1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Dərsdə müəllimin təşkilati fəaliyyəti
05.05.2017 / No16

 
 
 

 

 


Kifayət MƏNSİMOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin pedaqogika müəllimi

Təlim-tərbiyə prosesinin təkmilləşməsi üçün həyata keçirilən yeniliklər öz əksini təlimin əsas təşkil forması olan dərsdə tapmalıdır. Təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılmasında böyük əhəmiyyəti olan bir sıra məsələlər vardır. Bildiyimiz kimi, hər bir müəllim dərsdə bir neçə funksiyanı həyata keçirir. Ona görə də təlim məsələlərinin həllinə tələb qoyarkən hər bir konkret dərsdə tələbələrin tərbiyəsi və inkişafı ilə bağlı məsələlərə də diqqət yetirilməlidir. Müasir dərs subyekt-subyekt xarakterli olduğundan təlim prosesinin nəticəsi, onun səmərəliliyi həm müəllim, həm də tələbədən asılı olur. Müasir dərsə müəllimlə tələbənin birgə fəaliyyətini şərtləndirən kompleks pedaqoji proses kimi baxsaq, onda dərsə verilən tələbləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- Dərsdə əsas didaktik məqsədin həyata keçirilməsinə verilən tələblər;
- Müəllimin təşkilatçılıq fəaliyyətini və şəxsi keyfiyyətlərini əks etdirən tələblər;
- Dərsdə müəllimin tərbiyəvi və inkişafetdirici fəaliyyətinə qoyulan tələblər;
- Dərsdə tələbələrin fəaliyyətinə qoyulan tələblər.
Həm pedaqoji ədəbiyyatların təhlili, həm də şəxsi müşahidələrimiz göstərir ki, dərsin keyfiyyətliliyi və səmərəliliyi daha çox onun müəllim tərəfindən necə təşkil olunmasından asılıdır.
Müşahidələr göstərir ki, bir çox hallarda dərsin birinci yarısında tələbələrin fəallığı yüksək olur, son dəqiqələrində isə tədricən zəifləyir, az məhsuldar olur. Lakin dərsin son dəqiqələrində də məhsuldar, səmərəli təlim fəaliyyətini təşkil etmək mümkündür. Qabaqcıl müəllimlərin dərslərini müşahidə edərkən belə bir nəticəyə gəlmək olar ki, tələbələrin fəaliyyətini səmərəli təşkil etməyə yönəlmiş xüsusi metodlar təlim fəaliyyətinin aktivləşməsinə kömək edən amillərdəndir.
K.D.Uşinski deyirdi: “...Sizin dərsiniz nə qədər çeşidli, şagirdlərdən tələb etdiyiniz fəaliyyətlər nə qədər müxtəlif olsa, siz bir o qədər çox iş görə bilərsiniz”. Deyilənlər və müşahidələr bir daha sübut edir ki, dərsin strukturunun ənənəvi sxemi heç də həmişə inkişafetdiriçi təlim üçün əlverişlı olmur. Fəaliyyət növlərinin növbələşdirilməsi dərsi həm çeşidli edir, həm də səmərəliliyini artırır. Fəaliyyətin növbələşdirilməsi, onun dəyişdirilməsi tələbələrin dərs müddətindəki işgüzarlıq qabiliyyətlərinə əsaslanmalıdır.
Psixoloqların qeyd etdiyi kimi, insanlar bilavasitə özlərinin icra etdiklərini daha cox mənimsəyirlər. Buna görə də dərsin sonunda tələbələrin aktiv müstəqil işlərinin təşkili dərsin səmərəliliyini xeyli artıra bilər. Deməli, dərsin təşkilati strukturuna verilən əsas tələb onun planlaşdırılmasında və təşkilində tələbələrin inkişafetdirici və yaradıcı idrak fəaliyyətinin və aktivliyinin nəzərə alınmasıdır.
