1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





BİZ çempionuq
BDU futbol üzrə VII Respublika çempionatının kubokunu qazandı
05.05.2017 / No16

 
 

 

 


Rəşad ZİYADOV

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illər üzrə fəaliyyət planına əsasən, ATFF və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilən çempionatın final mərhələsi aprelin 29-da “Bayıl Arena” stadionunda baş tutub. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol üzrə VII Respublika çempionatının final oyununda Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən oyun 2:1 hesabı ilə BDU komandasının xeyrinə başa çatıb. ADBTİA-nın komandası ikinci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası isə üçüncü yeri qazanıb.
Daha sonra yer tutmuş komandalar kubok, medal və qiymətli hədiyyələrlə təltif olunublar. Mükafatlandırma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin deputatları Fazil Qəzənfəroğlu, Rauf Əliyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov iştirak ediblər. Çempionatda fərqlənən iştirakçılar 5 nominasiya üzrə qiymətləndirilib.
FİFA-nın mövcud qaydaları əsasında keçirilən oyunlar AFFA-nın Hakimlər Komitəsinin təsdiq etdiyi hakimlər heyəti tərəfindən idarə olunub.
“Burada əsas məqsəd ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbolun kütləviliyini təmin etmək, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədləri müəyyənləşdirməkdir”. Bu sözləri mükafatlandırma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə verdiyi açıqlamasında bildirib. “Biz istəyirik ki, yeniyetmə və gənclərimiz asudə vaxtlarını səmərəli keçirsinlər. Pis vərdişlərdən uzaq olub sağlam həyat tərzinə meyil etsinlər. İdmanla məşğul olsunlar” deyən nazir müavini daha sonra çempionat haqqında ümumi məlumat verib. Tələbələr arasında futbol üzrə VII Respublika çempionatında bu il respublikanın 29 ali və orta ixtisas təhsili müəssisəsindən 700-dən artıq tələbə futbolçu iştirak edib. 29 komandadan 20-si paytaxt, 9-u isə bölgələrdən olub. Final oyunlarına qədər həm bölgələrdə, həm də paytaxt Bakıda zona yarışları keçirilib. Fərəhləndirici haldır ki, bu yarışlarda ali məktəblərin komandaları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin komandaları da iştirak ediblər. Bu mərhələyə çıxan komandalar sırasında əvvəlki illərdən fərqli olaraq Gəncə Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin təmsilçiləri yer alıblar. Hətta Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin komandası 1/4 finala qədər mübarizə aparıb. Bu onu göstərir ki, bizdə orta ixtisas məktəblərinin tələbələri arasında da futbola maraq böyükdür.
Oyunlar haqqında ətraflı məlumat verən F.Qurbanov final oyunlarından da danışıb. O, bu yarışda Bakı Dövlət Universitetinin komandasının üstünlüyündən söz açıb: “Universitetin komandası finala çox ciddi hazırlaşıb. Əgər xatırlayırsınızsa keçən il Futzal Futbol Federasiyasının dəstəyi ilə respublikamızda ilk dəfə olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyi keçirildi. Həmin çempionatın final oyununda Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları qarşılaşdı və idman akademiyası qalib oldu. Bu il isə BDU komandası ADBTİA komandasını 2:1 hesabı ilə məğlub edərək çempion oldu”.
Diqqətə çatdırılıb ki, yarışlar istər paytaxtda, istərsə də regionlarda müasir standartlara cavab verən futbol meydançalarında keçirilib. Əlbəttə ki, bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin idmana və bədən tərbiyəsinə göstərdiyi qayğının, diqqətin nəticəsidir. Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizdə idmanın bütün sahələri inkişaf edir və Azərbaycan dünya ölkələri arasında öz sözünü deyir. Bildiyimiz kimi, bir neçə gündən sonra paytaxtımız mühüm və mötəbər bir yarışa, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə ev sahibliyi edəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycanda idman yüksək səviyyədədir və Azərbaycan idman ölkəsidir.


“Komandamızı qələbəyə aparan qolu mən vurdum”

Qalib komandanın oyunçularının çempionat haqqında fikirləri də, bizcə, maraqlı olar. Bu məqsədlə onlara yaxınlaşıb çempionluğun sevincli anlarını bizimlə bölüşməyi xahiş etdik. İlk olaraq 11 nömrəli oyunçu Nail Novruzov oyunlar barədə təəssüratını danışdı:
“Bakı Dövlət Universitetinin kimya fakültəsinin III kurs tələbəsiyəm. Bu il yarışları daha da maraqlı edən yeni tələbələrin çempionata qatılmasıdır. Kollec tələbələri də yarışlarda iştirak etdi. Mən deyə bilərəm ki, bu çempionatdan çox şey öyrəndim və götürdüm. Məşq toplantılarına tələbələrin daha çox vaxt ayırması, eyni zamanda onların asudə vaxtlarını səmərəli keçirmələri çox yaxşıdır. Bir sözlə, bu çempionatın keçirilməsi gənclərimiz üçün olduqca yaxşıdır və vacibdir. Bu gün mənim sevincimin hədd-hüdudu yoxdur. Bir neçə ayın zəhməti artıq öz bəhrəsini verdi. Final oyunu çox maraqlı keçdi. Rəqib-Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası çox güclü idi. Onları məğlub etmək çox da asan deyildi. Ancaq şükürlər olsun ki, yaxşı oynadıq və bu çempionatdan qalib ayrıldıq”.



