1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Şagirdlərimin mənə güvənməsi və onları öyrətmək fərqli və gözəl hissdir”
05.05.2017 / No16

 
 

 

 


Gülər Məmmədli: “Bəzi valideynlər qızların təhsilinə ciddi yanaşmırlar”

Saatlı rayon Novruzlu kənd ümumi orta məktəbində tarix fənnini tədris edən gənc müəllim Gülər Məmmədli 1991-ci ildə Hacıqabulun Rəncbər kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. 2016-cı ildə müəllimlərin işə qəbulu imtahanında 52 bal toplayaraq Saatlı rayon Novruzlu kənd ümumi orta məktəbinə tarix müəllimi təyin olunub. Biz Gülər Məmmədli ilə görüşüb seçdiyi müəllim peşəsi haqqında düşüncələrini öyrəndik.

- Gülər xanım, peşənizi sizə ən çox sevdirən nədir?
- Şagirdlərimin sevgisi, mənə güvənməsi və onları öyrətmək mənim üçün fərqli və gözəl hissdir. Amma məni çox narahat edən məqamlar da olur. Bəzi valideynlər övladlarının, xüsusilə də qızların təhsilinə ciddi yanaşmırlar. Amma qızlarımızın təhsilinə daha ciddi fikir verilməlidir. Çünki hər bir qız gələcəyin anasıdır.
- Bəs bu problemin həlli yollarını nədə görürsünüz?
- Düşünürəm ki, bu istiqamətdə valideynləri davamlı şəkildə maarifləndirmək lazımdır. Bunun üçün ən yaxşı üsul da televiziyadır. Hazırda “Təhsil TV” fəaliyyət göstərir. Bu da həqiqətdir ki, maariflənməyə daha çox ehtiyac olan kənd yerlərində internetə görə o qədər də televiziya verilişlərinə baxılmır. Amma kabel televiziyası olarsa və yalnız təhsil haqqında xəbərlər, proqramlar efirə verilərsə, bu, maariflənmə prosesində böyük irəliləyişlərə səbəb olacaq.
- Tədrisin keyfiyyətini yüksəltmək üçün daha nələr etmək lazımdır?
- Hazırda bu sahədə bir çox layihənin həyata keçirildiyini bilirəm. Daim sosial şəbəkələrdə izləyirəm. İstəyərəm ki, gələcəkdə bütün siniflər interaktiv lövhələrlə təchiz olunsun. İnteraktiv lövhələr həm şagirdlər üçün maraqlı olar, həm də tədrisin keyfiyyətini yüksəldər.
- Gənc müəllim kimi şagirdlərə tarix fənnini sevdirməyi bacarırsınızmı?
- Təbii ki, bacarıram. Mən onlara vətənimizin, dünyanın qədimdən indiyədək olan tarixini öyrədirəm. Şagirdlər üçün xüsusi ekskursiyaların təşkil olunması məktəblilərin respublikamızın tarixi abidələri, muzeyləri, tarixi şəhərləri ilə tanışlıq məqsədilə mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, bu, şagirdlərdə tarix fənninə olan marağı daha da artırar. İnanıram ki, gələcəkdə bu layihə də həyata keçiriləcək.
- Sonda müəllim həmkarlarınıza, şagirdlərə nə demək istəyərdiniz?
- Sonda fikirlərimi Həsən bəy Zərdabinin sözləri ilə bitirmək istəyirəm: “Uşaqlar millətin ümidləridir və bunu bilin ki, Avropa əhlinin bir məsəli var ki, deyir millətin gələcəkdə xoşbəxt, ya bədbəxt olmağına bais uşaqların əvvəl yaxşı, ya yaman tövr ilə əlifbəyi oxumağıdır”. Gələcək nəslin sağlam düşüncəli, xoşbəxt olmasını təmin etmək üçün gəlin təhsilimizin səviyyəsini daha da yüksəldək.

Xalid NƏCİYEV,
Saatlı Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