Yaradıcı idrak fəaliyyəti üçün məqsədyönlü, metodik cəhətdən düzgün təşkil olunmuş işin aparılması zəruridir. Yaradıcılığın başlıca əlaməti onun məhsulunda yeniliyin olmasıdır. Yaradıcılıq yeni baxış, yeni yanaşma, yeni həll deməkdir. O, qavrama, düşüncə və davranış sterotiplərindən kənara çıxa bilməyi tələb edir. Yenilik deyəndə, yeni fikir, ideya, hərəkət, təkmilləşdirilmiş və ya yeni yaradılmış obyekt və s. başa düşülür. Bu problemlərin həllində yeni metodların, üsul və vasitələrin işlənməsində müxtəlif həll metodlarını görmək, onların içərisindən daha səmərəlisini seçə bilmək bacarığı və s. kimi təzahür edir.
Tələbələrin yaradıcı təfəkkürünün inkişafı üçün bir sira yeni metodlardan istifadə olunması onlara ətraf aləmdə baş verən dəyişiklikləri, dinamikanı və ziddiyyətləri görməyə, öz fəaliyyətlərində bunları nəzərə almağa, özlərini sərbəst hiss etməyə imkan yaradır.
Təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə zənginləşdirilməsinə, biliklərin hazır şəkildə qavranılmasına deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil surətdə kəşfi prosesində əldə edilməsi, ən mühüm bacarıq və vərdişlərin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib.
Deyilənləri ümumiləşdirsək dərsdə müəllimin təşkilati fəaliyyəti və şəxsi keyfiyyətlərinə yönəlmiş əsas tələbləri aşağıdakı kimi müəyyənləşdirmək olar:
- Plan və onun müəllim tərəfindən yerinə yetirilməsinin təşkili;
- Dərsin təşkili zamanı müəllimin psixoloji və gigiyenik tələblərə riayət etməsi;
- Dərsdə tələbələrin fəaliyyətinə nəzarətin təşkili;
- Dərsdə sənədləşmə işlərinin aparılmasının vəziyyəti və onun təşkili;
- Müəllimin tədris etdiyi fənni dərindən bilməsi və onun pedaqoji ustalığı;
- Tələbələrlə münasibətdə müəllimin mövqeyi, tələbə kollektivinə rəhbərlikdə pedaqoji üslubu;
- Müəllimin nitqi;
- Müəllimin pedaqoji mədəniyyəti, taktı və zahiri görünüşü;
- Dərs vaxtından səmərəli istifadə etmək;
- Evə tapşırıqlarının həcmi.
Dərsin planının düzgün qurulması, onun real, həyati olması, şagirdlərin real biliklərinə əsaslanması ilə yanaşı bu planın dərsdə necə yerinə yetirilməsi də əsas şərtlərdən biridir.
Planlaşdırmanı başlayarkən müəllim dörd əsas suala cavab verməlidir:
- Nə öyrədilməli?
- Necə öyrədilməli?
- Hansı şəraitdə?
- Nəticələri necə qiymətləndirmək olar?
Planlaşdırılma təlimin məqsədlərinin müəyyənləşdirilməsindən başlanır. Dərsin keyfiyyətini və səmərəliliyini təmin edən başlıca və mühum amil təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsidir. Mövcud pedaqoji ədəbiyyatlarda təlim məqsədlərinin bir neçə təsnifatı mövcuddur:
1. Müəllim fəaliyyətinin xarakteri üzrə öyrədici, inkişafetdirici, tərbiyəvi;
2. İdrak sahəsində əldə olunan nəticələrin səviyyəsi üzrə (Blum taksanomiyası);
3. İdrak prosesinin səviyyəsi üzrə hafizə və təfəkkürün müxtəlif növləri (məntiqi, tənqidi və yaradıcı).
Yeni kurikulumların tələbləri təlim məqsədlərinin Blumun taksanomiyası üzrə planlaşdırılmasını nəzərdə tutur.
