1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Mənim Şopenimə” mane olmayın, çox gözəl ifa edir”
05.05.2017 / No16

 
 

 

 


Səbinə Rzazadə: “Bütün simfonik əsərlərə muğamlarımızın ahəngini qatmaya bilmirəm”

Sifai SƏFƏROVA

Səbinə Rzazadə ilə Bakıdakı Nəriman Nərimanovun adını daşıyan parkda görüşdüm. Olduqca səmimi və mehriban qızdır, musiqiyə, ifaçılıq sənətinə çox böyük həvəsi var. “Uşaqlıqdan nənəmin səsləndirdiyi musiqi sədaları altında böyümüşəm”, - deyə söhbətə başlayır:
- Nənəm Emma Əhmədova Naxçıvan şəhərində 7 nömrəli məktəbdə işləyib, rus dili və ədəbiyyatı fənnini tədris edib. Əməkdar müəllimdir. 50 illik pedaqoji stajı var. O da musiqini həmişə çox sevib və indi də sevir. Vaxtilə Naxçıvandakı 3 nömrəli musiqi məktəbində oxuyub, amma müharibə illəri olduğundan musiqi təhsilini başa çatdırmayıb. Elə məndə də musiqiyə həvəsi məhz nənəm oyadıb. Üç yaşımda ikən evimizdəki fortepianoda çalmağımı hamı “dınqıltı” kimi eşidərkən, nənəm deyirmiş ki, “mənim Şopenimə” mane olmayın, çox gözəl ifa edir”. Hətta əllərimdən tutub pianinonun dillərinə yaxınlaşdırıb və dərindən ah çəkib deyərmiş: “Balam nə gözəl çalırmış, alqışlayın onu!”.
Yeri gəlmişkən qeyd edim ki, qohum-əqrəbalarımızın çoxu musiqi həvəskarlarıdır. Hazırda dayılarımın biri tarda, biri gitarada, xalam isə pianinoda çalır.

“Evə gələndən sonra fikrimi dəyişdim”

8 yaşım olanda nənəm əlimdən tutub məni Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə apardı. Bütün sinifləri gəzdik, tar, kamança, pianino, qarmon, ümumiyyətlə, bütün musiqi alətlərini dinlədim. Sonra məndən hansı musiqi alətini xoşladığımı soruşdular. Düşünmədən saz alətini göstərdim. Bu musiqi aləti çox xoşuma gəlmişdi. Amma evə gələndən sonra fikrimi dəyişdim və ertəsi gün Tatyana Vladimirovna Ryabuxovanın sinfində fortepiano təhsili almağa başladım.
Hənəm həmişə deyirdi ki, nəvəmi musiqi məktəbinə gətirəndə öz cavanlığım yadıma düşür. Yarımçıq qalmış arzularımı Səbinə davam etdirəcək.
Hər gün eyni yolla nənəmlə musiqi məktəbinə gedirdik. Yolboyu öyrəndiklərimi ona danışır, evdə isə fortepiano arxasına keçib bəstəkar mahnılarını özümə məxsus tərzdə ifa edirdim. Qısa vaxt ərzində yavaş-yavaş dünya bəstəkarlarının əsərlərini ifa etməyə başladım. Nənəm də kənardan baxıb gülümsəyərdi. Onun gülüşündən hiss edirdim ki, ifam xoşuna gəlib, ya yox. Beşinci sinifdəykən anamın qulağına pıçıldadım ki, “ilk solo konsertimi nənəmə həsr edəcəm”.
Beləcə illər ötdü. İndi nənəmin 80 yaşı var. Mən də artıq uşaq deyiləm, böyümüşəm. Hazırda Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbin XI sinfində təhsil alıram. Eyni zamanda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin XI sinif şagirdiyəm. Uğurlarım az olmayıb. 2015-ci ildə əməkdar artist Vaxtanq İmanovun bədii rəhbər olduğu “Dolçe Vita” adlı Azərbaycanda yeganə gənc simli kvintetin solisti kimi fəaliyyət göstərmişəm. Onunla birlikdə musiqi kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin səhnələrində dəfələrlə konsertlər vermişik.

