1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının medalçıları
05.05.2017 / No16

 
 
 

 

 


Oruc MUSTAFAYEV

Azərbaycanlı məktəblilər beynəlxalq olimpiada tariximizə növbəti töhfələrini veriblər. Qazaxıstanın Astana şəhərində 23-30 aprel tarixlərində keçirilən 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edən şagirdlərimiz növbətu uğura imza atıblar. Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Nigeriya və s. kimi 22 ölkədən 120 məktəblinin qatıldığı bilik yarışmasında Bakıdakı 160 nömrəli Klassik gimnaziyanın X sinif şagirdi Nəriman Mirişov yüksək nəticə göstərərək gümüş, “İstək” liseyinin X sinif şagirdi Ramil Babazadə isə bürünc medal qazanıblar. Mendeleyev Olimpiadası təşkilat komitəsinin qərarı ilə Azərbaycan komandasının daha iki üzvü, 4 nömrəli Lənkaran Humanitar liseyinin X sinif şagirdi Turan Məmmədli, Kimya-biologiya təmayüllü respublika liseyinin IX sinif şagirdi Əli Əliyev müsabiqənin diplomuna layiq görülüb.
Ötən tədris ilində şagirdlərimiz bu mötəbər yarışda 2 bürünc medal əldə ediblər. Ümumiyyətlə, olimpiadada Azərbaycan məktəbliləri 4 qızıl, 7 gümüş və 30 bürünc olmaqla 41 medal qazanıb. Qeyd edək ki, Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibləri qəbul imtahanı vermədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində ödənişsiz oxuma hüququ qazanırlar. Qaliblərlə daha yaxından tanış olaq:


“Arzum Almaniyada təhsil almaqdır”

Nəriman MİRİŞOV

2000-ci ildə Bakıda anadan olub. 2007-ci ildə 160 nömrəli Klassik gimnaziyanın I sinfinə gedib. Hazırda bu məktəbin X sinif şagirdidir. Məktəbin əlaçı şagirdlərindəndir. Təbiət elmlərinə daha böyük maraq göstərdiyindən cari tədris ilindən təbiət elmləri təmayüllu sinifdə təhsil alır. 2015-2016-cı və 2016-2017-ci tədris illərində kimya fənn olimpiadalarının məktəb turunda I yeri qazanıb. 2016-cı ildə kimya fənni üzrə respublika fənn olimpiadasında I yerə layiq görülüb. Ötən il kimya üzrə Azərbaycan yığma komandası tərkibində Moskvada keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edib. Ötən il Tbilisidə keçirilən beynəlxalq Kimya Olimpiadasında III yerə layiq görülüb.
- 51-ci Mendeleyev Kimya Olimpiadasına çox intensiv hazırlıqlar keçdim. Əvvəlki illərdə keçirilmiş Mendeleyev olimpiadalarının tapşırıqlarının həlli ilə məşğul oldum. Builki olimpiada 2 nəzəri və bir praktik olmaqla 2 mərhələdə keçdi. Nəzəri hissədə qazanılan ballar birbaşa iştirakçının yekun göstəricilərində əksini tapır. Buna görə də nəzəri sual və tapşırıqlar xeyli çətin və məsuliyyətli idi. Olimpiadanın təşkilinə gəlincə, deməliyəm ki, ötənilki müsabiqə ilə müqayisədə çox yüksək səviyyədə təşkil olunmuşdu. Mən builki sual və tapşırıqların da əvvəlki illərə nisbətən daha asan olduğunu deyə bilərdim. Lakin Mendeleyev olimpiadasında qızıl medal almaq hər kəsə nəsib olmur. Mən olimpiadadan bürünc medal gözləyirdim. Əlbəttə ki, gözləntilərimə rəğmən gümüş medala layiq görülməyim məni çox sevindirdi. Qarşıdan, yayda Tailandda keçiriləcək Beynəlxalq Kimya Olimpiadası gəlir. İyul ayında olimpiadanın seçim turu olacaq. Mən də olimpiadada uğurla iştirak və daha yüksək səviyyədə ölkəmizi təmsil etməklə Vətənə öz töhfəmi vermək istəyirəm. Gələcək planlarıma gəldikdə isə demək istəyirəm ki, arzum Almaniyanın nüfuzlu universitetlərindən birində tibb təhsili almaqdır.


