1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Son 5 ildə Texas ştatından ilkə imza atan azərbaycanlı doktorant
05.05.2017 / No16

 

 

 


ABŞ-ın Milli Elm Fondunun mükafatına layiq görülmüş Samir Hüseynov uzunmüddətli planlar qurmur

Oruc MUSTAFAYEV

Bu günlərdə Amerika Birləşmiş Ştatlarından (ABŞ) aldığımız xoş xəbər təhsil ictimaiyyətimizin əsl sevincinə səbəb oldu. Azərbaycan təhsil sisteminin daha bir yetirməsi ABŞ-da növbəti uğura imza atmaqla gənclərimizin istedadı, qabiliyyəti ilə zirvələr fəth edə bilmək gücündə olduğunu bir daha dünyaya göstərdi. Bu uğurun sahibi isə dünyanın nüfuzlu ali məktəblərindən olan Texas A&M Universitetində doktorantura təhsili alan Samir Hüseynovdur. Xəbər verildiyi kimi, o, ABŞ-ın Milli Elm Fondu tərəfindən tədqiqat mükafatına layiq görülüb. 42,6 min dollar həcmində olan mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirməyə və yeni elmi nailiyyətlər əldə etməyə imkan verəcək. Qeyd edək ki, S.Hüseynov son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorantdır. Bizim üçün isə çox qürurverici və sevindirici məqam odur ki, o, azərbaycanlı tələbədir. “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsində Samir Hüseynov ona təhsil aldığı ali məktəbdə şöhrət gətirmiş elmi tədqiqatları, eləcə də yaşadığı sevinc hissindən doğan təəssüratları barədə danışdı.
Samir Hüseynov 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. İbtidai təhsilini Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Orta təhsilini əvvəlcə Bakıdakı 242 nömrəli tam orta məktəbdə, daha sonra isə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Prezident təqaüdünə layiq görülüb. İqtisad universitetində xüsusi istedadlar qrupunda təhsilini davam etdirib. 2008-2010-cu illərdə Macarıstandakı Mərkəzi Avropa Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb. 2010-2012 -ci illər arasında İqtisadi İslahatlar üzrə Elmi-Tədqiqat İnstitutunda və bir sıra digər tədqiqat qurumlarında çalışıb. Bu müddət ərzində Azərbaycan Dövlət İqtisad və Qafqaz universitetlərində dərs deyib. 2012-ci ildən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Texas A&M Universitetində təhsilini davam etdirir. Ailəlidir, iki övladı var.

