1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“İxrac kadrlarının hazırlanması qeyri-neft sektorunun inkişafına böyük dəstək olacaq”
05.05.2017 / No16

 
 

 

 


Fariz Əhmədov: “Yerli bazarlardakı böyük uğurlar iş adamlarını beynəlxalq bazarlara çıxmağa meyilləndirəcək”

Jalə MÜTƏLLİMOVA

Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində qeyri-neft sektoru üçün kadr hazırlığı məsələsinə toxunaraq bu işə xüsusi diqqət göstərilməsi tapşırığını verib. “Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq” deyən dövlət başçısı bu sahədə mütəxəssis qıtlığına işarə edib. Eyni zamanda, bu istiqamətdə ciddi addımlar atılmasının vacibliyini vurğulayıb.
Dövlət başçısının göstərişlərinin həyata keçirilməsi üçün artıq ilk addımların atılmasına başlanılıb. Azərbaycanda ən böyük iqtisadyönümlü kadr hazırlığını həyata keçirən Azərbaycan Dövlət İqtisad Universitetində-UNEC-də reallaşan konfransda Prezidentin sədrliyi ilə keçirilən müşavirədən irəli gələn məsələlər müzakirə olunub. Universitetin iqtisadiyyat və işlətmə kafedrasının müdiri, Beynəlxalq Magistratura-doktorantura Mərkəzinin rəhbəri Fariz Əhmədovla söhbətimiz də Azərbaycan Prezidentinin qaldırdığı məsələ və sözügedən konfrans ətrafındadır.