“Hədəfim qızıl medaldır”

Ramil BABAZADƏ

2001-ci il mayın 6-da Şəki şəhərində anadan olub. 2007-ci ildə Bakıdakı 74 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunub, VI sinifdə imtahan verərək “İstək” liseyində oxumaq şansı qazanıb. Hazırda “İstək” liseyinin X sinfində təhsil alır.
- Orta məktəbdə oxuduğum illərdə bir çox uğurlarım olub. Ancaq ən böyük uğurlarım “İstək” liseyində oxuduğum vaxta təsadüf edir. IX sinifdə oxuyarkən 50-ci Beynəlxalq Mendeleyev Olimpiadasından iştirakçı diplomu, Respublika fənn olimpiadalarından gümüş medal, Gürcüstanda keçirilən 68 ölkədən 300-ə yaxın sagirdin iştirak etdiyi 48-ci Beynəlxalq Kimya Olimpiadasından bürünc medal qazanmışam. X sinifdə isə cari tədris ilinə İndoneziyanın Denpasar şəhərində keçirilən və 48 ölkənin iştirak etdiyi Yeniyetmələrin 13-cü Beynəlxalq Təbiət Elmləri Olimpiadasına qatılaraq bürünc medal qazanmaqla başladım. 2017-ci ilin mart ayında 51-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək üçün seçim turundan müvəffəqiyyətlə keçdim.
Olimpiadaya hazırlıq mərhələsi həm liseyimiz, həm də olimpiada tədris mərkəzi tərəfindən yüksək səviyyədə keçdi və mən olimpiadanın bürünc medalına layiq görüldüm. Onu da qeyd edim ki, Astanaya yola düşməmişdən bir neçə saat əvvəl Respublika fənn olimpiadasının final turunda iştirak edərək, “Birincilər birincisi” nominasiyası üzrə təltif olundum. Bütün bu nailiyyətlərimə görə müəllimlərimə, başda “İstək” liseyinin olimpiada koordinatoru Elvin Məmmədov olmaqla müəllim kollektivinə, Xamməd Əsədova, İqrar Nəzərova, Elşad Abdullayevə dərin minnətdarlığımı bildirirəm. Hazırda Tailandda keçiriləcək 49-cu Beynəlxalq Kimya Olimpiadasında iştirak etmək hüququ qazanmaq üçün çalışıram. Hədəfim növbəti olimpiadadan qızıl medal almaqdır.


“Məktəblilərimiz yeni zəfərə imza atıblar”

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin dekan müavini, kimya fənni üzrə Respublika fənn olimpiadasının münsiflər heyətinin sədri, kimya üzrə fəlsəfə doktoru İqrar Nəzərov da şagirdlərimizin beynəlxalq olimpiadada iştirakını yüksək qiymətləndirir:
- Şagirdlərin kimya üzrə Beynəlxalq Mendeleyev Olimpiadası hər il aprelin axırı və mayın əvvəllərində MDB, Baltikyanı, Cənub-şərq ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı ölkələrindən olan məktəblilər arasında keçirilir. Fənn olimpiadaları arasında Beynəlxalq Mendeleyev Olimpiadası xüsusi yer tutur. Bu olimpiadada kimyanı əhatə edən bölmələr olimpiadaya hazırlıq üçün olan materiallara uyğun olaraq məhdudlaşdırılmır. Digər əsas fərqlərdən biri də odur ki, tapşırıqlar komplekti tərkibi sabit olan metodik komissiya tərəfindən hazırlanır. Bu da tapşırıqların sabit və kifayət qədər yüksək səviyyədə olmasını təmin edir. Olimpiada 3 turdan ibarət olur: iki nəzəri və bir təcrübi. Səkkiz tapşırıqdan ibarət olan birinci nəzəri tur hər bir iştirakçı tərəfindən mütləq şəkildə işlənilir. İkinci nəzəri tur (seçimli) kimyanın beş bölməsini əhatə edir: qeyri-üzvi kimya, üzvi kimya, analitik kimya, fiziki kimya, canlılar haqqında elm və polimerlər. Hər bölmə 3 tapşırıq ilə əhatə olunur. Bu tapşırıqlardan isə yalnız ən çox bal toplanılan tapşırığın balı götürülür. Bu da iştirakçıların universal biliyini qiymətləndirməyə imkan verir. İkinci turun tapşırıqları birinci tura nisbətən daha çətin olur. Təcrübi turda şagirdlərin kimya laboratoriyasında işləmək, metodikaya uyğun şəkildə kimyəvi analiz və sintezləri aparmaq qabiliyyəti yoxlanılır. Məktəblilərimiz dünyanın müxtəlif ölkələrindən olan həmyaşıdları arasında yüksək fəallıq göstərməklə mükafata layiq yerlər qazana biliblər. Şagirdlərimiz Nəriman Mirişov gümüş və Ramil Babazadə bürünc medala layiq görülməklə növbəti zəfərə imza atıblar. Xatırladaq ki, keçən tədris ilində şagirdlərimiz bu mötəbər yarışda 2 bürünc medal qazanıblar. Hazırda məktəblilərimizi daha bir beynəlxalq olimpiada - iyulun 6-15-də Tailandda keçiriləcək Dünya Kimya Olimpiadası gözləyir. Artıq bu bilik yarışına hazırlıqlarımız başlayıb. Ölkəmizi bu nüfuzlu bilik müsabiqəsində təmsil edəcək bütün şagirdlərimizə uğurlar arzulayıram.

 

yuxarı ⤴