- Amerika Milli Elm Fondunun xəbəri bizi çox sevindirdi. Proqramınızın mahiyyətini açıqlayardınız...
- ABŞ-ın Milli Elm Fondu (MEF) Amerika Konqresi tərəfindən 1950-ci ildə yaradılmış müstəqil federal qurumdur. Fondun əsas məqsədi elmi inkişaf etdirmək, əhalinin sağlamlığını, rifahını yaxşılaşdırmaq və bu yolla milli təhlükəsizliyi təmin etməkdir. Yəni, MEF-in yaranış fəlsəfəsinə görə ölkənin inkişafının və təhlükəsizliyinin qarantı elmi inkişaf etdirməkdən və elm adamlarına onların tədqiqatları üçün lazımi maddi imkanlar yaratmaqdan keçir. Fondun 2016-cı il büdcəsi 7.5 milyard dollar olmuşdur və vəsaitlər əsasən dəqiq, kompüter və sosial elmlərə yönəldilmişdir. MEF-in 10-dan artıq müxtəlif elm sahələrini dəstəkləyən proqramları var və mənim qalib olduğum proqram “Qərarvermə, Risk və İdarəetmə Elmləri” adlanır. Bu proqram əsasən fərdi, qrup, təşkilat və cəmiyyət qərarlarının effektivliyini artıran, bu istiqamətdəki elmi modelləri inkişaf etdirərək qərarvermədəki mövcud bilikləri dərinləşdirən və sonda siyasət qərarlarını daha da səmərəli edən elmi işlərə tədqiqat mükafatı verir. Mükafatlar ancaq araşdırmaların aparılmasına sərf oluna bilər, çünki Fondun prinsiplərinə görə vergiödəyicilərinin vəsaitləri elmi inkişaf etdirib elə sonda vergiödəyicilərinə artan rifah şəklində geri qayıtmalıdır.
Konkret olaraq öz elmi işimə gəldikdə isə bunu deyə bilərəm ki, mənim əsas məqsədim 2008-ci ildən qüvvədə olan “Kalori İşarələmə” qanununun effektiv olmamasının səbəblərini izah etmək və bu istiqamətdəki elmi biliklərin artırılması üçün nəzəri model qurmaq idi. Belə ki, həmin qanun restoranlarda və digər iaşə obyektlərində satılan qida maddələrinin kalori tutumunun açıq şəkildə göstərilməsini məcburi edirdi. Burada haşiyə çıxıb qeyd etmək yerinə düşər ki, hələ 20-ci əsrin əvvəllərindən iqtisadçılarda belə bir fikir hakim idi ki, iqtisadi agentlər tam rasionaldır və agentlərin optimal qərar verməsini təmin etmək üçün sadəcə onlara gərəkli informasiyanı təqdim etmək lazımdır. Ancaq xüsusilə 1960- cı illərdən başlayaraq Nobel mükafatçısı George Stigler və başqaları iqtisadi agentlərin iqtisadi məhsullarla bağlı məlumatlara bilərəkdən və ya bilməyərəkdən laqeyd yanaşdığını ortaya qoydular. Bu işdə iqtisadçılara, xüsusilə istehlakçı psixologiyasını öyrənən alimlərin köməyi oldu. Çikaqo Universitetinin iqtisadi davranış elmləri üzrə dünyaca məşhur alimi Richard Thalerin də qeyd etdiyi kimi, iqtisadçılar insanlarla bağlı çox zaman “asan” fərziyyələrə yönəlirlər və bu da sonda onların qurduğu iqtisadi modellərin insan davranışlarındakı sistematik anamoliyaları izah edə bilməməsinə gətirib çıxarır. Mənim ortaya qoyduğum yanaşma da kalori ilə bağlı təqdim olunan informasiyanın hansı səbəblərdən istehlakçılar tərəfindən diqqətə alınmamasını izah edir.

“Bu layihə faydalı nəticələr ortaya qoyacaq”

- Siz bu proqram haqqında çoxdan fikirləşirdiniz? Bu layihə, Amerika və eləcə də ölkəmiz üçün nə dərəcədə aktualdır?
- Bəli, bu proqram haqqında çoxdan fikirləşirdim və lazım olan elmi yanaşmanı inkişaf etdirmək üçün təqribən 1 il vaxt sərf etməli oldum. Çünki mənim nəzəri modelim təkcə iqtisadi biliklərə əsaslanmır və bu modeli püxtələşdirmək üçün istehlakçı psixologiyası, davranış və koqnitiv elmlərdə ortaya qoyulan yeni araşdırmaları da öyrənib onlardan nəticə çıxarmaq lazım gəldi. Qalibi olduğum proqram bu səpgidəki elmi işlərə daha çox önəm verir, çünki artıq elm adamları anlayır ki, sadəcə öz sahələrinə bağlı qalaraq cəmiyyət və insanla, eləcə də onun seçimləri ilə bağlı müfəssəl elmi nəticələr əldə etmək çox çətindir. Ona görə də müxtəlif elmi istiqamətlərdən olan alimlərin birgə işləri son zamanlar elm aləmində daha çox dəstək qazanır.
Layihə Amerika və eləcə də Azərbaycan üçün olduqca aktualdır. Məsələn, Dünya Səhiyyə Təşkilatının 2013-cü il hesabatında göstərilir ki, Azərbaycanda 20 yaşdan yuxarı əhali arasında artıq çəkililər təqribən 56%-dir. Amerikada isə artıq bu məsələyə epidemiya kimi baxırlar, çünki burada yetkin əhalinin 36.5 % -i köklükdən əziyyət çəkir. Düzdür, köklük və ya artıq çəkinin bir çox səbəbləri var, məsələn, idman fəaliyyətinin azlığı və aktiv olmayan həyat tərzi və s. Amma bunlarla yanaşı, qida seçimlərinin də bu problemdə böyük rolu var. Mənim layihəm daha çox bu problemə iqtisadi seçimlərin optimallaşdırılması nöqteyi nəzərindən yanaşır və ümid edirəm ki, bu layihə hər iki cəmiyyət üçün sonda faydalı nəticələr ortaya qoyacaq.