- Fariz müəllim, ümumiyyətlə ixrac kadrları kimdir? Bu məsələ hansı səbəbdən Prezident səviyyəsində gündəmə gətirildi və dövlət əhəmiyyətli sayılır?
- Bu, bazar iqtisadiyyatına keçən ölkələr üçün olduqca vacib məsələdir. Çünki ölkələr məhz bu yolla beynəlxalq rəqabətlilik imkanları qazana bilirlər. İxrac kadrları faktor bazarlarını araşdırmaq qabiliyyəti olan mütəxəssislərdir. Bir qədər də detallara varsaq, bu o deməkdir ki, ölkədə istehsal olunan məhsulların xarici bazarlara çıxarılması istiqamətində addımların atılması üçün bizim ciddi işlər görməyimizə ehtiyac yaranıb. Daxili bazarda yetərincə dəyərli olan məhsullarımız mütləq xarici bazarlara çıxarılmalı və hətta o bazarlarda gedən rəqabətdə üstünlük əldə eləməyə iddialı olmalıdırlar. Bu işi daha uğurla həyata keçirə biləcək adamlar isə savadlı ixrac mütəxəssisləridir. Cənab Prezident məhz bu məqamları nəzərə alıb belə bir məsələni gündəmə gətirib, təxirə salınmadan tədbirlər görülməsi üçün ciddi tapşırıqlar verib.
Ölkədə yeni müəssisələr yaranır. Həmin müəssisələrdə çalışmaq üçün yerli mütəxəssislərimiz olmalıdır. Bu, ölkədə dövlət qurumlarının qarşısında duran ən vacib məsələlərdəndir. Qeyd edim ki, bu mənada UNEC-in də üzərinə böyük məsuliyyət düşüb.
- Yəqin ki, müşavirədən dərhal sonra eyni məsələyə həsr olunan konfransı da UNEC bu səbəbdən təşkil etdi.
- Bəli, geniş konfrans keçirildi. UNEC-də ixrac üzrə mütəxəssislərin hazırlanmasına dair təkliflər irəli sürülüb və təhlil edilib. Qeyd etdiyiniz toplantıdakı iştirakçılar qeyri-neft məhsullarının ixracı istiqamətində fəaliyyətləri özündə cəmləşdirəcək mərkəzin yaradılması təklifini müsbət dəyərləndiriblər. Ticarət və gömrük işinin təşkili kafedrasının nəzdində fəaliyyət göstərəcək mərkəzin əsas işi ölkədə neftdənkənar sahələrin inkişaf etdirilməsi, ixrac potensialının artırılmasına dəstək verəcək təkliflərin irəli sürülməsi olacaq. İqtisadiyyatın bu sahəsi üçün kadr hazırlığını təmin etmək məqsədilə universitetdə ixracyönümlü tədris planlarına yer ayrılması da toplantıda xüsusi qeyd edilib. İxracatçılara universitetin metodiki dəstək göstərməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə əməkdaşlıq prinsiplərinin hazırlanması nəzərdə tutulub. İxrac mövzusunda tədqiqatların aparılması, dissertasiya işlərində bu mövzulara diqqətin artırılması təklifi də müsbət dəyərləndirilib. Magistratura Mərkəzində, UNEC Biznes Məktəbində, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bu sahə üzrə mütəxəssislərin hazırlanması, bunun üçün yeni ixtisasların yaradılması, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqatların aparılması, ixracatçı şirkətlərə dəstək məqsədilə beynəlxalq bazarların araşdırılması işinin təşkili ilə bağlı qərarlar verilib. Rektorun göstərişi ilə ixracatçılara dəstək işinə xarici bazarların araşdırılmasında həmin ölkələrin nüfuzlu ali məktəblərinin məzunu olan UNEC müəllimlərinin, eyni zamanda ikili diplom proqramları əsasında xarici universitetlərdə tədrisini davam etdirən tələbələrin də cəlb edilməsi nəzərdə tutulub.
- İxrac kadrlarının hazırlanmasında ən vacib məqsədlərdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Sizcə, perspektiv nə vəd eləyir?
- Çox müsbət və böyük nəticələr gözləyirik. İxrac kadrlarının hazırlanması qeyri-neft sektorunun inkişafına böyük dəstək olacaq. İlk olaraq bu kadrlar hətta yerli istehsal müəssisəsinin daha yaxşı inkişafını və fəaliyyətini təmin edə biləcəklər. Yerli bazarlardakı böyük uğurlar təbii ki, iş adamlarını beynəlxalq və daha böyük bazarlara çıxmağa meyilləndirəcək. Baxın, o bazarlarda artıq işin böyük əksəriyyətini məhz ixrac kadrları görəcəklər. Onlar dil bacarıqları ilə paralel beynəlxalq iqtisadiyyata, beynəlxalq bazarlara dair geniş, əhəmiyyətli bilgiyə sahib olmalıdırlar. Bu, beynəlxalq bazarlara girmək istəyən şirkətlər üçün çox əhəmiyyətli məqamdır. Çünki o bazarlarda fəaliyyət göstərən bütün xarici şirkətlərin ixrac mütəxəssisləri artıq böyük və nüfuzlu sayılırlar. Onlarla tərəf-müqabil və rəqib olaraq iş birliyinə hazır olmaq lazımdır. Xatırlayırsınızsa, bir neçə il öncə cənab Prezident ölkədə menecerlərə ehtiyac olduğu barədə də məsələ qaldırmışdı, hətta 20 mindən artıq kadra ehtiyac olduğunu da söyləmişdi. O zaman bu istiqamətdə xeyli iş görüldü. Hesab edirəm ki, hazırda ölkənin menecer ixtisası üzrə problemi illər öncə olduğu qədər deyil.
- UNEC-in üzərinə bu məsələylə bağlı dövlət əhəmiyyətli məsuliyyət düşüb. Konfransdan sonra ilkin addımlar atılıbmı?
- Ciddi işlərə başlamaq üçün əvvəlcə mövcud vəziyyəti qiymətləndirmək vacibdir. Bizim konfransın məqsədi qeyd etdiyimiz kimi, əsasən bu idi. Biz əslində, Azərbaycan Respublikasının strateji yol xəritəsi hazır olanda bu sahənin inkişaf etdirilməsinin vacib olduğunu müzakirə etmişdik. Elə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi də məhz bu məqsədlə yarandı. Biz magistratura səviyyəsində beynəlxalq ticarət ixtisasları açmışıq. Artıq Dövlət İmtahan Mərkəzinə bu yerlərin olması haqda məlumat da vermişik. Həm ingilis, həm türk, həm rus, həm də Azərbaycan dilində bu ixtisasa qəbul gözləyirik. UNEC-in Elmi Şurasında da bakalavr səviyyəsi üzrə beynəlxalq ticarət və logistika ixtisası bölməsi açıldı. Hər iki bölməni yaratmaqda məqsəd və hədəf ixracyönümlü kadrların yetişdirilməsidir.
- UNEC-in bu mütəxəssisləri hazırlamaq üçün bazası yetərlidirmi?
- Təbii ki, bu hazırlıqlar üçün yerli mütəxəssislərlə kifayətlənmək olmaz. Elə buna görə son zamanlar UNEC universitet-sənaye iş birliyini ciddi şəkildə inkişaf etdirməyə başlayıb. Biz çalışırıq ki, bu sahədən, sənayedən olan mütəxəssislər tələbələrimizə mühazirələr oxusun. Xüsusilə beynəlxalq ticarət, həmçinin beynəlxalq ticarət və logistika üzrə hazırlanacaq mütəxəssislər sənaye müəssisələrində təcrübədə olsunlar. Yəni birbaşa real vəziyyəti görə, qiymətləndirə bilsinlər. Buna paralel olaraq biz ixrac kadrları üzrə beynəlxalq təcrübəsi olan professorları da prosesə cəlb edirik. Qeyd edim ki, bu sahədə böyük təcrübəsi olan bir neçə nüfuzlu mütəxəssislər Azərbaycana gəlib, tələbələrə dərs keçməsi üçün danışıqlar aparılır.
- Sizcə fərqli ölkələrin iş dünyasından mütəxəssislərin dəvəti Azərbaycanın ixrac mütəxəssislərinin hazırlanmasında hansısa rol oynaya bilərmi?
- Şübhəsiz. Hazırda bizim auditoriyalarda dünya səviyyəsində tanınan nüfuzlu şirkətlərin rəhbərləri ilə də görüşlər təşkil olunur. İlk olaraq biz Azərbaycanın iri şirkətlərinin rəhbərlərini görüşə dəvət etdik. Ən müxtəlif sahələrdə uğurlu biznes quran iş adamlarının mühazirələrinin təşkili işinə də davam edəcəyik. Biz həmin görüş-mühazirələri karyera həftəsi adlandırırıq. Artıq bu istiqamətdə də ciddi addımlar atılıb. Ancaq bu proses, yəni ixracyönümlü mütəxəssislərin hazırlanması işi uzun müddətə nəticə verəcək prosesdir. Biz başladığımız sürətlə davam etsək, daha tez və yaxşı nəticələr əldə edəcəyimizə əminik.

yuxarı ⤴