Aparılan müşahidələr göstərir ki, tez-tez rast gəlinən səhvlərdən biri təlimin məqsədi kimi yalnız öyrədici məqsədlərin müəyyən edilməsidir. İnkişafetdirici və tərbiyəvi məqsədlər isə kölgədə qalır və müəllim fəaliyyətini istiqamətləndirmir. Dərsin öyrədici məqsədini adətən dərsin mövzusundan müəyyən edirlər, inkişafetdirici və tərbiyəvi məqsədlər isə çox zaman bu mənbələrdən aşkar olunmur, bu məqsədləri müəyyən etmək istiqamətində tələbələrin tərbiyəsi və inkişafı üçün lazım olan bacarıq və keyfiyyətləri təyin etməlidir. Yeni kurikulumda verilən məzmun standartları müəllimə təlim məqsədlərini düzgün müəyyənləşdirməkdə istiqamət verir.
Dərsi planlaşdırarkən onun hansı növə aid olduğu da müəyyənləşdirilməlidir. Dərsin növünün seçilməsi də onun məqsədindən asılıdır.
Dərsdə tələbələrin fəaliyyətinə nəzarət dedikdə isə hər bir tələbəni təlim fəaliyyətinə cəlb etmək və bütün dərs boyu onların fəaliyyətini istiqamətləndirə bilmək bacarığı nəzərdə tutulur.
Müəllimin təşkilati fəaliyyəti və şəxsi keyfiyyətlərinə yönəlmiş tələblər həm dərsin təşkili işini, həm də müasir dərsin, təlim-tərbiyə prosesinin səmərəliliyinin artırılmasını təmin edir.
Müasir həyatımızda kompüter texnologiyalarından istifadə etmədən keçinmək mümkün deyil. Bu baxımdan pedaqogika fənninin tədrisi zamanı kompüter texnologiyalarından istifadə həm keyfiyyət, həm də dərsin maraqlı olması üçün geniş imkanlar yaradır. Tələbəni dərsi oxumağa məcbur etmək deyil, onda dərsə maraq oyatmaqla, şəxsiyyət kimi yanaşmaqla fənnə qarşı maraq yaratmaq olar. Tələbənin fikrinə hörmətlə yanaşdıqda, onun səhvlərini ustalıqla düzəltdikdə onda fənnə qarşı maraq yaranır, cavab verməkdən çəkinmir. Dərsin hərtərəfli, dolğun keçməsi məqsədilə müəllim öz fantaziyasına uyğun olaraq müxtəlif məsələlər tərtib etməlidir. Pedaqogika fənninin tədrisi zamanı mən dərsin motivasiya mərhələsində mövzunun məqsədinə uyğun olaraq pedaqoji məsələlərdən istifadə, krassvordlar tərtib edərək tələbələrdə dərsə, fənnə qarşı maraq oyatmağa çalışıram. Məsələn, mən “Səxsiyyətin formalaşmasına təsir gostərən amillər” mövzusunu keçərkən motivasiya mərhələsində heyvanlarla böyümüş insanların şəkillərini, onların həyat tərzini, insanlar içərisinə düşdükdə özlərini necə aparması haqqında slayd hazırlayıram. Sonra bu insanların insan, fərd, yoxsa şəxsiyyət adlandırılması ətrafında müzakirə təşkil edirəm. Fərdin şəxsiyyətə çevrilməsində hansı təbii şərtlər və sosial şəraitin lazım olması ətrafında tədqiqat işi təşkil edərək şəxsiyyətin formalaşmasına təsir göstərən amilləri araşdırmaq uçün tələbələrin fəaliyyətini istiqamətləndirirəm. Tələbələrin müstəqil işini təmin etmək, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə tərtib etdiyim tapşırıq vərəqlərini təqdim edirəm.
Təcrübələr göstərir ki, müxtəlif fəndaxili və fənlərarası inteqrasiyadan istifadə etmədən istənilən nəticəni əldə etmək mümkün deyil. Təlimin stimullaşdırılmasında, tələbələrin fəallığının təmin edilməsində, nəzərdə tutulan məzmunun ətraflı mənimsədilməsində inteqrasiyanın rolu böyükdür. Məzmunun informasiya cəhətdən tutumlu olması şagirdlərdə daha əhatəli bacarıqların formalaşdırılmasını təmin edir.
 

yuxarı ⤴