“Samir, bil ki, bu, böyük bir şərəfdir”

- Layihə üzərində işləyərkən kimlərin sizə dəstəyi oldu? Bizə sizin amerikalı müəllimlərinizin də layihə barədə fikirlərini eşitmək maraqlı olardı...
- Layihə üzərində 2015-ci ilin payızından işləməyə başladım, eksperimental və davranış iqtisadiyyatı üzrə dəyərli elmi araşdırmaları olan bir neçə professorla mütəmadi əlaqə saxlayaraq ideyalarımın “itiləşməsinə” çalışdım. Ancaq yekun işdə əsasən diplom rəhbərim Marko Palmanın böyük rolu oldu. Onun da dəstəyi ilə keçən ilin avqust ayında layihəni tamamlayaraq Milli Elm Fonduna göndərdim. Tədqiqat mükafatını almaq xəbərini eşidəndə birlikdə çalışdığım bütün professorlar çox sevindilər. Onsuz da layihənin ərsəyə gəlmə prosesində ortaya qoyduğumuz işin keyfiyyətinə çoxları əmin olmuşdu. Dəyərli professorum və gənc alim Aleksandr Broun mükafat qazandığımı biləndə mənə “Samir, bil ki, bu, böyük bir şərəfdir” deyə email göndərdi...

“Yeni yanaşma klassik iqtisadçıların baxışları ilə uyğun gəlmir”