“Qran-pri mükafatına layiq görüldüm”

Eşidəndə ki, Estoniyanın Narva şəhərində keçiriləcək F.Şopen adına beynəlxalq müsabiqədə bədii rəhbərlə mən də iştirak etməliyəm, çox sevindim. 2016-cı ilin fevralında anamla birlikdə Bakıdan Sankt-Peterburqa uçduq. Elektron şərtlərə uyğun olaraq oteldə yerləşdik. Azərbaycandan 5 nəfər idik. Onlar da valideynləri ilə gəlmişdilər. Narva şəhərində bu müsabiqə iki ildən bir keçirilir. 3 korpusdan ibarət olan 5 mərtəbəli musiqi məktəbində biz müsabiqəyə hazırlaşırdıq, F.Şopenin yaradıcılığına həsr olunmuş müsabiqə də elə burada keçiriləcəkdi. 10 gün Narvada qaldıq. Müsabiqədə Qran-pri mükafatına layiq görüldüm. Orada Nikita Kallunovla dostlaşdım, onunla hələ də internet vasitəsilə yazışırıq. Gürcüstanda musiqi yarışmasında olarkən Georgi Quqaşvili ilə tanış olduq, tez-tez yeni ifalarım, iştirak etdiyim konsertlər haqqında onu məlumatlandırıram. Fortepianoda çalmaq həm şərəflidir, həm də məsuliyyətli. Möhtəşəm konsert salonlarında özünü sınayırsan, hamının diqqəti sənin ifanda olur, tamaşaçıların rəğbətini qazanırsan, fəxri fərman və diplomlarla mükafatlandırılırsan. Narva şəhərində keçirilən beynəlxalq müsabiqədə münsiflərdən biri olan polyak Pavel Kamenski anamı mənim müəllimim hesab edib təşəkkürünü bildirəndə dedi: “Mən İ.S.Baxın ən gözəl əsərini bu balaca gözəlin ifasında xüsusi zövqlə dinlədim. Sağ olun ki, belə istedadlı şagird yetişdirmisiniz, fəxr etməyə dəyər”.

“Musiqi məni ecazkar bir aləmə aparır”

Dünya bəstəkarlarından F.Şopenin əsərləri mənim ruhuma çox yaxındır. “İnqilabi etüd” əsərini ifa edəndə qeyri-ixtiyari olaraq dərin xəyallara dalıram, elə bil musiqi məni ecazkar bir aləmə aparır, sanki göydə uçuram. 2016-cı il mənim üçün çox uğurlu olub. Rusiyada keçirilən “Musiqi alətləri və vokal ifaçıların ustadlığı” adlı festivalda, Sloveniyanın Lyublyana şəhərində keçirilən “World Competition in Slovenia” adlı müsabiqədə Qran-pri mükafatına, Kanadada keçirilən “İnternational art compitition in Fredericton” müsabiqədə I yerə, Fransada keçirilən “Cannes İnternational Children”s festivalında II yerə, Slovakiyada keçirilən “İnternational competition”da II yerə, İspaniyada keçirilən “Eurovision Espana Star”da II yerə layiq görülmüşəm. Bu uğurlar məni daha mürəkkəb, daha çətin və düşündürən fəlsəfi əsərləri ifa etməyə həvəsləndirir. Beynəlxalq musiqi festivallarında uğurlu çıxışlarım arzularımı reallaşdırmağa təkan verir, məsuliyyətimi birə-beş artırır və daha səylə çalışmağa sövq edir.

“Həmişə yaradıcılıq axtarışında olmuşam”

Azərbaycanda da uğurlarım az olmayıb. Gənc və istedadlı pianoçu kimi respublika xor müsabiqələrində I yeri, görkəmli bəstəkar Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş fortepiano ansamblın müşayiəti üzrə respublika müsabiqəsində II yeri, “Üzeyir Hacıbəylinin milli-lad sistemi gənc musiqiçilərin repertuarında” I Respublika festivalının laureatı adını qazanmışam. Mütəmadi olaraq orkestrin müşayiəti ilə Bakı Musiqi Akademiyasının böyük zalında, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında keçirilən konsertlərdə solist kimi ifa etmişəm. Həmişə yaradıcılıq axtarışında olmuşam, daha çox öyrənmək istəmişəm. Məni xüsusi təqaüdə layiq görülən istedadlı həmkarlarımla bir sırada görməyi arzulayan anama həmişə deyirəm ki, ölkəmizdə yaradıcı gəncliyə diqqət və qayğı çox yüksəkdir. Bütün yaradıcı sahələr üzrə istedadlı, xüsusi bacarığa malik uşaqlar, yeniyetmə-gənclər Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülürlər. Mənim də adımın onların arasında olması üçün öz üzərimdə daha çox çalışmalıyam. Gecəmi gündüzümə qatıb arzuma qovuşacam. Ən böyük arzum isə Bakı Musiqi Akademiyasının tələbəsi olmaqdır.

