduğumu deyəcəyəm, amma əvəzində kitab qazanacağam. Əfsus ki, belə xoşməramlı hadisə ilə qarşılaşmadım, özüm “Kitabevim” mağazasının stendinə yaxınlaşıb “Xan” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasından olan Dilbər Axunzadənin “Müşfiqli günlər” kitabını aldım.
23 aprelin Ümumdünya Kitab və Müəlliflik Hüquqları günü kimi qeyd olunması 1995-ci ildə UNESCO tərəfindən təsdiqlənib. Bu günün rəsmi olaraq kitabla əlaqələndirilməsinin səbəbi isə dünya ədəbiyyatının iki dahi simasının - Uilyam Şekspir və İnka Qarsilaso de la Veqanın həmin tarixdə vəfatı ilə bağlıdır. Tarixçəsi 1923-cü ildə İspaniyadan başlayan belə bir əhəmiyyətli günün o dövrdəki təşəbbüskarları əsasən naşirlər, kitab satıcıları, yazıçılar olub. Elə ölkəmizdə də bu ənənəni davam etdirmək və mütaliənin təbliğinə dəstək məqsədilə “Oxu günü” festivalının keçirilməsi təklifi ilk dəfə 2015-ci ildə “Hədəf” şirkətlər qrupunun baş direktoru, yazıçı, filologiya elmləri doktoru Şəmil Sadiqdən gəlib.
Ümumdünya Kitab gününə həsr olunmuş “Oxu günü” festivalı bu il aprelin 29-da Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunub. Etiraf etmək lazımdır ki, Heydər Əliyev Mərkəzinin parkında “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunmuş builki “Oxu günü”nün gözləntiləri özünü əvvəlki illərlə müqayisədə daha çox doğrultdu. Üstəlik, KİV-lərin də festivalla bağlı xəbərə diqqətlə yanaşması və məkanın göz önündə olması insanların marağını cəlb etmək baxımından nəticəsini göstərdi. Onu da vurğulayım ki, Ümumdünya Kitab günü kitab sənayesinin yüksək inkişaf etdiyi İsveç, İspaniya, Böyük Britaniya, Amerika kimi ölkələrdə hətta bir neçə gün davam edən təntənəli mərasimlə qeyd olunur.
Parkın uzaqdan mənzərəsinə həqiqətən möhtəşəm demək olardı. Hətta bir anlıq özümü dünyanın yeddi möcüzəsindən biri olan “Semiramidanın asma bağları”nın qarşısında dayanmış kimi hiss etdim. Sadəcə, o ağaclardan meyvə əvəzinə kitab sallanırdı. Necə xoş mənzərə. Yolunun üstündə dayandığım maşının siqnalı məni neçə min illik yoldan bir saniyəyə geri qaytardı. Addımlarımı yeyinlədib parka tərəf getdim. Qələbəlik idi. Amma iynə atsan yerə düşərdi. Könül istər ki, belə günlərdə az qala şəhərin yarısı burada olsun.
Aşağı pillədən başlayaraq ilk qarşıma çıxan müxtəlif məktəblərin bir-birindən maraqlı guşələri oldu. Oxu gününə xüsusi səylə hazırlaşdıqları bəlli idi. Vətənpərvərlik, xalq folkloru, klassik ədəbiyyat, rəssamlıq mövzusunda hazırlanmış kiçik dekorativ məkanlar kitab sərgisi konseptini tamamlasa da, hər addımbaşı təkrarlanan bu ənənəvilik məni yordu. Təkcə Hüseyn Cavidin portreti yanında dayanmış Cavid duruşlu məktəbliyə baxanda ürəyim açıldı. Mənalı, bir az da özündənrazı mimikası vardı. Mənə elə gəldi ki, o gənc ədəbiyyat dahisini canlandırmağın mahiyyətini və məsuliyyətini çox dərindən anlayır. Nə deyim, Cavid qələmli olsun.
Sıra ilə gəzməyə davam etdim. Müasirlik, elmi yenilik, texnologiyanı özündə əks etdirən guşə axtarırdı gözüm. Gələcəyin Azad Mirzəcanzadəsini, Kərim Kərimlisini, Lütfi Zadəsini, Yusif Məmmədəliyevini, Tomas Edisonunu, Maykl Faradeyini, Albert Eynşteynini tanımaq istəyirdim. Əfsus, cəmi bir məktəbli guşəsində beş-altı kompüter masası arxasında əyləşən şagirdlər görə bildim. Artıq altı ildir Azərbaycanda məktəblilər arasında gələcək alimlərin üzə çıxarılması və yetişdirilməsinə dəstək üçün “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir. Düşünürəm ki, “Oxu günü” bu qədər irimiqyaslı tədbirlə qeyd olunursa və az da olsa uğurlarımızı bölüşmək üçün şərait yaranırsa, məktəb direktorları, müəllimlər startapçı məktəbliləri də cəlb edə bilərdilər.
Bu arzularımı yola salıb nəşriyyatların stendlərinə tərəf üz tutdum. “Təhsil”, “Altun”, “Qələm”, “Mütərcim”, “Xan”, “Hədəf,” “AYB kitab”, “Qədim Qala”, “Parlaq İmzalar”, “Kitab Klubu” kimi nəşriyyatların stendlərinin qarşısında kitab alanlardan çox tamaşa edənlər vardı. “Hədəf” nəşrlərinin 3000-dən çox kitabı şagirdlərə hədiyyə etməsi ilə bir anlıq qarışıqlıq yarandı. Amma kitab uğrunda aparılan hər xırda mübarizəni müqəddəs missiya adlandırmaq olar.
İngilis filosofu və yazıçısı Frensis Bekon deyib ki, kitab zamanın dalğaları üzərində səyahət edən, öz qiymətli yükünü nəsillərdən nəsillərə yetirən fikir gəmisidir.
Məncə, bu gəmilərə minib dünya səyahətinə çıxmağa dəyər. Odur ki, kitabınız və oxu gününüz bol olsun.

yuxarı ⤴