Bakı Dövlət Universitetinin hüquq fakültəsinin IV kurs tələbəsi Nurəli Əsədov komandasını qələbəyə aparan qolun sahibidir:
“Mən bu yarışda Bakı Dövlət Universitetini təmsil edirəm. Universitetin komandasının hücumçularından biriyəm və 15 nömrə ilə çıxış edirəm. Artıq dörd ildir ki, Bakı Dövlət Universitetinin komandasının fəal oyunçularından biriyəm. Əvəz olunmadan oynayan oyunçulardanam. Bu ildən komandanın kapitanıyam. Əvvəlki illərdə bu komanda ilə biz finalda tez-tez qarşılaşmışıq. Həmin oyunların bir neçəsinin finalında penallaşma ilə uduzmuşuq. Amma bu çempionatda final oyunu fərqli oldu. Bizim komandamız bu oyuna çox ciddi hazırlaşmışdı. Günümüz meydançada keçirdi. Final oyunu çox gərgin keçdi. Rəqib komandamız elə də zəif deyildi. Birinci hissədən sonra komanda yoldaşlarımızla oyunu müzakirə etdik. Rəqib komandanın hansı vəziyyətdə bizdən üstün olmasını müəyyənləşdirdik. Və yoldaşlara o istiqaməti daha çox nəzarətdə saxlamağı tapşırdıq. Təbii ki, komandanın kapitanı olaraq üzərimə daha böyük məsuliyyət düşürdü. Bərabərlikdən sonra üstünlük və komandamızı qələbəyə aparan qolu mən vurdum. Çox sevinirəm və bunu sözlə ifadə etməyə çətinlik çəkirəm”. Bu il həm də universiteti bitirib, müstəqil həyata qədəm qoyar və bunun həyəcanını yaşayıram. “Bu qolu və qələbəni başda rektorumuz olmaqla bütün universitetimizə bəxş edirəm”.



Xalid Piriyev Bakı Dövlət Universiteti coğrafiya fakültəsinin IV kurs tələbəsidir. O da komanda yoldaşı Nurəli kimi ali məktəbi bitirməyi barədə danışır. Xalid final oyununda rəqib komandanın qapısına vurulan digər qolun müəllifidir:
“Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası çempionatın ən güclü komandalarından biridir. Əvvəlcədən bilirdik ki, bizim üçün ağır oyun olacaq. Mən də komandanın əsas hücumçularından biriyəm. Amma sevinirik ki, fasilədən sonra ilk qələbəmizi qazandıq. Əlbəttə ki, ilk qolu birinci hissədə vurduğum üçün sevinirəm. Əsas olan komandamızın qələbəsidir. Digər bir tərəfdən kədərlənirəm. Ona görə ki, bu il mən tələbə yoldaşlarımdan və universitetimizdən ayrılıram”.



Komandanın qapıçısı, Bakı Dövlət Universitetinin coğrafya fakültəsinin III kurs tələbəsi Murad Məmmədov isə qapıçının məsuliyyətinin oyunçulara nisbətən daha çox olduğunu qeyd etdi: “Təbii ki, hər hansı bir oyunda qapıçının üzərinə düşən yük çox böyükdür. Komandanın, azarkeşlərin bütün ümidlərinin sənin üzərində olması çox məsuliyyətli bir işdir. Hər hansı bir oyunçunun səhvini digəri düzəldə bilər. Ancaq qapıçının səhvi komandanın taleyini həll edir. Bu oyunda çox gərgin və olduqca çətin məqamlar oldu. İkinci hissədə bizim rəqib komandadan üstünlüyümüz oyunu daha da candandırdı. Onların istənilən hücumu qolla nəticələnə bilərdi. Etiraf etmək olar ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası zəif deyildi. Zəif komanda heç vaxt finala qədər yüksələ bilməz. Bu oyunda komandamı düz 3 dəfə real qoldan xilas etdim. Bunun üçün çox xoşbəxtəm”.



Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Rahib Hüseynov isə futbolu uşaqlıqdan çox sevdiyini və bunun onun bir hobbisinə çevrildiyini qeyd edib: “Mən bu çempionatda 60 dəqiqə oynadım. Oyun olduqca maraqlı keçdi. Bu oyunda mən də öz üzərimə düşən vəzifəni yerinə yetirə bildim. Yarımmüdafiədə oynadım. Birinci qolun vurulmasında mənim də əməyim olub. Futbolu çox sevirəm. Lap balaca olandan uşaqlarla məhəllədə futbol oynayardım. Demək olar ki, boş vaxtımı ancaq futbol oynamaqla keçirirdim”.
 

yuxarı ⤴