“Ustad dərsləri almağa böyük həvəs göstərirəm”

Odur ki, dünyanın nüfuzlu musiqiçilərinin məruzə və təlimlərində iştirak etməyə, onlardan ustad dərsləri almağa böyük həvəs göstərirəm. Dünya şöhrətli pianoçu, dirijor, İtaliyada Çiqiana Musiqi Akademiyasının professoru Mişel Kampanelladan, Polşada Frederik Şopen adına Musiqi Akademiyasının professoru Pavel Kamenskidən, Cenevrə Konservatoriyasının professoru Sergey Milşteyndən, Rusiyada Saratov Dövlət Konservatoriyasının professoru Valentin Xanetskidən ustad dərsləri almışam. Və bütün bunlar olduqca mürəkkəb sayılan əsərləri asanlıqla ifa etməyimə zəmin yaradıb. Ustad dərsləri aldığım bu korifeylərdən hər biri ayrı-ayrılıqda bir dünyadır, bir misilsiz xəzinədir. Onların ecazkar dünyalarına qapılanda ifa etdiyin hər bir əsərin qəhrəmanına çevrilirsən. Bəzən elə olur ki, əsəri ifa edib qurtarırsan, amma qapıldığın o zəngin dünyadan hələ də ayrıla bilmirsən. Bəlkə də səhnədə oturan dinləyicilərin alqışları olmasa, adam hələ bir müddət fortepiano arxasında donub qalar. Ümumiyyətlə, simfonik əsərləri ifa edən sənətçilər də, onları dinləyən tamaşaçılar, dinləyicilər də əsər başlanandan bitənə qədər, kulminasiya nöqtəsinədək mövcud dünyalarından tam ayrılır, başqa bir aləmdə olurlar. Bu əsərlərin danılmaz qüdrəti də məhz elə ondadır.

Gənclərə dəstək layihəsində

2017-ci ilin martında “Gənclərə dəstək” layihəsi çərçivəsində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin konserti keçirildi. Konsertdə fortepiano şöbəsinin şagirdləri iştirak edirdi. Mən də dünya bəstəkarlarının - İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, V.Y.Haydnın əsərlərindən parçalar ifa etdim.
...Səbinə danışdıqca mən onun gözəl ifaçı olduğu qədər də musiqi nəzəriyyəsini necə ustalıqla təhlil etdiyinə vuruldum və onun artıq samballı fortepianoçu olduğuna əmin oldum. Ona verəcəyim suallar çox idi, ancaq Səbinə o qədər ətraflı məlumat verirdi ki, mövzunun dərinliyində mənim özümü də o qədər bulundururdu ki, sanki bir orta məktəb şagirdi ilə deyil, musiqini mükəmməl bilən bir ifaçı ilə həmsöhbət olduğumu düşünürdüm. Və açığını deyim ki, o danışdıqca, sanki mən söhbət deyil, adlarını çəkdiyi klassiklərin sehrli dünyalarına baş vurur, onların hər birinin mənəvi dünyamızı musiqi xəzinəsi ilə zənginləşdirən, insanı xəyallar aləminə qovuşduran mahnılarını dinləyirdim.

“Muğam anamın laylası qədər əzizdir mənə”

Söhbətinin sonunda Səbinə ifaçılıq sənətinin parlaq nümunəsi olan muğam haqqında da ürək sözlərini söyləməyi unutmadı. Dedi ki, mənə anamın laylası qədər əziz olan muğamı da həvəslə öyrənirəm. İfa etdiyim bütün simfonik əsərlərə belə sevimli muğamlarımızın ahəngini qatmaya bilmirəm. Bəlkə də elə ona görə bütün ifalarım yüksək qiymətləndirilir. Simfonik əsərlər özünün fəlsəfi məğzi ilə insanı düşünməyə vadar edirsə, muğam dinləyicini sevindirir, kövrəldir, qəhrəmanlıq nümayiş etdirməyə ruhlandırır, ən başlıcası isə laylalarımızı xatırladır bizə. Mən muğam parçalarını ifa edəndə məhz bu kimi hissləri yaşayıram. Dəfələrlə muğam ifalarını dinləyərkən qəti qərara gəlmişəm ki, ifaçının uğurlu çıxışa nail olması onu müşayiət edən musiqi alətindən çox asılıdır. Respublika muğam müsabiqəsində münsiflərdən biri olan xalq artisti Əlibaba Məmmədov dəfələrlə muğam ifaçılarına irad tutaraq bu fikri səsləndirir: “Tarla kamançanı eşitməsən, notdan çıxacaqsan. Demək, mahnının uğurlu alınmasında müşayiət edənin də rolu az olmur. Bu mənada mən muğamın incəliklərinə də yiyələnməyə səylə çalışıram. Muğam mənə sözlə ifadə edə bilmədiyim qədər əzizdir.
 

yuxarı ⤴