- Layihədə iqtisadi əsaslandırma və hardasa insanın psixo-neyro reaksiyaları arasında bir əlaqə görürük. Yəni layihədə iqtisadi və tibbi elmlərin inteqrasiyasından danışmaq olarmı? Siz buna necə nail oldunuz?
- Olduqca yerində və maraqlı bir sualdır. İqtisadi davranışlar və iqtisadi seçimin neyro-psixi əsaslarının öyrənilməsi son zamanlar elm aləmində böyük vüsət almışdır. Əvvəlcə onu qeyd edim ki, bu yeni yanaşma klassik iqtisadçıların bir sıra baxışları ilə uyğun gəlmir və hətta bəzi iqtisadçılar hələ də müxtəlif səpgilərdən buna qarşı çıxırlar. Məsələn, ehtiras altında iqtisadi qərarların verilmə mexanizmi ilə bağlı dərin elmi əsərlər ortaya qoymuş Prinston Universitetinin məşhur nəzəri iqtisadçısı Faruk Gül neyro-psixi göstəricilərin iqtisadi modellərə gətirilməsinə ehtiyatla yanaşır. Onun məşhur “Ağılsız iqtisadiyyat” əsərində iddia olunur ki, neyro-psixi göstəricilər iqtisadi qərarların verilmə prosesini daha aydın göstərsə də, sondakı iqtisadi seçimlər haqqında əvvəlcədən məlumat verə bilmir. Yeri gəlmişkən, onu da qeyd edim ki, hazırda bir neçə həmkarımla üzərində çalışdığım bir məqalədə biz bunun belə olmadığını sübut etməyə çalışırıq. Belə ki, aldığımız nəticələrə görə, insanın beyin fəaliyyəti, göz hərəkətləri və emosiyaları iqtisadi seçimləri əvvəlcədən 72% dəqiqliklə xəbər verməyə kömək edir. Biz eyni zamanda beyinin qamma dalğaları ilə qida seçimi arasında əlaqəni də ortaya qoymuşuq. Bununla yanaşı, neqativ emosiyaların (qəmginlik kimi) qida seçimində daha ağır çəkiyə sahib olması da həmin məqalənin tapıntıları sırasındadır. Ümid edirəm ki, yaxın zamanda həmin məqalə elmi jurnallardan birində işıq üzü görəcək və maraqlananlar oxuyub istifadə edəcəklər.
Bu mövzunun gələcək layihəmdəki yerinə gəldikdə isə onu qeyd edə bilərəm ki, neyroiqtisadiyyatla məşğul olan alimlər insan davranışlarında iki daxili beyin mexanizminin əsas rol oynadığını ortaya çıxarıblar. Birinci mexanizm intuitiv düşünməyə sövq edir və iqtisadi seçimlərdən əldə olunan faydalara qısa dövrü perspektivdən yanaşır. Məsələn, restoranda yemək seçimi edən biri yeməkdən alacağı zövqü daha çox fikirləşib uzunmüddətli dövrdə istehlak etdiyi ləziz, amma bir o qədər də sağlam olmayan qidaların verə biləcəyi ziyanları düşünməyə bilər. Amma əgər 2-ci, yəni daha dərin düşünən beyin mexanizmi iqtisadi qərarlarda daha aktiv olsa, bu, həmin qərarların daha keyfiyyətli olmasına səbəb olar. Biz layihə çərçivəsində müxtəlif metodlardan istifadə edərək beynin 2-ci, yəni daha “uzaqgörən” hissəsinin hansı hallarda daha aktiv olduğunu da araşdıracağıq. Ümid edirəm ki, əldə etdiyimiz nəticələr sonda insanların daha optimal iqtisadi qərarlar verməsində təsirli olacaqdır.

“Tədqiqat vaxtımın böyük hissəsini bu layihəyə sərf etmişdim”

- Bu mükafata layiq görüldüyünüzdə hansı hissləri keçirdiniz?
- Düzünü desəm, qarışıq hisslər keçirdim. Təbii ki, çox sevindim, çünki doktoranturadakı tədqiqat vaxtımın böyük hissəsini bu layihəyə sərf etmişdim və Fondun məni qalib elan etməsi mənə böyük bir qürur verdi və əziyyətimin bəhrə verdiyini göstərdi. Amma eyni zamanda məsuliyyət hissi də yarandı, çünki layihənin icrası, nəticələrin analizi və elmi ictimaiyyətlə bölüşülməsi olduqca çətin və önəmli bir işdir. Ümid edirəm ki, bu işin öhdəsindən də uğurla gələcəyəm və elm aləminə önəmli töhfələr verəcəyəm.

“Xaricdə təhsil almağı qarşıma məqsəd qoymuşdum”

- Sizdə iqtisadiyyata maraq nə vaxtdan baş qaldırıb?
- Orta məktəbdə daha çox dəqiq elmlərə maraq göstərirdim. Həmin illərdə tədris olunan “İqtisadiyyatın əsasları” fənni məndə bu sahəyə maraq oyatdı, çünki iqtisadiyyat dəqiq elmlərin köməyi ilə sosial-fəlsəfi suallara cavablar tapmaq üçün ideal bir seçimdir. Bu sahədə düşüncələrimi reallaşdırmaq üçün xaricdə təhsil almağı qarşıma məqsəd qoymuşdum. Bakalavr təhsili aldığım zaman BP-də yay təcrübə proqramı imkanı qazanmışdım. Bu təcrübə proqramına qədər hər zaman gələcəkdə BP kimi şirkətlərdən birində çalışmağı planlaşdırırdım. Ancaq təcrübə proqramının gedişində hiss etdim ki, məni daim tədqiqat aparıb yeni biliklər əldə etmək daha çox cəlb edir, şirkətdəki iş mühiti bir az monoton təsiri bağışladı. Ona görə də 2008-ci ildə BP-nin iş təklifinə yox deyib, Macarıstana yola düşdüm.

“İnsanlığa faydalı istiqamətdə çalışmaq mənə zövq verir”

- Doktorantura təhsiliniz necə keçir?
- Mən tətbiqi iqtisadiyyat üzrə doktorantura təhsili alıram və seçdiyim ixtisas mənə olduqca maraqlıdır. Çünki istər laboratoriya təcrübələri, istərsə də empirik analizlər vasitəsi ilə gündəlik həyatdakı müxtəlif iqtisadi problemlərə həll yolları tapırıq. Yəni, insanlığa faydalı olduğumuzu görmək və bu istiqamətdə çalışmaq mənə böyük zövq verir. 1876-cı ildən fəaliyyət göstərən Texas A&M Universiteti Texasın və Amerikanın seçilib-sayılan dövlət ali təhsil ocaqlarından biridir. Təkcə 2016-cı il ərzində bizim universitet elmi araşdırmalara 892 milyon dollar vəsait ayırıb. Son 5 ildə Texas A&M Universitetinin alimləri 800-ə yaxın ixtiraya imza atıblar. Texas A&M köklü “Kadet” hərbi təhsil sisteminə malikdir və Amerikada qeyri-hərbi məktəblər arasında yetişdirdiyi hərbiçi sayına görə qabaqcıl universitetlərdən biridir.

“Əsas hədəfim Amerikanın elm aləmində qəbul olunmaqdır”

- Tələbələrin elmi tədqiqatlarda iştirakı barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, tələbələrin tədqiqata yönəlməsi tədqiqat prosesinə yönəldilən maliyyə axını ilə düz mütənasibdir. Son 10 illikdə ABŞ-da ali təhsildə yeni yanaşma ortaya çıxıb. Demək olar ki, bütün universitetlər öz kampuslarını böyüdərək bakalavr pilləsinə daha çox tələbə cəlb etməyə çalışırlar. Çünki Amerikada getdikcə dövlətin təhsilə ayırdığı vəsait azalır və bu fonda universitetlər həm sənaye ilə daha çox işləməyə və oradan tədqiqat sifarişləri əldə etməyə və eləcə də bakalavr pilləsinə daha çox tələbə cəlb etməklə artan vəsaitləri doktorantura pilləsindəki tədqiqatlara yönəltməyə səy göstərirlər. Mən Azərbaycanda da bu modelin tətbiqini istərdim. Yəni universitetlər getdikcə daha çox maliyyə müstəqilliyi qazanmalı və real sektorla daha yaxından çalışıb praktik problemlərə elmi cəhətdən əsaslandırılmış həll yollarını inkişaf etdirməlidirlər. Bu, sonda tədqiqatda çalışan gənclərin maddi cəhətdən daha yaxşı təmin olunmasına səbəb olacaq. Belə olsa, əminəm ki Azərbaycan gəncliyi elmi tədqiqatlara daha çox maraq göstərəcək və ölkəmizin inkişafı daha da sürətlənəcəkdir. Xaricdə təhsil gözləntilərimə cavab verdi və əsas hədəfim Amerikadakı elm aləmində öz elmi məqalələrimlə tanınmaq və qəbul olunmaqdır.
- Gələcək planlarınız?
- Doktorantura uzun və çətin prosesdir və adətən doktorantlar uzunmüddətli planlar qurmurlar. Hazırda əsas hədəfim mümkün qədər çox məqalə çap edib öz sahəmə töhfə verməkdir. Necə deyərlər, yaşayarıq və görərik...

yuxarı ⤴